Misteriyalar

Knut Hamsunun “Misteriyalar” romanını oxuyanda mənə elə gəldi ki, bu əsəri əsl zamanında oxuyuram. Əsər məni həddindən artıq təəcübləndirdi. Roman daşıdığı adı kimi təsiredici sirrə malikdir. Boynuma alıram ki, əsərdən həzm etdiklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu roman haqqında yazsam ya gərək əsəri bütöv bura köçürdüm, ya da burada özümdən amerika açıb sizi bezdirim. Amma çalışacam bunların heç birini etməyim.
Əsər yaxşı mənada dağıdıcı gücə malikdir. Yəni onunla qarşılaşdığın zamana qədər əldə etdiklərin yalnışdırsa, onları darmadağın edəcək, səni dəhşətli dərəcədə sarsıdacaq. Bu mənada çox qəddardır, insafsızdır, səhvləri bağışlamır, nəfəsini dərməyə imkan vermir. Hər addımbaşı hahaha hərifbirləşmələri ilə səni ələ salıb gülür. Knut Hamsun bu romanı bütöv bir obraz kimi yaradıb. Bu obraza həm özü, həm baş qəhrəman Nagel, həm Dəqiqəcik, Daqni, Marta və başqaları daxildir. Ayırmaq, ayrı-ayrı obrazlar haqqında yazmaq mənə görə alınmır. Bəli, “Misteriyalar” müəllifin özünü belə kölgədə qoyur.Knut Hamsunun Misteriyalar
Yazıçı roman boyu minalar basdırıb. Sən isə onları axtarıb tapmalısan. Deyə bilmərəm hamısını tapdım. Bu mümkün də deyil. Ancaq tapdığım minalardan biri haqqında sizə yazmaq istəyirəm. Bu Nagelin Tolstoy haqqında dedikləridir. Andıma sadiq qalaraq iki səhifənin hamisini bura yazmayacam. Sadəcə bir, iki cümlə.
“Amma o, bütün həyat impulsları çoxdan sönən dünyagörmüş bir qocadır, onun qəlbində insan ehtiraslarının izi-tozu belə qalmayıb. Ancaq bütün bunları – mənə etiraz edən ola bilər – onun təliminə heç bir aidiyyəti yoxdur. Yox, var, həm də bir başa! Bütün həyatını keflə yaşayıb qocalandan, dünyanın ləzzətini çəkib kifayət qədər sərtləşəndən sonra cavan bir adamın yanına gəlib deyirsən ki: bu dünyanın nemətlərinə çox da aludə olma!”
Bu hissə mənə rayonumuzun ağsaqqallarını xatırlatdı. İngilislərə şortik geyinmək olar, amma bizə olmaz deyən tarix elmlər namizədi, Marks, Engels və Leninin böyük portretlərini həvəslə çəkən, indisə namaz qılıb yüz otuz manat təqaüdə şükür edən rəssam atam; orta məktəbdə Axundovu, Cəlil Məmmədquluzadəni, Sabiri bizə təbliğ edən, amma indisə dinimizin müqəddəsliyindən, xalqımızın, milli-mənəvi dəyərlərimizin böyüklüyündən, Avropada əxlaqsızlığın baş alıb getməsindən ağız dolusu danışan ədəbiyyat müəllimim; sənə danışmağa imkan verməyən və boş-boş öyüd-nəsihətlər verən rayon ağsaqqalları, vaxtı ilə bədii kitablar oxuyanda fərqli düşünən, indi isə dinə qapılıb hər fərqli fikri qəzəblə qarşılayan dost, tanışlar yada düşdü. Bəli. Knut Hamsun dünyaca məhşur, hətta Avropanın nümunə götürdüyü ağsaqqal Tolstoy haqqında bu cür düşünürsə, görün indi bizim ağsaqqalar hansı pillədədirlər. Müqayisə olunmasını düşünmək belə gülüncdür.
Bizə aydındır ki, Sovet imperiyası dağılandan sonra çox saxtakarların istədikləri münbit şərait yarandı. Maskalar yırtıldı. Özləri oldular. Cəmiyyətimiz qaraya büründü. Total dini düşüncə formalaşdı. Fırıldaqçılar istədikləri kimi bu şansdan istifadə etdilər. Fərqli düşünən, sos siqnalı verən insanların səsləri belə eşidilmirdi. Belə qara vaxtlar zamanı təxminən iyirmi beş il bundan qabaq qonşu olduğumuza baxmayaraq o vaxta kimi yaxşı tanımadığım Sərdar müəllimdən fərqli, tamam başqa həqiqətlər eşitdim. Atamla çoxdan tanış idi. Atam rəssam olduğu üçün ailəmizə xüsusi ziyalı hörməti bəsləyirdi.

Günlərin birində gecə atam xəstə olduğu üçün bizə baş çəkdi. Özü də ağır xəstəlikdən əziyyət çəkirdi. Onu bütün rayon ağsaqqaları kimi eyni səviyyədə bilirdim. İşıqlarımız sönmüşdü. Lampa işığında oturmuşduq. Bir az hal-əhval tutandan sonra başladı rəssamlıqdan bildiklərindən danışmağa. Bizə suallar verirdi. Ermitajda gördüyü rəsm əsərlərininin bəzilərini təhlil etdi. Sözün açığı belə gözləmirdim. Yaşlı Sərdar müəllim qardaşımla və mənimlə tam fərqli, sərbəst şəkildə söhbətə başladı. Fikirlərimiz onunçün maraqlı idi. Bizi təmkinlə dinləyirdi. Oxuduqlarından bizə maraqlı söhbətlər edirdi. Mən o zaman təxmin etdim ki, bu adam tamam başqadır. Sonra dinə baxışlarını açıqladı. Bu dəfə də qoca mənə növbəti zərbəni vurdu. Onu yalnış tanıdığıma görə utanırdım. Düşüncələri cəmiyyətimizin baxışlarına qarşı olsa da qorxmadan, çəkinmədən hər yerdə dediyini söylədi. Əvvəllər necə ateist imişsə, indi də öz həqiqətinə inanırdı. O dünyanın olmadığını dəfələrlə təkrarlayırdı. Biz cənnəti bu dünyada qurmalıyıq sözlərini deyəndə lampa işığında yaşlı, arıq siması, çöküyə düşmüş parıltılı gözlərində özünə inam gördüm. İndi bəzi gənclərə bu sözlər adi gələ bilər, amma iyirmi beş il bundan qabaq, rayon yerində yaşlı bir adamdan bu sözləri eşitmək birinci kurs tələbəsi üçün yeni açılmış panorama idi. İndi də dəqiq bilirəm ki, bizim rayonda bu qəhrəmanımızın gücünü hələ heç kim kəşf edə bilməyib.
“Misteriyalar”ı oxuduqdan sonra anladım ki, bu kimi sirli qəhrəmanlar həmişə olur, onlar heç vaxt tanınmırlar, əməllərindən kimsənin xəbəri olmur və dünyalarını dəyişəndə özləri ilə nə qədər sirr aparırlar.
Qoca ömrünün sonunda ruhi xəstəlikdən əziyyət çəksə də, tapdığı həqiqətə inamı bir qram da sarsılmamışdır. Lap Nagel kimi.
“Sizə deyirəm: məni necə adlandırmanız qəti vecimə deyil, onsuz da heç vaxt təslim olmayacağam, ömrü boyu! Mən dişlərimi sıxıram, ürəyimi daşa döndərirəm, çünki haqlıyam; Bütün dünyaya qarşı təkbaşıma dayanacağam, amma təslim olan deyiləm!”
 
 
 
Müəllif: Gündüz Ağayev
Mənbə: azlogos.eu

0 şərh