Öz xəyanətinə qurban gedən Əsəd Cahangir

Çoxları ədəbi tənqidçilərə uğursuz yazıçılar deyir, bəziləri isə, ümumiyyətlə, bu peşə sahiblərinin xidmətindən xəbərsizdi.
Ədəbiyyatın içində olanlar isə yaxşı bilir ki, sənəti nişan verən, yazıçının getdiyi yeni yolu göstərən, novatorların yara-yara keçdiyi cığırların başında durub həşir salan məhz tənqidçilər olur.
Təəssüf ki, adındakı “tənqid” sözü bu peşə sahiblərinə qərəzli, radikal bir obraz biçir deyə, əksər qələm adamları tənqidçiləri “mız qoyan” obrazında görür.
Hərçənd Dostoyevskinin bir anın içində Dostoyevski olmasına tənqidçi Belinskinin bir cümləsi bəs etmişdi.
Son illərin tendensiyası bütün ədəbiyyat adamlarından əlavə bir bacarıq tələb edir: savad, intellekt, istedadla yanaşı gərək sənət adamında sehrbazlıq da ola. Həqiqəti, yeniliyi rahat fonda danışmaq, yazmaq artıq oxucu, tamaşaçı üçün çox da maraqlı deyil. Qələmə aldığın həqiqətlərin fonu mütləqdir ki, sərhədlərdə, təhlükəli sularda qurula.
Oxucu oxuyanda, tamaşaçı baxanda özünü daim sıldırım bir qayanın sivri ucunda addımlayırmış kimi hiss etmək istəyir. O, umur ki, müəllif odla oynasın, sehrbaz kimi ülgüc üstündə gəzsin.
Tendensiyanın bizi itələdiyi bu reallıqda diqqət çəkən bir imza var idi...
Əsəd Cahangir
Əsəd Cahangir.
Əsəd Cahangir kəsərini qazana bilməyən Azərbaycan ədəbiyyatının sehrbazlarından idi. Unikal skeptik baxışını, istedadını intellektlə cilalaya bilən çox az tənqidçidən biri kimi istədiyi an ədəbi mühitdə bir tonqal qalayar, bəziləri işığına, bəziləri istisinə görə bu tonqala yığışar, sonra həmin tonqalla hər kəsi yandıra bilərdi.
Bunu dəfələrlə etmişdi də!
O, təkcə qələmi ilə deyil, dili ilə də xarüqələr yaratmağı bacarırdı, apardığı bütün tədbirlərdə, qonağı olduğu verilişlərdə danışa-danışa vardığı üfüqlərə diqqət kəsiləndə adamın tükü ürpənirdi. Dili ilə möcüzə yaradan bu adamın bircə papaqdan dovşan çıxarmağı qalırdı.
Əslində, onu da edirdi, ancaq görənlər üçün...
Əsəd daim tənqid atəşində olub, bu atəşdə çox yanıb, yandırıb...
Başa düşüləndir...
Tənqidçilər heç vaxt birmənalı qəbul edilməyib.
Bir zamanlara qədər böyük bir ümid var idi...
Ümid, hətta əminlik var idi ki, məhz Əsəd Cahangirin tənqidi baxışı çağdaş Azərbaycan ədəbiyyatına qaynar sahilləri nişan verir. Əsədin odlu-alovlu yazıları, rəngarəng çınqıllar arasında mirvariləri görə bilmə bacarığı böyük bir əminlik yaradırdı ki, məhz onun arxasınca getmək nicatdır.

Lakin...
Hər insanın xüsusi bacarığı var. Bu bacarıq əlahiddədir. Geniş dünyada hər kəs yalnız həmin bacarığı ilə yaraqlananda külli-bəşərdən seçilə bilir. Vay o gündən ki, məhz həmin istedadına xəyanət edəsən. Bu zaman hər kəs, hətta Allah da səni bağışlasa, özünü başa düşə bilmirsən, tənindən, kəndindən zəhlən gedir. Hər gün əlinə, qoluna murdarlanmış çıxıntılar kimi baxırsan, duan da lənət kimi ağzında ağuya dönür. Ününün kəsərini itirirsən, yer kürəsi böyük bir kirpi kimi ayaqlarına batır. İnsan bu reallıqda yalnız lənətin qara yelkənlərinə bağlanıb olduğundan da betərə getməyi seçir, mazoxistcə əzabının artmasını arzulayır.
Əsəd Cahangirin son vaxtlar xoş rəy verdiyi kitablara, mətnlərə baxanda, tərtib etdiyi ədəbiyyat siyahılarını gözdən keçirəndə müəllifin reallıqdan uzaqlığı heyrət doğurur. İstedadına xəyanət edən Əsəd artıq nəinki ortabab əsərlər, hətta bədiilik qazana bilməyən qaralamalar haqqında da şedevrlərdən söz açırmış kimi danışır.
Eynən istedadına xəyanət etməyin lənətinə gələn adamlarda olduğu kimi bir yerdən sonra reallıq hissini unudur, bacarığı ilə qatığa qara deyib hər kəsi inandıracağını düşünür. Halbuki, o, artıq illər əvvəl ədəbiyyat sehrinə xəyanət edib, bu səbəbdən sehrbazlıq qabiliyyəti də uzaq keçmişdə qalıb. İndi qara “sehrbaz qutuları”na yerləşdirdiyi “yazıçı xalalarla” uğursuz fəndlər edir, özünü hər gün bir az da dərinliyə yuvarladır.
Əsəd Cahangir bərbad mətnlər haqqında o qədər atəşli cümlələr qurur, müqəddəs mətləblərə toxunaraq yazır ki, yazdıqlarının həmin mətnə aidliyini tapmaq üçün mütləq Əsəd olmalısan.
Çox güman, o, oxuduğu ciddi kitablardan gəldiyi qənaətlər barədə qeydlər götürərək şikarını gözləyir, sifariş gələn kimi həmin qeydləri təklif olunan bərbad mətnə şamil edir. Və hələ də inanır ki, bacarığı, istedadı ilə istənilən mətn haqqında müsbət təəssürat yarada bilər.
Musa Tuva vadisinə qövmünü işığa çıxarmaq üçün getmişdi deyə Allah onunla danışdı. Çox şəxsiyyətlər müxtəlif missiyalarla vadilərə, dağlara üz tutur, əlindəki məşəl xeyirdən yandığı müddətcə Allah onları səsləyir.

Əsəd ədəbiyyatın Tuva vadisinə çatmışdı...
Necə oldu ki, pəltək Musa Allahla dialoqa keçə bildi, ancaq dilindən dürr tökülən Əsəd Cahangir sənətin Tuvasında ədəbiyyatın müqəddəs qayəsi ilə, ədəbiyyat Tanrısı ilə danışa bilmədi? Çünki Əsəd gəldiyi astananın bir addımlığında rastlaşdığı ədəbiyyat şeytanı ilə irtibat qurdu.
Bir istedadın göz görə-görə öləziməsi kədərlidir. Daha kədərlisi isə odur ki, bir şəxs öz istedadına çamur yaxa, onu kirlə-pasla maskalaya, işığının üstünü bilərəkdən bulaya...
İnanmaq istəyirəm ki, bir vaxtlar papaqdan dovşan çıxaran sehrbaz özündə güc tapacaq, sözə, mətnə xəyanəti də dovşan kimi dartıb canından çıxaracaq.


Müəllif: Sərdar Amin
Mənbə: kulis.az
 

0 şərh