Nədən və nə üçün yazmalıyıq?

Ədəbiyyatın rolu və vəzifələri barədə həddindən artıq deyilib və yazılıb. Əvvəlki yazılarımda ədəbiyyatın vacibliyini dəfələrlə vurğulamışam. İnsan mənəvi ehtiyacları olan maddi varlıqdı. Ədəbiyyat məhz bu nüansı vurğulamaq üçün uzun əsrlər boyunca müxtəlif cür istifadə olunub. O zənginlərin süfrəsində  şairlərin və söz adamlarının mədhiyyələrinə çevrilərkən,  əhalinin digər təbəqəsi üçün  təsəlli yeri olub. Onları gələcəyə ümidə səsləyib, ağ atlı oğlanın gələcəyini, quyuya düşsən də, Simurq quşunun mütləq yetişəcəyini pıçıldayıb. Beşiyin başında laylaya, əkinçinin dilində holavara, zalımın zülmündə qarğışa, sözün lakonikliyində atalar sözünə, işarədən ayayanlar üçün məsələ, əyləncə axtaranlar üçün isə tapmacaya çevrilib.
Uzun gecələri qısaldanda nağıla, toy- məclis axşamlarını unudulmaz edəndə dastana, ürək dağlananda mərsiyə, ağıya çevriliblər. Bütün bunların hamısı fərqində olaraq və olmayaraq kollektiv şüuru yaradıb ki, bu da özlüyündə kamil insanın yaradılmasına xidmət edib. Bizim indi ətək — ətək pul töküb qoşulduğumuz seminarlar, vebinarlar, oxuduğumuz motivasiya kitabları əslində  yeni söz demirlər, bunların hamısını uşaqlıqdan bünövrəmizə sağlam tökülməyən folklorumuzun, ədəbiyyatımız boşluğunu doldurmaq üçündür. Bu başa çatmamış gestalt kimi həyatımızın hər anında qarşımıza çıxır. Bəli, bu anda etirazları eşidirəm.
Mənə oradan o zamanların ehtiyacları olan köhnə mətnlərin indi işa yaramadığını deyənlərin səsini duyuram. Bax bu zaman XX əsr ədəbiyyatından fərqli bir yazı növü ilə qarşılaşdığımı fərq edirəm. Bəli, artıq köhnəlmiş dediyimiz mətnlərin yeni insanın ehtiyacı olaraq yeni mətnlər əvəzləyir. Bu mətnlərdə biz yalnız səmimiyyət və empati görürük. Bu mətnlər uşaqlığımızda dinlədiyimiz nağılların dəyişdirilmiş formasıdı. Biz sadəcə olaraq onları ardınca yollanmağı bilməliyik.
Ədəbiyyat
Ənənəvi olaraq ədəbiyyatımızda hələ də Tolstoy, Dostoyevski hakimiyyəti bərqərardı. İndi onun yerini şöhrətdə onlardan geri qalmayan yazıçılar doldursa da, onları mütaliə edən zaman hamıya xitab edən mətnin fərqində oluruq. Amma mənim bu günki yazımda dərdim bunlardan bəhs etmək deyil. Bu barədə çox danışılıb və hər kəsin də fikrinə hörmət edərək, zövqlər və dadlar mübahisə olunmaz deyərək özümü ölülüyə vurmağı seçirəm.
Son illərdə oxuduğum mətnlər məni qəti şəkildə bir məsələyə inandırdı ki, ədəbiyyat adi gözlə görünməyən insan dünyasını açmaq üçün vəzifələndirilmiş bir sahədir. Bəli, dediyimi “Anna Karenina” nı oxuyarkən dəstəkləməyəcəksiniz. Çünki tipik olaraq hər an baş verən hadisədir və bunun hər kəs fərqində ola bilər. (Əminəm, Tolstoy sağ olsaydı bu fikrimlə razılaşardı) Bəs adi gözlə görünməyən deyərkən nəyi nəzərdə tuturam? Bəli, hadisə baş verir, hər kəsin fərqində olduğu, qəzetlərdə, xəbər saytlarında 3 -4 kəlməlik bir xəbər gedir. Bəs bu  hadisənin dərinliyini, kökünü kim görür? Məsələnin məhz belə qoyuluşu ədəbiyyatın işidir. Yeri gəlmişkən qeyd edim ki, bu il Tarjei Vesaasın iki əsəri ilə tanış oldum. Yazıçı 21 dəfə Nobelə namizəd göstərilsə də, nəticəsi olmayıb. Bu da bu mükafatın kütləviyiliyini və siyasiyiliyini bir daha önə çəkir ki, Kazuo İşiqura ilə müqayisədə Tarjes sadəcə olaraq bir kəlmə ilə ifadə oluna bilər: DAHİ. Yazıçının  3 ay fasilə ilə iki əsərini oxudum. “Quşlar” və “Buz Sarayı” romanında insan anlamının, yaxınlığın və empati duyğusunun nə dərəcədə əhəmiyyətli olduğunu yazıçı qabartmadan, kobud dillə desək “gözə soxmadan”  zərif şəkildə işləyib. Siz hadisələrin zərif toxunşuna göz gəzdirərkən insan qəlbinin dərinliyi və nələr hiss edə biləcəyinin hüdudsuzluğu ilə qarşılaşa bilərsiniz. Və bu zaman sizə aydın olar ki, həyat hər kəsin haqlı olduğu nəhəng bir teatr səhnəsidir və bu səhnədə bütün mənfiliklər və pisliklər bizim məhsulumuzdur. Onları biz yaratmışıq, orda bizim də günahımız var. Əgər yatmazdan öncə övladına onun doyacağı qədər sevgini verə bilməmisənsə, o gecəni yatmayacaq, nəinki o gecədə, 20 il sonra baş verəcək hadisələrdə bir misqal payı olacaq. Eyni mövqe müxtəlif yazıçıların əsərlərində: “Vegeterian” əsərində, “Qar çiçəyi və sirlər yelpiyi” romanında, “İzanın balladası” nda qarşımıza çıxır. Mən onda anlayıram ki, insan inşası nə qədər çətindir. Duyğudan və ağıldan yoğrulmuş bu xəmir o qədər ehtiyaclıdır ki, onu ödəyərkən, özünün  kənarda qalmasına yol verməməlisən. Bu yazdıqlarıma  kiçik bir əfsanə ilə son vermək istəyirəm. Bu əfsanə bizə insan ləyaqətinin hətta yaxşılıqla və mərmətlə də məhv oluna biləcəyini çatdırır. Yəni qarşınızda büllur qab var, onunla ehtiyatlı olun! Ədəbiyyat bizə məhz bunu pıçıldayır. Nə isə uzatmadan əfsanəni yazım.
Deyilənə görə, Çində Zhang adında zəngin bir fermer yaşayırmış. Çox şanslı adam imiş. Hovuzunda balıqlar tullanar, torpaqlarında donuzlar qarınlarını doyuzdurar, baxçasının ətrafında bulud kimi   ördəklərin sürüləri  dolaşarmış. Bütün bunların səbəbi Guo adında zəhmətkeş arvadının olmasında imiş.  Arvadı balıq tutar, donuzlarına baxar, ördəkləri bəsləyər, onun sərvətinə sərvət qatarmış. Amma Zhang həyatından məmnun deyilmiş. Ledi Lu  adında gözəl bir xanımla  sevgili olmaq istəyirmiş. Bir gün bu gözəl qadını evinə gətirir və arvadına onlara yemək hazırlamağı əmr edir. Arvadı ona tabe olur. Lu xanım bu evə yiyələnir, onun zəhmətkeş və namuslu arvadını evdən qovanda da Zhang etiraz etmir. Pulu sel kimi xərcləyib, heç bitəcəyini düşünmədən ey- işrətə qapılırlar.  2 il içində Zhang hər şeyi bitirir və Lu xanım onu atıb gedir. Zhang o qədər yoxsullaşır ki, paltarında  parçadan çox yamaq olur. Küçələrə düşür, hamıya yalvarır. Bir gün  kürəyi üstə uzanıb səmaya baxanda huşunu itirir. Yuxusunda buludları yediyini görür. Ayılanda  bir mətbəxdə isti bir ocağın qabağında olduğunu görür. Canı qızmış, qarnı doymuşdu. Təşəkkür üçün ona yardım edəni görmək istəyəndə ona pəncərədən həyətdəki qadını göstərirlər. Zhang həmin qadının həyat yoldaşı Guo olduğunu görən kimi dəhşətə qapılır və qadın mətbəxə girəndə Zhang özünü oda atıb yandırır.
Ədəbiyyat məhz bu andan, sonuncudan bəhs edər. Oda atılmaq anının qabardılması və insan ləyaqətinin önə çəkilməsindən danışar. Əslində dünya köhnə dünyadır, dəyişən heç nə yoxdur və dəyişikliyi yaratmağı bacaran  İNSAN isə sözdür,  mövzudur, ədəbiyyatdır. Bizə əfsanələrdən, nağıllardan süzülüb gələn ədəbiyyat da bunu deyir, sadəcə olaraq onu primitivlikdən çıxardaraq nəhəng koloritdə təqdim etmək bu günün ədəbiyyatının əsas vəzifələrindəndir.
 
 
 
Müəllif: Ülviyyə Tahir
Mənbə: ceylanmumoglu.com
 

0 şərh