Südabə Ağabalayeva Ocaq daşı

Yay gününün bürküsü, vaxtın təntiyən vədəsi. Bir belə tünlük əlindən sığınmağa tək gümanım siqnal nüsxəsi əlimdə olan «Azərbaycan» jurnalı. Siqnal nüsxəsini vərəqləməyin bir özgə ovqatı var; az qala hər sətrini dönə — dönə oxumusan, gözüyumulu bilirsən hansı yazı hansı əhifədədir… amma yenə də ilk dəfə görürmüş kimi, nigaran bir həyəcanla çevirirsən səhifələri. Bundan sonra əlinə alanda isə, başlayırsan adi oxucu kimi vərəqləməyə… Bu da başqa bir zövqdür, bu dəfə başqa nə isə axtarırsan, vərdişkar tövrlə olsa da… Bunları düşünə — düşünə sövq — təbii vərəqləyirsən jurnalı, gözün sətirlərdə, fikrin həyatın yanında. Və elə bu dəm hardansa limon çiçəyi ətirli bir sərinlik axdı keçdi. Niyəsə bu sərinliyin rəngi mavi gəldi mənə və düşündüm ki, limon çiçəyinin rəngi hara, mavi hara.
Südabə Ağabalayeva Ocaq daşı
Son vaxtlar adamı diksindirən, nigaran pərtlik doğuran bu rəngin bəxtinə acıya — acıya şeirləri birnəfəsə oxudum. Yox, şedevr deyildi, amma o anda sətirlərdən süzülən narın sərinliyə görə əvəzi yoxdu mənə görə. Həmin anda mənə elə gəldi ki, sözün, misranın, fikrin gücü də, gözəlliyi də bundadır: ovqat yarada bilməsində. Nə müəllif ədası vardı, nə misralar çığırırdı. Bir az serenada intonasiyası və həyəcanı, bir az bədii sualın adamı silkələyən vurğusu, bir az da bilib fərqinə varmadığımız həqiqətlərin səsi… Sadə, aydın mətləbi, rahat intonasiyası səhifəni geri çevirib müəllifin adını öyrənməyə qoymadı axıracan… Sonuncu şeiri oxuyub bitirəndə hiss etdim ki, o günəcən şəxsən görməsəm də, Tofiq Məlikli ilə bu şeirlərdən sonra sanki bir qan qohumluğu bağıyla çoxdan tanışam və bu şeirlər oxucudan cavab gözləyən suallardır. Həm də bu sualların cavabını müəllif çoxdan bilir, yaşadığı upuzun bir həyatdan öyrənib bu cavabları, sadəcə, sənə də xatırlatmaq istəyir, istəyir ətrafına baxasan, günəşin əlini alnında hiss edəsən, kəhrizli sərinliyə dalıb unudasan sıxıntıları, pislikləri…
Bu şeirlər deyirdi ki, yaşadığını düşünmə, düşündüyünü yaşamağa çalış; həyat onda gözəl olur...Amma başqa bir şairin lap çoxdan oxuduğum bir misrasını həyat o qədər səsləndirmişdi ki yaddaşımda, təsəvvürümü yanıltmaqdan çəkindim. Neynim ki, «Heç kəsi yaxınlıq salmasın uzaq» misrasını Söhrab Tahirin "şair yalanı" kimi qəbul etməməyə«kömək edənlər» çox olmuşdu. Elə ona görə də bir xeyli məndə mənimlə qalan bu limon ətirli mavi sərinliyə görə ürəyimdə təşəkkür etməklə kifayətləndim. Sonra onu uzaqdan — uzağa daha yaxından tanımağa kökləndim. Moskvada yaşayan türkoloqun yazılarını oxyanda bu gün üçün çox vacib olan mədəni müxtəlifliyin qorunması zərurətini siyasətin gözlənilməz fəndlərindən uzaq tutmaq, milli identifikasiyanın özəlliyini səriştəli təqdim etmək məharətinə, bir türk sevdalısının «türkünən güclü silahı — sevgidir» həqiqətinə inanmasına və inandırmasına, qibtə ediləcək təmkininə sevindim. Haqqında yazılanları və deyilənləri özünün yazdıqları və söylədikləri ilə üz — üzə qoyanda gördüm ki, hər iki tərəfin gücü bir — birinin gözünün içinə dik və aydın baxa biləcək bir əminlikdədir.   Başqa şeydir həyat, qardaşım! Əngəlləri aşmaq sənətidir o, qürurunu, mənliyini qorumaq sənəti. Çox çətindir, bilirəm, bu sənət! Çətindir – Alnı açıq yaşamaq, Sinə gərmək yalana, alçaqlığa, Çətindir qorumaq gerçəyi, həqiqəti, ədaləti, sevgini.   Bu sətirlərdəki qətiyyətin zərbindən diksindim və gümanım dişini dişinə sıxıb susdu… Sonra bir az da başqaları kimi olmadığının fərqinə vardım. Fərqinə vardım ki, titul, status, «yerini şirin salmaq» fəndgirliyi onun həqiqətinin qarşısına keçmir, keçə bilmir. Nə sözündə, nə düşüncəsində. Şərait və vəziyyəti xeyrinə işlətmək düşüncəsindən uzaqlığının şaxlığını da başqa mühitdə olmasına bağlayıb, nigaran — nigaran gözləməyə başladım. Bu, konkret bir şəxsdən nigaranlıq deyildi.  

Ziyalıları çox olan cəmiyyətdə Ziyalılığın azalmasının səbəblərilə bağlı bədgümanlığın təsiriydi. Alimlərinin sayı artan elmimizdə Alim obrazının aşınmasını müşahidə edərək gəzişən pessimizmin notlarıydı və belə düşünməyə hər gün, hər saat bizə nə qədər desən, «məlzəmə» verənlərin bolluğuydu. «Güvəndiyimiz dağların» qar altında qalıb itən dağlığıydı. Vicdan rahatlığını qulaq dincliyinə qurban verib, düzlükdən, ədalətdən, həqiqətdən dəm vuranların sırasında, dəstəsində, yanında duruş gətirmək, əyilə — əyilə «ucalan» şərəfsizliyə rəvac verənlərin çilik — çilik etdikləri inamın, etibarın məzarlığına çevirdikləri mühitdə öz rəngində, öz səsində qala bilənlərin tutiya azlığında adam özündən çox, «bu başqa cür görünənlərə» görə qorxur bir az da. Hamının bir — birini ovuc içi kimi tanıdığı cəmiyyətdə, «timsah humanizminə» (Rəsul Rza) kimsə inanmır.   Suçmu Qürurlu, azad, alnı açıq görmək, Yurdun hər bir fərdini?   «Tofiq Məliklinin mövqeyi» ifadəsinə ekvivalent kimi obyektivlik sözünü qoymaq olar. Bu, günün reallığında bir qədər “alman xarakteri”, yaxud inadkarlıq kimi görünə bilər. Adama elə gəlir ki, güzəşt sözü bu insana yaddır. Amma alicənab mədəniyyət hər şeyi öz adı ilə çağırmağı rəva bilməyəndə, nəzakətli «arifə işarə» priyomu yaxşı köməkçi olur. Məsələn, elmi qənaətlərlə, mövqe ilə razılaşmayanda Tofiq Məliklidən «mən ölüm»lə, «xətirə» rəy almaq mümkün deyil. Bir dəfə Tofiq Məliklinin bir sanballı tərcümə variantının təqdimatına tələbələrimi də dəvət etmişdim. Tələbələrdən biri Tofiq müəllimi diqqətlə dinləyib dedi ki, deyəsən, müəllifi tərcümə qane etməyib… Niyə belə düşündüyünü soruşmağa ehtiyac qalmadı; nə deməkdən çox, necə deməyi öyrənmək nümunəsi ola bilmişdi Tofiq müəllimin çıxışı. Tofiq Məliklinin alim, pedaqoq, tərcüməçi, ictimai xadim, vətəndaş peşəkarlığı bəzi suallara cavab tapa bilməyəndə şeirə üz tutur. Şeirlərin mövzusu isə onu insan kimi səciyyələndirir. Onun səsinin və sözünün təlqinedici gücü inam, etibar, əminlik təlqin edir, gəncliyə xas enerjiyə yoluxdurur.
Tofiq Məliklinin polemika mədəniyyəti, ən müxtəlif səviyyələrdə belə, həmsöhbətini ünsiyyətdən zövq almaq imkanı ilə mükafatlandırır. Əmin olduğunu da, qəti qənaətini də israr etmədən, məsləhət təriqi ilə təlqin edir. Elə ona görə də milli mənsubiyyətimizlə bağlı mövqedə — azərbaycanlı, Azərbaycan türkü anlamında «azəri» ifadəsinin işlədilməsinə münasibətdə ideoloji yanaşmaları qəbul etməyərək, «azəri» ifadəsinin uyğun olduğunu sübut edən məqaləsini oxumasını tövsiyə etdikdən və mən də həmin məqalə ilə tanış olduqdan sonra belə, öz mövqeyimdə qaldığımı rahatlıqla Tofiq müəllimə bildirəndə tərəddüd etmədim.   Onun səsini ucaltdığı məqamlar ziyalı — vətəndaş mövqeyilə bağlıdır. Bu mövqedə onun gənclik və həqiqət ehtirasını müdriklik, obyektivlik və uzaqgörənlik yönləndirir, ictimai maraq və mənafeyi nə şəxsi, nə də milli özünəvurğunluq populizminə güzəştə getmir. Tofiq Məlikli o insanlardandır ki, mənəviyyatı ifadə edən hiss və duyğular, düşüncə və yanaşmalar onun adında və imzasında öz mahiyyətində görünür. Tofiq Məlikli münasibətlərin adını, ünsiyyətin sərhəd, məsafə və intonasiyasını heç vaxt qarışdırmayacağına ilk ünsiyyətdən və həmişəlik inanılan insanlardandır. Əlbəttə, müəyyən yetkin yaşdan, həyat təcrübəsindən sonra bu məziyyətləri xüsusi vurğulamaq yersiz görünə bilər. Amma nə edək ki, biz normaların az qala qəhrəmanlıq kimi qəbul edildiyi, qavranıldığı bir mühitdə yaşayırıq.   Tofiq Məlikli həyatı da, Vətənini də, dostlarını da, doğmalarını da epitetsiz dəyərləndirən insanlardandır. Yaşamaq şövqu, həyatdan, yaşın məziyyətlərindən zövq almaq bacarığı ilə təqvimi yanıldır, təqvimin rəqəmlərini «gözdən salır». Təkcə görülən işlərin sayı — sanbalı, əhəmiyyəti, çəkisi və həcmi "şübhəyə salır". Tofiq Məliklinin elmi və ictimai fəaliyyəti sanki türkün, türk dilinin, türk mənəviyyatının gücünü, yerini və dəyərini dərk etməyin vacibliyinə inandırmağa köklənib. Onun alim, yazıçı, vətəndaş mövqeyi insanlığın taleyinin daha çox mənəvi dayaqlardan asılı olduğunu xatırladır. Moskvada təhsil alarkən özü kimi düşünən bir qrup gənclə Moskvada bir ocaq yandırdı.
 
«Ocaq» cəmiyyəti nəhəng dövlətin paytaxtında Azərbaycan Demokratik Respublikasının 70 illik yubileyini qeyd etdi, Novruz şənliyini ümumşəhər bayramına çevirməyə nail oldu, doğma dildə məktəb yaratdı, maarifçilik işini sistemləşdirdi. Bir sözlə, azərbaycanlıların bu mədəniyyət mərkəzi xalqlar arasında dostluq və qarşılqlı anlaşma naminə çox işlər gördü; mənəvi bağları möhkəmləndirməyə səy göstərdi, Moskva Universitetində kafedraya rəhbərlik edən professor Tofiq Məliklinin şəxsi nümunəsi bu fəaliyyətin keyfiyyətinə və nüfuzuna dəstək oldu, amma bu işləri öz adına çıxmadı, «mən» demədi, «biz» dedi, şəxsi mənafelər yox, əqidə qorundu. Elə ona görə də «Ocaq»dan Ocağa ülfət, hərarət əskilmədi. İndi Moskvada Yazıçılar Birliyinin Bölməsinə rəhbərlik edir. «Qcaq»dan Ocağa cığırlarda ayaq izləri seyrəlməsin deyə yenə yollardadır.   Əsrin dörddə üçünü yola salandan sonra memuar yazmaq gözəldir. Bunu Borc kimi, məsuliyyət kimi düşünür, Yaddaşa güvənir, Yaddaşın gücünə inanır. Fərdin də, millətin də gücünün, böyüklüyünün, ucalığının YADDAŞDA olduğunu yaxşı bildiyindən.   Əslində, bir məktub kimi düşündüyüm bu yazı bir vaxt Tofiq Məliklinin şeirlərindən aldığım çiçək ətirli mavi sərinliyə və düşüncəsinə görə təşəkkür əvəzidi. Sonra daşındım bu fikirdən. Ona qorxularımı yazmaq istədim. Qorxularım arzu larımdı və bu arzuların «ictimai çəkisini», trafaret soyuqluğunu, ütülü — sığallı dekorasiyasını düşünmədim (o qədər eşidib ki...). İstədim yazam ki, Allah Sizi inandıqlarınızla sınağa çəkməsin, dərd dinləməyən, haldan bixəbər, biganə, laqeyd adamlarla cəzalandırmasın, Sizə güvəndiklərinizdən, onlara da Sizdən qırılmağı qıymasın… Sizin də çox sevdiyiniz şair demişkən; «Bir cüt gözün matəmi // Min — min gözə çökməsin». Məncə, İnsanın ən böyük qorxusu bu olmalıdır.   Hamının can atdığı ən böyük savab da bu:   «Ciyər dolusu hava, Könül dolusu sevinc».  
 
 
 
Müəllif: Südabə Ağabalayeva
Mənbə: azyb.az
 

0 şərh