Selektiv müdafiə

Təxminən 7-8 il əvvəl idi. Saytlardan birinin ofisində bir jurnalist və baş redaktorla söhbət edirdik. Söhbət cinsi təcavüzdən düşəndə, jurnalist, cavan oğlan gülə-gülə bir hadisə danışdı. Onun danışıdığı hadisədə, əmisi kənddə bir qızı zorlamışdı və buna görə ona heç nə etməmişdilər. Hadisədən daha dəhşətlisi, oğlanın bu söhbəti ağzı qulaqlarında, gülə-gülə danışması idi. Oğlan bu hadisəni elə xoşbəxtcəsinə danışırdı ki, biz quruyub qalmışdıq, amma redaktor Qabil Abbasoğlu özündə güc tapıb soruşdu:
– Ay bala, sən bu cür dəhşətli şeyi necə gülə-gülə danışa bilirsən?!
Oğlan heç tövrünü də pozmadan dedi ki:
– Qabil müəllim, qız ev qızı-zad deyildi ee, küçədə qalmışın biri idi…
Qabil müəllim heyrətlə ona baxıb, siqaret yandırıb balkona çıxdı.
Məsələnin daha bir dəhşətli tərəfi də bu idi ki, bu söhbəti danışan kriminlistika jurnalisti idi, yəni zorlamanın bütün hallarda cinayət olduğunu, hansı maddə ilə mühakimə edildiyini bilirdi. Bununla belə, onun üçün qurban “zorlanacaq qadın” və “zorlanmayacaq qadın” kateqoriyalarına bölünürdü.
 
Bu hadisə, əslində ölkədə baş verən bütün ədalətsizliklərə, cinayətlərə, rüsvayçılıqlara münasibətdə özünü büruzə verir. Cəmiyyətin müdafiə elədikləri kateqoriyaya ancaq “kultlaşdırılmış”, “müqəddəsləşdirilmiş” zümrə düşür. Məsələn, atası şəhid olmuş bir qadın sosial şəbəkələrdə söyülür, müdafiə arqumenti belə olur: “Onun atası bu xalq yolunda şəhid olub”. Sanki o qadını məhz buna, atasına görə söymək olmaz. Məsələn, mənim atam fərari olubsa, ya da döyüşməyibsə, şəhid olmayıbsa, məni söymək olar.
Sanki problem təhqirdə deyil, problem məhz şəhid qızının təhqir edilməsindədir.
Toylardan birində bir dəstə tərbiyəsiz müğənni növbədə dayanıb, mahnı oxuyan xəstə müğənniyə güya yardm edir, ovcuna pul basırlar. Daha demirəm, bu ritual nəyə oxşayır, amma hadisəni şərh və tənqid edən mətbuat və insanların müdafiə taktikası belədir ki, illərin böyük sənətkarının ovcuna pulu belə pul basıb, onu alçaltmaq olmaz. Sanki illərin böyük yox, kiçik sənətkarı olsa, ya da heç sənətkar-filan olmasa, onun ovcuna pul basmaq olar. Tənqid edilən “yardım mədəniyyəti”nin olmaması deyil, bu mədəniyyətsiz, ibtidai ritualın böyük sənətkara qarşı edilməsidir.
Qarabağ qazisi maddi imkansızlıqdan özünü yandırır, müdafiə bu şəkildə qurulur ki, o bu xalq üçün vuruşub, indi onun acınacaqlı şəraitdə yaşaması qəbuledilməzdir. Sanki Qarabağ qazisi olmayanın acınacaqlı şəraitdə yaşaması, sosial müdafiəsiz qalması problem deyil.
Selektiv müdafiə taktikasını tənqid edərkən, fikrim nə illərin böyük sənətkarına, nə atası həlak olduğuna görə natamam uşaqlıq yaşamış qadına, ya da özünün seçmədiyi, başlamadığı müharibədə canını, sağlamlığını qoymuş insanların haqqlarına şübhə ilə yanaşmaq deyil. Amma zorlama necə hər kəsə qarşı qadağadırsa, təhqir də hər kəsə qarşı iyrəncdir. Dövlətin öz vətəndaşını sosial müdafiəsiz buraxması hər kəsə qarşı pisdir və tənqid olunmalıdır. Yardım mədəniyyətinin olmaması, kiməsə nümayişkaranə şəkildə pul uzatmaq hər kəsə qarşı tərbiyəsizlikdir və bu hallarda tənqid edilən konkret hadisə deyil, ümumilikdə o hal, o təcrübənin ümumiyyətlə olmasıdır. Kimə qarşı edilməyindən asılı olmayaraq.
 
Müəllif: Günel Mövlud
Mənbə: azlogos.eu
 

0 şərh