Turan Cavid

Əlimi qələmə uzadanda qəribə duyğular keçirdim. Xatirə yazmağı sevmirəm. Hisslər özümdən güclü olur! Lakin Turan Cavid adı məni ovsunladı.
Görəsən, nə üçün çətin yollardan keçmiş insanlarda gözə tez çarpan təmkinli, məğrur duruş, yaşından asılı olmadan dünyaya baxışda qəribə ümid, əyilməzlik, səbr hissi güclü olur?! Sözsüz, əsilli köklü əsilzadələrin qan səsi özünü göstərir və kömək edir. Bu xüsusiyyətləri mən tez görür, duyur, hiss edirəm.
Turan Cavid
Haqqında söz demək istədiyim İnsan — Turan Cavid xanım mənim yaddaşımda belə qaldı.
Moskva təhsilindən qayıtmışdım. Bir müddət sonra EA Nizami adına Ədəbiyyat İnstitutuna laborant götürdülər. O vaxtlar (1959-cu il) Ədəbiyyat İnstitutu, İncəsənət İnstitutu, Cəfər Cabbarlı muzeyi də mehriban mühitli EA Nizami adına muzeyin binasında yerləşirdi. «Teatr muzeyi»ndə işləyən Turan xanımla tanış oldum, davranışı, alicənablığı, məğrurluğu, təmkinliyi məni cəlb etdi. Sonralar görüş dostluğa çevrildi. İnsanlarla təması çox da sevməyən Turan xanımın, nədənsə, mənə münasibəti başqa oldu. Gözəl, alicənab anası Mişkinaz xanımı gördüm. Cavid sənəti və ağıllı gözəl qadın!
1961-ci ildə Zuğulbada bağ evi tutduq, yay istirahətini Turan anası Mişkinaz xanımla, mən də anam Nisəxanımla birlikdə keçirtdik. Həmin il Moskvaya, Dünya Ədəbiyyatı İnstitutuna aspiranturaya hazırlaşırdım.
«37»-ci il Sibir sürgünündən qayıtmış riyaziyyatçı alim, geniş diapazonlu alicənab, bir neçə dil bilən ensiklopedik savada malik şəxsiyyət İnsan — əmim Əliabbas Vəlixanovu ilk dəfə 1956-cı ildə gördüm — 5 il ömür etdi, kiçik vaxt ayrıcında elmi söhbətləri indi də yadımdadır. Qərb musiqisini, ədəbiyyatını gözəl bilən əmim ilk dəfə muğamatı mənə başa saldı, sevdirdi! Əmim Cavid əfəndini yaxşı tanıyırdı, yaradıcılığının vurğunu idi, şeirlərini əzbər bilirdi, iki qızının adlarını da Cavidin əsərlərindən götürmüşdü — Xumar, Əsmər! Sibirdə Cavidi gördüyünü Turanla görüşündə ona demişdi. İqtisadiyyat İnstitutunda (hazırda universitet) prorektorluqdan aparmışdılar!
Çox gözəl qızlarının böyüməsini görməmişdi. Gözəl Xumar bacımı AZİ-də (hazırda Neft Akademiyası) oxuyanda atasız böyümüş Firuzə xanımın oğlu Faiq Bağırzadə sevmişdi! Təkidlərə baxmayaraq aspirant Faiq «Vraq naroda» qızını alacağını bildirmiş və gözəl Xumar xanımla evlənmişdi, iki gözəl övlad atası, akademik, ADU-nun (hazırda BDU) rektoru olmuşdu. Kainatla bağlığımıza şübhə ilə yanaşanlar olsa da, orada məskən salmış ilahi qüvvə hamısını görür, tərəzi gözü ilə qeyd edir, əlini kimsəsiz təmizlərdən çəkmir, biz bilmədən yollarımızı açır!
Turan xanımla bizim son görüşlərimiz 2004-cü ilə təsadüf etdi. Özümdə qəribə bir təsəlli hissi daşıyıram. Turan qardaşı Ərtoğrolun yaradıcılığına həsr olunmuş elmi əsəri gördü. Bu işi çox mərd xasiyyətli Solmaz Həşimova adlı cavan bir qız yazmışdı. Sonra Hüseyn Cavid yaradıcılığının dünya miqyası aspektində işlənmiş dissertasiya işini də gördü. Dünyasını dəyişmiş mənim qardaşım Fuadın qızı Nərmin — mənim qızım Nərmin Vəlixanova-Həsənova «Tipoloqiya anqliyskoqo neoromantizma i azerbaydjanskoqo romantizma (»Djavid")" işində Cavid dühasının dünya ədəbi mühitində layiqli yer tutduğunu göstərmişdi.
2004-cü ilin aprel ayında avtoreferatı «Cavid muzeyində» Turan xanıma təqdim edəndə eynəksiz gözlərində qəribə bir parıltı sezdim!
Turan Cavid
Gözündə həmişə qara eynək gəzdirərdi. Bir dəfə soruşmuşdum: «Turan, gözəl gözlərin var, nə üçün həmişə qara eynək taxırsan?». «Bəzi şeyləri qara eynəklə görmək yaxşıdır» — cavabını vermişdi.
Hüseyn Cavidin 100 illiyində zəng etdi: «Fəridə, bax, 3 nəfərin adını lap əvvəldən yazdığım adamlardansan. Dəvətnamə göndərəcəyəm». Özüm tez gedib aldım.
İnsanları ehtiyatla seçərdi. Uzun illər ən yaxın dostu, rəfiqəsi Ənvər Məmmədxanlının bacısı Həbibə xanım Məmmədxanlı idi
Heydər Əliyev adına Respublika Sarayında Cavidin yubiley gecəsində Turanın sağ-sol tərəfində Rasim Əfəndi Leyla xanımla və mən qızım Nərmin ilə oturmuşduq. Turan xanımın yanında ağ güllərdən çox gözəl çələng qoyulmuşdu. Çox sevinirdi! Gecəni Anar açdı.
Mənə dedi: Həyatda ailəmiz pərən-pərən oldu, şükür, indi bir yerdəyik. Səsində qəribə bir arxayınlıq, rahatlıq sezdim. Gedəcəyini bilirdi. Səhhəti xəbər verirdi. Arzusu yatmamaq indi, heç kəsə əziyyət verməmək, birdən getmək idi, «ixtiyarım yoxdu yatım» deyirdi.
Allah bütün arzuları kimi, bunu da Turan Caviddən əsirgəmədi. Allah adildir! Allah sənə rəhmət etsin — qeyrətli, namuslu, mərd, Cavid ocağının işığını yandırıb gedən Azərbaycan qızı!
 
 
 
 
Müəllif: Fəridə Vəlixanova
Mənbə: edebiyyatqazeti.az
 

0 şərh