Ədəbi məktəb məsələsi

Ədəbiyyat tarixinin zənginliyi, bu tarixin dövr və mərhələləri, onun yaşamaq qüdrəti bilavasitə yazıçıların şəxsiyyətinə və onların yaratdıqları bədii əsərlərə bağlıdır. Bədii əsərlərin gücü və gücsüzlüyü bu əsərləri qələmə alan sənətkarların mənsub olduqları həm ədəbiyyatın, həm də müəyyən qədər xalqın gücünü və gücsüzlüyünü ifadə edir. Ona görə də bütün tarix boyu ədəbiyyatın öyrənilməsi və təbliği heç vaxt arxa plana keçməyib, ədəbiyyat həmişə insanlara təsir gücünü, tərbiyəvi əhəmiyyətini qoruyub saxlayıbdır. Bədii əsərlərin mütaliəsində, öyrənilməsində və yayılmasında müəyyən ləngimələrin, əngəllərin və gecikmələrin müşahidə edilməsi isə tamamilə ayrı bir məsələdir.
Ədəbi məktəb məsələsi
Ədəbiyyat tarixi materialları müxtəlif nəsillər tərəfindən aşkarlanarkən və araşdırılarkən ədəbi-elmi düşüncə müəyyən sabit mülahizələrə doğru hərəkət edir. Bədii yaradıcılığı dəyərləndirən, onun meyl və istiqamətlərini təyin etməyə çalışan ədəbi-elmi düşüncənin hərəkəti düzxətli, bərabərsürətli hərəkət deyil. Bunu xaotik hərəkət kimi də başa düşmək olmaz. Sadəcə olaraq, bir həqiqət qəbul edilməlidir ki, ictimai-tarixi şərait və nəsillərin ədəbi-elmi səviyyəsi bir-birinə uyğun, yaxud da bir-birinə zidd fikirlərin yaranmasına səbəb olur. Burada bədii materialın daxili məzmununa əsaslanmaq doğru nəticələrə, zahiri effektə uymaq isə yanlışlıqlara gətirib çıxara bilər. Bir çox yanlışlıqlar isə bədii məhsulların özü ilə yox, bu məhsullara qeyri-elmi, qeyri-dəqiq yanaşmalarla bağlı olur. Belə yanaşmalar ədəbiyyatşünaslıq anlayışlarının məzmununa kifayət qədər bələd olmamaqdan, ədəbiyyatşünaslıq terminlərinin mahiyyətini lazımi səviyyədə dərk etməməkdən, bəzən də tələm-tələsik, atüstü fikir və mülahizələr irəli sürməkdən meydana çıxır. Bu baxımdan ədəbiyyatşünaslığın əsas qanunauyğunluqlarını sistemə salan bədii metod, ədəbi cərəyan, bədii üslub və ədəbi məktəb anlayışlarına aydınlıq gətirməyə, onların ehtiva etdikləri məzmunun əsas cəhətlərini aşkarlamağa ciddi zərurət və ehtiyac vardır. Terminin mahiyyəti kifayət qədər aydın və anlaşıqlı olduqda həm bu terminin yerli-yerində işlədilməsinə, həm də onun işlənmə tezliyinin artmasına şərait yaranır. Məzmunu və mahiyyəti aydın olmayan ədəbiyyatşünaslıq termini çox vaxt öz məhsuldarlığını itirir, bu isə ədəbiyyata dair aktual məsələlərin şərhinə, təhlilinə əngəl törədir, yaxud onları ikinci və üçüncü plana keçirir, beləliklə, ədəbiyyatın, ədəbi-nəzəri fikrin özünə ziyan dəyir.
 «Metod” anlayışı dövri mətbuat səhifələrində bu və ya digər dərəcədə bilərəkdən, yaxud bilməyərəkdən qarışıq salınır və bununla da istər-istəməz ciddi problemlər yaranır. Bu problemlər yazıçı və şairlərin özlərinə deyil, daha çox ədəbiyyatşünaslara — bilavasitə nəzəriyyəçilərə, ədəbiyyat tarixçilərinə və tənqidçilərə aiddir və əsasən, ambisiyalarla, „mən belə düşünürəm”, “bu, mənim müstəqil fikrimdir” iddialarına bağlanır. Amma unudulur ki, ədəbiyyatın ümumi qanunauyğunluqları və bu qanunauyğunluqları ifadə edən terminlər hamı üçün eynidir, sadəcə olaraq, ədəbi məhsulların təhlilində, izahında və şərhində müstəqil olmaq lazımdır.   
Əvvələn, „metod” anlayışı ilə “üsul” anlayışının eyniləşdirilməsi cəhdlərinə aydınlıq gətirək. „Metod” sözünün ədəbi-elmi yazılarda “üsul” mənasında işlədilməsi az-az da olsa, rast gəlinən məqamlardandır. „Gənc ədəbiyyatşünasın yanaşma metodu yenidir” əvəzinə “Gənc ədəbiyyatşünasın yanaşma üsulu yenidir” cümləsi daha dürüstdür. Yaxud: „Müəllim yeni metodla dərs deyir” cümləsini “Müəllim yeni üsulla dərs deyir” formasında işlətmək daha doğrudur. Həm də bu zaman onsuz da kifayət qədər yüklənən „metod” anlayışını müəyyən həcmdə ağır yükdən xilas etmiş olarıq. 
“Metod” anlayışının daha çox qarışıq salınması bu anlayışın həm elmi-tədqiqatlara, həm də bədii yaradıcılığa aid olmasından irəli gəlir. Amma elmi-tədqiqat metodları ilə yaradıcılıq metodlarını eyniləşdirmək doğru deyildir. Təsviri, bioqrafik, mədəni-tarixi, tarixi-müqayisəli metodlar elmi-tədqiqat metodlarıdır. Hətta bəzən tarixi-müqayisəli metodla müqayisəli-tarixi metodu eyni anlayış kimi qəbul edən, onları sinonim kimi işlədənlərə də rast gəlmək olur. Əslində isə dilçilik baxımından yanaşıldıqda bir dilin daxilindəki müqayisələr (tarixi-müqayisəli metod!) və dillərarası müqayisələr (müqayisəli-tarixi metod!) ayrı-ayrı məsələlərdir. Bu metodlardan bütün ixtisas sahibləri faydalana bilər və faydalanırlar. Ümumiyyətlə,  elmi-tədqiqatları, onların aparılması və yazılması prosesini həmin metodlarsız təsəvvür etmək mümkün deyildir.  
Bədii yaradıcılıq metodlarına gəldikdə isə onlar elmi-tədqiqat metodlarından tamamilə fərqlənir. Tarix boyu — ədəbi əsərlərin meydana çıxdığı ilk günlərdən indiyə qədər bütünlüklə dünya ədəbi prosesinə iki yaradıcılıq metodu — iki bədii metod hakim olmuşdur. Bunlardan biri romantik metod, digəri isə realist metoddur. (Onları romantik bədii düşüncə və realist bədii düşüncə formasında da qavramaq olar). Zamanından asılı olmayaraq, hansı xalq öz ədəbiyyatını yaratmışsa, hansı xalqa mənsub olan sənətkar bədii yaradıcılıqla məşğul olmuşsa, deməli, istisnasız olaraq və özü hiss etmədən həmin metodlardan hər hansı birinə güvənmək zərurətindədir. Həmçinin bu, sənətkarlar tərəfindən planlı istifadə deyildir. Nəzəriyyədə, fikir və düşüncədə metod yaradıb onu bədii yaradıcılığa tətbiq etmək yalnız xülyadır və diletantlıqdan başqa heç nə ola bilməz. Əslində, bədii yaradıcılığın özü, müxtəlif janrlarda yazılmış əsərlər məhz həmin metodlardan birinin təminatçısına çevrilir. 
Poeziya, şeir romantik metodun ana bətnidir. Şeirdəki misranı, bölgünü, qafiyəni və ritmi (sözün geniş mənasında harmoniyanı!) poetik vüsətlə bir yerdə təcəssüm etdirən bu metodu yayğın bir ədəbi hadisə hesab etmək olmaz. Homerin „İlliyada” və “Odessiya”sı, Esxilin şeirlə yazılmış faciələri, Firdovsinin „Şahnamə”si, Nizami Gəncəvinin “Xəmsə”si, Məhəmməd Füzulinin „Leyli və Məcnun”u, Dantenin poeziyası, Şekspirin şeirlə yazılmış faciələri, Qazi Bürhanəddinin, Nəsiminin, Xətainin, Saib Təbrizinin lirik şeirləri və bu sənətkarların müasirlərinin hamısının bədii yaradıcılığı romantik metoda əsaslanır.   
Romantik metod insanın daxili enerjisini artırır, onu göylərə qaldırır və eyni zamanda möhkəm tellərlə həyata bağlayır. İnsanın bədii sözlə, incəsənətin müxtəlif sahələrinə aid əsərlərlə göylərə qaldırılması və bu yüksəlişlə də həyata bağlanması ziddiyyətli fikir deyil. Daxili, ruhi yüksəliş həyatı daha çox sevmək deməkdir. 
Romantik metodun doğuşu var, ölümü yoxdur, onun zamanı məhdud deyil. Romantik metod ruhi yüksəlişə, qeyri-adi qəhrəmanlara, yüksək pafosa, bəlağətli dilə yol açan və bunlarla da öz varlığını təsdiq edən bir metoddur. 
Ədəbiyyatın ruhi yüksəliş sütunları və qeyri-adi qəhrəmanları ilk növbədə Allahlar, peyğəmbərlər və hökmdarlardır. Romantik metoda əsaslanan Antik dövr ədəbiyyatının aparıcı qəhrəmanları ALLAHLAR idi. Avropanın İntibah dövrü “İLAHİ komediya”nı yaratmaqla bərabər, KRALLARI baş qəhrəmana çevirdi. Qədim və orta əsr Azərbaycan poeziyasının əsas ana xətti minacata, nətə və mədhiyyəyə (ALLAHA, PEYĞƏMBƏRƏ və HÖKMDARA!) bağlandı. Hətta XX əsrin əvvəllərində ayrıca „PEYĞƏMBƏR” əsəri yarandı. Bütün bunlar heç bir sərhəd tanımayan romantik metodun bədii əsərlərdəki təzahürüdür.
Folklorda dastan qəhrəmanları və sehrli nağılların qəhrəmanları da romantik düşüncə tərzi ilə yaradılmışdır. Yaratdığı qəhrəmanları, məsələn, Dəli Domrulu və Koroğlunu daha güclü görmək, öz istək və arzularını həmin qəhrəmanların vasitəsilə ifadə etmək xalq təfəkküründəki romantik metodun təcəssümüdür.
XVIII əsrin sonlarında Avropa ədəbiyyatında romantik metoda əsaslanan romantizm bir ədəbi cərəyan kimi təşəkkül tapıb inkişaf etməyə, formalaşmağa başladı. İlk dəfə olaraq Qərbdə — Avropada meydana çıxan romantizm ədəbi cərəyanı romantik metoda əsaslansa da, başqa bir ədəbiyyatşünaslıq terminidir, deməli, “romantik metod” və „romantizm ədəbi cərəyanı” bir-birlərinə nə qədər bağlı olsalar da, fərqli ifadə və anlayışlardır. Avropada romantizm ədəbi cərəyanı mövcud ictimai-tarixi şəraitin balası kimi doğuldu, yəni onun doğum tarixi var, amma bu tarix konkret illə, ayla, günlə deyil, müəyyən ictimai-siyasi hadisə ilə bağlanır. Hətta bu romantizmin sonu da bəllidir. Ədəbi cərəyanların bədii metoddan əsas fərqi də məhz ondan ibarətdir ki, bu cərəyanların doğum və ölüm tarixləri mövcuddur. Avropa romantizmi XVIII əsrin lap sonlarında doğularaq XIX əsrin sonlarına qədər davam etmiş və Vaqnerin musiqisi ilə finala çatmışdı. 
Rus romantizminə gəldikdə o, XIX əsrin əvvəllərində sentimentalizmdən keçərək formalaşıb. Əslində, sentimentalizm də romantizm kimi bədii yaradıcılıq metodu baxımından romantik metoda əsaslanır, amma bədii əsərlərdə insan hislərinin daha qabarıq formada verilməsi, hətta bu hissin kultlaşdırılması və obrazların simasında aparıcı mövqeyə qalxması onu ayrıca bir ədəbi cərəyan kimi formalaşdırmışdı. Buradan da belə bir nəticə meydana çıxır ki, bir neçə ədəbi cərəyan (məsələn, romantizm və sentimentalizm!) eyni bir yaradıcılıq metoduna aid ola bilər və bu, son dərəcə məntiqidir.
Türkiyə ədəbiyyatında isə romantizm XIX əsrin sonlarının və XX əsrin əvvəllərinin ədəbi hadisəsidir. “Tənzimat”dan üzü bəri Gənc türklər hərəkatı da daxil olmaqla ictimai-tarixi şərait Türkiyədə romantizmin zəmininə çevrildi. Ə.Hamid, N.Kamal və T.Fikrətin əsərləri Azərbaycan romantizminin meydana çıxmasına təkan verdi.   
Azərbaycanda isə romantizm ədəbi cərəyanının yarandığı dövr XX əsrin əvvəlləridir. Bu ədəbi hadisəyə dünya romantizminin tərkib hissəsi kimi baxıldıqda heç bir gecikmədən söhbət gedə bilməz. Şekspir Avropa intibahının sonuncu ədəbi şəxsiyyətidir, amma heç vaxt onu Avropa intibahının gecikmiş nümayəndəsi hesab etmirlər. Buna görə də Azərbaycan romantizmindən danışmaq dünya miqyasında  böyük bir ədəbi yürüşün finalından danışmaq deməkdir. Azərbaycan ədəbiyyatı nümunələrinin timsalında dünya ədəbi prosesi heç də romantizmdən ayrılmır, əksinə romantizm hələlik öz ahəngi ilə davam edir. Başqa sözlə, Almaniyada başlayan yeni bir bədii sistem Rusiyadan və Türkiyədən keçərək Azərbaycanda başa çatır. Yəni bunun əyani faktı ondan ibarətdir ki, Qərbdə Vaqner musiqisi sədalarının hələ də yoxa çıxmadığı bir vaxtda 1908-ci ildə Şərqdə — Azərbaycanda       Üzeyir Hacıbəyovun „Leyli və Məcnun” operasının gur səsi eşidilir.  
Abbas Səhhətin 1905-ci ildə “Həyat”  qəzetində dərc etdirdiyi „Təzə şeir necə olmalıdır?” məqaləsi, 1906-1907-ci illərdə işıq üzü görən “Füyuzat” jurnalı, 1908-ci ildə Məhəmməd Hadinin çap edilmiş „Firdövsi-ilhamat” kitabı və Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilə Azərbaycan romantizmi təşəkkül tapmış oldu. XX əsrin əvvəllərində „romantizm” termininin “xəyaliyyun” formasında işlənməsi də təsadüfi deyildir. Xəyallara dayanan ideal həqiqət axtarıcılığı bu romantizmin əsas estetik prinsiplərindən birinə çevrilmişdir. Romantizmin mövcud cəmiyyətdəki eybəcərliklərə etirazı da elə məhz ideal həqiqət axtarıcılığı prinsipinə dayanırdı. Məhəmməd Hadinin və Abdulla Surun şəxsində romantik lirika, Abdulla bəy Divanbəyoğlunun şəxsində romantik nəsr (»Can yanğısı”),  Hüseyn Cavidin şəxsində romantik dramaturgiya ("Şeyx Sənan”, "İblis”, «Peyğəmbər”, „Topal Teymur”, “Səyavuş”, „Xəyyam” və s.),   Abbas Səhhət və Abdulla Şaiqin şəxsində sinkretik bir yaradıcılığın  –romantizm və realizmin vəhdətinin meydana çıxardığı əsərlər, Üzeyir Hacıbəyovun “Koroğlu” operası yarandı, Azərbaycan romantizmi sürətlə inkişaf etdi və  mükəmməl bir ədəbi cərəyana çevrildi.  Azərbaycan romantizmi 1905-ci ildən başlayaraq 1941-ci ilə – Hüseyn Cavidin vəfatına qədər ömür sürdü. Əgər Azərbaycan romantizm nümunələrinin bədii dilindən danışmış olsaq, bu əsərlərdəki qanadlı və yüksək pafos yaradan sözlərə,  təmtəraqlı və bəlağətli kəlmələrə əsasən romantik üslub məsələlərini araşdırmış olarıq. Romantizm bir ədəbi cərəyan kimi həm romantik metodu, həm də romantik üslubu özündə ehtiva edərək yaşatmışdır.     
Bəs realist metod və realizm ədəbi cərəyanın münasibətləri necədir? Dünya ədəbi prosesində realist metodun əlamətləri romantik metodla müqayisədə gec müşhidə olunur. Nizami Gəncəvinin „Sirlər xəzinəsi” poemasında Kərpickəsən kişi və Qarı obrazları realist metodun (realist bədii düşüncənin) məhsuludur. Amma “Xosrov və Şirin”, „Leyli və Məcnun”, “Yeddi gözəl”, „İsgəndərnamə” poemalarında yaradılmış hökmdar obrazları və Aşiq-qəhrəmanlar, eyni zamanda hadisələrin mübaliğəli formada təqdimi, yüksək idealların tərənnümü, xoşbəxtlər şəhəri yaratmaq arzusu və s. Nizami Gəncəvini romantik bədii düşüncənin (romantizmin yox!) klassik nümayəndəsinə çevirdi. 
Yaxud Məhəmməd Füzuli “Şikayətnamə” əsərində „Salam verdim, rüşvət deyildir deyə  almadılar” aforizmi ilə realist metodun uca imarətinin qapısında dayandı, amma içəri keçmədi, əslində buna heç ömür də vəfa eləmədi. Ana dilində yazdığı “Leyli və Məcnun” poeması və qəzəllərindəki sevgi motivi ilə bağlı pafos, heyrətamiz mübaliğələr M.Füzulini romantik metodun (romantizmin yox!) nümayəndəsi kimi qoruyub saxladı. 
Amma Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında realist metodun, realist bədii düşüncənin ədəbiyyata gəlişinin təmsilçisi oldu. Doğrudur, bizdən əvvəlki nəsillər də, biz də „Vaqif realizmi” termininə öyrəşmişik, ən son məqalələrdən biri də elə belə adlanır: “M.P.Vaqif realizmi və folklor”. Bununla yanaşı, M.P.Vaqif realizminə „erkən” sözünü əlavə edərək “erkən realizm” formasında da işlədirik. Bəs Vaqifin şəxsində „realizm” termininə çox doğru olaraq qoşulan “erkən” sözünün səbəbi nədir? Cavab sadədir: Vaqif yaradıcılığında realizmin tam formalaşmaması. Ona görə də Vaqif yaradıcılığı realizmə yox, realist metod, realist bədii düşüncə ifadələrinə daha çox yapışıqlıdır.  
Dünya ədəbi prosesində, eyni zamanda Azərbaycan ədəbiyyatında realizmin formalaşması XIX əsrə aiddir. Realizm həyatın doğru, dürüst, hərtərəfli və tipikləşmə əsasında inikasını bir estetik prinsip kimi irəli sürürdü. Azərbaycanda bu, əsasən, Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı dövrün ədəbi hadisəsidir və XX əsrin əvvəllərinin mətbuat səhifələrində „realizm” termini “həqiqiyyun” formasında da işlədilirdi.  Fransada Balzak, Rusiyada Qoqol, Azərbaycanda M.F.Axundzadə onun əsas təmsilçiləridir. Ümumiyyətlə, realizmdən qorxmağa ehtiyac yoxdur, əslində həyat hadisələrini müxtəlif adlar altında təhrif etmək daha çox qorxuludur. Realizmin postsovet məkanında „sosialist realizmi” formasında təşəkkülü də onu qətiyyən gözdən salmamalıdır. Realizm bəşəriyyətə çox böyük dahi sənətkarlar və klassik əsərlər bəxş etmişdir. Balzakla, Qoqolla, M.F.Axundzadə ilə yanaşı, bəşəriyyət yenidən Stendal və Heyne, L.Tolstoy və Dostoyevski,  C.Məmmədqulusadə və M.Ə.Sabir yetişdirə biləcəkmi?! Həqiqətə qalsa, dünya ədəbiyyatında bəzi vaxtlar bir çox yazarların digər ədəbi cərəyanlara meyllənməsi də realist ola bilməməkdən irəli gəlmişdir.
Realizmin məzmun genişliyi, uzun bir dövr içərisində yaşaması, bu dövrdə ictimai-siyasi hadisələr və cəmiyyətlərdə baş verən tarixi dəyişikliklər, bir də realizmə aid ədəbi məhsulların bolluğu və zənginliyi romantizm ilə müqayisədə ona yeni tipoloji xüsusiyyətlər bəxş etmişdi. Bu baxımdan realizmin üç formada təzahürü vardır: maarifçi realizm, tənqidi realizm, sosialist realizmi. Azərbaycan ədəbiyyatında maarifçi realizm M.F.Axundzadə, N.Vəzirov, S.M.Qənizadə və başqaları; tənqidi realizm C.Məmmədquluzadə, M.Ə.Sabir, Sabirin davamçıları və başqaları; sosialist realizmi sovet dövründə yaşayıb yaradan sənət adamları ilə təmsil olunur. Onların əsərlərindəki üslub isə realist üslubdur. Realizm bir ədəbi cərəyan kimi həm realist metodu, həm də realist üslubu özündə ehtiva edərək yaşadır.  
Sosialist realizmi dövründə yaranan bədii əsərlərdə realist üslubdan bəhs etmək son dərəcə adi bir məsələdir, çünki zamanın üslubu realist üslub idi. Anarın “Molla Nəsrəddin – 66” əsərini keyfiyyət baxımından, sadəcə olaraq, sərt realist üslub nümunəsi adlandırmaq doğrudur, bu əsərə tənqidi-realist əsər demək isə tamamilə yanlışdır. Ötən əsrin 20-ci illəri və 30-cu illərin əvvəlləri sosialist realizmi dövrü olsa da, Səməd Vurğunun və Mikayıl Müşfiqin həmin illərə aid şeirlərindəki pafos və təntənə romantik üslubun əlamətləri kimi meydana çıxır.
Ötən əsrin 60-cı illərində İlyas Əfəndiyevin dramaturgiyasında, xüsusilə „Sən həmişə mənimləsən”, “Unuda bilmirəm” pyeslərindəki lirik-psixoloji üslub da əslində romantik üslub idi.
Hətta bizə ən yaxın dövrdə – XX əsrin sonları və XXI əsrin əvvəllərində ALLAH, TANRI sözlərinin Azərbaycan şeirini fəth etməsi, Allahın, Tanrının Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Rüstəm Behrudi yaradıcılığına qəfildən gəlişi romantik metod və romantizm ədəbi cərəyanı yox, S.Vurğunun və M.Müşfiqin  poeziyasında, İ.Əfəndiyev dramaturgiyasında  olduğu kimi romantik üslub idi! 
Burada „ədəbi məktəb” anlayışına da aydınlıq gətirməyə ehtiyac vardır. Adətən, ədəbi məktəblər ayrı-ayrı sənətkar şəxsiyyətlərinin adı ilə bağlı olur və həmin sənətkarların bədii irsinə aid xüsusiyyətlər müasirləri və sonrakı xələfləri tərəfindən inkişaf etdirilir. Yalnız ideya-bədii cəhətdən orijinal bədii əsərlər yazan, bu əsərləri ilə ədəbiyyat tarixində yeni bir yol açan və irəli sürdüyü ideyaları davamçıları tərəfindən müdafiə olunan sənətkarlar ədəbi məktəb yarada bilərlər. Nizami Gəncəvi öz “Xəmsə”si, M.Füzuli ana dilində qələmə aldığı qəzəlləri, M.P.Vaqif xalq şeiri üslubunda yazdığı əsərləri, M.F.Axundzadə dramaturgiyası, C.Məmmədquluzadə hekayələri, M.Ə.Sabir satirik şeirləri ilə ədəbi məktəb yaratmışlar. Şərqdə N.Gəncəvinin „Xəmsə”sinin təsiri ilə 50-yə qədər “Xəmsə” yazılmışdır, M.Füzulinin  qəzəl yaradıcılığının təsiri altında müxtəlif əsrlərdə Qövsi Təbrizi və Saib Təbrizi, Molla Pənah Vaqif və Molla Vəli Vidadi, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvan, Əliağa Vahid kimi söz ustaları yeni-yeni qəzəllər yaratmışlar… Mir Cəlal müəllimin „Biz Cəlil Məmmədqulusadənin “Poçt qutusu”ndan çıxmışıq” aforizmi Cəlil Məmmədquluzadənin hekayə məktəbinin gücünü ifadə edir...
XX əsrin əvvəllərində iki jurnalın – „Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının adı ilə bağlı ədəbi məktəb də formalaşmışdır ki, bu, Azərbaycan ədəbiyyatı üçün tarixi hadisədir. Bəlkə də, bu ədəbi məktəbləri XIX əsrdən üzü bəri inkişaf edib gələn və Tiflisdə, Bakıda, Şamaxıda, Şuşada, Ordubadda, Lənkəranda fəaliyyət göstərən ədəbi məclislərin davamı da hesab etmək olar. Amma bir mühüm fərq ondadır ki, həmin ədəbi məclislərin ayrıca mətbu orqanı yox idi.


»Molla Nəsrəddin” tənqidi realizmə, «Füyuzat” isə romantizmə aid ədəbi məktəbdir. Başqa sözlə, tənqidi realizm və romantizm həmin ədəbi məktəblərin üzərində inkişaf etmişdi. Bəzən „Molla Nəsrəddin” ədəbi məktəbini Cəlil Məmmədquluzadə ədəbi məktəbi ilə eyniləşdirirlər, “Füyuzat” ədəbi məktəbini Əli bəy Hüseynzadə ədəbi məktəbi kimi qələmə verirlər. Bunlar tamamilə yanlışdır və bu ədəbi məktəbləri bütünlüklə və süni şəkildə Cəlil Məmmədquluzadənin, yaxud da Əli bəy Hüseynzadənin adına yazmaq qətiyyən doğru deyildir, həmçinin ədəbiyyat tariximizə yönələn real baxışa ziddir. Belə qondarma təyinata nə C.Məmmədquluzadənin, nə də Əli bəy Hüseynzadənin ehtiyacı vardır. Bir səhvi düzəldərkən digər səhvə yol açmamalıyıq. Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadə C.Məmmədquluzadənin təbirincə desək, bu jurnallarda fəaliyyət göstərən həmkarlarının „ağsaqqal yoldaşları” idilər. Əslində isə “Molla Nəsrəddin” və „Füyuzat” ədəbi məktəbləri həmin jurnallarda əsərləri çap olunan müxtəlif sənətkarların birlikdə yaratdıqları ədəbi-bədii hadisədir. “Molla Nəsrəddin” ədəbi məktəbinin formalaşmasında C.Məmmədquluzadə ilə yanaşı, Ə.Haqverdiyevin, M.Ə.Sabirin, Ə.Nəzminin, Ə.Qəmküsarın, M.Möcüzün, M.S.Ordubadinin, Əli Razi Şəmsisadənin, Bayraməli Abbaszadənin, Əlabbas Müznibin və başqa müəlliflərin əsərləri son dərəcə faydalı olmuşdur. „Füyuzat” ədəbi məktəbinin formalaşmasında isə Ə.Hüseynzadə ilə yanaşı, jurnalda çap edilən romantik əhvali-ruhiyyəli əsərlərin xüsusi rolu vardır.  Hötenin “Faust” əsərindən silsilə tərcümələr (Ə.Hüseynzadə), fransız dilində yazılmış romantik duyğulu şeirlərin tərcüməsi (Abbas Səhhət), Bayrondan tərcümə, T.Fikrətin, Ə.Hamidin, H.Cavidin, A.Şaiqin, S.Səlmasinin şeirləri, Ə.Hüseynzadənin İstanbulda çap edilmiş şeirlərinin yenidən çapı, yenə də Ə.Hüseynzadənin və Abdulla Surun məqalələri  Azərbaycanda „Füyuzat” ədəbi məktəbinin yaranmasında ciddi əhəmiyyət daşımışdır. Bu sırada Məhəmməd Hadinin adını xüsusilə fərqləndirmək lazımdır. M.Hadinin “Füyuzat” jurnalında çap edilən şeirlərinin sayı jurnalın nömrələrinin sayından çoxdur. Bu da jurnalın, demək olar ki, bütün nömrələrində çap edilən M.Hadinin bəzi nömrələrdə iki şeirinin dərci ilə bağlıdır. M.Hadinin „Füyuzat”dakı şeirləri ilə Azərbaycan romantizminin lirika qanadının formalaşması tamamilə başa çatdı. 
C.Məmmədquluzadənin “Molla Nəsrəddin”, Ə.Hüseynzadənin „Füyuzat” ədəbi məktəblərinin yaranmasındakı payı bu məktəblərin yaranmasında iştirak edən digər sənətkarların payı ilə eynidir, lakin xidmətlərinə gəldikdə onların rolu   digər müasirləri ilə müqayisədə daha çoxdur.
Terminlər elmi təfəkkürün ifadəsidir. Terminlər elmi üslubu formalaşdırır. Bədii metod, ədəbi cərəyan, bədii üslub və ədəbi məktəb məsələləri ilə bağlı ədəbiyyatşünaslıq terminləri nə qədər dəqiq olsa, ədəbi-elmi fikrin inkişafına da bir o qədər fayda vermiş olarıq.  



Müəllif: AMEA-nın müxbir üzvü Kamran Əliyev
Mənbə: artkaspi.az

 
 

0 şərh