Selincerin fləşbəkləri

"Çox istəyirəm ki, imkan düşən kimi mənə bir cümlə belə olsa, cavab yazasınız".
Selincerin Unaya yazdığı çoxsaylı məktublardan biri bu cümləylə başlayırdı və o məkublar elə çox idi ki… Ta gəncliyindən başlayaraq müharibənin fəsilləri dəyişən günləri bitənə kimi.
Una iki yaşı olanda atası anasından ayrılır, bəlkə elə buna görə qız atasına ürəkparçalayan məktublar yazıb cavab almaması səbəbindən, sonralar "Çovdarlıqda uçurumdan qoruyan”ın müəllifini laqeyd şəkildə cavabsız qoyurdu.
Selincerin fləşbəkləri
1940-cı il. Una və Selincerin natamam eşq məcəraları yaşadığı dövr idi. Hələ onda Una deyirdi ki, onun yazıçı olacağını bilirdim, hiss edirdim. Nyu-Yorkun  «Stork Club”unda Unanın rəfiqələri, lap qocalıb əldən düşəndə də onu tərk etməyən dostu Truman Kapote, birdə Cerri Selincer boş-boşuna məzəli söhbətlər edirdilər. Müharibədən əvvəl sanki bütün ölkələrdə havadan zeytun ətri gəlir. Göyərçinlər sülhü son udum su kimi içmir, udmur. Eləcə qanadlarında daşıyır. Müharibədən əvvəl insanlar xüsusiylə fərqli gülümsəyirlər. Adam dəli kimi yox, hüzurla sevmək istəyir. Müharibədən qabaq ağaclarda, xüsusən zeytunluqda gizlənmiş barıt qoxusu olur. Onu yalnız təbiət duya bilir. Adamlarsa qayğısız, bivec, laqeyd şəkildə özlərini dünyanın ixtiyarına verirlər. Axı kim sizə əbədi sülhü vəd verdi?

Göyərçinlərmi, zeytun ağaclarımı?
Selincerin məktublarımı?

Beqbeder onların haqqında olan əsərində yazırdı ki, çox arzuladığınız qızı tovlamaq üçün onu inandırmalısınız. Ona deməlisiniz ki, boş vaxtınız var. Başqaları kimi onun üstünə tullanmamalı, yalnız onunla maraqlandığınızı göstərməlisiz. Çox incə və ziddiyyətli məsələdir. Ona iki mesajı — vecimə deyilsən, ama veciməsən — ötürmək üçün cəmi iki dəqiqə vaxtınız olur. Qız iki dəqiqədən artıq dayanıbsa, deməli sizi seçib, odur ki, mumlayın. Selincer bunların bircəciyini də bacarmırdı. Kor-koranə sevirdi. Qocalıqda Unanın ona dediyi kimi, toxunmadan sevirdi. İstəyi fiziki təmasdan yüksəkdə dururdu. Fiziki təmas yadına düşmürdü. Saatlarla birlikdə uzanan, dəcəllik edən, yatan, duran amerikalı gənclərdən bunu eşitmək real görünməsə də, müharibə öncəsi gənclər də başqa imişlər yaxın keçmişdə.
Cerri özünü barda qəribə hiss edir, dırnaqlarını gəmirirdi. Selincerin yeri bura deyildi, o danışmağa söz tapmırdı. Yazıçının sözləri bəzən qəhətə çıxır: uyğunsuz məkanda, uyğun olmayan insanlarla. Bu baxımdan yazıçını daimilik susdurmaq nə asandı… Məntiqi əsasla baxsaq, yazıçını dilləndirən də ətrafıdı, susduran da, təkləyən də, əzizləyən də. Onun Una ilə ilk söhbəti iki balığın dialoqu kimiydi, susqunluq barın divarlarını danışdırırdı.
Una dramaturq Yucin Onilin qızıydı, onlar uzun illər görüşmürdülər, hamı məhşur adamdan danışanda qız daxilində atasızlıq, utanc, əzab, nisgil, tənhalıq, sevgiyə, məhz ata sevgisinə ehtiyac yaşayırdı. Onun „Gecəyə çevrilən uzun gün“ əsərində əynində gəlinlik donu olan, ağlayaraq evi dolaşan narkoman anasının təsviri verilib. Bədbəxt ailə dramı silsilə şəklində davam edirdi, təkcə Una ondan Ç.Çaplinə ərə getməklə azad ola bilmişdi. Yucin doğulan günün səhərisi anası narkomniyaya aludə olmuşdu, onda qadınlara doğuşsonrası ağrıları kəsmək üçün belə dərmanlar yazırdılar. İyirmi dörd yaşında Yucin intihara əl atdı, qardaşı 1923-cü ildə özünü öldürdü.
Yucin 1917-ci ildə Aqnes adlı qadına dəli kimi aşiq oldu, ta o vaxta qədər ki, onların ilk övladı Una doğuldu. Onun atalıq allergiyası vardı, bu uşaqlıq travmaları ilə sıx bağlıydı. O yazırdı: „Bətndə uşaq daşımağın nə mənası var? Nə üçün ölümə həyat verəsən? Cəhənnəm olsun uşaqlar!.. Nifrət edirəm! Nəyə görə bu yeni varlığı həyatımıza saldın?“
»Ulu Tanrı Braun və İlk insan" əsrlərində də yazıçının üsyankar təbiəti, uşaqlara nifrəti, qadınına sevgisi, mənəvi böhranı əhatəli əks olunmuşdu.
Onun iki oğlu da, Unanın qardaşları da sonralar intihar edəcəklər. Bəlkə depressiya keçirən yazıçılara  uşaq sahibi olmağı qadağan etmək lazım idi, yəni bunu gizlətmədən açıq şəkildə söyləyən yazıçı varsa, qadağa daha məqsədyönlü, ağlabatan görünür.
 
Ən dərin sevgilər həmişə cavabsız qalır, təkqanadlı olduğuyçun uça bilmir. Sevgi uçmadısa, qanadlanmadısa, o torpağa, yaxud torpaqla səma arasına sığacaq hal deyil ki… Selincer Unaya qədər heç kimi sevməmişdi. On altı yaş və iyirmi iki yaş arasındakı sevgi şübhəni, tərəddüdü yaxın buraxmırdı. Una ona deyirdi:
«Sən də mənim kimi ol, mənasız söhbətlər apar, mühüm şeyləri kitabların üçün saxla. Yazıçı üçün əsas olan necə yaşamağı yox, nə haqqında yazmağıdır».
«Vaxtımı boş yerə sərf etmək istəmirəm» deyə Cerri cavabında demişdi: «Sən böhrana göz yumub əylənmək istəyirsən?»
27 aprel 1942-ci ildə "Əzizim Una" başlığı ilə məktublar seriyası müharibədən gəlməyə başladı. Selincerin bu məktublarının çoxu bu gün belə oxunulmayıb. Cerri müharibəyə Unanın dərdindən əzab çəkməmək üçün yollandı, yaxud qızın gözündə qəhrəman olub, daha çox sevilməyi üçün. O elə bilirdi ki, sinəsində medallar, əsgər geyimində, mətin addımlarla qayıdan insanı sevməmək mümkün deyil. Qısası qalibiyyəti, qalibi mütləq sevməlisən. Selincer unudurdu ki, qadın ən eybəcəri, ən axmağı, ən zalımı, ən əclafı, ən soyuqqaanlını sevir, təki ondan bir qığılcımı öz canında hiss etsin. Qadın sevgini unudur, belə deyək ki, yadına düşmür, təki ona heyran olsunlar. Selinceri isə heyranlıq xilas edə bilmədi. Onun Una ilə kəsişən xətləri ilk gündən nəinki yanbayan, heç üst-üstə də düşmədi. Müharibə ona ağır fiziki, psixoloji zərbələr vurdu, ömrünün sonuna kimi təkliyə qapılmasına, çox insan olan açıq sahələrdən qorxmasına səbəb oldu. O sevgilisini itirdi, qız özündən dəfələrlə böyük olan Çaplinə ilk dəfədən aşiq oldu. Çaplin ilk söhbətində Unanın yanaqlarını sözləri, məhz sözləri ilə qızarda bilmişdi. Selincer söz adamı ola-ola, saysız məktubları ona həsr etsə də, qızın könlündə bir telə toxuna bilməmişdi. Bu mənə görə faciə idi — mənəvi faciə. Həmişə elə düşünmüşəm ki, Selincer Una ilə yaşasa, davam etsə idi, onun sonu tənhalığı dost seçən  olmazdı. Həmişə mənə elə gəlib ki, Selincer və sevən, dərin sevən hər kəs bir dəfə sevir, o adamı ömrünün sonundakı ən axrıncı göz qırpımınadək daşıyır. Necə daşıyır? Hə, bax bu — yaradıcılığın da, həyatın da, hətta gündəlik bəsit görünən yeməyin, içməyin, yatmağın da özülünü, bünövrəsini təşkil edir.
Çaplin əlli yaşına kimi iki min qadınla yatdığı ilə lovğalanmışdı, iki evliliyində isə azyaşlı qızla, daha doğrusu qızlarla evlənmişdi. Una — kimsəsiz qız öz himayədarını tapmışdı. 1942-ci ildə, Selincer müharibənin ən qızğın döyüş günlərinin birində olduğu zaman o, Çaplin ilə evləndi.
«Uzağım Una, bu ayrılıq amputasiya kimidir, Çaplin iki müharibənin ikisindən də yayınıb, çünki o qorxaqdır» məktublar yenə davam edirdi.
Onların otuz altı yaş fərqinə çoxlu izahlar yazılıb. Una və Çaplini deyirəm. Bunun iki səbəbi vardı: dəri və dirçəlmə. Bu səbəbdən yaşlı kişilər cavan qızlara meyl edirlər. Selincer də Unadan sonra özündən xeyli azyaşlılara vurulurdu. Tapmacanın cavabı sadədir, qoca kişi ona görə özündən balacanı sevir ki, qəbrə girən gününə qədər hər dəfə onu hamamdan çıxan görüb nəfəsi kəsilsin, qısası Freydin analizi özünü yenidən doğrultsun. Qız isə — ələxsus ata sevgisi görməyən qız — sonsuz heyranlıq obyektinə çevrildiyinə görə özünü xoşbəxt hiss etsin.
Selincer 1944-cü il cəbhədən yazırdı: «Una, sənin çöhrən mənim dinimdir, sən mənə kömək edirsən, sən özün yoxsan, sənin haqqında düşünmək isə… Qəlbimi elə dərindən yaralamısan, heç sənə acığım da tutmur».
1944-cü ildə Heminquey və Selincerin xoş görüşü baş tutur. Diqqətli gənc yazıçı deyir «yaradıcılıq metodunuza aid dediyiniz tərifi eyniylə özünüzə qaytarır, belə anomaliya az hallarda olur». Onlar iki saat söhbət edirlər:

— Heç olmasa burda nə axtardığınızı bilirsiz?

— Xeyir! Amma nəyi itirdiyimi bilirəm, demişdi Selincer. Elə bu dövrdə Selincerin «Sonuncu məzuniyyətin sonuncu günü» novellası işıq üzü görmüşdü.

«Mən muharibə haqqında kəlmə belə kəsmək istəmirəm» deyirdi Selincer: «Nə qədər sağam, yanmış insan cəsədinin iyi heç vaxt burnumdan çəkilməyəcək».
 
1945-ci ildə Nürenberq hospitalının psixiatriya şöbəsində yatan Selincer Unaya müharibənin dəhşətli nəticələrindən yenə yazırdı. Selincer fləşbəq halları yaşayır — bu tutma şəklində keçən travmatik hadisənin yenidən yaşanmasından yaranan intensiv duyğular, təsəvvürlərdi. O oxumağı bacarmır, beyni ona tabe olmur. Səhərə qədər ağlayır, heç nə yemirdi, heç vaxt gülməyəcəyinə əmin idi, dərmanları qarışdırırdı.
O «Banan balığının asan ovlanan günü” hekayəsində deyirdi: „Veteran sindromuna yoluxan əsgərlər haqqında deyirlər, o ölməyib, amma dirilərin dünyasından da hesab olunmur“.
1940-cı ildə yəhudi Selincer romantik, 1943-cü ildə casus, 1945-ci ildə bipolyar pozuntulu xəstə, ömrünün axırına kimi isə aqorafob (açıq sahə, insan kütləsindən qorxan) birinə çevrilmişdi.
1944-cü ildə intihara cəhd etmişdi.
O, 1946-cı ildə Nyu-Yorka qayıtdı, yaşadığı binanın gombul qapıçısını müharibədən əvvəl necə, indi də elə, hər gün itini gəzməyə çıxardığını görəndə dəli oldu. Deməli, insanlar öz həyatlarını yaşamış, bazarlıq etmiş, küçüklərini gəzməyə çıxarmışdılar. Uyğunsuzluq — döyüşçüləri depressiyaya salan əsas səbəb, bax budur. Selincer aramını pozmayan qapıçını görəndən sonra uzun müddət avtodayanacaqda başını əlləri arasına alıb, hıçqırtılarını boğa bilmədi, sarsılmışdı.
Sonralar, lap yaşlanmış vaxtlarında, Çaplin öldükdən sonra, Una və Selincer görüşdü. Una qırışmış üzü, dırnaq boyasının belə gözəlləşdirə bilmədiyi əllərini — üstü ləkəli əllərini çənəsinə söykəyərək, Selincerdən soruşdu: „Sən günlərlə mənimlə eyni çarpayıda uzanıb, xəyallara dalanda mənə toxunmaq heç ağlına gəlmədi?“
Selincer susdu. Və əlindəki tütün qabını, bardan oğurladığı, gəncliyinin bəlkə də güldüyü yeganə gününün yadigarı olan əşyanı Unaya verdi. Onların görüşü sönük, mənasız, söhbətsiz, həyəcansız idi. Ən dəhşətlisi isə görüşdə kədər də yoxdu. Barı kədər olardı, heç olmasa o olardı!...
Az sonra parkın yanından keçənlər dodaq boyası üzünə yayılmış bir qadının güllərin dibinə nəsə basdırdığına maraqla baxırdılar.
Unanın varı-yoxu, mənası, ədəbiyyatı, sözü-söhbəti Çaplin idi. Çaplin ona tərifləri, heyranlıq dolu sözləri, baxışları bir ömür boyu bir dəfə də əsirgəməmişdi. Una unutmuşdu — atasını da, uşaqlarını da, uşaqlığını da. Selincer isə onun heç yadına düşməmişdi.
 
 
 
 
Müəllif: Könül Nuriyeva
Mənbə: yarpaq.az
 

0 şərh