İnsana açılan qapı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda «Nəsimi ili” elan olunmuş, böyük mütəfəkkir şairin anadan olmasının 650 illik yubileyinin keçirilməsi qarşıya vəzifə qoyulmuşdur. Artıq TÜRKSOY da bu misilsiz söz ustadının adını əbədiləşdirmək istiqamətində 2019-cu ili türk dünyasında „Nəsimi ili” elan etmişdir .Ümumiyyətlə, çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində böyük mütəfəkkir şair İmadəddin Nəsiminin (1369-1417) ədəbi mövqeyi özünəməxsusluğu ilə seçilir. Ədəbi və əbədi problemi insan olan ədəbiyyatda daha çox humanist mövqenin işıqlanması, insanın zahiri gözəlliyi ilə bərabər, onun ağlı və kamalına göstərilən bədii münasibət baxımından Nəsiminin əsərləri xüsusi əhəmiyyət qazanır. Onun yaradıcılığında insan təkcə “hüsnü-camal”ı ilə vəsf və tərənnüm olunmur, bütün cəsarəti və ictimai dərki ilə insan „kamal”ı ilə də kamili-mütləq olaraq Tanrıya bərabər təqdim edilir, onun şəninə nəğmələr qoşulur.
İmamməddin Nəsimi
XIII əsrdən XV əsrə qədər olan bir dövr Azərbaycan üçün olduqca mühüm, mədəni cəhətdən əlamətdar bir dönəmdir. Bu dövrün əlamətdarlığının bir xüsusiyyəti istilaçı, yadelli yürüşlər, zülmün və sitəmin baş alıb getməsidirsə, digər bir əlamətdar xüsusiyyəti zülmə boyun əyməyən qadir və qabil insanların mənəvi gücünün oyanışına təkan verən fikirlərin səslənməsi, mənəvi intibahın təzahür etməsi ilə əlamətdardır. Şifahi və yazılı qolla birləşərək xalqın bədii düşüncəsi yaşananlara qarşı əqli etiraz və üsyana çevrilir. İnsan məhz bu dönəmdə açıqdan-açığa bütün gücü və qüdrətilə vəsf, tərənnüm və təqdim vasitəsinə çevrilir. Bədii-tənqidi gülüş, ümumiyyətlə, milli tənqidi düşüncə sistemi ən çox mənəvi, ictimai-siyasi və s. böhranın yaşandığı dönəmlərdə özünə yer aldığı üçün XIII-XVI əsrlər də bu cəhətdən daha səciyyəvi və xarakterikdir. Məhz bu dönəmlər ortodoksal-sxolastik dinin, o cümlədən düşüncənin geniş yayıldığı, işğalçılıq yürüşlərinin həyata keçirildiyi, insanların kütləvi olaraq məhv edildiyi, mədəniyyətlərin toqquşduğu və dağıdıldığı bir dönəmdir. Məhz belə bir mürəkkəb və fəlakətlərin yaşandığı dönəmdə xalq bir tərəfdən Molla Nəsrəddin lətifələri ilə bu əzazil düzənə qarşı çevrilir, digər tərəfdən Molla Nəsrəddinin xalq müdrikliyi ilə birləşən Fəzlullah Nəimi və İmadəddin Nəsiminin (söz yox, Yunus Əmrə, Mövlana Rumi, Füzuli və başqaları da bu dairənin zəruri həlqələridirlər – R.Q.) insanları mənəvi oyaqlığa səsləyən fəlsəfi şeirləri ilə köləliyə, cahilliyə və zülmə qarşı mübarizə aparırdılar. Mənbələr də təsdiq edir ki, hürufilik Əmir Teymur zülmünə qarşı yaranan bir ideoloji təlim olduğu kimi, siyasi mahiyyət də daşıyırdı. Hətta bizə elə gəlir ki, xalq bədii təfəkkürünün mifik qəhrəmanına çevrilmiş Molla Nəsrəddinin özü də antroponomik mənşəcə Nəsimiyə aid olan “Nəsiməddin”in dəyişilmiş formasıdır. Belə ki, şəxsiyyət və yaradıcılıq məzmunu etibarilə Molla Nəsrəddin Nəsimiyə çox yaxındır, nəinki Nəsirəddin Tusiyə (Molla Nəsrəddinin tarixi şəxsiyyət olması və Ağşəhərli olması barədə də fikirlər vardır). Nəsimidə oyanış, intibah pafosu var idi. Molla Nəsrəddin və ya Nəsiməddin də onun xalq arasında əks olunmuş forması ola bilərdi. Lətifələrdəki milli tənqidi düşüncə, inkar, ifşa və oyanış pafosu, ictimai zülmə, ortodoksal, sxolastik düşüncəyə, ehkam və doqmalara, eləcə də Teymurilər zülmünə qarşı qətiyyətli mübarizə, təftiş və tənqidedici baxış və s. məşhur xalq bədii fikir qəhrəmanı Molla Nəsrəddini mütəfəkkir şair Nəsiməddinlə, yəni Nəsimi ilə əlaqələndirməyə əsas verir. Mənəvi intibahın yaşandığı və ən uğurla təzahür etdiyi dönəm məhz bu dönəmdir. Avropada da dini-sxolastik düşüncənin ağırlığına qarşı insan zəkasının etiraz və çabası intibahı təzahür etdirdiyi kimi, orta əsrlər Şərqində də sanki düşüncə sahibləri xristianlığa, yaxud islama və b. „yalnızca inanılmalımı, yoxsa onun doğrularına ağıl yolu ilə nüfuz edilə bilər?” – deyə konkret cızıqdan çıxmanın cəhdlərini ortaya qoymuşdular. Bu dönəmdə sanki bütün dünya eyni əqli mühakimə tərzi ortaya qoyur və fikir bataqlığını aşmağa cəhd edən ağlın çırpıntıları ilə yeni dünya yaradılırdı: İnsanla Allahın təbiətdə və demək, dünyada birləşdiyi, təzahür tapması fikri ilə. Akvinalı Tomasın “Tanrıya ya iman yolu ilə, ya da ağıl və hislərimizlə qovuşa bilirik” fəsəfi düşüncəsinin təzahürü kimi, orta çağ Şərqinin nəhəng mütəfəkkirləri də sxolastik islam qaranlığını məhz insan ağlının dərki ilə Allaha qovuşa bilməsi və bütünləşməsi fikrinin ziyası ilə yarır. İnsanları güldürə-güldürə düşündürən, düşündürə-düşündürə güldürən Molla Nəsrəddin lətifələri geniş yayılır. Bu da təsadüfi deyil ki, ictimai varlığı realist və tənqidi dərk etmə səciyyədən yanaşan Molla Nəsrəddin lətifələrində daha çoxluqla adı keçən və zülmü, sitəmi ilə ifşa edilən başlıca hökmdar surəti Teymurdur. Görünür ki, xalq Teymur kimi əzazil hökmdarla ümumiləşdirilmiş zülmə qarşı əqli və şüuri mübarizəni lətifələrlə də həyata keçirmişdir. Bu mənada bu kimi ədəbi-bədii fəaliyyət həm işğalçılığa qarşı çevrilmiş, həm hərbi-siyasi missiyalara qarşı yönəlmiş, həm də insan azadlığının düşməninə, köləliyin səbəbinə çevrilmiş mövhumat, avamlıq və müxtəlif nöqsanlar əleyhinə yönəlmişdir.
Ümumiyyətlə, Yaxın Şərq və Azərbaycan ədəbiyyatında humanizm, insan ləyaqətinin təqdiri, insan sədatinin tərənnümü mühüm yerə malik olduğu kimi „İnsanı dünyanın yaradıcısı, əzəli və əbədi bir varlıq adlandıran böyük Şirvan şairi İmadəddin Nəsimi insan zəkasını köləlikdən azad olub öz qüdrətini dərk etməyə çağırırdı” (Akademik H.Araslı). Bu baxımdan, hürufilik təlimi insan amilinə xüsusi əhəmiyyət verirdi və buna görə də bu təlim humanist səciyyə kəsb edirdi. Humanist fəlsəfi təlim olan hürufiliyin banisi Fəzlullah Nəimi Qurani-Kərimə, hədislərə və müxtəlif fəlsəfi təlimlərə istinadən insanı öz dəyəri, xilqəti və səciyyəsi etibarilə “Yaradan”la eyni cərgəyə (şərik mənasında deyil – R.Q.) qoyurdu.
İmadəddin Nəsiminin bütün yaradıcılığı bu fəlsəfi təlimin ən parlaq, dolğun himnləri, onun hikmət və fəzilətini aydınladan risaləsi, „şərhü-bəyanı”dır. Onun “Məndə sığar iki cahan”, „Gənci-nihan mənəm mən uş”, “Mən mülki cahan” kimi məşhur fəlsəfi şeirlərində və bütün yaradıcılığı boyunca insana alilik nəğməsi deyən bir qüdrətli humanist sənətkar, insan aşiqi və mücahidi kimi özünü təsdiq edir.

Bu baxımdan Nəsimi insanın ruhunda gizli-saxlı qalmış ağlı, dərki, mübarizəni silkələyib üzə çıxarmaq missiyası həyata keçirir desək yanılmarıq. Onun təlimi öz müraciətləri ilə insanı daxilən silkələyir, haqq-hesab soruşur, öz-özünü nəzərdən keçirməyə istiqamət verir, bütün yaxşı-pisin ortaya çıxarılmasına vəsilə olurdu. Pisə, çatışmazlığa görə insan tənbeh və tənqid edilir, daha kamil bir şəxsiyyət-insan olması üçün stimul edilirdi. İnsandan isə dövrün, zamanın tələbinə görə mənəvi ayıqlıq, biliklilik və fəal mübarizə tələb edilirdi.
Nəsiminin həmçinin „İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil” başlıqlı qəzəlini də oyanışa, özünüdərkə, dünya və aləmdən xəbərdar olmağa səsləniş kimi qəbul etmək lazımdır. Bu nümunələrdə aydın görünən və açıqca izah edilə biləcək mətləb budur ki, insanı kamil qılmağın yolunu Nəsimi elmdə, maarifdə, idrakda görür. Əgər elmi, mərifəti varsa, dünya-aləm insan üçün bir əhəmiyyət kəsb edir, elmi-mərifəti yoxsa, dünyanın, yaradılışın insan üçün heç bir faydası yoxdur.
Əslində hürufilər düşünürdülər ki, kamil, gözəl, hər şeyi bilən, alim, adil, qadir olan heç bir nöqsanı olmayan Allahı tanımaq, ona iman gətirmək və ibadət etmək, səcdə qılmaq yeganə olaraq insana verilən xüsusiyyətdirsə, demək, gözəl olan Allahı dərk etmək şərəfi və ləyaqətini daşıdığı üçün insan özü də şərəfli və ləyaqətlidir. Bundan başqa, Həllac Mənsurdan başlayaraq hürufilərin də işlətdiyi “Ənəl-Həq” kəlməsi haqda deyilir: „Qəlbin masivadan təmizlənərək Haqqın əsma, sifət və zılal nurlarına ayna olması nəticəsində meydana gələn şiddətli sevgi və eşq səbəbilə salik, akis və kölgələri Haqqın özü zənn edər. Həllacın “Ənəl-Həq” dediyi məqam burasıdır. Əlinə oda soxan adamın yandığında can yanğısı ilə: „Yandım, od oldum” deməsi necə məcazi bir həqiqəti ifadə edirsə və bu söz deyənin həqiqətən od olduğunu göstərmirsə, “Ənəl-Həq” sözü də belə bir məcazi idrakdır. Qulun öz əməl və davranışlarını görməz olub, özündə olan əməllərin Allaha aid olduğunu idrak etməsidir”.
Hürufiliyin qüdrətli təbliğatçısı və ikinci rəhbəri olmuş Nəsimi ortodoksal, sxolastik islami düşüncənin hakim olduğu bir dönəmdə qadına da haqq tanıyan, onu kişilərlə bərabərləşdirən fikirlərlə də çıxış edirdi. „Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan, Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?” beytini məhz bu mənada izah etmək mümkündür ki, insan öz yarı ilə bütövlük kəsb edə, əsl mahiyyətini ifadə, təcəssüm və təcəlla etdirə bilər. Burada qadını sadəcə vəsf, tərənnüm yoxdur, burada qadının qüdrətinin zərurəti, varlığına duyulan ehtiyac öz təcəssümünü tapıb. Aşiqanə lirikada qadın sadəcə “gözəllik məbədi” kimi təsvir tapdığı halda, Nəsimidə qadın „qiblədir, Kəbədir, səcdədir, zikri-Qurandır, fikri-tovhiddir, namazdır, kitabdır” və belə demək olarsa, bütün “sirrin, sehrin açarı”, uca və gözəl Allahın qüdrətinin təcəssüm etdiyi bir varlıqdır:

 Kəbə üzündür, ey sənəm, üzündədir sücudumuz!
 Və yaxud:
 Kəlamım, zikri-Quranım, kitabım, fikri- tövhidim,
 Namazım, razımü-səcdəm, bəkülli cümlə ərkanım...
 
Bu da tam aydınlığı ilə görünür ki, Nəsimidə qadının üzünün „səcdəgah, qibləgah” kimi göstərilmiş fikri ana abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanındakı „Ana haqqı Tanrı haqqıdır” müdrik fikri ilə birləşərək ümumi türk-oğuz düşüncəsini ehtiva edir və onun intibah dövrü ictimai fikirdəki davamı olaraq görünür.
Hürufilik təlimində insanın mühitə, varlığa şüurlu münasibəti, onu dəyişdirmək və yaxşılaşdırmaq cəhdinin də yer aldığını aydın müşahidə etmək mümkündür. Belə ki, hürufilər hər şeyə, hər cür varlığa, hətta Tanrıya – Yaradana şüurlu münasibət və dərki insanın xisləti, əsl mahiyyəti olaraq bilirdirlər. Bu cəhətdən köhnəni yeniləşdirmək cəhdi onların da təlimində yer aldığını deyə bilərik. Fikrimizcə, bu həm maddi aləmi, həm də mənəvi aləmi əhatə edirdi. Çünki idrakı oyanan insan mənəviyyatını dəyişir və əlbəttə, özünə bab şərait yaratmaq məqsədilə mühiti və şəraiti dəyişir. İdrakın işığı mənəviyyatı və mühiti işıqlandırır, nura boyayır. Bu təlimə görə, kamil insan mütləq kainatın sirrini çözəcək və ona hakim olacaq. Təsadüfi deyilmir ki: “Nəsiminin insan konsepsiyasının zirvəsində və yekununda kamil şəxsiyyət problemi dayanır. Bu, özünü və ilahi həqiqətləri dərk edən, hərflərin elmini bilən, „nüsxeyi-səğir”də “nüsxeyi-kəbir”i görməyi bacaran, şeytan adlanan nəfsin əsarətinə düşməyən, div (münkir) xislətindən uzaq olub hüsrufi görüşlərini dərk və qəbul edən, insanı və Haqqı sevən həqiqət yolçusudur” (Prof. Y.Babayev). Bu baxımdan Nəsiminin „Tələb eylə” adlı qəzəlini də məhz bu yöndə şərh etməklə ona məna vermək mümkündür.
 
 Ey xəstə könül, dərdinə dərman tələb eylə,
 Gər can dilər isən, yeri, canan tələb eylə.
 Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
 Sındır qəfəsi, tazə gülüstan tələb eylə və s.
 
Konkret olaraq qəzəlin – “Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən, Sındır qəfəsi, tazə gülüstan tələb eylə” beytində tam mənası ilə köhnə yaşayışı, insana mane olan əngəlləri,  onun azadlığını, azad düşüncəsini məhdudlaşdıran sərhədləri dəf etməyi tələb bütün çılpaqlığı ilə ortadadır. Xalq yazıçısı Anarın İmadəddin Nəsimi haqqında olduqca da ibrətamiz bu fikri yerinə düşür ki: „İmadəddin Nəsimi zalım bir dövranda yaşayıb-yaradıb, amma onun poeziyasında Renessans əlvanlığı ilə, azadlıq ideyaları ilə, nikbinlik motivləri ilə dopdoludur. Böyük sənətkarların verdiyi ibrət dərsi, bir daha sübut edir ki, heç bir fikir zülməti, mənəviyyat qaranlığı insanın Xeyrə, İşığa, Səadətə qovuşmaq istəyini boğa bilmir. Heç bir dini cəhalət, heç bir insana qənim ideologiya insan düşüncəsini buxovlaya, mütiləşdirə bilməyib. İnsan yalnız o zaman kölə olur ki, güclə ona aşılanan özgə fikrinə, yad ideologiyaya boyun əyir, o yalnız düşünməkdən əl çəkən gün qula çevrilir, o gün ki ürəyində “yox, yox” tutub,  dilində „bəli, bəli” deyir. ...Nəsimi poeziyasının humanistik pafosu – insanın insan yerinə qoyulmadığı bir dövrdə insan ləyaqəti uğrunda mübarizə pafosu idi”.
 Beləliklə, böyük mütəfəkkir şair İmadəddin Nəsimi intibah epoxasının qüdrətli nümayəndəsi kimi özünə möhtəşəm bir yer tutur. Onun yaradıcılığı milliliyi və bəşəriliyi ilə səciyyələnərək humanist konsepsiya ortaya qoymuşdur. İnsan bu “ədəbi vəhylərin” səcdəgahı ünvanını qazanmışdır. „“Müəzzəb” — əzabçəkən deməkdir. Deməli, əzab çəkmək qabiliyyətinə malik olmaq üçün insanda ağıl lazımdır. Bunun başqa bir adı da „anlamaq dərdi”dir”, – deyə yazan akademik Teymur Kərimlinin fikirlərinə istinad edərək, demək olar ki, əsrlər öncə Nəsiminin taleyində “anlamaq dərdi”, „insanı insan bilmək” başlıcalıq təşkil etmişdir.
 
 
Müəllif: Ramiz Qasımov
Mənbə: artkaspi.az

0 şərh