Ruanda soyqırımı

  • Hərb
Rus və xarici afrikaşünaslıq elmi 1994-cü ildə Ruandada baş vermiş soyqırımı, adətən, tutsilərlə xutular arasında irrasional “etniklərarası münaqişə” kimi xarakterizə edir. Amma o dəhşətli qırğının etnik konnotativ səbəblərini bir kənara qoysaq, aydın olur ki, sözügedən faciənin birbaşa iştirakçılarının və icraçılarının arxasında güclü siyasi qüvvələr dayanırdı. Parisdə tutsilərin Uqandadan Ruanda ərazilərinə ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş hücumunu amerikalıların, Fransanın maraqları sferasına müdaxiləsi kimi qiymətləndirmişdilər. Sənədlər göstərir ki, Yelisey sarayının fikrincə, tutsilərin mövqeyinin möhkəmlənməsi Qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı. ABŞ isə Ruandaya tropik Afrikaya daxil olmaq üçün platsdarm kimi baxırdı: amerikalıların hədəfi varlı Konqo Demokratik Respublikası – Zair idi. Təkcə Ruandada yox, ümumiyyətlə, bütün bölgədə humanitar fəlakətin səbəblərini məhz burada axtarmaq lazımdır.
Əslində, həmin vaxt Ruandada baş verənlərə yaxından baxanda o qorxunc tamaşanın pərdəarxasında dayanan siyasətçilərin son dərəcə aydın məqsədlər güddüyünü görmək mümkündür. Belə olanda soyqırım – geosiyasi ambisiyalar və şəffaf iqtisadi maraqlar naminə ölkələri və xalqları qanlı qırğınlara sürükləyən siyasi texniklərin sinik əsərinə çevrilir.
Ruanda soyqırımı
27 il əvvəl Afrikada olan hadisələrə diqqətli gözlə baxanda bu gün Ukraynada baş verənlərlə bir çox ortaq cəhətlər tapa bilərik. Gözlərini qan tutmuş millətçilərin təşviqi, öz xalqını qıran əxlaqsız siyasətçilərin dəstəklənməsi, vurulan mülki təyyarələr, avropalı siyasətçilərin özlərini kar və kor kimi aparmaları, ABŞ-la Avropa ölkələrinin maraqlarının toqquşması, BMT TŞ-nın cinayətkar ləngliyi… Ruandada baş verənləri anlamaq həmin fəlakətdən sonra dünyada olanları daha yaxşı başa düşməyə və daha yaxşı dəyərləndirməyə imkan verir.
1994-cü ilin noyabr ayında BMT Təhlükəsizlik Şurasının himayəsi altında Tanzaniyada – Aruşa şəhərində Ruanda ilə bağlı Beynəlxalq cinayət tribunalı təşkil olundu. Tribunal, Ruandanın prezidenti Juvenal Habiarimananın necə öldüyünü araşdırmalı və terror aktından sonra başlamış soyqırımın təqsirkarlarını üzə çıxartmalı idi. İki il çəkən məhkəmə prosesindən sonra, 1998-ci ilin mayında Ruandanın keçmiş baş naziri Jan Kambanda soyqırımın təşkilinə görə məsuliyyət daşıdığını etiraf etdi və ömürlük həbsə məhkum olundu. 2005-ci ilin sonlarında faciənin digər təşkilatçılarına da (ümumilikdə 22 nəfər) hökm oxundu. Bundan əlavə, iyirmi beş müttəhimin məhkəməsi davam edir, daha on yeddi şübhəli isə öz məhkəməsini gözləyirdi.
2008-ci ilin dekabrında tribunal, Ruanda ordusunun keçmiş polkovniki Teoneste Baqasorunu insanlıq əleyhinə cinayətə görə ömürlük həbsə məhkum etdi. Onun 1994-cü il aprelin 7-də ölkədəki siyasi və hərbi vəziyyəti öz nəzarətinə götürdüyü sübut olundu, o cümlədən T.Baqasor “Interahamve” könüllü dəstəsinin təşkilatçısı elan edildi. Bir qədər sonra – 2011-ci il mayın 17-də soyqırımda iştirakına görə Ruanda silahlı qüvvələrinin keçmiş generalı Oqyüsten Bizimunquya 30 illik həbs cəzası verildi. Eyni vaxtda iqtidar partiyasının keçmiş katibi Matye Nqirumpatse və onun müavini Eduard Karemer də ömürlük cəzaya məhkum olundu. Qeyd edək ki, tribunalın səlahiyyətlərinə yalnız soyqırımın əsas təşkilatçılarının işləri daxildir; digər cinayətkarlardan ötrü Ruandada yerli məhkəmələr sistemi yaradılıb və onlar artıq 100-dən çox ölüm hökmü çıxarıb.
Amma istintaqın gedişatı Yelisey sarayında xüsusi entuziazmla qarşılanmadı: istintaq başlayandan bir il sonra Ruanda prezidentinə sui-qəsd zamanı həlak olmuş fransalı ekipajın qohumları iddia qaldırdılar. Bu, Paris məhkəməsinin öz təhqiqatını başlamasına imkan yaratdı. Məhz təhqiqatın yekununda – 2006-cı ilin noyabrında hakim Jan-Lui Brujyer, Ruanda prezidenti Pol Kaqameni Juvenal Habiarimananın qətlində ittiham etdi və terror aktının təşkilində təqsirkar bildiyi doqquz ruandalının həbsi üçün beynəlxalq order verdi. Həmçinin bu işin Ruanda üzrə Beynəlxalq tribunala göndəriləcəyi elan olundu. P. Kaqame bu ittihamlara Fransa ilə diplomatik münasibətləri kəsməklə cavab verdi və yerli istinaqın aparılmasını əmr etdi.
2008-ci il avqustun 5-də Kaqamenin əmri ilə başlayan araşdırmanın nəticələri dərc olundu. Beş yüz səhifəlik hesabatda “hazırlanan kütləvi qətllərlə bağlı fransız ordusunun nəinki kifayət qədər məlumatlı olduğu, həm də hadisələrdə bilavasitə iştirak etdiyi” barədə sübutlar təqdim edilmişdi. Kiqali (Ruandanın paytaxtı), Ruanda məhkəməsinin “yüzminlərlə tutsiyə sistematik olaraq divan tutan xutu rejiminə siyasi, hərbi, diplomatik və nəqliyyat dəstəyi verməkdə” təqsirləndirdiyi hər kəsi cinayət məsuliyyətinə cəlb etməyə hazır olduğunu bildirdi. İttiham olunan 33 nəfərin arasında Fransa prezidenti Fransua Mitteranın, baş nazir Eduar Balladyürün və sonralar Fransa hökumətinə rəhbərlik etmiş daha iki siyasətçinin – sözügedən hadisələr zamanı xarici işlər naziri olan Alen Jüppe və onun köməkçisi Dominik de Vilpen – adları vardı. Buna cavab olaraq Fransa Xarici İşlər nazirliyinin mətbuat katibi Romen Nadal hesabatda irəli sürülən ittihamları “qəbuledilməz” adlandırdı, həmçinin hesabatı hazırlayan komissiyanın obyektivliyini şübhə altına aldı.
Sonralar Fransa xarici işlər naziri Bernar Kuşner, 1994-cü ildə “siyasi səhvlərə” yol verildiyini etiraf etmişdi. Eyni şeyi 2010-cu ildə Ruandaya rəsmi səfəri zamanı Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi də təkrarlamışdı. Bununla belə, Paris soyqırımda birbaşa və ya dolayı iştiraka görə cavabdehliyini həmişə qətiyyətlə inkar edir. 2014-cü ildə ruandalıların həlak olmuş həmvətənlərini yad etdikləri matəm tədbirləri ərəfəsində P.Kaqame yenidən Fransanı soyqırıma siyasi hazırlıqda, fransız əsgərlərini isə kütləvi qətllərin təşkilatçıları ilə əlbirlikdə ittiham etmişdi. Hətta Fransanın səfiri Mişel Fleş Kiqalidəki matəm mərasiminin iştirakçıları siyahısından çıxarılmışdı. P.Kaqamenin “Liberasyon” qəzetində dərc olunan müsahibəsində açıq şəkildə deyilirdi ki, Paris, “soyqırıma qədər, soyqırım zamanı və ondan sonra da” Ruandada olub. Prezident Kaqame hər şeydən əvvəl Yelisey sarayını, Ruandada soyqırımla nəticələnən bir ideologiyanı yaymaqda günahlandırırdı. O, “Belçika və Fransanın soyqırıma siyasi hazırlıqda, Fransanın qırğının həyata keçirilməsində birbaşa rolu olduğunu” bildirir, fransız əsgərlərini “qanlı qırğının icraçıları və iştirakçıları” adlandırırdı.
Təbii ki, Fransanın baş naziri Manuel Vals “Fransanın Ruandadakı soyqırımda əli olduğu ilə bağlı ədalətsiz, iyrənc ittihamları qəbul etmədiyini” bəyan etmişdi. Nəticə olaraq Fransa qərara gəlmişdi ki, Ədliyyə naziri Kristian Tobirunu Kiqaliyə göndərməsin. Ölkə XİN-i Fransanın matəm mərasimində iştirak edə bilməyəcəyi ilə bağlı bəyanat verməklə kifayətlənmişdi.
Bu beynəlxalq qalmaqalı bir fakt xüsusilə maraqlı edir: sözügedən faciədə Parisin də, Kiqalinin də hansı rolu oynadığı hələ də sona qədər müəyyənləşdirilməyib və hər iki halda qarşılıqlı ittihamların öz «raison d’être»-i (fr: məqsəd) var.
 
SOYQIRIMIN SƏBƏBLƏRİNİN ETNİK KONNOTASİYALARI
Rus tarixşünaslığında o dəhşətli qırğının faktiki səbəbi kimi ümumi qəbul olunmuş rəy – hadisələrin əsas aktyorları, xutu və tutsilər arasında “etnik ayrıseçkilik” tanınır. Afrika İnstitutunun direktoru, akademik Aleksey Vasilyev müsahibələrindən birində Ruanda cəmiyyətində sülh yaratmağın yolları haqqında danışarkən deyir: “Onlar (xutu və tutsilər) yüzilliklər boyu yaxınlaşıblar, amma yenə də iki fərqli xalqdırlar. Onların qədim tarixi o qədər də aydın deyil. Tutsilər daha çox köçəridilər və ənənəvi olaraq yaxşı əsgərdirlər. Amma xutularla tutsilərin dilləri eynidir”.
Etnik konnotasiyaların doğruluğu bir qədər şübhə yaradır. Hər şeydən əvvəl qeyd edək ki, “etnos”, həmçinin “xalq” (sözün etnik mənasında) anlayışlarına bu günə qədər də korrekt, məntiqi ziddiyyətlərsiz bir tərif verilməyib, ona görə də, bu sözlərin arxasında hansı toplumların, hansı insan çoxluqlarının gizləndiyini bilmirik. Məhz buna görə, xutu və tutsiləri “etnoslar” adlandırmağa, onların arasındakı münaqişəni isə “etniklərarası” kimi yozmağa heç bir əsasımız yoxdur. Lakin hətta biz imkansızı düşünüb “etnosların” real sosial toplum qismində mövcudluqlarını qəbul etsək belə, yenə də xutularla tutsilər arasındakı münaqişəni “etniklərarası” adlandıra bilməzdik.
1988-ci ildə akademik Yulian Bromleyin (primordial “etnos nəzəriyyəsi”nin atası) redaksiyası altında işıq üzü görmüş “Dünya xalqları” adlı tarixi-etnoqrafik sorğu kitabçasındakı “Ruanda” məqaləsində deyilir: “Ruanda – yerli dil nyaruanda, banyaruanda; Bantu qrupuna aid xalq; Ruandada, Zairin qonşu vilayətlərində, Uqandada, Burundidə, Tanzaniyada; ümumi say – 9760 min insan; Ruanda dilində danışır. Rundilərə yaxındır. Rundilərlə birlikdə üç sosial-etnik qrupa bölünmə qorunur – xutu (85%), tutsi (13%) və tva piqmeyləri (1%).”
Beləliklə, hətta bəşəriyyəti üzdəniraq “etnoslara” bölməyə meylli olan sovet etnoqrafları da xutularla tutsiləri vahid toplum, vahid xalq kimi tanıyırdı. (“Etnikliyin” mahiyyəti ilə bağlı nəzəri debatlardan uzaq olan rus afrikaşünasları hələ də əmindirlər ki, sabit “etnik” əlamətlərə malik olan real sosial toplumlar mövcuddur). Nə vaxtsa bu sosial toplumlar müxtəlif “həyat təminatı mədəniyyətləri”nə aid olublar: əkinçi xutular hazırkı yaşayış məskənlərinə b.e-nın II minilliyinin əvvəlində, maldar tutsilər isə XVI əsrdə gəliblər. İkincilər xutuları özlərinə tabe edərək öz dövlətlərini yaradıblar və orada dominant mövqe tutublar. XVI-XVII əsrlərdə əhalinin bu qrupları arasında bəzi antropoloji və dil fərqləri qalırdı. Amma XIX əsrin sonlarına doğru vahid dil (kinyaruanda) formalaşmış, çoxsaylı qarışıq nigahlar nəticəsində fenotipik cəhətlər aradan qalxmışdı. Üstəlik, vahid dövlət cəmiyyətində xutulara və tutsilərə mənsub olmaq iki sosial statuslu qrupa aid olmaq kimi qavranılırdı. Bu qrupların hansınasa məxsus olmaq sırf mənşə baxımından müəyyənləşdirilmirdi: “sosial statusu dəyişdirmək imkanı vardı: çoxlu mal-qara və ya başqa əmlak əldə etmiş xutu, tutsilərin qrupuna assimiliyasiya edə bilərdi, yoxsullaşmış tutsilərə isə xutu kimi yanaşırdılar”.
Ruanda soyqırımı
Bu cür sosial mobillik, nəzərdən keçirilən toplumu “etnik” yox (hətta primordialların nöqteyi-nəzərindən də), sosial statuslu cəmiyyətlər kimi dəyərləndirmək imkanı verir.
Bundan əlavə, məlumdur ki, ekstremistlər tərəfindən təşkil olunan qırğında təkcə tutsilər yox, “mülayim xutular” da həlak olublar. Guya ekstremistlərə müqavimət göstərən Ruanda Vətənpərvər Cəbhəsinin (RVC) sıralarında isə təkcə tutsilər yox, “öz tayfadaşlarının yürütdüyü siyasətdən narazı olan” xutular da döyüşürdülər. Müxtəlif məlumatlara görə, soyqırım qurbanlarının ümumi sayı 500 min insandan 1 milyon 30 min insana qədər dəyişir və onların, təxminən, 10%-i xutulardır.
Biz, primordializmin konseptual meydanında qalıb münaqişəni “etniklərarası” kimi səciyyələndirəndə “radikal xutular”la “mülayim xutular”ın iki fərqli etnos olduğu qənaətinə gəlməliyik. Hətta ortodoksal “etnos nəzəriyyəsi”nin tərəfdarlarının nöqteyi-nəzərindən belə, bu, həddindən artıq ekstravaqant görünür. Etiraf etməliyik ki, etnik konnotasiyalar 1994-cü ildə baş vermiş faciəvi hadisələrin səbəblərini qətiyyən izah etmir, sadəcə faciənin əsl səbəbləri ilə bağlı düşüncələri qarışdırır. Sözügedən səbəbləri üzdəniraq etniklik sferasında yox, böyük siyasət, beynəlxalq əlaqələr sferasında axtarmaq lazımdır.
 
HƏR ŞEY NECƏ BAŞLAMIŞDI…
Hələ müstəmləkəyəqədərki dövrdə statistik azlıqda olan tutsilər öz yaratdıqları feodal dövlətdə sosial baxımdan dominant topluma çevrildilər. Tutsiyə mənsub olmaq “aristokratiyaya” mənsub olmaq demək idi; Ruanda cəmiyyətinin hakim elitası məhz onlardan təşkil olunmuşdu.
Müstəmləkə dövründə metropoliyaların (Almaniya, daha sonra Belçika) hökumətləri öz müstəmləkələrində istədikləri nizamı qorumaqdan ötrü “dolayı idarəetmə” yolu ilə uzun müddət tutsilərdən istifadə etmişdi. O.Ravanello yazırdı ki, baş verənləri anlamaqdan ötrü bir şeyi dərk etmək lazımdır – irqçilik hələ də avropalıların beynindən çıxmayıb: “Almaniya və Belçikadan Ruandaya gələn ağ köçkünlərin hamısının beyni irqçilik nəzəriyyələri ilə dolu idi. Buna görə də, onlar, ölkəni idarə edən aristokrat tutsilərin genetik baxımdan xutulardan daha yaxşı olduqları qənaətinə gəlmişdilər. Sonralar bu ağ gəlmələr öz irqçi düşüncələrini məktəblərdə yayacaq, güclə ruandalıların beyninə yeridəcəkdilər. Öz növbələrində xutular da intiqam almağın, təkəbbürlü tutsiləri xutulara həqarətlə baxmaqdan vaz keçirməyin yollarını axtarırdılar”.
Lakin keçən əsrin ortalarında müstəmləkəçi imperiyaların süqutu başlayanda xutulardan daha savadlı və siyasi baxımdan daha fəal olan tutsilər müstəqilliyə can atmağa başladılar. Qara qitədə öz ərazilərini qorumaq istəyən belçikalılar müstəmləkə idarəetməsində güclərin nizamını kəskin şəkildə dəyişdilər: artıq onlar sayca üstünlük təşkil edən və siyasi baxımdan o qədər də fəal olmayan (təhsil səviyyəsi və sosial statusları aşağı olduğuna görə) xutuların arasında dəstək axtarırdılar.
Tarixi yaddaş hələ o zamandan xutularda keçmişdə onlara zülm edənlərin xələflərindən intiqam almaq istəyi yaratmışdı. Ölkə müstəqillik qazanandan sonra gənc dövlət, siyasi inersiyalar və demoqrafik faktorlar səbəbilə xutuların nümayəndələrinin əlinə keçdi. Tutsilər isə hakimiyyəti və mülkiyyətlərini itirdikləri ilə barışmaq istəmədilər: faktiki olaraq 60-cı illərin əvvəllərindən 1994-cü ilə qədər Ruanda və həmsərhəd ərazilərdə iki sosial toplum arasında gah qızışan, gah da sönən bir münaqişə közərirdi. Bu münaqişə 90-cı illərin başlanğıcında genişmiqyaslı müharibə xarakteri aldı.
Münaqişənin kənardan qızışdırıldığını düşünməyimizə əsas var. Belçika bölgədə nüfuzunu qorumaqdan ötrü qarşıdurmalardan istifadə edirdi, həmçinin Fransa ilə ABŞ-ın da Ruandaya maraqları artırdı.
1990-cı ildə Belçika guya ölkədə sülhün bərpasına nail olmaq və humanitar fəlakətin qarşısını almaq məqsədilə Ruandaya ekspedisiya korpusu göndərdi. Ancaq zənnimizcə, bu hərbi müdaxilə daha praqmatik hədəf güdürdü: belçikalı əsgərlər Ruanda Vətənpərvər Cəbhəsinin döyüşçülərinin Uqandadan ölkə ərazisinə hücumlarını dayandırmalı idilər. O döyüşçülərin arxalarında isə amerikan xüsusi xidmət orqanlarının fiqurları görünürdü. RVC-nin liderlərinin, o cümlədən hazırkı prezident Pol Kaqamenin amerikan hərbi bazası Fort-Livenuortda (Kanzas) hərbi hazırlıq keçdiyi danılmaz faktdır. P. Kaqame hələ onda amerikan kəşfiyyatı tərəfindən ələ keçirilmişdi. Ki, həmin vaxt o, artıq Fransa xüsusi xidmət orqanlarının agenti idi. Ruanda hadisələrinə böyük həcmli əsər həsr etmiş amerikalı publisist Veyn Medsen müsahibələrindən birində aşağıdakıları söyləyirdi: “P.Kaqame Livenuort fortunda ABŞ hərbi kəşfiyyatı DİA ilə təmas qurmuşdu. Eyni zamanda o, fransız kəşfiyyatı ilə də dil tapmağı bacarmışdı. 1992-ci ildə gələcək prezidentin Parisdə DGSE-nin əməkdaşları ilə iki görüşü olmuşdu və həmin görüşlərdə Kaqame, Ruandanın o vaxtkı prezidenti J.Habiarimananın qətlinin detallarını müzakirə etmişdi… Mən, Birləşmiş Ştatların 4 aprel 1994-cü ildə baş vermiş terror aktına görə birbaşa məsuliyyət daşıdığını düşünmürəm, lakin P.Kaqameyə verilən hərbi və siyasi dəstək, amerikan kəşfiyyat təşkilatlarının və bəzi hərbçilərin aprel terrorunun hazırlanmasında və planlaşdırılmasında birbaşa rol oynadıqlarını ehtimal etməyə əsas verir”.
Belə bir fikir var ki, Ruanda prezidentinin qətli ABŞ xüsusi xidmət orqanlarının nəzarəti altında tutsilərin ekstremist təşkilatları tərəfindən planlaşdırılıb və icra edilib. S.Balmasov (zənnimcə, bizi maraqlandıran süjetin ən səriştəli araşdırmaçılarından biridir) belə yazır: “terror aktını amerikan xüsusi xidmət orqanlarının dəstəyi ilə tutsi silahlı dəstələrinin hazırladığına dair çoxlu faktlar mövcuddur”. Əfsus ki, o, heç bir inandırıcı fakt göstərmir.
Belçikalı hərbçilərlə eyni vaxtda Ruandada Fransa əcnəbi legionunun döyüşçüləri və fransız xarici kəşfiyyatının agentləri də peyda olmuşdular. Tanınmış fransız publisisti və hüquq müdafiəçisi F.K. Verşavın sözlərinə görə, “hər şey 1990-cı ildə Ruandada soyqırımdan əvvəl gedən müharibə zamanı başlamışdı. Mitteranın ətrafı vəziyyətə ehtiyatla müdaxilə etməyin yollarını axtarırdı. Sürətli reaksiya xidməti DGSE-dən olan minlərlə insan birbaşa Yelisey sarayına tabe edilmişdilər. Mitteran da, onun Afrika dövlətlərinə rəhbərlik edən dostları da prezident qvardiyasına bənzər bir şey yaratmışdılar… Bu komanda dörd il – soyqırım başlayana qədər Ruandada döyüşəcəkdi. Beləcə, Fransanın hərbi müdaxiləsi “muzdlular” adı altında hərbi intervensiyalarla əvəz olundu”.
1993-cü ilin yayına doğru sanki tunelin sonunda işıq görünməyə başlamışdı: ölkə prezidenti J.Habiarimana (o, xutuların maraqlarını təmsil edirdi) və RVC-nin lideri P.Kaqame (tutsilərin maraqlarını təmsil edirdi) atəşkəslə bağlı razılığa gələ bildilər, həmçinin tutsilərin Ruanda siyasi sisteminə inteqrasiyası üçün “yol xəritəsi” hazırladılar. Çox güman ki, hadisələrin bu şəkildə inkişafı uzun illər öz xarici-siyasi maraqları uğrunda tutsilərlə xutuların qarşıdurmasını qızışdıranları qane etməmişdi: 1994-cü il aprelin 6-da göyərtəsində J.Habiarimana olan təyyarə Kiqali hava limanına yaxınlaşarkən vuruldu. Ruanda prezidenti ilə birlikdə Burundi prezidenti Siprien Ntaryamira da həlak oldu. Onlar Tanzaniyadan – birlikdə iştirak etdikləri beynəlxalq konfransdan qayıdırdılar. Demək olar ki, terror aktından dərhal sonra, sanki qabaqcadan hazırlanmış plana əməl edərcəsinə Ruanda ordusunun əsgərləri və xutuların könüllü dəstələri (“interahamve”) bütün ölkə boyu tutsilərlə “mülayim xutuları” kütləvi şəkildə qırmağa başladılar. Qərbli “sülhməramlılar” “BMT-nin müşahidə mandatına” istinad edərək hadisələrə qarışmamağı seçdilər. Aprelin 9-da Fransa və Belçika öz kontingentini gücləndirdi, ancaq sadəcə qan bürümüş ölkədən öz vətəndalarını təxliyə etmək məqsədilə.
Tutsilərin kütləvi qətli yalnız RVC-nin yaxşı silahlanmış döyüşçüləri “interahamve”nin qüvvələrini darmadağın edəndən və xutuların siyasi rəhbərliyini Zairə qaçmağa məcbur qoyandan sonra dayandı. Tutsilər bundan sonra hələ bir müddət də qisaslarını aldılar. Zorakılıq dalğası yalnız iyulun sonlarında bitdi. O dəhşətli hadisələrin xronikasını təfərrüatı ilə təsvir etməyə ehtiyac yoxdur: onlar dəfələrlə detallı şəkildə təsvir olunub, kifayət qədər dəqiqliklə təqdim edilib, məsələn, “Human Rights Watch”un (HRW) rəsmi hesabatında, yaxud ABŞ ictimai televiziyasının saytında.
Mən sadəcə 1994-cü ildə Ruandada baş verənlərin müzakirələrə, fərqli interpretasiyalara və qarşılıqlı ittihamlara səbəb olan əsas məqamlarını vurğuladım.
 
BMT-NİN NÜFUZUNA VURULAN QARA LƏKƏ
“Dünya ictimaiyyəti”nin Ruanda hadisələrinə reaksiyası sadəcə çaşqınlıq yaradır. BMT-nin Ruandaya yardım missiyasına rəhbərlik edən general Romeo Daller, Hələ 1994-cü il yanvarın 10-da Ruandanın hökumət dairələrinə yaxın olan bir agentdən prezident J. Habiarimanaya və bir neçə belçikalı sülhməramlıya sui-qəsd hazırlandığı barədə məlumat almışdı. Həmçinin casus, xutu əsgərləri üçün nəzərdə tutulmuş silahların saxlandığı gizli yerlər barədə də məlumat vermişdi. (Məlumdur ki, Ruanda hökuməti müxtəlif beynəlxalq fondlardan aldığı kreditləri könüllü xutu qoşunlarını silahlandırmaq üçün istifadə edirdi, qoşunların sayı məhz soyqırım ərəfəsində 30 000 insana çatmışdı).
P.Daller silah saxlanılan yerlərə reyd etməkdən ötrü BMT-nin qərargahına sorğu göndərir, amma ona əmr edilir ki, agenti Ruanda hökumətinə təhvil versin və müstəqil ölkənin işinə qarışmasın. Bu hadisələrdən sonra R.Daller istefaya çıxmış, depressiyaya düşmüş və intihar etməyə çalışmışdı. 2003-cü ildə o, “İblisin əlini sıxmaq” adlı kitab nəşr etdirmişdi.
Aprelin 21-də – qırğın pik nöqtəsində olanda Qırmızı Xaç, Ruandada yüzminlərlə dinc vətəndaşın qətlə yetirildiyi barədə BMT-ə məlumat verir. Elə həmin gün BMT Təhlükəsizlik Şurası yekdil səsvermə ilə BMT-nin Ruandaya Kömək üzrə missiyasının heyətinin 270 nəfərə qədər azaldılmasına qərar verir. Məhz buna görə, 2014-cü ildə Kiqalidə keçirilən matəm mərasimində BMT-nin baş katibi Pan Qi Mun “Qoşunlar Ruandadan onlara ən çox ehtiyac olan bir vaxtda çıxarılmışdı” deyə etiraf etməyə məcbur qalmışdı. Təhlükəsizlik Şurası inadla Ruandada baş verənlərin soyqırım olduğunu qəbul etmək istəmirdi. Bunun səbəbi aydındır: ABŞ hökuməti situasiyaya qarışmaq istəmədiyini açıq şəkildə nümayiş etdirirdi. Hətta daha çoxunu! Mayın 3-də ABŞ prezidenti Bill Klinton amerikan hərbçilərinin BMT-nin sülhməramlı əməliyyatlarında iştirak imkanını sıfırlayan bir sərəncam imzalamışdı. BMT Təhlükəsizlik Şurası gec də olsa, mavi dəbilqəlilərin Ruandaya qayıtması məsələsini səsverməyə çıxaranda isə ABŞ-ın dövlət katibi Madlen Olbrayt dörd gün bu qərarın qəbuluna mane olmuşdu. Mayın 17-də Şura, nəhayət, Ruandaya beş min sülhməramlı göndərməklə bağlı qərar qəbul edir, amma qərarını icra etməyə qadir deyil: heç kim sülhməramlı əməliyyatları maliyyələşdirməyi boynuna götürmək istəmirdi. (Əsasən, ABŞ BMT qoşunlarının daşınması üçün nəzərdə tutulan 325 milyon dolları vermək istəmirdi. Məsələ ilə bağlı mübahisələr iyunun ortalarına qədər davam etmişdi).
Mayın 19-da Təhlükəsizlik Şurası Ruandaya Yardım Missiyası üçün nəzərdə tutulan 50 zirehli nəqliyyatın yerinə çatdırılması məqsədilə ABŞ hökumətinə müraciət edir, amma texnikanın qiyməti ilə bağlı alver başlayır. İyunun 22-də BMT Təhlükəsizlik Şurası etiraf edir ki, Ruandaya Yardım Missiyasının təşkilinə dair danışıqlar divara dirənib. BMT TŞ öz üzvlərini Ruandada sülhün təminatı ilə bağlı əməliyyatı milli komandanlıq altında təşkil etməyə səsləyirdi. Bu, fransız ordusunun “Füruzə” adı alan qalmaqallı əməliyyatının başlanğıcı idi. Əməliyyat 1994-cü il avqustun 21-ə qədər davam edir. Onun məqsədi Qoma-Jikonqoro – Çyanququ üçbucağında silahsızlaşdırılmış təhlükəsiz zona yaratmaq və humanitar aksiyalar keçirmək idi.
Lakin “mavi dəbilqəlilər”, axır ki, Ruandaya göndəriləndən sonra fransız sülhməramlılarının münaqişə bölgəsindəki davranışları bir yığın sual doğurdu. (Bu barədə aşağıda danışacağıq). 1999-cu ilin dekabrında BMT-nin baş katibi Kofi Annanın mandatı altında fəaliyyət göstərən müstəqil komissiya təhqiqat aparmış və Ruanda hadisələrində BMT-nin fəaliyyətini tənqid edən hesabat hazırlamışdı. Komissiya belə qənaətə gəlmişdi ki, BMT rəhbərliyi və üzv dövlətlərin soyqırımın qarşısını almaq imkanları vardı, ancaq resursları az olduğuna və müvafiq qərarları verməyə siyasi iradələri yetmədiyinə görə bunu etməyiblər. Hərçənd bu situasiyada siyasi iradənin yoxluğundan danışmaq o qədər də yerinə düşmür. Siyasi iradə vardı! Lakin o, ABŞ, Fransa və Belçika arasında nüfuz dairəsinin bölünməsi uğrunda gedən müharibəyə yönəldilmişdi.

FRANSA NİYƏ İSTİNTAQIN OBYEKTİVLİYİNƏ MANE OLUR?
2010-cu il martın 2-də Ruandanın mərhum prezidenti J.Habiarimananın həyat yoldaşı Aqata Habiarimana Ruanda məhkəməsinin verdiyi beynəlxalq orderlə Fransada həbs olundu. Ruanda Ədliyyə naziri Tarsisse Karuqarama və baş prokuror Martin Nqoqa, az qala, bununla bağlı təşəkkürlərini bildirəcəkdilər, ancaq qadın tezliklə girov qarşılığında azadlığa buraxıldı. Onun Ruandaya ekstradisiya edilməsi tələbi isə qəbul edilmədi, çünki Fransa, Ruanda ədliyyəsinin “ədalətli məhkəmə keçirməyə” qadir olduğunu şübhə etdiyini bildirdi. Bir qədər sonra fransız məhkəməsi müttəhimi Tanzaniyaya da verməkdən imtina etdi. Orada artıq Ruanda üzrə Beynəlxalq tribunal fəaliyyətə başlamışdı.
Xatırladaq ki, 1994-cü il aprelin 9-da – RVC hücuma keçəndən və talanların təşkilatçıları ölkədən qaçmağa məcbur qalandan sonra A.Habiarimana fransız desantçıları tərəfindən Fransaya qaçırılmışdı. Dahası, Fransa hökuməti “ruandalı qaçqınlara təcili yardım göstərməsi” üçün ona 230 min frank ayırmışdı. Üstəlik həmin vaxt A.Habiarimananın “Akudzu” qrupunun – Ruanda vətəndaşlarının kütləvi qətlini hazırlayan terror təşkilatının liderlərindən biri olduğu artıq məlum idi. Dərdli dul, qırğınlardan sağ çıxmış tutsilərin kinindən xilas edilib Fransaya aparılanda tək deyildi: fransızlar onunla birlikdə “Akudzu”nun daha 30 üzvünü də təxliyə etmişdilər. A.Habiarimana xutuların Ruandadakı ən nüfuzlu klanlarından birinə mənsubdur. Onun soylu mənşəyi və Ruanda siyasi elitasının nüfuzlu şəxsləri ilə əlaqələri ərinin mövqeyini möhkəmlədir və hakimiyyəti əlində saxlamasına kömək edirdi. Amma qadın çox tezliklə siyasi proseslərdə öz oyununu oynamağa başlamış və dəfələrlə hakimiyyətə gəlməyə, bunun üçün ərini tapdalamağa belə hazır olduğunu göstərmişdi.
Amerikalı publisist Filipp Qureviç “Sizə bildirmək istəyirik ki, biz sabah ailələrimizlə birlikdə öldürüləcəyik” adlı kitabında A.Habiarimananın Ruanda prezidentinin – öz ərinin qətlində əli olduğu barədə yazıb.
2011-ci il sentyabrın 1-də Belçika, Ruanda əks-kəşfiyyatının rəhbəri general Karenzi Karakeyə viza verdi. O, Ruanda prezidenti P.Kaqameni Parisə səfəri zamanı müşayiət edirdi. Belçika bunu Fransanın xahişi ilə etmişdi. Öz növbəsində ikinci, bu xahişini Ruandada öz səfirliyinin olmaması ilə əsaslandırmışdı. Bu, o qədər də uğurlu bəhanə deyildi, çünki viza insanlıq əleyhinə cinayətə görə beynəlxalq axtarışa verilmiş bir ruandalının Fransaya səfəri üçün verilirdi: 2008-ci ildə ispan hakimi qiyabi olaraq generalı 1994-cü ildə öz tarixi vətənində kütləvi qətllər törətməkdə günahkar bilmişdi. Eyni vaxtda Belçika XİN-nin təmsilçiləri rəsmi bəyanat vermişdilər. Bəyanatda deyilirdi: “Bu, fransızların məsələsidir. Bu işi İspaniya ilə Fransa yoluna qoymalıdır. Biz isə, əgər o, Belçikaya gələrsə, onu həbs etməyə məcburuq”.
2014-cü ilin aprelində soyqırımın və kütləvi qırğınların təşkilində şübhəli bilinən Klod Muayyumana Fransada həbs olundu. Amma fransız məhkəməsi yenə də onun məhkəmə qarşısına çıxması üçün Ruandaya ekstradisiyasından imtina etdi. Təbii ki, Kiqali yenə də Parisi beynəlxalq cinayətkarları gizlətməkdə ittiham etdi. Təəssüf ki, insanlıq əleyhinə törədilmiş o qorxunc cinayətin bir çox iştirakçıları Fransada sığınacaq tapmışdılar. Avropa demokratiyasının istinadgahı uzun illərdir ki, qatilləri cəzalandırmağa hazır olduğunu deyir. Uzun illərdir ki, rəsmi təhqiqat aparılır, hətta bir açıq məhkəmə də keçirilib və nəticədə ruandalı zabitlərdən birinə 25 illik həbs cəzası verilib! Prezident P.Kaqame bununla bağlı haqlı olaraq demişdi: “İyirmi il ərzində cəmi bir məhkəmə! Ədliyyə bu qədər ləng işləyəndə biz istər-istəməz bunun məqsədyönlü olduğunu düşünürük”. Öz növbəsində fransız jurnalist Olivye Ravanello hiddətlə yazırdı: “Fransada Ruanda soyqırımının iştirakçıları üzərində ilk məhkəmə başladı! Nəhayət! Belçikada artıq dörd ittiham hökmü çıxarılıb. Fransız hökuməti niyə faciənin təqsirkarlarını mühakimə etmək istəmir? Yəqin, utanc hissi tariximizin qara səhifəsini açmağa mane olur. Çünki həmin vaxt Fransa maçetenin, qatillərin, Holokostdan sonra ən böyük soyqırımın kor iştirakçılarının tərəfində idi”.
Aydın görünür ki, Fransa 1994-cü ildə baş vermiş humanitar fəlakətin obyektiv mühakiməsinə imkan verməməkdən ötrü əlindən gələni edir. Və mənə elə gəlir ki, bunun səbəbi xəcalət hissi deyil. Çox güman ki, onun daha ciddi səbəbləri var.
Hansılar? Təəssüf ki, biz onları sadəcə təxmin edə və faktları qarşılaşdıra bilərik.
 
FAKTLAR ÇOX İNADKAR OLUR
2014-cü ilin aprelində Kiqalidə keçirilən matəm mərasimində Ruanda tarixinin qanlı səhifələrini vizuallaşdırmaq məqsədi ilə kədərli bir tamaşa qurulmuşdu: ön səhnədə simvolik müstəmləkəçiləri daşıyan bir cip peyda olur, onun “sərnişinləri” qəflətən öz dəbilqələrini BMT-nin sülhməramlı qoşunlarının mavi dəbilqələrinə dəyişirlər. Daha sonra başqa bir metamorfoza baş verir: sülhməramlılar yoxa çıxaraq ruandalıları cəlladların önündə tək qoyurlar, amma tezliklə RVC-nin döyüşçüləri gəlir və məhz onlar zülmkarı qovub sülh gətirirlər. Bu vizual obraz Fransanın 94-cü il hadisələrindəki rolu barədə həqiqətləri Ruanda vətəndaşlarına çatdırmalıydı.

Yaxşı, bəs Fransa hansı günahın sahibidir?
Hər şeydən əvvəl Kiqali Parisi onda təqsirləndirir ki, fransız xüsusi xidmət orqanları Ruanda prezidentinə sui-qəsd hazırlandığından xəbərdar idi, amma terror aktının qarşını almaq üçün heç bir tədbir görməmişdi. Eyni zamanda Yelisey sarayının öz vassalı J.Habiarimanaya münasibəti birmənalı və dəyişməz deyildi. Məlumdur ki, Fransa hələ 1990-cı ildə ona ciddi maliyyə yardımı göstərmişdi.
Bundan əlavə, fransız hərbi qüvvələri RVC-ə qarşı müharibədə iştirak edirdi. Faktiki olaraq tutsi kombatantlarının hücumlarının qarşısını onlar kəsmiş və tutsiləri Kiqaliyə buraxmamışdılar. 1993-cü ilin avqustunda fransız müşavirlərin hazırladıqları bir razılaşmaya əsasən, RVC-nin bəzi nümayəndələri hökumət strukturuna daxil edildilər. Buna nail olmaq qətiyyən çətin deyildi, çünki RVC-nin lideri və Ruandanın hazırkı prezidenti P.Kaqame o vaxtlar XSƏX-nin agenti idi. XSƏX- xarici sənədləşdirmə və əkskəşfiyyat xidməti (Service de documentation extérieure et de contre-espionnage — SDECE), 1946-cı ildə Dördüncü Respublikanın hökuməti tərəfindən yaradılmışdı. 1982-ci ildə aparılan restrukturizasiyadan sonra xidmət, Xarici Təhlükəsizlik üzrə Baş İdarə (Direction Générale de la Sécurité Extérieure — DGSE) – XTBİ adlandırılmışdı.
Barışıq səkkiz ay davam etdi. Güman ki, bu müddət ərzində fransızlar J. Habiarimananın vəziyyəti idarə etməyə qadir olmadığına, keçmiş gizli agentləri P.Kaqamenin isə Amerika tərəfinə keçdiyinə qəti şəkildə əmin olmuşdular.
Bir neçə il əvvəl “Parizyen” qəzetində fransız kəşfiyyatının bir məxfi sənədi dərc olunmuşdu. Sözügedən sənəddən belə qənaət yaranır ki, Parisdə Ruanda prezidentinə sui-qəsdin və onun ardınca baş verən qanlı terrorun əsl təşkilatçılarını tanıyırdılar. Xüsusi xidmət orqanlarının 1994-cü il 11 aprel tarixli məlumatından belə çıxır ki, prezident J.Habiarimanaya sui-qəsd onun ən yaxın çevrəsi tərəfindən hazırlanıb və təyyarəni vuran raket həmin vaxt Ruanda prezident qvardiyasının yerləşdiyi hərbi bazadan buraxılıb. Bu sənəd nə Parisdə, nə də Tanzaniyada istintaqın ixtiyarına təqdim edilməmişdi. Fransa bu məlumatlar barədə susmağa üstünlük vermişdi, çünki “həmin məlumatlar onun müttəfiqlərini təhlükə altında qoyurdu”.
Buradan belə çıxır ki, cinayət Fransanın “müttəfiqləri” tərəfindən törədilib və çox güman ki, mərhum prezidentin həyat yoldaşı ilə birlikdə Ruanda ərazisindən çıxarılanlar məhz onlar olublar. Yuxarıda adını çəkdiyimiz F.Qureviç xutu hərbi dəstəsinin iştirakçısı Froduald Karamiranın ifadəsinə istinadən yazır ki, sözügedən terror təşkilatı Ruanda prezidentini RVC-ə münasibətdə qeyri-ardıcıl siyasət apardığına görə öldürmək istəyirdi. Guya xutu ekstremistlərini buna (yenə də!) Fransa xüsusi xidmət orqanlarının agentləri təhrik ediblər.
Bu məqamda alternativ nöqteyi-nəzəri də xatırlamaq lazımdır. Amerikalı politoloq Ueyn Medsen, təkidlə sui-qəsdin əsas təşkilatçısı və icraçısının RVC-nin lideri P.Kaqame olduğunu bildirir. Araşdırmaçı iddia edir ki, terror aktını məhz həmin dövrdə XTBİ-nin (DGSE) agenti olan Kaqame, fransız legionundakı muzdluların yardımı ilə həyata keçirib.
Atəş açan kim idi? Bu, indi birinci dərəcəli əhəmiyyət daşımır. O.Ravanello haqlıdır: “Xutu radikalları, yoxsa RVC? Hər iki tərəf sadəcə bəhanə axtarırdı və Ruanda prezidentinin qətlini hərəkətə keçmək üçün siqnal kimi qəbul etdilər. Ertəsi gün RVC-dən olan tutsilər hücuma başladılar, eyni zamanda xutular da nəhəng ölüm maşınını işə saldılar”.
Ruanda komissiyasının yuxarıda xatırlanan hesabatına əsasən, tutsilərin soyqırımı yalnız ona görə mümkün olmuşdu ki, fransız “sülhməramlıları” xutu kombatantlarını silahlandırmış, onların qırğınların potensial qurbanlarının sığındıqları düşərgənin ərazisində qətlləri davam etdirməsinə fürsət vermişdilər. Bu barədə Ruandanın Parisdəki keçmiş səfiri Jak Bihozaqara Ruandadakı hərbi cinayətlər üzrə tribunalın iclasında bildirmişdi. Məlumdur ki, soyqırımın son həftələrində BMT-nin qərarı ilə münaqişə bölgəsinə fransız “sülhməramlıları” göndərilmişdi. Onlar qaçqınlar üçün təhlükəsiz zonalar yaratmalı idilər. Bu əməliyyata “Firuzə” adı verilmişdi. J.Bihozaqaranın sözlərinə görə, “Füruzə” əməliyyatı sadəcə soyqırımı həyata keçirənləri qoruyurdu, çünki soyqırım hətta fransız hərbçilərinin öhdəliyində olan zonanın daxilində də davam edirdi”.
Fransa hüquq müdafiəsi təşkilatı “Survie”nin prezidenti Fransua-Ksavye Verşav hadisələrin izlərinə əsasən israrla bildirirdi ki, “Füruzə” əməliyyatı zamanı fransız “sülhməramlıları” xutu döyüşçülərini tərk-silah etmək üçün heç bir səy göstərməyiblər, hərçənd BMT mandatının onların üzərinə qoyduğu öhdəlik məhz bundan ibarət idi. 1996-cı ildə RVC-nin himayəsi altında yaradılan üsyançı tutsi ordusu hökumət qoşunlarını sıxışdırmağa başlayanda fransız hərbçiləri xutu kombatantlarının geri çəkilməsinə yardım edərək onların Zair ərazisinə (KDR) keçməsinə imkan vermişdilər.
Həmçinin BBC-nin Ruandadakı müxbiri də şahidlik edirdi ki, fransız əsgərləri qətlləri törədən əsgərlərə Konqoya doğru geri çəkilmək üçün yol verirdilər.
Eyni şeyi Human Rights Watch-un hüquq müdafiəçiləri də açıq şəkildə bəyan etmişdilər.
2011-ci ildə Britaniya KİV-ləri Fransua Mitteranın məxfi arxivinə aid sənədləri dərc etmişdilər. Sözügedən sənədlərə əsasən, Ruandada məhz qırğın zamanı fransız xüsusi xidmətinin 47 agenti işləyib – texniki mütəxəssislər və hərbi müşavirlər qismində; faktiki olaraq Ruanda hökumət qoşunlarına bu hərbi mütəxəssislər nəzarət edirdilər. Dahası, jandarmeriya kapitanı, DCSE-nin agenti Pol Barrilə prezident J. Habiarimananı izləmək əmr edilmişdi. P. Barril xutuların xüsusi diversiya dəstələrinin təlimi və tutsilərin arxasında terror aktlarının təşkilinə cavabdeh idi. Fransız publisist Jan-Fransua Dyupakye məhz bu diqqət çəkməyən insanı Yelisey sarayının Ruandadakı gözü hesab edir. Dəqiq məlumdur ki, məsələn, o, 1994-cü il mayın 28-də, yəni bilavasitə kütləvi qətllər zamanı 20 hərbi mütəxəssisi – fransız muzdlusunu gizli fəaliyyətə cəlb etmişdi. Elə həmin vaxt Barril, xutu döyüşçülərinın silahla – 3 milyon dollar həcmində Kalaşnikov avtomatları və pulemyotları, qumbaralarla təchizini də təşkil etmişdi. Və bu, sadəcə bir faktdır! Britaniyalı jurnalist A.Melvernin dərc etdiyi, Fransanın keçmiş prezidentinin arxivindən götürülmüş materiallar da Ruandadakı xutu döyüşçülərinə silahın Fransadan göndərildiyini sübut edir.
Human Rights Watch-un (HRW) Ruanda soyqırımı ilə bağlı hesabatında deyilir ki, 1990-94-cü illər arasında Ruandaya silah çatdırılması hallarının 36-dan 31-ində qaydalar pozulub”. Həmçinin Fransa xüsusi xidmət orqanları soyqırımın ideoloji pərdəsini də təmin edirdilər. J-K. Verşavın sözlərinə görə, onlar tutsilərin kütləvi qətlini “parazitlərin kökünün kəsilməsi əməliyyatı” kimi təqdim etməkdən yaxşı heç nə fikirləşə bilməmişdilər.
İndi isə tutsi kombatanlarını kimlərin və niyə silahlandırdıqları barədə danışacağıq. Söhbət Uqanda və Zairdən gedir.
 
NİYƏ ABŞ SÜLHMƏRAMLI ƏMƏLİYYATA BAŞLAMAĞA TƏLƏSMİRDİ?
Madlen Olbraytın BMT Təhlükəsizlik Şurasının kiçik sülhməramlı təşəbbüslərinə mane olmaq üçün göstərdiyi səylər haqqında yuxarıda danışmışıq. Tutsilərlə xutuların müharibəsi pik nöqtədə olanda ABŞ administrasiyası qəflətən Uqandadakı humanitar vəziyyətə görə narahat olmağa başladı. 1994-cü il iyulun 22-də ABŞ prezidenti Bill Klinton Afrikada sülhün qorunması ilə bağlı məsuliyyəti üzərinə götürmək qərarına gəldi və “ölkənin Ruanda ilə sərhəd ərazilərində yerləşən qaçqınlar düşərgəsinə 24 saat humanitar yardım çatdırılması məqsədi ilə” Uqandada hərbi baza yaratmağa hazır olduqlarını bəyan etdi. “Humanitar yardım” adı altında Uqandaya RVC-nin döyüşçüləri üçün ardı-arası kəsilmədən silah-sursat və hərbi ləvazimatlar gedirdi. Hər şey son dərəcə dəqiq hesablanmışdı: BMT, M.Olbraytın təklifi ilə Ruandaya silah göndərilməsinə embarqo qoyduğuna görə, “interahamve” döyüşçüləri həddindən artıq pis silahlanmışdılar, onların əsas silahları maçete və çubuqlar idi. Əlbəttə, onlar da Ruandanın hökumət qoşunlarından və BMT-nin sanksiyalarına baxmayaraq, talançıları silahla təchiz edən Fransadan odlu silahlar alırdılar.
Bununla yanaşı, RVC-nin döyüşçüləri düşmən xutulardan həm daha yaxşı silahlanmışdılar, həm də daha yaxşı təlim görmüşdülər. RVC-nin uğurları və Ruanda hökumət qoşunlarının sürətli məğlubiyyəti hər şeydən əvvəl bununla izah olunur. S.Balmasov yazır ki, 1994-cü il oktyabrın 10-da amerikalı hərbi ekspert Robert Qersoni BMT-nin qaçqınların işi üzrə komissiyasının iclasında Ruandaya və xutu qaçqınlarının Burundi, Zair və Tanzaniyadakı düşərgələrinə səfəri ilə bağlı məruzə eləmişdi və gözlənilməz qənaətlər irəli sürmüşdü: amerikan hərbi təlimçilərinin rəhbərliyi altında hərbi hazırlıq keçmiş və müasir silahlarla təmin olunmuş RVC kombatantları Ruandanın cənubunda sistematik şəkildə xutu əhalisini öldürürdülər; onun hesablamalarına görə, 1994-cü ilin aprelindən başlayaraq tutsilər ayda beş-on min xutunu qətlə yetirmişdilər. Deyilənə görə, “Gersony Report”a məxfi statusu qoyulub və BMT-nin sənədlərində bu məruzəni xatırlamaq qadağandır.
Ruanda soyqırımı onun qədər faciəvi olan başqa hadisələrin müqqədiməsinə çevrildi. ABŞ israrla Fransa və Belçikanı Qara qitədəki bütün nüfuz sferalarından sıxışdırırdı. Ruandalı tutsilər Kiqalini ələ keçirəndən sonra, demək olar ki, iki milyon xutu həmsərhəd ölkələrə, ilk növbədə Zairə (hazırda Konqo Demokratik respublikası) qaçmışdı. Həmin vaxt Zairdə Afrikanın ən iyrənc diktatorlarından biri – daima “Fransafrik” şəbəkəsinin dəstəyindən yararlanan Mobutu Sese Seko hökmranlıq edirdi. (1977-ci ildə üsyançılar hökumət qoşunlarını darmadağın etmək üzrə olanda Fransa Mobutuya hərbi yardım etmişdi; 1978-ci ildə Zair qoşunları növbəti dəfə məğlubiyyətin astanasında olanda diktatorun imdadına Fransa ilə Belçika çatmışdı).
Hələ 1994-cü ildə ruandalı qaçqınların axını tutsilərlə xutular arasında qarşıdurmalara səbəb olmuşdu, 1996-cı ilin oktyabrında isə amerikalıların təşviqi altında zairli tutsilərin qiyamı başladı. Ruanda ordusu onları fəal şəkildə dəstəkləyirdi.
1997-ci ildə fransızların marioneti olan Mabutu rejimi süquta uğradı. Mayın 18-də Demokratik Güclər Alyansı Loran-Dezire Kabilanın başçılığı altında Kinşasuya daxil oldu. İki gündən sonra Kabila özünü Konqo Demokratik Respublikasının prezidenti elan etdi. Artıq bu bədbəxt ölkə (yoxsul, amma təbii ehtiyatlarla həddindən artıq zəngin olan bir ölkə) ABŞ-ın himayəsi altında idi. Ancaq bu, ayrıca bir məqalənin süjetidir; ona mövzumuzun kontekstində ABŞ-ın Ruandada yürütdüyü siyasətin gerçək motivlərini anlamaq məqsədilə toxunduq.
 
BELÇİKA SAVAŞDAN ÇIXIR
Belçika da qanlı münaqişəyə cəlb olunduğu üçün onun bu dəhşətli faciədə oynadığı rola bir neçə sətir həsr etmək lazımdır. 1997-ci ilin dekabrında Belçika senatı Ruanda hadisələri ilə bağlı təhqiqat aparan xüsusi parlament komissiyası yaratdı. Komissiya, SGR hərbi kəşfiyyatının “Ruandadakı işinin uğursuzluqla nəticələndiyini” müəyyənləşdirdi. Xüsusi xidmət orqanları, belçikalı hərbçilərin, Ruandada anti-Belçika ovqatının yüksəldiyi barədə məlumatlarını qəsdən gizlətməkdə ittiham olunurdu. (Bu ovqatın “Fransafrika” və MKİ agentləri tərəfindən qızışdırıldığını düşünmək üçün əsaslar var). Bundan əlavə, məlum olmuşdu ki, 1990-cı illərdə xutuların silahla təchizatı Belçikanın Ostende limanı vasitəsilə həyata keçirilirmiş. Belçika hərbi kəşfiyyatı SGR-in məlumatlarına əsasən, 1993-cü ildə Ruandadakı Belçika icmasında 1,5 min insan yaşayırdı və onlardan 900 nəfəri paytaxt Kiqalidə məskunlaşmışdı. 1990-cı ildə Ruandaya ekspedisiya korpusunun göndərilməsi də belçikalı vətəndaşların qorunması məqsədilə edilmişdi. (Ölkəyə Fransa və ABŞ-ın xüsusi xidmət orqanlarının və muzdluların axın etdiyi dövrdə Belçikanın keçmiş müstəmləkəsində öz maraqlarını qorumaq cəhdləri barədə yuxarıda məlumat verilib).
Ruanda prezidentinin təyyarəsi vurulandan sonra Kiqali hava limanını qoruyan belçikalı əsgərlər tərk-silah edilmişdilər. Bu, belçikalılarla Ruanda qoşunlarının ilk toqquşması idi və bu dəfə qurbansız bitmişdi. Ruanda prezidentinin həlak olduğu günün ertəsi ölkənin baş naziri Aqata Uvilinqiyimananın ailəsi ilə birlikdə gizləndiyi ev əsgərlər və “interahamve” döyüşçüləri tərəfindən mühasirəyə alındı. Sözügedən ev 10 nəfər belçikalı sülhməramlının nəzarəti altında idi, lakin qısa atışmadan sonra komandir əsgərlərinə silahlarını aşağı salmağı əmr etdi. Talançılar dərhal sülhməramlıları əsir götürdülər: dəhşətli təhqirlər və işgəncələrdən sonra onları öldürdülər.
(A.Uvilinqiyimana ailəsi ilə birlikdə ABŞ səfirliyinə sığınmaq istəyirdi, amma səfirlik ona kömək göstərməkdən imtina etdi. Aqata, əri və onların yanında olan bir neçə xutulu məmur vəhşicəsinə qətlə yetirildilər).
Aprelin 8-də minə yaxın fransız və belçikalı əsgər Kiqali hava limanı üzərində nəzarəti bərpa edə bildilər. (Bu əsgərlər BMT-nin sülhməramlı qüvvələrinə mənsub deyildilər və Ruandadan çıxan fransızlarla belçikalıların təxliyəsini təmin etməliydilər). Aprelin 9-da bu birləşmə Kiqali ətrafındakı psixiatrik klinikaya göndərildi, orda humanitar missiyanın əməkdaşları və həkimlər qapalı qalmışdılar. Talançılar tərəfindən təqib olunan yüzlərlə tutsi də həmin klinikada sığınacaq tapmışdı. Əsgərlər tutsilərin yalvarışlarına məhəl qoymadan personalı götürərək klinikanı tərk etdilər. Az sonra binada olan tutsilərin hamısı öldürüldü. Növbəti faciə Kiqalidə yerləşən, belçilakı sülhməramlılara verilmiş “Don Bosko” texniki işçilər məktəbində baş verdi. Talanlar başlayandan sonra iki minə yaxın tutsi məktəbin binasına sığınmışdı (onların bir hissəsi də uşaqlar idi).
Aprelin 11-də sülhməramlıların komandiri leytenant Lyuk Lemeyr (o, belçikalı hərbçilərin Ruandadan çıxarılacağını bilirdi), binadakı tutsiləri qorumaları üçün Ruanda ordusunun polkovniki Rusatirunu dilə tutmağa çalışdı, ancaq polkovnik kobud şəkildə imtina etdi. Fransız hərbçilər öz həmvətənlərini mühasirəyə alınmış binadan təxliyə edəndən sonra belçikalı “mavi dəbilqəlilər” də onların ardınca çıxdılar və köməksiz insanları “interahamve”nin əlində qoydular. “İnterahamve” döyüşçüləri binadakı tutsilərin, demək olar, hamısını maçete ilə doğradılar. Oradan təkcə meyidlərin arasında gizlənməyə imkan tapanlar sağ çıxmışdılar. Bu hadisədən sonra bütün Belçika vətəndaşlarının Ruandadan təxliyə olunmasına qərar verildi. Aprelin 14-də Belçika öz “mavi dəbilqəlilər”inin qanda boğulan ölkədən təxliyəsini başa çatdırdı. Çox güman ki, o, fransız və amerikan xüsusi xidmət orqanlarının təzyiqi altında Ruandadakı mövqelərini həmişəlik itirib.
 
FACİƏNİN ƏSL SƏBƏBLƏRİ…
Təbii ki, Ruanda soyqırımının əsl səbəbləri tutsilərlə xutular arasındakı “etnik ayrıseçkilik” deyildi. Bu versiya soyqırımı təşviq edənlər üçün həddindən artıq sərfəlidir: bütün təqsiri əsrlərdən gələn düşmənliyin, heç bir ciddi səbəb olmadan bir-birini amansızlıqla məhv etməyə başlayan “vəhşi xalqların” boynuna atmaq hər şeydən asandır. Əslində, o zavallı insanların yeganə təqsiri o idi ki, dünya dövlətlərinin öz maraqları naminə onları axmaq yerinə qoymalarına (siyasi ənənələri olmadığına görə) imkan vermişdilər.
F-K. Verşav müsahibələrindən birində postmüstəmləkə dövründə Afrikada “nəhəng dövlətlər”in rəqabətindən danışarkən deyir: “Fransafrik”, anqlo-sakslarla rəqabət məntiqi ilə Ruandada öz avanpostunu qurmuşdu. Habiarimananın və xutuların hökmranlığı dövrünə nəzər salsaq, Mitteranın şəbəkələrinin ölkədə müxtəlif motivasiyalarla iştirak etdiyi aydın görünür”. Tropik Afrikada franko-amerikan qarşıdurmasına isə Jan-Fransua Dyupakye ayrıca araşdırma həsr edib. Müəllif kitabın təqdimatında demişdi ki, “artıq iyirmi ildir ki, Fransanın siyasi sinfi Ruandadakı hadisələrlə bağlı bizi aldadır. Buna dözmək mümkün deyil”.
Lakin gec-tez bütün sirlər açılır. A.Melvern tərəfindən dərc olunmuş, F.Mitteranın arxivinə aid materiallara əsasən, Parisdə ABŞ-ın təşviqi ilə tutsilərin Uqandadan başlayan hücumlarını Ruandanın ingilisdilli qonşularının Fransanın maraq sferasına müdaxiləsi kimi qiymətləndirmişdilər. Məxfilik statusu götürülən sənədlər göstərirdi ki, F.Mitteranın fikrincə, tutsilərin mövqelərinin möhkəmlənməsi bütün qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı. Fransız KİV-ləri artıq Yelisey sarayını soyqırımı başladan cinayətkarla əlbir olmaqda ittiham edir: “Firuzə” əməliyyatı soyqırımı dayandırmaq üçün başlamamışdı! Yox! Bu əməliyyat sadəcə soyqırımı başladan rejimin yıxılmasına mane olmaq və RVC-nin paytaxt Kiqalini ələ keçirməsinə imkan verməmək məqsədi güdürdü. Çünki Uqandadakı anqlosakslar tərəfindən dəstəklənən RVC-nin təzyiqlərinə rəğmən, Fransanın frankopərəst dostlarının hakimiyyətdə qalmalarına yardım etmək hər şeydən vacib idi”. ABŞ, həqiqətən, Ruandaya tropik Afrikaya giriş üçün platsdarm kimi yanaşırdı: amerikalıların son hədəfi əfsanəvi sərvətlərə sahib olan Zair idi (KDR). Təkcə Ruandada yox, ümumiyyətlə, bütün bölgədəki humanitar fəlakətin səbəblərini məhz burada axtarmaq lazımdır.
 
SOYQIRIMIN NƏTİCƏLƏRİ
1991-ci ildə aparılmış siyahıyaalmaya əsasən, həmin vaxt Ruandanın 7 milyon 143 min əhalisi vardı. Vətəndaş müharibəsi və 1994-cü il soyqırımı ölkə vətəndaşlarının 40%-ə qədərini qaçmağa vadar etmişdi. BMT mütəxəssislərinin hesablamalarına görə, faciə zamanı 800 min – 1 milyona yaxın insan qətlə yetirilib, 2 milyondan çox insan qaçqına çevrilib. Soyqırımın nəticələrini xülasələşdirən rəsmi statistika belədir. Bununla belə, öldürülənlər və mühacirətə gedənlərin faiz nisbəti və kəmiyyət göstəriciləri şübhə doğurur (faciənin miqyasına heç bir şübhəmiz yoxdur). A.Mezyayev son dərəcə aşkar bir fakta diqqət yetirib. Əgər 1994-cü ildə üç ay ərzində 800 min tutsinin öldürüldüyünə inansaq, belə çıxır ki, hətta hamısı eyni vaxtda öldürüldüyü təqdirdə belə, onların 200 mini “iki dəfə qətl edilib”. Öz növbəsində S.Balmasov da yazır ki, amerikan təbliğatı vətəndaş müharibəsinin getdiyi müddətdə Ruandada həlak olan 800 mini 1994-cü ilin aprel-may-iyun aylarına salıb və həlak olanların hamısının köçəri-tutsilər olduğunu elan edib.
Ruanda əhalisinin üzdəniraq “etnik prinsip”ə əsasən bölünməsinin illüzorluğunu nəzərə alsaq və Afrikanın istənilən ölkəsində əhalinin statistik xarakteristikasının kifayət qədər şərti olduğunu xatırlasaq, Balmasovun versiyası kifayət qədər inandırıcı təsir bağışlayır. Üstəlik vətəndaş müharibəsi və soyqırımı yaşamış ölkə ilə bağlı statistik məlumatlar səhihliyə iddia edə bilməz. Xüsusən də, əgər məlumatın hazırlanması ilə obyektivliyi qorumaq istəməyən insanlar məşğul olursa…
 
TARİXİN YAXŞI ÖYRƏNİLMƏYƏN DƏRSLƏRİ
Bu kədərli əhvalat bu gün də müstəqil dövlətlərin siyasi rejimlərinin manipulyasiyası məharətini təkmilləşdirən siyasətçilərin düşünməsi və tövbə etməsi üçün səbəb olmalıdır. Söhbət o dövlətlərdən gedir ki, beynəlxalq əlaqələr sistemini yalnız və yalnız öz maraqları ilə uyğunluq nöqteyi-nəzərindən ələ keçirən bir və ya bir neçə ölkənin “həyati-vacib maraq sferası” elan edilirlər. Hər kəsin özünə sərf elədiyi şəkildə yozduğu beynəlxalq hüquq hərbi müdaxilələrin və siyasi sui-qəsdlərin ayıbını örtən əncir yarpağı rolunu oynayır. BMT Təhlükəsizlik Şurası da, bir vaxtlar ən nüfuzlu sayılan beynəlxalq struktur da əlbir “dünya dövlətlərinin” əxlaqsız, hərdən də cinayətkar siyasətini legitimləşdirmək üçün vasitəyə çevrilir. Eyni zamanda, hər yeni münaqişə vəziyyətlərinə beynəlxalq müdaxilə presedentinin tərəfləri sakitləşdirmək və insan hüquqlarını qorumaq məqsədi güddüyü ilə bağlı mif təbliğ olunur. Umberto Ekonun istehza ilə qeyd etdiyi kimi: “xeyirxahların ifrat çoxluğu ucbatından cəhənnəm gücləri qalib gəlirlər”.
Beynəlxalq hüquqda postmodern konnotasiyalar dünya birqütblü olanda meydana çıxıb. Sovet İttifaqının süqutu, Varşava müqaviləsinin pozulması, Berlin divarının dağıldılması beynəlxalq əlaqələrdə yeni eranın başlanğıcı idi. Hazırkı əsrin əvvəllərində postmodernizmin klasiki Jak Derrida təəssüflə demişdi: “Başqa dövlətlər bu və ya digər “rogue States”-ləri (terrorçu dövlətlər) hüquqları pozmaqda, hüquqdan yayınmaqda, mümkün olan bütün tarixi təhriflərdə, kənaraçıxmalarda nə qədər ittiham edirlər-etsinlər, yalnız ABŞ özünü beynəlxalq hüququn qarantı elan edə, müharibələrə, polis əməliyyatlarına təkan verə, ya da əksinə, sülhü qoruya bilər, çünki güc ondadır. Sadalanan fəaliyyətlərdə məhz ABŞ və onun müttəfiqləri ən birinci müstəqil rogue States rolunu oynayır”.
Bu gün Vaşinqton müstəqil dövlətlərin işlərinə daha aqressiv, daha sinik şəkildə müdaxilə edir, var-gücü ilə yeganə fövqəl-dövlət rolunu özündə saxlamağa çalışır. Okeanın o tayındakı “müttəfiqinin” həyasız tələblərinə etiraz etməyə gücü çatmayan kaftar Avropa isə öz maraqlarına və sağlam düşüncəyə rəğmən dünyanı fəlakətə itələməyə hazırdır. Amma tarixin dərsləri sübut edir ki, bəşəriyyət qanlı dəliliklərə müqavimət göstərmək üçün hər zaman özündə güc və müdriklik tapıb.
Vaşinqtonla Parisin siyasi intriqalarının Qara qitədə dəhşətli faciə ilə nəticələndiyi vaxtdan iyirmi ildən çox zaman keçib. Sanki bu insanlıq əleyhinə cinayətin əsas günahkarları yaxalarını məsuliyyətdən qutara biliblər, hətta samballı siyasətçi simasını da qoruyublar. Amma bütün sirlər əvvəl-axır açılır, tribunal işləyir… Hər şey hələ qabaqdadır!

 
Mənbə: azlogos.eu
 

0 şərh