Elizabet Boin - Ürəyin ölümü

— XX əsrin roman yazarları arasında özünəməxsusluğu ilə seçilən ən parlaq simalardan biri modernist cərəyanın nümayəndəsi, ingilis-irland əsilli yazıçı Elizabet Bövendir.
Ceylanmumoglu.com saytı Aynur Mir Asif qızı Həsənovanın yazıçının "Ürəyin ölümü" əsəri haqqındakı araşdırmasını təqdim edir:
“Ürəyin ölümü” əsərində özgələşmə problemi
E.Boin daima yaradıcılıq axtarışlarında olan bir sənətkar olmuşdur. Mahir söz ustası olan Boin məharətlə öz qəhrəmanlarının mənəvi dünyasına nüfuz etmiş, onların ziddiyyətli xarakterlərinin gizli tərəflərini də təqdim etmişdir. Onun bu cəsarətli addımı ədəbiyyatda bir yenilik olaraq qarşılanmışdır. Əsərləri arasında ona daha çox məşhurluq gətirən 1938-ci ildə yazdığı “Ürəyin ölümü” romanıdır. Sayca 6-cı olan bu roman, yazıçının şəxsi həyatı ilə səsləşən, uşaqlığından bəri yaşadığı çətinlikləri özündə daha çox əks etdirən əsər hesab olunur. Elizabet Boin
“Ürəyin ölümü” əsərində erkən yaşda valideynlərini itirmiş Portia adlı 16 yaşlı gənc bir qızın acınacaqlı həyatından bəhs olunur. Qeyri-qanuni nikahdan dünyaya gələn Portia əsərdə müsbət qəhrəman qismində çıxış edir. Belə ki, 52 yaşlı ata, cənab Kveyn, ailəli olmasına baxmayaraq, ilk xanımı ilə olan evliliyi onu qane etmədiyi üçün özündən 23 yaş kiçik bir xanımla sevgi münasibətində olur və bir müddət sonra cütlüyün Portia adlı yeganə qızları dünyaya gəlir. Bundan xəbər tutan ilk xanımı, öz kübarlığını qorumaq naminə, alicənablığına xələl gəlməsin deyə, heç bir mübahisəyə yol vermədən, yoldaşının geyim və əşyalarını toplayaraq onu ikinci xanımı Ayrin ilə birlikdə “birdəfəlik” yola salır və həyatına öz malikanəsində, oğlu Tomas ilə birlikdə, heç nə olmamış kimi yaşayaraq davam edir.
Yeni cütlüyün ilk günləri yaxşı keçsə də, sonradan hadisələr mənfi yöndə irəliləyir. Belə ki, cənab Kueyn xəstələnərək vəfat edir və çox keçmir ki, ana da xəstəlik səbəbindən dünyasını dəyişir.
Atasının vəsiyyətinə əsasən, sevimli övladı Portia yetkinlik yaşına çatana qədər ögey qardaşı Tomasın yanında qalmalı və sonra xalasının himayəsinə verilməli idi. Atasını itirəndən sonra anası ilə otellərdə gəzəri həyat sürməyə məcbur olan 16 yaşlı Portia valideynlərini itirsə də, ailə üzvlərindən biri hesab etdiyi qardaşı ilə bir dam altında yaşayaraq, ilk dəfə isti yuvaya sahib olacağını və artıq heç bir maddi çətinlik çəkməyəcəyini düşünürdü. Bu ümidlə yola düşən Portia, tamamilə gözlənilməz bir situasiya — qohumlarının soyuq münasibəti — ilə qarşılaşır. Atasının anasına xəyanətini unuda bilməyən, 16 il əvvəl bu kiçik qızcığazın dünyaya gəlişi ilə həyatı alt-üst olan, uzun müddət ailəli olsa da, xanımı ilə arasında soyuq münasibəti olan və övlad sahibi ola bilməyən Tomas üçün ögey bacısını görməsi və onu öz himayəsinə almaq məcburiyyətində qalması, görünür, onun üçün o qədər də xoş və asan deyildi. Xanımı Anna isə övlad sahibi ola bilməsə də, bu cür saf qəlbli bir qıza öz qucağını açaraq ona şəfqət göstərmək əvəzinə, gənc Portiaya daim soyuq münasibət bəsləyir, hətta, bununla kifayətlənməyib, öz davranışları ilə ona, əvvəllər hansı həyat tərzi yaşadığını, dünyaya gəlişi ilə nələrə səbəb olduğunu tez-tez xatırladır, bununla da, yetim qızcığazın qəlbini daha da incidirdi. Buna Annanın evin qulluqçusu olan Maçetə Portianın nahar vaxtı otağında deyil, ailə ənənəsinə uyğun olaraq hamı ilə birlikdə süfrədə oturmalı olduğunu sərt şəkildə deməsini misal göstərmək olar. Həmin evdə Portia ilə mehriban davranan, ona nəvaziş göstərən, yalnız evin qulluqçusu xanım Maçet idi. Axşamlar o, Portianın otağında keçmişi haqqında söhbətlər edir, atası cənab Kveynin necə sadiq və mərhəmətli bir kişi olduğunu və nə üçün evdən çıxarıldığını ona danışırdı.
Portianın həmin evdə sevilməməsinin əsas səbəbi keçmişi ilə bağlı olsa da, bu, yeganə səbəb deyildi. “Onun həddən ziyadə saflığı, özünü qəribə aparması, daim nə isə öyrənməyə çalışması Tomas ilə Annanı qıcıqlandırır və özündən uzaqlaşdırırdı”. Annanın Portiaya pis münasibət bəsləməsinin digər səbəbi isə Portianın onunla bağlı olan düçüncələri idi. Belə ki, Portia o evdə baş verənləri, Annanı sevmədiyini, onların maraqsız həyat tərzi sürdüklərini və həmin evdə yaşayan böyüklərin gələn qonaqlar və ona qarşı heç zaman səmimi davranmadıqlarını hər axşam öz gündəliyində açıq şəkildə yazırdı. Anna isə Portianın xəbəri olmadan, hər dəfə onun gündəliyini gizlincə oxuyur və gənc qıza qarşı nifrəti günü-gündən artırdı. Lakin bu da əsas səbəb deyildi. Annanı ən çox narahat edən məsələ isə Portianın onun keçmişi barədə məlumatlı olması idi. Belə ki, ailəvi dostları olan Robert Picn Annanın Tomasla ailə qurmazdan münasibətdə olduğu sevgilisi idi. İlk sevgisini hələ də unuda bilməyən Anna Robertin ona olan məktublarını Tomasdan gizlədərək evdə saxlayır və vaxtaşırı onları oxuyaraq keçmişini, ayrılmalarının səbəbini özlüyündə araşdırırdı. Robertlə yaşanıb bitmiş münasibəti haqqında kiminsə bilməsini özü üçün təhlükə hesab edir və bu səbəbdən də Portiaya olan qəzəbi soyumurdu.
Portianı narahat edən digər hadisələrdən biri də məktəbdəki müəlliminin ona: “Çantanı daim özünlə daşımağa ehtiyac yoxdur, bura otel deyil, get və digər şagirdlər kimi çantanı şkafına qoy”  – deyərək, onunla nəzakətsiz şəkildə davranması idi. Qeyd edək ki, Portia, digər məktəblərdə yüksək nəticə göstərməyən, dərslərində müvəffəqiyyət qazana bilməyən varlıların oxuduğu qızlar məktəbində təhsil alırdı. Bu da çox güman ki, onun əvvəllər yaşadığı həyat tərzi ilə bağlı idi.
Yaşadığı evdə monoton həyat tərzindən sıxılan Portia sonralar Annanın dostu 23 yaşlı Ediyə aşiq olur və onunla birlikdə bütün acılardan, bu sıxıntılı həyatdan qurtulacağına ümid edir. Öz düşüncələrini heç kəslə bölüşməyən Portia yalnız sevdiyi oğlana öz gündəliyini oxumasını icazə verir. Edi isə ona, aralarındakı münasibətdən gündəliyində bəhs etməməsini tapşırır, çünki onun Annanın gündəliyi oxumasından xəbəri var idi.
Elizabet Boin - Ürəyin ölümü
Bir gün məktəbdə Edidən aldığı məktubu gizli şəkildə oxuyarkən, müəllimi tərəfindən yaxalanan Portia özünü məktəbin qapısında tapır. Həm sinifyoldaşı, həm də yaxın rəfiqəsi olan Lilian ilə öz hisslərini bölüşən Portia səhv etdiyi üçün peşmançılıq hissi keçirir. Buna görə də Edinin daha ona məktub yazmamasını xahiş edir, çünki onlar bu münasibətlərini hər kəsdən, hətta evdəkilərdən belə gizlədirdilər. Ögey qardaşı Tomas Edi ilə Portianın münasibətlərindən xəbər tutsa da, buna çox etinasız yanaşır və Portianın gələcəyinə görə o qədər də narahatçılıq keçirmirdi. Lakin Portianın otağını təmizləyərkən balışının altından məktublardan birisini tapan xanım Maçet, yetim qıza halı acıdığı üçün Portianı Edinin yaxşı adam olmaması ilə bağlı xəbərdar edir və ondan uzaq durmasını xahiş edir.
Hadisələr gənc Portianın gözündə çox yaxşı görünsə də, əslində hər şey onun düşündüyü kimi deyildi. Portianın onu təmiz qəlblə sevməsinə baxmayaraq, Edi çox eqoist, tüfeyli həyat tərzinə meylli, içki düşkünü və daim qızlarla qısamüddətli münasibətlər yaşamağa alışan bir gənc idi. Portianın ona bağlılığını görən Edi dəfələrlə necə birisi olduğunu, məşuqunun saf məhəbbətinə layiq olmadığını boynuna alsa da, Portia bütün deyilənləri bir mənalı şəkildə rədd edir və onun deyildiyi kimi pis insan olduğunu ağlına belə gətirmək istəmirdi, axı Edi onun xəyalında tamamilə başqa bir oğlan, real həyatın çirkinliklərindən uzaq olan, bütün qəlbi ilə sevməyi bacaran və onu anlayan, bəlkə də yeganə şəxs idi.
Əsərdə həmçinin, Tomasla Annanın istirahət üçün İtaliyaya olan səyahətlərindən də bəhs olunur. Söhbət əsnasında hər ikisi Portiaya olan hisslərinə bəraət qazandıraraq, onu özləri ilə aparmamağı qərara alırlar. Onlar dönənə qədər evdə tək qalmasın deyə, Portianı Annanın əvvəlki dayəsi, xanım Hikomun yanına yollayırlar.
Portia özünü, həyat yoldaşının ölümündən sonra Uaykiki adlı evində ögey oğlu və qızı ilə bir təhər dolanaraq yaşayan Hikomun yanında daha xoşbəxt hiss edirdi. Burada onu səs-küylə açılan səhərlər, tez-tez şənliklər təşkil edən bivec insanlar, Annagildə riayət etməli olduğu qaydalardan, monotonluqdan uzaq və sərbəst həyat gözləyirdi. Hətta, Portianın burada sərbəst şəkildə Edi ilə görüşmək imkanı da var idi.
Çox keçmir ki, bu xoş günlər onun məyusluğu ilə əvəz olunur. Belə ki, son görüşlərində Edinin Portiaya artıq onu əvvəlki kimi sevmədiyini, özünü daha onunla xoşbəxt hiss etmədiyini etiraf etməsi, film izləyərkən Edi ilə Hikomun qızı Dəfnənin əl-ələ tutduqlarını görüb bundan sarsılması, digər tərəfdən Annanın onun gündəliyini gizlin şəkildə oxuduğunu xəbər tutması, nəhayət, Portianın acıq edərək evi tərk etməsinə səbəb olur.

Əsərin əvvəlində sevgiyə, saf məhəbbətə önəm verən gənc qızcığaz, artıq anlayır ki, həyatda mənəviyyata deyil, mənfəətə üstünlük verən insanlar başqaları ilə münasibətlərində belə səmimilik onlar üçün önəmli deyil, mühüm olan öz rahatlıqlarını təmin etmək və özlərini xeyirxah insan kimi göstərərək başqalarının rəğbətini qazanmaqdır. İnsanın təbiətən xəyanətə və nankorluğa meylini başa düşən Poritia, çıxış yolunu Annanın köhnə sevgilisinin dostu, 50 yaşlı Meycə Brutun yanına qaçaraq, ona sığınmaqda görür. Özündən yaşca çox böyük olan bir kişiyə əsl evdar bir qadın kimi onun üçün yemək bişirəcəyini, ev işlərini yerinə yetirəcəyini vəd edərək, onunla ailə qurmasını təkid edir. Lakin gənc qızın halına acıyan Meycə Brut onun etirazına baxmayaraq, evə qayıtması üçün əlindən gələni edir. Tomasla Anna bütün bunlara biganə olduqları üçün Portianın evə gətirilməsi sonda yenə Matçetin üzərinə düşür.
Diqqətlə nəzər salsaq görərik ki, bu əsər sirrlərlə zəngin bir əsərdir. Hər bir peronaj bir-birindən nə isə gizlədir; Portia ilə Edi bir-birlərini sevdiklərini ev sakinlərindən, Anna keçmiş sevgilisindən saxladığı məktubları ərindən və Portianın gündəliyini oxuduğunu onun özündən gizlətməsi və s. Ən utancverici sirr isə Portianın vaideynlərinin gizli sevgi münasibətləri idi. Bunun isə əsas səbəbi o dövrdə, İngiltərədə qeyri-qanuni nikahların cəmiyyət tərəfindən birmənalı qəbul edilməməsi idi.
“Ürəyin ölümü” romanı quruluşca “Fani dünya”, “Nəfs” və “Şeytan” adlı 3 fəsildən ibarət olub, hər fəsil də bölmələrdən təşkil olunmuşdur. İlk fəsl Portianın qışda Londonda keçirdiyi günlərdən, ikinci fəsil onun yazda dənizkənarı evdə yaşamasından, sonuncu fəsil isə yay aylarında yenidən Londona qayıdaraq oradakı həyatından bəhs edir. “Xristian inancına görə, paklığını qorumaq istəyən hər bir insan fani dünyaya, dünya malına, nəfsani istəklərə meyl etməməli, dünya ləzzətlərinə aldanmamalı və oğurluq, yalançılıq kimi pis əməllərdən çəkinməlidir. Məlumdur ki, əsərin yarımbaşlıqları da elə bu inanca əsaslanır”.
Əsərin yazı üslubuna gəldikdə isə hadisələr sanki hər şeyi kənardan diqqətlə izləyən müəllifin dilindən açıq şəkildə izah edilir. Lakin növbəti səhnələrdə müəllif təhkiyəçi qismində iştirak edir, bəzən isə 1-ci şəxsin dilindən də danışır. Buna Portianın öz gündəliyini yazarkən, ətrafında baş verənlərə öz münasibətini bildirməsini misal göstərmək olar. Səhnələrdən birində Annanın düşüncələri 3-cü şəxsin dilindən nəql olunur. Romanda oxuyuruq:  «There seemed to be some way she did not know of by which people managed to understand each other.» İnsanların bir-birini anlaya bilməsi üçün istifadə etdikləri yollardan görünür onun xəbəri yox idi. Növbəti paraqraflardan birində isə təhkiyəçi qəfildən Annanın dilindən çıxış edir: «All I said to Thomas was, get off my quilt.» Tomasa söylədiklərimin hamısı yalnız yatağımdan çıxması idi. (tərcümə bizə məxsusdur.)
Ümumilikdə isə qeyd edək ki, əsərdə hadisələr müxtəlif personajlar tərəfindən fərqli baxış bucağından nəql edilir. Bundan əlavə, müəllif əsərdə ironiyadan da istifadə etmişdir. Buna misal olaraq, müəllifin Annanın dilindən Portianı ağzı açılmayacaq kran (like a tap that won't turn on) adlandırmasıdır.
“Ürəyin ölümü” romanında “ölüm” həm rəmzi, həm həqiqi mənada başa düşülməlidir. Həqiqi mənada Portianın valideynlərinin hər ikisinin ölümü, Tomasın anasının ölümünü misal göstərmək olar. Rəmzi mənada isə, tənqidçilərin fikrinə əsasən, birinci dünya müharibəsindən sonra insanlarda yaranan ruh düşkünlüyü, gələcəyə ümidin ölməsi, habelə Portianın ətrafındakı böyüklərin öz soyuq və səmimi olmayan davranışları ilə onun məsumluğunu əlindən almaları, Edinin ona sarsıdıcı etirafından sonra artıq sevgiyə olan inamının itməsi nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, müəllifin romanın əvvəlində təbiəti təsvir etməsi belə ölümü xatırladır; məsələn, Boin Kveynlər ailəsinin evinin yanındakı parkı təsvir edərkən “qara divarlar”, “solğun”, “kövrək” kimi sözlərdən istifadə etməklə 1930-cu illərdə yaşayan insanların yaşadığı depressiyanı, ümumilikdə o dövrün ruhunu həm öz cəmiyyətinə, həm də gələcək nəsillərə izah etməyə çalışmışdır. Özü ilə Dünya müharibələrini gətirən, milyonlarla insanların həlak olduğu yeni yüzillikdə insanların cəmiyyət və ümumən, insan haqqında düşüncələri də sarsılmışdır. Portia bunlardan xəbərsiz olsa da, Birinci Dünya müharibəsinin canlı şahidi olan Kveynlər ailəsi və onların dostlarının da cəmiyyətə qarşı münasibəti də köklü şəkildə dəyimişdir. Bu baxımdan Portia və ətrafındakı böyüklər sanki iki müxtəlif dünyanın adamları idilər. Bununla yazıçı iki nəslin nümayəndələri, onların düşüncə tərzləri arasındakı uçurumu göstərmək istəmişdir.

Əsərin yazıldığı dövrdə sosial-siyasi mühit
Birinci və ikinci dünya müharibələri (1918-1939) arasındakı dövr elə bir dövrdür ki, insanların artıq siyasət, cəmiyyət və ənənəvi müəssisələrə olan inamları itmişdir. Halbuki, yeni əsrdə bütün dünyada, ələlxüsus Birləşmiş Krallıqda insanın, mənəviyyatın yüksəlişi və çiçəklənmə dövrü olacağına ümid olunurdu. Elə məhz bu səbəbdən də “Ürəyin ölümü” əsərində Kveynlər ailəsi 1930-cu illərdə dünyada baş verən, eləcə də yerli hadisələrdən kənarda təsvir olunur.
1930-cu ildə Hitlerin başçılığı altında Almaniya ordusu qonşu dövlətləri işğal etmək yenidən silahlandı. Beləliklə, Almaniya tərəfindən başladılan və bütün dünyanı, xüsusilə Londonu bürüyən depressiya dövrü bir sıra tükürpədici nəticələrə gətirib çıxardı. Britaniya xarici siyasətdə bir çox çətinliklərlə qarşı-qarşıya qalması ölkənin daxili siyasətində gərginliklərin yaranmasına, iqtisadiyyatın çökməsinə gətirib çıxarırdı. Bu isə saatlarla ağır iş rejimində çalışan, lakin zəhmətlərinin qarşılığını ala bilməyən işçilərin, nəhayət, ümumi tətillər (general strikes) etməsinə səbəb olurdu. Heç bir nəticə verməyən və tez-tez yatırılan bu üsyanlar nəticəsində həmkarlar ittifaqı bir şeyi anladı ki, seçki zamanı səsvermədə qalib gələrək ölkənin idarəçiliyini ələ keçirmək yeganə çıxış yoludur.
1918-ci il Britaniyada uzunmüddətli mübarizədən sonra qadınlara da kişilər kimi bərabər hüquqların verildiyi və digər önəmli sosial dəyişikliklərin baş verdiyi bir dövrdür. Lakin bu hüquq yalnız 30 yaşına çatmış xanımlara və varlıların xanımlarına aid edilirdi. O vaxta qədər hətta, qadınlara Oksford və Kembric kimi universitetlərdə elmi dərəcələrə yiyələnməyə də icazə verilmirdi. 1928-ci ildə isə Emilin Pankurstun təşəbbüsü ilə təşkil olunan mitinq və qarşıdurmalarda bütün qadınlar səsvermə hüququ əldə etdilər. Əsərdə Dəfnə və onun dostlarının 1928-ci ildə ildə onlara verilən səsvermə hüququndan sevincli şəkildə istifadə etməsini oxuyuruq.
İkinci dünya müharibəsində həlak olan kişi işçilərin boş qalan yerlərini artıq qadınlar tutmağa başlayırdı. O zamanda etibarən milyonlarla qadın işçi ofislərdə, fabriklərdə və s. çalışmağa başlamışlar. Bugün artıq Birləşmiş krallıqda işçi qüvvəsinin 45 faizini qadınlar təşkil edir. Bu da digər Avrpa ğlkələri ilə müqayisədə  19 böyük göstəricidir. Qadınlar nəinki idarəçilik, təhsil, tibb sahələrində, hətta (35%) bizneslə də geniş şəkildə məşğul olur və yeni iş yerləri də açırlar.
Otuzuncu illərdə yalnız zəngin ailələrin xaricdə istirahət etməyə imkanı çatırdı. Əsərdə biz bunu Anna və Tomas Kveynin Kapriyə səyahətinin timsalında görə bilərik. Bugün isə hər on Britaniya sakinindən altısı istirahət üçün ildə bir dəfə xarici ölkələrə üz tutur və bu say getdikcə artmaqdadır.
Tənqidçilər “Ürəyin ölümü” əsərinə iki cür yanaşırlar: əsərdəki anasız qızla eyni həyatı yaşayan müəllifin də uşaqlıqda yaşadıqlarını müzakirə etməklə; və əsər boyunca izlənilən saflıq və təcrübə arasındakı konflikti müzakirə etməklə.
Altı yaşında olarkən atasını əqli xəstəlik səbəbindən atasını itirən, on üç yaşnda isə xərçəng xəstəliyinə görə anasını itirən Boin, İngiltərəyə — qohumlarının yanına göndərilir. Tənqidçi Henin fikrincə, Boin özü də bilirdi ki, bədii fəaliyyət müəllifin şəxsi təcrübəsi ilə sıx bağlıdır, lakin eyni zamanda o, əsərin avtobioqrafik əsər hesab olunmasını bir mənalı şəkildə rədd edir və bu fikri əsassız hesab edirdi. Buna baxmayaraq, bir sıra tənqidçi, “Ürəyin ölümü” də daxil, Boinin bir çox əsərlərində böyük nəzarətindən məhrum olan yetim qız (motherless girl, lacking any guiding adult hands) obrazı əsas mövzu obyekti olaraq qalır. Edvin C.Keninin Boinlə bağlı qeydlərində oxuyuruq ki, Boinin daxilində gizlətdiyi və onu daim düşündürən keçmişinə daha çox maraq göstərməsi, anasız uşağın xiffətini çəkməsi məsələsi ön planda durur. Boinin yaratdığı yurdsuz qalan uşaq obrazı yaşamaq, sağ qalmaq naminə daim öz kimliyini axtarıb tapmağa çalışır.
Bildiyimiz kimi Boin ingilis deyil, İrlandiyada imtiyazlı anqlo-irland ailəsində böyüyüb boya-başa çatmış, lakin yaşadığı ölkədən ingilis bağlarından uzaq düşmüşdür. Tənqidçi Marta Hen “Feminist yazıçılar” məqaləsində Boinin yaradıcılığına münasibət bildirmişdir: “Boinin həmvətənləri olan irlandlardan ayrı düşməsinin əsas səbəbi onun yüksək zümrəyə mənsub olması idi.”
Bundan əlavə, Boin “Ürəyin ölümü” əsərində yaratdığı “kənar adam” obrazı ilə həm də siyasi məsələlərə də toxunmuşdur. Riçard Tilinqastın fikrincə, anqlo-irland xalqı on altıncı əsrdən etibarən, həmişə özlərinin belə idarə etdikləri ölkədə köksüs və etibarsız sayılırdılar. Bu gərgin vəziyyət isə vaxtilə protestant hakim sinfin irlandların  20 torpaqlarını onların əcdadları olan irland katolik xalqından zorla almaları ilə əlaqədar idi. Belə ki, Boinin qohumları, irland xalqının iyirminci yüzilliyin əvvəllərinə təsadüf edən və öz milli azadlıqlarını əldə etməkdən ötrü qızğın mübarizəyə başladığı dönəmdə həmin ölkədə özlərini özgələşmiç hiss edir və dövlət əhəmiyyətli hadisələrdən kənarda qalırdılar. Tilinqin fikrincə, bu gərginlik və ziddiyyət dolu məsələ Boinin əsərlərinə qədər uzanmış və personajların davranışında da təzahür etmişdir.
Boinin mədəni kökünün itməsi hissi və əsərin əsas qəhrəmanı olan “kənar adam” (outsider) arasındakı bu əlaqə Sin O’Faolinin “Yoxa çıxan qəhrəman” adlı məqaləsində də qeyd olunur. O bildirir ki: “Elizabet Boin təsvir etdiyi, haqqında danışdığı cəmiyyətdən elə doğulandan bəri ayrı düşmüşdür. O, irlandiyalı olduğundan, ən azı ingilis ənənələrindən bir köynək uzaqdır.”
Boin Portianı heç bir günahı olmadan öz ölkəsindən didərgin düşmüş və bütün Avropanı gəzən bir sərsəri (vagabond) kimi təsvir etmişdir. Boinin də yaşadığı kimi Portianın da İngiltərə ilə bağı olduğu üçün şərait elə gətirir ki, Londona gəlməli vo burada məskunlaşmalı olur, lakin yadelli birisi kimi. Gəldiyi gündən bəri ətrafında olan hər kəsin davranışını diqqətlə izləyib təhlil etmək bacarığı ilə hər kəsin diqqətini özünə çəkir və onu hər zaman təhlükəli vəziyyətdə saxlayır.
Tənqidçilər Boinin saflıq və təcrübə arasındakı əlaqəni anlamaq cəhdlərini də qeyd etməkdən yan keçməmişlər. Keni belə bir iddia irəli sürür ki, Boinin saf düşüncə və saf həyat tərzinə olan marağı onun insanın biliyə olan ilkin ehtiyacı və bilik əldə etdikdən sonra saflığı getməsi və bunun nəticəsində də eqoizmin doğması məsələsi onun əsərlərində izlənilən əsas mövzudur. “Ürəyin ölümü” əsərində də Portianın kim olduğu və gələcəkdə kim olacağı ilə bağlı düşüncələrə və Edini sevməsi ilə bağlı illuziyalara qapılması və həyatının bir dönəmindən digər dönəminə adlaması əsas məqam olaraq qalır.
30-cu illər həm şəxsi, həm də sosial durum baxımından Boinin həyatında ən iztirablı dövr olmuşdur.Yaşadığı cəmiyyətin ziddiyyətlərindən bezən yazıçını keçirdiyi hisslər onun yaradıçılığın da təsir göstərmişdir. Eyni zamanda beynəlxalq  21 aləmdə gərginliyin artması da onun mənəvi böhranına səbəb olur və bütün bunlar onu pessimizmə sürükləyirdi.
 
 
 
Müəllif: Aynur Mir Asif qızı Həsənova
 

0 şərh