Mehmet Altunbay Gültəkin haqqında

Azərbaycan istiqlal ədəbiyyatının parlaq simalarından biri Gültəkinin (Əhmədov Əmin Mütəllib oğlu (1898-1937) ədəbi irsini vaxtilə Türkiyədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Yakub Kadri Osmanoğlu… kimi görkəmli ədəbiyyat və dövlət xadimləri layiqincə dəyərləndirmiş, mücahid şairin ədəbiyyat tariximizdəki yeri və rolundan məhəbbətlə bəhs etmişlər...
Mətləbə keçməzdən əvvəl isə bir məsələni qeyd etmək məcburiyyətindəyəm. Sovet dövründə «Gültəkin» təxəllüsü ilə yazan şairin kimliyi barədə hər hansı materiala təsadüf edilmir. Biz ilk dəfə həmin təxəllüsün Əmin Abidə aid olduğu barədə «Yeni Qafqasya» jurnalı" adlı məqalədə (Azərbaycan mühacirət mətbuatı. Birinci hissə, Qap-poliqraf nəşriyyatı, Bakı, 2002, 160 səh.) məlumat vermişdik. Bundan sonra bir sıra tədqiqatçılar, xüsusilə Əli Şamil və Bədirxan Əhmədov «Gültəkin» təxəllüsünün kimə mənsubluğu barədə ciddi araşdırmalar aparmış və elmi dövriyyədə həmin imzanın Əmin Abidə aid olduğu fikri qətiləşmişdir. Təəssüflə qeyd etməliyəm ki, «bu problem» ətrafında, sanki ilk dəfə tədqiqat aparırmış kimi müxtəlif mətbu orqanlarda mülahizə yürüdən qələm əhlinə bu gün də rast gəlinir...
Mehmet Altunbay Gültəkin haqqında
Yuxarıda nüfuzlu qələm sahiblərinin Türkiyədə Gültəkin poeziyasından yazdıqlarını qeyd etmişdik. Gültəkinin həyat və yaradıcılığına səngiməyən böyük maraq Azərbaycan istiqlalı uğrunda fədakar mübariz, istedadlı publisist, məşhur «Hürriyyətə uçan türk» memuarının müəllifi, Türkiyənin «Nu. D. 38» adlı sərnişin təyyarəsinin ilk uçuş sınağını həyata keçirən pilot, Türkiyədə ilk özəl «Göy Tur» aviaşirkətinin yaradıcısı və sahibi Məmməd Altunbayı da (1911, Gəncə — 1987, Ankara) Gültəkin irsinə müraciətə sövq etmişdir. Azərbaycan mühacirlərinin Ankarada nəşr etdikləri aylıq ictimai fikir məcmuəsi «Mücahid»də (1955-1964-cü illər, cəmi 59 nömrə) Məmməd Altunbayın dərc etdirdiyi "İstiqlal şairi Gültəkin" adlı məqalə («Mücahid» №29, may. 1960, səh.17-18) bir çox cəhətdən əhəmiyyət kəsb edir: məqalə həm onun müəllifinin, həm də böyük istiqlal şairinin və silahdaşlarının Türkiyə həyatı və yaradıcılığı, toxunduğu mövzular haqqında, eyni zamanda rejimin amansız antimilli siyasəti barədə daha dolğun, daha geniş fikir yürütmək üçün maraqlı, faydalı və aktuallığını itirməyən mənbələrdəndir. Özünəməxsus yaradıcılıq yolu və dəst-xətti olan Məmməd Altunbay Mirzə Balanın təbirincə desək, «Azərbaycan türkünün milliyyət, hürriyyət və istiqlalı uğrunda sovet imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında gələn Gültəkin»nin hissləri, duyğuları coşduran, mücadiləyə səsləyən üsyankar şeirlərindən sitat gətirərək milli şairin yaradıcılığını peşəkarlıqla təhlil edir və dəyərləndirir. «Dəmir pərdə» arxasında, kommunist zülmü altında inləyən ana, ata, qardaşlarının qurtuluşu uğrunda mücadilədə milliyyətçi Azərbaycan şairlərinin xidmətlərini yüksək qiymətləndirən M.Altunbay yazır: «Hürriyyət dünyasında yaşayan şairlərimizin başında Gültəkin, Sənan, Almas İldırım, Abay Mirzə Dağlı, Əli Daşkənd, Teymur Atəşli, Həmid Dönməz, Nəbi Turaplı, Kərim Yaycılı, Azərizadə, Rəsul Ünsal, Niyazi Akşin, Əli Usta, Gülsevən kimi vəfakeş və hətta ölümü gözə alan şöhrətli şairlərimiz çoxdur». Həyatını kommunizmə qarşı mücadiləyə həsr edən Gültəkinin yalnız Azərbaycanın yox, bütün Şərqin ən qiymətli şairləri sırasında olduğu qənaətini bölüşən M.Altunbay istiqlal şairinin həyat yoluna nəzər salır, Bakıda dünyaya gəldiyini, ali təhsil üçün Türkiyəyə getdiyini, İstanbul Universitetində təhsilini davam etdirdiyini, hələ tələbə ikən elmi tədqiqatla məşğul olduğunu, Azərbaycanın bolşeviklər tərəfindən işğalı xəbərindən sarsıldığını yazır.

«Gültəkinin ən qüvvətli cəbhəsi vətən şairliyidir» — Məmməd Altunbay bu qənaətdədir. Gültəkin Rus ordusu tərəfindən vətəninin işğalına dözmür, istiqlal və hürriyyət aşiqi kim kədərli halını bu misralarla tərənnüm edir:

İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, can.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə...
Könüllərdə tutuşur, gözlərdə sönsə belə,
İstiqlal, o vətənin köksündə yüksələn Ay.
İstiqlal, o kəmikdən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından,
Gəlinlərin, qızların axan göz yaşlarından,
Doğmuş pek mübarək, pek müqəddəs bir İlahidir.
Hangi bir erkək onu düşmənlərə qaptırır?
Anaların saçından hördüyü bir bayrağı
Hangi erkək çıxıb da edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.

İstiqlal mücahidi M.Altunbay məqaləsinin hər cümləsində Gültəkin poeziyasına aşiqliyini, heyranlığını, vurğunluğunu, bolşevik rejiminə nifrətini hiss etdirir. Şairi «Azərbaycanın böyük övladı» adlandıran müəllif yazır ki, kommunizmə, bolşeviklərin qadın, kişi demədən həbslərinə, edamlarına, təqibinə, təhdid və sürgünlərinə üsyan edən Gültəkin övladları buzlu cəhənnəmdə — Sibirdə çürüyən analara xitab edir:

Sil göz yaşlarını, dur bəklə onu
Hər donduran qışın bahardır sonu.

Gültəkinin İstanbuldakı mətbu orqanlarda yüzlərlə şeirinin dərc olunduğunu vurğulayan M.Altunbay qeyd edir ki, bu nümunələr dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın və uşaqlarının dilində əzbərdir. Şairin «Ana» şeirinə isə Türkiyədə mahnı bəstələnmişdir.
Məqalənin sonunda M.Altunbay Gültəkinin 1926-cı ildə Azərbaycana döndüyünü, gizli polis tərəfindən həbs olunduğunu, Sibirə sürgün edildiyini kədər və göz yaşları ilə yazır: «O, artıq əbədi olaraq gözəl Azərbaycana həsrət qaldı. „Əmdikcə soyuq ver deyir“ — deyə şeirlərində üsyan etdiyi Sibirdə, digər hürriyyətə aşiq milyonlarla vətənsevərlə əbədiyyətə köç etmişdir. Onu minnət, şükran və rəhmətlə yad edirik». Gültəkin poeziyasının həm ideya gücü və həmişəyaşarlığına, həm də sənətkarlıq kamilliyinə və qüdrətinə dair müxtəlif illərdə — ötən əsrin 20-ci illərindən 50-ci illərinədək ən yüksək fikirlər söylənilmişdir: "...mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatında «Gültəkin» adını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük" (M.Ə.Rəsulzadə); «O öz şeirlərində Azəri vətənpərvərliyini lirik hisslərlə, qüvvətli dil və mükəmməl şeiriyyətlə əbədiləşdirə bilmişdir» (Ə.Cəfəroğlu); «Gültəkinin hürriyyət və istiqlal hayqıran şeirləri… bir örnək kimi hələ o zamanlar rus imperializmi ilə çarpışan əsir millətlər tərəfindən öz dillərinə tərcümə edilmişdir...» (Mirzə Bala Məhəmmədzadə). 60-cı illərdə bu missiyanı — milli şair Gültəkini, onu poeziyasını tanıtmağı, təqdir və təbliğ etməyi öz üzərinə götürənlərdən biri də «Mücahid» dərgisinin ən fəal və istedadlı əməkdaşlarından Məmməd Altunbay olmuşdur.
 
 
Mənbə: edebiyyatqazeti.az
 

0 şərh