Qocalmaq sənəti

Məşhur fransız yazıçısı Andre Moruanın “Yaşamaq sənəti” kitabından “Qocalmaq sənəti” adlı hissəni ixtisarla təqdim edirik.
Dəyişiklik küləyi
Qocalmaq – qəribə prosesdir. O qədər qəribədir ki, hərdən ona inanmaqda çətinlik çəkirik. Yalnız zamanın yaşıdlarımıza necə təsir elədiyini görəndə onun bizə neynədiyini güzgüdə görürmüş kimi müşahidə eləyirik. Çünki öz gözümüzdə biz hələ də gəncik. Ümidlərimiz də, qorxularımız da gənckən hiss etdiklərimizlə eynidir. Ağlımız hələ də çevikdir, gücümüz də sanki tükənməyib. Biz öz üzərimizdə təcrübə aparırıq: “Görəsən, bu təpəyə cavanlıqdakı kimi sürətlə dırmana bilərəm? Düzdür, zirvəyə çatanda bir az təngnəfəs oldum, ancaq buna cavanlıqdakı qədər vaxt sərf elədim və çox güman ki, mən elə əvvəllər də təngnəfəs olurdum”.
Qocalmaq sənəti
Cavanlıqdan qocalığa keçid o qədər yavaş baş verir ki, qocalmaq üzrə olan insan bunu güclə hiss eləyir. Payız fəsli yayın yerinə gələndə baş verən dəyişikliklər o qədər tədrici olur ki, onları görmək qeyri-mümkündür. Ancaq bəzən payız qəfil “hücum çəkir”. O, müəyyən vaxta qədər ağacların rəngini itirmiş yarpaqları arasında gizlənir, ancaq bir gün bir noyabr səhəri külək o qızıl maskanı qopardır və onun arxasından qışın yorğun skeleti üzə çıxır. Sən demə, bizim canlı hesab elədiyimiz yarpaqlar ölübmüş, budaqlara ilişib qalıb. Şərin gəlməyinə güclü külək səbəb olmayıb, o, sadəcə onu gün işığına çıxardıb. Kişi, ya da qadın yaşına baxmayaraq gənc görünə bilər. Biz belə qadını görəndə “o füsunkardır” deyirik. Ya da deyirik ki, bu kişi əla formadadır. Biz onların fəallığına, sərrast ağıllarına, maraqlı söhbət eləmək bacarıqlarına heyran qaılırıq. Amma bir gün səfeh bir şey eləyirlər və cavan insandan ötrü sadəcə baş ağrısı, ya da söyuqdəymə ilə nəticələnəcək bu hərəkətin onlara infarkt, ya da sətəlcəm hesabına başa gəldiyini görürük. Bu cür “fırtınadan” bir neçə gün sonra onların üzləri solğunlaşır, belləri əyilir, gözlərindəki qığılcım sönür. Beləcə, bircə an bizi qocaya çevirir. Bu, o deməkdir ki, biz həmin andan çox-çox əvvəl qocalmağa başlamışıq.
Payız gecə-gündüz bərabərliyi

Bizim həyatımıza payız gecə-gündüz bərabərliyi nə vaxt gəlir?
Tanınmış filosof Konrad deyib ki, 40 yaşı tamam olanda insan qarşısında sanki bir xəttin kölgəsini görür, həmin xətti keçir və kədərli halda gənclik cazibəsinin onu həmişəlik tərk elədiyini anlayır. Sonra o xətti 50 yaşda görürük. Onu keçənlər azacıq qorxu və müvəqqəti çarəsizlik anları yaşayırlar, hərçənd hələ də kifayət qədər aktivdilər.
Qocalıq – sadəcə ağaran saçlar, qırışlar, oyunun bitdiyi, səhnənin gənclərə məxsus olduğu düşüncəsi deyil. O,bunlardan daha böyük bir şeydir.
Qocalığın ən pis cəhəti – bədənin zəifləməsi yox, qəlbin laqeydləşməsidir.
Biz o kölgə xəttinin arxasındakı insanları olduqları kimi, illüziyasız görürük. Yaşlı adam özünə “Niyə?” sualını verir. Bu, bəlkə də ən təhlükəli cümlədir. Günlərin bir günü yaşlanmış insan özünə “Mübarizə aparmaq nəyə lazımdır? Evdən çıxmaq nəyə lazımdır? “Yataqdan qalxmaq nəyə lazımdır?” deyə bilər.
İki yeni orqanizmə bölünmək yolu ilə qocalıqdan qurtulmağı bacaran ibtidai orqanizmlər istisna olmaqla, hər bir canlı varlıq bir gün qocalır. Niyə may kəpənəyinin sevgi oyunları üçün cəmi ikicə saat vaxtı var, amma tısbağa və tutuquşu iki əsr yaşaya bilir? Niyə durnabalığı, ya da karpa 300 il ömür verilib, Bayronla Motsarta isə cəmi 30 il?
150 il əvvəl həyatın orta davamlılığı 40 il idi, bu gün isə ən sivil ölkələrdə, təxminən, 70 ildir. Əgər müharibələr və inqilablar ekoloji mühiti daha da pisləşdirməsə, gələn əsrdə 100 il normal ömür hesab olunacaq. Ancaq bu, qocalıq probleminə təsir eləməyəcək.
Həyatın kokos ağacı
Canlı varlıqlar təbiətə nə qədər yaxın olurlarsa, öz qocalarına bir o qədər sərt münasibət göstərirlər. Yaşlı canavar yalnız qurbanına çatıb onu öldürə bildiyi müddətdə sürüsündən hörmət görür. Kiplinq “Cəngəlliklər kitabı”nda gücünü itirmək üzrə olan qoca canavarın başçılığı altında ova çıxmış gənc canavarların qəzəbini təsvir eləyib. Ovunu əldən buraxdığı gün Akelanın karyerası sona çatır. Cavan yoldaşları dişsiz qoca canavarı sürüdən qovur. Bu mənada ibtidai insanlar heyvanlara oxşayırlar.
Afrikada olmuş bir səyyah danışırdı ki, yaşlı tayfa başçısı “tayfamın üzvləri saçlarımın ağardığını görsələr, məni öldürəcəklər” deyərək yalvara-yalvara ondan saç boyası istəyirmiş.
Cənub dənizində yerləşən adalardan birinin sakinləri qocaları kokos ağaclarına dırmaşmağa məcbur eləyir, sonra da ağacları silkələyirdilər. Qoca yerə düşmürdüsə, yaşamaq haqqı qazanırdı; ağacdan düşənlər ölümə məhkum olunurdular. Bu adət amansız görünə bilər, amma bizim də öz kokos ağaclarımız var!
Dövlət xadimləri, aktyorlar, mühazirəçilər haqqında da bir gün “o, artıq bitib” deyə bilərlər. Bir çox hallarda bu, ölüm hökmü kimi səslənir, çünki təqaüdlə birlikdə yoxsulluq da gəlir və çarəsizlik hissi zəifliyin yaranmasına səbəb olur. Bir sözlə, müharibə hamı üçün kokos ağacına çevrilir.
Həyatı təbiətə yaxın olan kəndlilər üçün də hələ də nəsillər arasındakı münasibətləri fiziki güc tənzimləyir. Şəhərlərdə gəncliyin zəfəri, inqilab və sürətli dəyişikliklər zamanı özünü daha aydın büruzə verir, çünki gənclik dəyişikliyə qocalıqdan daha tez adaptə olur.
Və əksinə, zəngin insanların çox olduğu sivil ölkələrdə yaşlı insanların qayğısına qalmaq və onlara hörmət bəsləmək tendensiyası mövcuddur. Yaşlı insanları atmırlar, çünki uzun müddət dəyişiklik görməyən dünyada təcrübə xüsusi dəyər qazanır. Bununla belə karyerasını gəncliyində qurmuş yaşlı lider cavan görünməkdən ötrü var-gücünü sərf eləyir. Yaşlı canavar kimi o da öz acizliyini gizlətməyə çalışır. Beləcə, gəncliklə yaşlılıq təbii ritmdə növbə ilə bir-birini əvəz eləyir. Bunun başqa cür olmasını arzulamaq faydasızdır. Bəlkə də iki nəslin eyni vaxtda mövcudluğu üçün ən yaxşı sxem belə ola bilərdi: gənclər rəhbərlik eləyir, müdrik yaşlılar isə dövlət müşavirləri vəzifəsini yerinə yetirirlər.

Keçmişin istibdadı
Qocalıq bitməz-tükənməz çətinliklər yaradır. Ancaq çətinliklərlə mübarizə aparmaq istəyirsinizsə, onları sakitcə qəbul eləməlisiniz. Həkim ciddi xəstəlikdən əziyyət çəkən pasientinin yanına gələndə “Bax, adam öz qayğısına qalmayanda axırı belə olur” deyir. Sonra biri-birindən daha ağır olan simptomları sadalayır və “əgər qabaqlayıcı tədbirlər görsəniz, bu simptomlardan heç biri inkişaf eləməyəcək” deyə sizi arxayınlaşıdırır.
Bax, indi mən də sizə qocalıqda üzləşə biləcəyiniz çətinliklərdən və onların qarşısını almaq üçün görəcəyiniz tədbirlərdən danışmaq istəyirəm.
Yaşlanan vücud – uzun müddət işləmiş mühərrik kimidir. Ona diqqətli yanaşanda, qayğısına qalanda, vaxtlı-vaxtında yoxlayanda hələ bir müddət yaxşı xidmət eləyə bilər. Əlbəttə, daha əvvəlki kimi olmayacaq və ondan çox şey tələb eləmək lazım deyil. Ancaq orqanizminizə ağılla yanaşsanız, yaşlananda da aktivliyinizi qoruya bilərsiniz.
Yaşlı insanlarda inanılmaz bir eqoizm yaranır və onların cavanlarla dostluq eləmələrinə mane olur. Əksinə, əgər o eqoizm olmasaydı, təcrübə ilə birləşən mehribanlıq cavanları cəlb eləyərdi.

Yaşlılığın, qocalığın əlamətlərindən biri də – xəsislikdir.
Yaşlı adam bilir ki, onun üçün pul qazanmaq o qədər də asan başa gəlmir, ona görə də əlində olanları qorumağa çalışır. Xəsisliyin daha bir səbəbi: hər bir canlı məxluqun hansısa bir ehtirası, nəyəsə həvəsi olmalıdır. Pul ehtirası isə bütün digərlərinin yoxluğunu çox gözəl doldura bilir. Yaşlılar üçün xəsislik oyuna çevrilir və bu oyunu oynayanlar pul toplamaqdan qeyri-adi həzz alırlar. Bu oyunda nə gücə, nə gənc, nə də sağlam olmağa ehtiyac yoxdur.
Adətən, yaşlı insanlarda beynin fəaliyyəti zəifləyir, onlar yeni ideyalar istehsal eləməkdə çətinlik çəkirlər, ona görə də cavanlıqda sahib olduqları ideyalara yapışıb qalırlar. İstənilən etiraz onları özündən çıxardır, bunu özlərinə qarşı hörmətsizlik kimi dəyərləndirirlər. Onlar üçün zamanla ayaqlaşmaq çətindir, buna görə də təkrar-təkrar keçmişlərini xaıtlayırlar.
Qocalığın ən pis tərəflərindən biri də – tənhalıqdı; köhnə dostlar, qohumlar bir-birinin ardınca gedirlər və bu itkilərin yerini doldurmaq mümkün deyil. Qocalıq insanın gücünü azaldır, zövq almaq qabiliyyətini yox eləyir.
“Qocalıq – tirandır, – Laroşfuko deyir. – İnsanı ölüm cəzası ilə hədələyərək gənclik həzlərini qadağan eləyir.”
Hər şeydən əvvəl gənclər üçün xarakterik olan çılğın sevgiyə “yasaq qoyulur”. Hərdən fiziki arzularının imkanları ilə üst-üstə düşməməsi yaşlı insanları narahat eləyir. Bir çox hallarda təkcə bədən yox, ruh da qocalır.
Qədim Yunan tarixində belə bir hadisə var: Bir patrisi bütün ömrü boyu bir qadını sevir, qadın da ona görə ərini, uşaqlarını, dostlarını atır, cəmiyyətdəki hörmətini itirir. Kişi evli olduğu üçün qadınla evlənə bilmir. Qadın özünü sevgilisinin karyerasına, onun zövqlərinə, onun işinə həsr eləyir. Nəticədə onların sevgi münasibətləri uzun və mehriban dostluğa çevrilir. Kişi 80, qadın 70 yaşına çatır, amma onlar hər gün görüşürlər. Qadın öləndə patrisini tanıyan hər kəsin ona yazığı gəlir, hamı “o, buna dözməyəcək” deyir. Ancaq patrisinin yaşadığı sarsıntı çox tez keçir. Çünki o, həddindən artıq qoca idi – təkcə sevmək üçün yox, həm də əzab çəkmək üçün.
Parik və boyunbağı taxın!
Qocalıq sənəti bu çətinliklərlə mübarizə aparmaqdan ibarətdir. Amma onlar vücuda sürəkli hücum eləyəndə mübarizə aparmaq mümkündürmü? Məyər qocalıq orqanizmdə baş verən təbii bioloji və labüd dəyişiklik deyil? Onunla barışmaq lazımdır.
Sivilizasiya və təcrübə insanlara qocalıqla olmasa da, onun zahiri əlamətləri ilə mübarizə aparmağı öyrədib. Eleqant geyim və doğru seçilmiş daş-qaş nəzərləri cəlb eləyir və diqqəti fiziki qüsurlardan yaındırır. Bu işdə bəzək əşyaları xüsusi rol oynayır. Mirvarı boyunbağının yumşaq parıltısı boyundakı nöqsanları unutdurur. Üzük və qolbaqların parıltısı əllərin, biləklərin yaşını gizlədir.
Gəncliklə yaşlılıq arasındakı fərqləri gizlətmək üçün əlindən gələni eləmək – sivil insanların əməlləridir.
Pariklər tökülən saçları, ya da keçəlliyi gizlətmək üçün kəşf edilib. Ustalıqla istifadə olunan kosmetika dəridəki yaşlılıq əlamətlərini gizlətməyə kömək edir. Zövqlə geyinmək bacarığı, xüsusilə də müəyyən yaşdan sonra öz qüsurlarını gizlətmək bacarığına çevrilir.
Tez-tez deyirlər ki, insanın yaşı yaşadığı illərlə yox, oynaq və sümüklərinin vəziyyəti ilə ölçülür. 50 yaşlı insan 70 yaşlıdan daha böyük görünə bilər. Yaxşı təlim görmüş bədən elastikliyini uzun müddət qoruyur və yaşlılıq çoxsaylı xəstəliklərlə müşayiət olunmur. Müdrik odur ki, yadına düşəndən-düşənə yox, hər gün idman eləyir.
Məşhur filosof Monten deyir: “Mən uzun müddət qoca olmağa üstünlük verirəm, vaxtından əvvəl qocalmağa yox”.
Bədən kimi ruhun da idmana ehtiyacı var. Ona görə də gülməli görünməkdən qorxub yaşlı vaxtı gələn sevgidən imtina eləməyə dəyməz. İki yaşlı insanın bir-birini sevməyində gülməli heç nə yoxdur. Hörmətin, şəfqət dolu bağlılığın, heyranlığın yaşı olmur. Adətən, gənclik və ehtiras keçəndən sonra sevgi müəyyən asketizm qazanır ki, bunun da öz gözəlliyi var. Fiziki istəyin yoxa çıxması ilə birlikdə cinsi uyğunsuzluqlar da yox çıxır. Beləcə, cütlüyün birgə həyatı daşların, qayaların üzərindən sürətlə, coşqu ilə axan, dənizə yaxınlaşanda isə təmiz suları sakitləşən, geniş səthinə ulduzların əksi düşən çaya bənzəyir.
Yaşlı vaxtda da sevgi gənclikdəki qədər səmimi, gözəl ola bilər. Viktor Hüqo madam Rekamye ilə Şatobrianı bir yerdə görəndə riqqətə gəldiyini deyirdi. Madam Rekamye kor, Şatobrian isə iflic imiş: “Hər gün saat 3-də Şatobrianı madam Rekamyenin evinə gətirirdilər. Gözləri heç nə görməyən qadın artıq heç nə hiss eləməyən kişiyə ehtiyac duyurdu; onların əlləri görüşürdü, ikisi də ölümə yaxınlaşmışdılar, amma hələ də bir-birini sevirdilər”.

Yaşlanmağın üsulları
Yaşlanmağın iki ağıllı üsulu var. Birincisi- yaşlanmamaq. Bu üsul aktiv həyat keçirərək yaşlanmaqdan qaça bilənlər üçündür.
İkincisi – qocalığı sakit və soyuqqanlı qəbul eləmək. Mübarizə vaxtı keçib.
Xoşagəlməz şəkildə qocalmağın da bir neçə üsulu var. Onlardan ən pisi – qaytarılması qeyri-mümkün olan bir şeyi saxlamağa çalışmaqdır. Əfsus ki, daimi narazılıqlarla ömrünün son gününə qədər öz həyatını zəhərləyən insanlar var.
Qocalmaq sənəti – özündən sonra gələn nəsilə dayaq, güvən mənbəyi olmaq deməkdir, yolunda daş, rəqib olmaq yox.
Sadəcə yatmaq vaxtıdı
Görəsən, nə vaxtsa elm qocalığın vücudumuzu dağıtmasına mane olan nəsə tapa biləcəkmi? Görəsən, sularında çimib yenidən gəncləşə biləcəyimiz cavanlıq fəvvarəsi yaratmaq mümkündümü?
Bioloqlar ən sadə orqanizmlər üzərində təcrübələr apararaq buna nail olublar. Ancaq bu qədər uzun yaşamaq insana lazımdımı?
İnsan 80 yaşına qədər hər şeylə üzləşir: sevgi və onun sona çatması, ambisiyalar və sonrakı boşluq hissi; bir neçə sadəlövh illüziya və onlar məhv olandan sonra başlayan ayılma prosesi.
Qocalıqda ölüm qorxusu o qədər də böyük olmur: bütün maraqlar və bağlılıqlar keçmişdə qalır, artıq dünyasını dəyişmiş insanların yanında.
Herbert Uells 70 illik yubileyində söylədiyi nitqində yubileyinin ona uşaqlığını xatırlatdığını söyləmişdi. Dayəsi, hərdən ona “Henri, yatmaq vaxtıdır” deyirmiş. Herbert, adətən, etiraz eləyirmiş, amma ürəyinin dərinliyində bilirmiş ki, yuxu ona dinclik gətirəcək: “Ölüm də eyni zamanda həm xeyirxah, həm də sərt dayədir və vaxtı çatanda “Henri, yatmaq vaxtıdır” deyir. Biz bir az etiraz eləyirik, ancaq yaxşı bilirik ki, artıq dincəlmək zamanıdır, hətta ürəyimizin dərinliyində bunu gözləyirik”.
 
 
 
Mənbə: azlogos.eu
 

0 şərh