Orxan Kamal haqqında maraqlı faktlar

Onun əsl adı Məhmət Raşit Öyütçüdür. Ancaq hamı onu Orxan Kamal kimi tanıyır.
Həyatı boyunca əzablı günlər, atasının həbs həyatı, dəfələrlə başqa yerlərə köçmək, fəhlə kimi çalışmaq, 4 övlad sahibi olmaq, özünün həbs olunması, Nazim Hikmətlə bir həbsxanada qalmaq və s… Bəlkə də bütün bunlar Orxan Kamalın daha da güclü yazıçı olmasına səbəb olan amillərdəndir...
Bu gün müasir türk ədəbiyyatının, türk ədəbi dilinin formalaşmasında əvəzsiz rol oynayan Orxan Kamalın doğum günüdür.
Orxan Kamal
Həyatı
Həm Türkiyədə, həm də ölkə xaricində ən çox oxunulan və tələb edilən müəlliflərdən biri olan Orxan Kamal 15 sentyabr 1914-cü ildə Adanada dünyaya göz açıb. Adı türk ədəbiyyatının tanınmış yazıçıları arasında çəkilən Orxan Kamal — roman, hekayə, şeirlər müəllifidir. O, daha çox romanları ilə tanınıb.
Yazıçının atası, topçu leytenantı olan vəkil Əbdülqadir Kəmali bəy, anası isə iki ilə qədər ibtidai sinif müəllimliyi etmiş adanalı Əzim xanımdır. Yazıçının uşaqlıq illəri Adanada keçib. Birinci Dünya Müharibəsindən sonra Adana fransızların işğalına uğradığına görə, ailəsi ilə Niğdeyə, daha sonra isə Konyaya köçüb. Atası bir müddət Kastamonudan Türkiyə Böyük Millət Məclisinə seçilən millət vəkili olub. Ankaraya köçən ailə, 1923-cü ildə Adanaya qayıdıb. Ceyhan bölgəsində əkinçiliklə məşğul olan atası, “Toksöz” qəzetini buraxmağa başlayıb. Bir müddət sonra bu qəzet bağlanıb və yazıçının atası 11 ay həbsdə qalıb. Həbsdən sonra atası “Əhali” adlı qəzet buraxmağa başlayıb.
Atasının aktiv siyasətlə məşğul olmasına baxmayaraq, Orxan Kamal o illərdə siyasətlə məşğul olmayıb. Əbdülqadir bəy partiyasını bağladıqdan sonra Suriyaya qaçıb. 1931-ci ildə bütün ailə Beyruta köçüb.
Orxan Kamal Suriyaya, atasının yanına gedəndə məktəbi yarıda buraxıb Beyrutda mətbəədə işləyib. Bir il sonra Türkiyəyə qayıdaraq nənəsinin yanında yaşayıb. Həmin müddətdə Adanada zavodda fəhləlik və katiblik işinə başlayıb.

Yaradıcılığı
Ədəbi həyatı 1960-ci illərdə daha da yüksəlib. Adanada torpaq və fabrik işçilərinin həyatını, İstanbulda kasıb məhəllədə yaşayanların çətin güzəranlarını qələmə alıb. “Murtaza”, “Xanımın Çiftliyi”, ”72-ci Koğuş” müəllifin əsas əsərləridir.
Orxan Kamal 1938-ci ildə Niğdeyə hərbi xidmətə gedib. Hərbi xidmət dövründə “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq” və “Xarici rejimlər lehinə üsyana səsləmə”də günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. Yazıçı ilk şeirini də elə Kayseri həbsxanasında yazıb. “Divarlar” adlı şeirini “Yeddi gün” jurnalında Rəşat Kamal imzası ilə çap etdirib.
Orxan Kamal
Yazıçının atası isə səkkiz illik sürgündən sonra 1939-cu ildə Adanaya qayıdıb.
O.Kamal 1940-ci ildə Bursa həbsxanasında Nazim Hikmətlə tanış olub. 3 il həbsxanada Nazim Hikmətlə dostluq edən Orxan Kamal ondan fransızca, fəlsəfə və siyasət dərsləri alıb. Nazim Hikmət Orxan Kamala şeir yerinə roman və hekayə yazmağı tövsiyə edib.
Yazıçı ilk hekayələrini “Ayaqsız Orxan” imzası ilə yayımlayıb. 1940-cı ildə “Yeni ədəbiyyat” jurnalında onun “Balıq” adlı ilk hekayəsi çap olunub. Yazıçının Orxan Kamal imzası ilk dəfə 1943-cü ildə “İkdam” qəzetində görünüb.
1943-cü ildə həbsdən çıxaraq Adanaya gedib. O, Dövlət Dəmiryolu idarəsində fəhləliklə məşğul olurdu. Həbsə girdiyinə görə yarımçıq qalan 35 günlük hərbi xidməti bitirmək üçün yenidən əsgərliyə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra, tərəvəz satışı ilə məşğul olub. Daha sonra “Vərəm müharibəsi” dərnəyində məmur kimi fəaliyyətə başlayıb. Amma heç bir işdə uzun müddət işləməyib.
Bu illərdə hekayə yazmağa davam edən və ədəbiyyat jurnallarında əsərləri yayımlanan Orxan Kamal oxucular tərəfindən bəyənilən tanınmış yazıçıya çevrilib. 1945-ci ildə ədəbi jurnallardan birinin elan etdiyi müsabiqədə ən bəyənilən hekayə yazarı seçilib. İlk hekayə kitabı “Duyğu” 1948-ci ildə, ilk romanı “Ata evi” isə 1949-cu ildə çap edilib.
Ancaq ilk romanını çap etdirdiyi il yazıçının atası vəfat edib, daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Yazıçı həyatının qalan hissəsini kitab, məqalə, film ssenarisi yazaraq yaşayıb.
1952-ci ildə yayımladığı “Murtaza” və “Cəmilə” romanları ilə məşhurlaşıb. Yazıçının ən sevilən romanlarından biri “Yad qızı”dır. Ailə məişət problemlərindən bəhs edən əsər Azərbaycan oxucuları üçün tanış romandır. Əsərin baş qəhrəmanı Nazan təhsilsiz, evdar qadın olur. O, həyat yoldaşına, oğluna bağlı bir qadın idi. Eyni zamanda, zəif biri idi, hətta həyat yoldaşını çox sevməyinə baxmayaraq, qayınanasının qorxusunda ərinə sevgisini göstərə bilmirdi. Özünü qulluqçu kimi aparan Nazan həyat yoldaşının ondan uzaqlaşmasına səbəb olur. Və bir gün əri Jalə adlı klubda işləyən qadına vurulur. Evdən atılan Nazan həbsə düşür, yüngül həyat tərzi yaşayır. Həbsdən çıxdıqdan sonra isə intihar edir...

Yazıçının 1954-cü ildə “Bərəkətli torpaqlar üzərində” adlı romanı ilə torpaqsız qalan kənd təsərrüfatı işçilərinin dramını ədəbiyyat dünyasına gətirib. Eyni ilə “72-ci koğuş”u yazmağa başlayıb. Yazıçı film ssenarisi yazsa da, çoxu senzuradan keçmirdi. O, ssenarilərini İlhan F. Dmier, Yıldız Okur imzalarıyla qələmə alırdı. 1960-cı ildə tanış olduğu eşq yaşadığı, amma münasibətlərinin ortaya çıxmağından sonra ayrıldığı sevgilisi ilə bağlı əsərini qələmə alıb.
1964-cü ildə yazıçı “Dövlət quşu” romanı əsasında hazırlanan “İspinozlar” tamaşası ilə ilk dəfə teatra addım atmağa başlayıb. İstanbulun şəhər teatrlarında səhnələnən tamaşalar iki aydan sonra naməlum səbəblərə görə, səhnədən yığışdırıldı.
1965-ci ildə “Nazim Hikmətlə 3,5 il” adlı xatirə kitabını yayımlayıb. Eyni il yayımlanan “Bir filiz var idi” adlı əsəri ilə avtobioqrafik romana qayıdıb.
Yazıçı 1966-cı ildə iki dostu ilə birlikdə tutulub. Lakin əməllərində cinayət faktı olmadığı üçün bir ay sonra azad edilib.
Qeyd edək ki, Orxan Kamalın 19 hekayə və 27 roman kitabı çap edilib.

Ailəsi
Orxan Kamal 1937-ci ildə işlədiyi fabrikdə Nuriyə adlı fəhlə xanımla ailə həyatı qurub. Bir il sonra cütlüyün ilk uşağı — Yıldız dünyaya gəlib. 1944-cü ildə yazıçının ikinci övladı olur. O, oğluna Nazim adını qoyur.
1949-cu ildə yazıçının üçüncü oğlu olur. Həmin il atasını itirən yazıçı, övladına atasının adını qoyur.
1957-ci ildə isə yazıçının dördüncü uşağı – İşıq dünyaya gəlib.

Ölümü
Orxan Kamal Bulqar Yazarlar Birliyinin dəvəti ilə 1970-ci ildə Sofiyaya gedib. Yazıçının bu səfərinin əsl məqsədi nənəsinin əsli-kökünün olduğu yerləri gəzib, qeydlər götürmək və “93-dən bu yana” adlı ailə hekayəsini yazmaq olub. Ancaq o, bu istəyini reallaşdıra bilməyib. Beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən yazıçı 2 iyun 1970-ci ildə dünyasını dəyişib.
Cənazəsi xüsusi avtomobil karvanı ilə 5 iyun 1970-ci ildə Türkiyəyə gətirilərək Zincirlikuyu Məzarlığında dəfn edilib.
Yazıçının xatirəsinin yaşaması üçün İstanbulda Orxan Kamal muzeyi açılıb.
1972-ci ildən bu yana yazıçının adına roman müsabiqəsi keçirilir.
 
 
Mənbə: kulis.az

0 şərh