Kənan Hacı - Ağrı dodaqlanmayan saitlər şəklində... Ötmüş zaman üçün remeyk

Bu faylı açdığım vaxtdan yarım saat keçib, ilk cümləni indi yazdım. Gün ərzində ilk siqaretimi yandırıram, tüstü həmişəkindən fərqli olaraq acı və yandırıcı olur. Can ağrısı adamın ağzından qalın saitlər şəklində çıxır: aaa, ıııı… Belə anlarda ağıla ancaq sait səslər gəlir. Gecənin səssizliyində bu dodaqlanmayan saitlər zəif iniltiyə çevrilir, səsboğucu silah kimi adamı öldürür. Ağrını içində boğursan, yanındakı adamın yuxusunu pozmaq istəmirsən.Elə insanlar var ki, ağrı onların ağzı, burnu, saçı kimi anadangəlmə olur. Bu ağrı onlarla birgə doğulur və onlarla birgə də dünyasını dəyişir.
Dərddi, ağrıdı, kədərdi, ayrılıqdı, bunlar dodaqlanmayan məfhumlardır. İnsan həmişə ağrıyan yerinə tərəf əyilir, ağrı insanın ən zəif nöqtəsidir. Mənim ağrım anadangəlmədir, müalicəsi yoxdu. Anadangəlmə xəstəliklərin müalicəsi olmur.
Hər səhər yuxudan oyananda ilk gördüyüm kitablar olur. Yataq otağımda tavana qədər qalaqlanmış kitablar sanki gecə boyu mənim keşiyimi çəkirlər. Mən gecələr yatanda qapını bağlayan adamlardan deyiləm.
Rəflərdə yan-yana düzülmüş kitablar məni qoruyur. Məni ölümdən xilas edən və həm də həyatıma qənim kəsilən kitablar! Bir dostum bu darısqal, havasız otağı görüb dedi ki, bura yataq otağıdır ya kitabxana? Kitabların tozu səni məhv edəcək.
Mən bu kitablara xəyanət edə bilmirəm, dost. Axı onlar mənim həyatımı xilas edib, indi də qoy mən onların cəfasını çəkim. Bütün dahilər bu otağa yığışıb, ürəyin hansıyla istəsə, həmsöhbət ola bilərsən. Markes məndən razı görünür, Oskar Uayldın qınaq dolu baxışlarından yayına bilmirəm, çünki hələ də onu oxumamışam. Kafkayla xəstəlik haqda dərdləşirik, Çexovun “Altı nömrəli palata”sına düşmək ehtimalı var. Arada Qorio atanın əzablarına şərik oluram, Oblomov isə lap zırramanın biridir! Onun haqqında heç danışmağa dəyməz, xalis avaranın biridir.
 Paho, bir yazı mənə yarım qutu siqaretə başa gəldi. Dəyərli yazıçımız Azər Abdulla mənə baş çəkməyə gələndə dedi söz ver ki, siqareti atacaqsan. Söz verdim. O gün zəng vurmuşdu, soruşdu ki, atmısan? Dilimi sürüdüm, azaltmışam, dedim. Amma doğrudan azaltmışam. Əvvəl günə üç qutu çəkirdim. Baxıram ki, siqaret az qala, sağ əlimdə altıncı barmağa dönüb. Siqaret də dodaqlanmayan sözdü. Ağrı kimi, kədər kimi, ayrılıq kimi… Ölmək üçün biri bəs edir: Ağrı!..
Bizim gələcəkdən gözlədiklərimiz bəlkə də keçmişdə qalanlardır. Biz bu dəfə onların başqa formada yenidən qarşımıza çıxmasını istəyirik. Bəzən həyatımızın dünənində qalmış adamı gələcəkdə axtarırıq. Bu, bəlkə də keçmişdən qopa bilməməkdir. İnsanın hər anı keçmişə dönür və bu, ömürdən getmiş bir an deməkdir. Anlar, dəqiqələr, saatlar, günlər, aylar, illər keçmişə döndükcə insan itirdiklərinin fərqinə varır. O keçib getmiş zamanın içində gözəl günlər var, qayğısız həyat var, sevdiyin insanlar var, sağlam can var, şəvə kimi gur, qara saçlar var… Bütün bunlar hamısı keçmiş zamanın içində var, indiki zamanda yoxdu. Gələcək isə namüəyyəndir...
Bir də var keçmişə dönməyən gələcək. Sən hər zaman o gələcəyi gözləyirsən, bir ömür boyu gözləyirsən. Onun gələcəyinə inanırsan. Xəyallarında həmin gələcək zamanda yaşayırsan, gələcək zamanı xəfifcə təqlid edirsən. İnsan öz arzularını, gələcəklə bağlı xəyallarını heç vaxt zaman qanununa tabe etmək istəmir. Amma arada Hötenin, ömrü boyu yaşadığı həyatla arzuladığı dünya arasında vurnuxmuş bu alman klassikinin məsləhətinə də qulaq asmaq lazımdır: “Hərdən xəyala da aldanmaq olar, bir şərtlə — çox uzun sürməyə ancaq”.
Gün gəlir, xəyallar da yıpranır, onların istifadə müddəti bitir. Xəyal divarı bitəndə yıxılmamaq üçün hardansa tutmaq lazım gəlir, əks halda uçurum ağzını açıb bitməz iştahasıyla səni udacaq. Reallıq hissini tamamilə itirmiş insanlar xəyal dünyasının qurbanlarına çevrilirlər. Qurbana çevrilməmək üçün Hötenin bu müdrik fikrini gərək tez-tez özümüz üçün təkrarlayaq. 
 
Platona görə, insan bədəni üç hissədən ibarətdir – baş, döş qəfəsi, qarın. Bunların hər birinə ruhun bir qabiliyyəti uyğun gəlir. Zəka başa, iradə döş qəfəsinə, iştaha isə qarına aiddir. Xəyal isə nizamlayıcı funksiya daşıyır. Platonun təsəvvür etdiyi dünyada hər şey ideal bucaq altındadır. O,  insanlara xəyal dünyasını, mövcud olmayan,amma insanın şüurunda yaratdığı dünyanı daha məqbul və daha doğru hesab etməyi tövsiyyə edirdi. İdeal dünya anlayışını xəyal etdiyi üçün utopistlərin ulu babası Platona hər zaman təşəkkür düşür. Ən azından, ona görə ki, bu böyük filosofun “ideal dünya”sı əsrlərdən bəri ədəbiyyatın əbədi mövzusuna çevrilib. Yarızarafat, yarıgerçək, ədəbiyyat müəyyən mənada həm də Platonun çörəyini yeyir.
A.Eynşteyn yazırdı ki, məntiq bizləri A nöqtəsindən B nöqtəsinə çatdıra bilər.Xəyallar isə bizi məntiqin belə çata bilmədiyi nöqtələrə apara bilər.Məntiqin çata bilmədiyi ərazilər hər zaman ədəbiyyatın xam torpaqları olub. Ədəbiyyat o əraziləri xəyal gücünə fəth edib. Bəşər düşüncəsinin ən yaşarı ədəbi abidələrindən olan “Don Kixot” Servantesin xəyalının, təxəyyülünün məhsuludur. Sonralar fəlsəfədə “donkixotluq” anlayışı yarandı, Don Kixot insan təbiətinin tipik göstəricisi kimi saysız-hesabsız araşdırmalara yol açdı. Don Kixot artıq zamanüstü bir hadisə idi və xəyalın məhsulu olduğu qədər də gerçəkliyi, insan həqiqətini ifadə edirdi. Bu əsər insanın yer üzündəki missiyasının nədən ibarət olduğunu göstərir.
Dostoyevski bu əsər haqqında öz fikrini bu cür ifadə edib: “Əgər bəşəriyyətnə vaxtsa Tanrı qarşısında hesabat verməli olsa, özünün mövcudluğuna bəraət qazandırmaq üçün tək bircə Servantesin “Don Kixot” əsərini təqdim etməklə kifayətlənə bilər”.Servantes burda həm də Platonun “ideal cəmiyyət” ideyasının iflasa uğradığını göstərir. Reallıq dünyasının isə yükü çox ağırdır, insan bu yükü çəkə biləcək gücə malik deyil. Arzular, xəyallar, ümidlər insanın yaşaması və bu yükü çəkə bilməsi üçün köməkçi vasitələrdir.
İnsan yalnız yaddaşı və xəyalları ilə keçmişə səyahət edə bilir, aradakı zaman intervalı yox olur, xəyal sanki meteor kimi yaddaşımızda yaşayan keçmiş zamanın atmosferinə düşür və oranı işıqlandırır. Zehnin keçmişdən aldığı vizual məlumatlar xəyallar vasitəsilə müəyyən bir forma halını alır. Gələcəklə bağlı xəyallar isə hədəflərin müəyyənləşməsindən sonra insanın iradəsindən asılı olaraq gerçəkləşə bilər. Hədəfə çatmaq üçün isə insana motivasiya lazım olur.
 Xəyallar heç də həmişə uğurlu gələcəyin təminatçısı olmur. Yeganə dayaq nöqtəsi xəyallar olan insanlar bu xəyalların tükəndiyini görəndə yaşamaq onlar üçün dözülməz olur və onlar intihara əl atırlar. Bu, eqoizmin faciəvi sonluqla bitən pik nöqtəsidir. Ekzistensialist filosof və yazıçı Alber Kamyu “intihar qaçışdır” deyirdi. Şüur axını formasında yazdığı “Çöküş” romanında isə intiharın heç də xilas yolu olmadığını görürük. İnsan öz mahiyyətindən qaçdıqca öz içində batır. Kamyu bunu dahiyanə şəkildə Klamansın timsalında anbaan göstərir. İntihar belə insanı öz mahiyyətindən xilas edə bilməz. Bu isə tamam başqa bir söhbətin mövzusudur. Biz xəyallarla uğraşırıq, çalışaq ki, xəyalların əsiri olmayaq.
Ağıla söykənən xəyallar daha etibarlı olur. Ağıllı insan reallıqla xəyallar arasında balans yarada bilir. Reallıqla illüziyanın arasındakı neytral zonada gəzişən yazıçılar üçün bu məkan yaradıcılıq laborotoriyasıdır. Yazıçı orda sözlərdən alternativ dünya yaradır və özü də o dünyanın içində yaşayır, bir ayağı isə həmişə real dünyadadır, o, heç vaxt reallıq hissini itirmir.
Bəzən insanın zamanı xəyalların ömründən qısa olur. Amma böyük zamanın içində an qədər qısa ömür yaşamış insanlar olub. Onlar seçilmişlər idi. Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Sergey Yesenin, Artur Rembo, Əli Kərim, Orhan Vəli…
Onlar da Sözün səmasına meteor kimi düşdülər və bədii düşüncəni işıq selinə bürüdülər. Bir insan ömrünə sığmayacaq qədər çox işlər gördülər.O sözü yazdılar ki, onlar olmasaydı, o söz də doğulmayacaqdı. Bəzən təəssüflə düşünürük ki, onlar çox yaşasaydılar, daha böyük əsərlər yaza bilərdilər. Amma o böyük əsərləri artıq yazmışdılar.Mikayıl Müşfiq gənc yaşında novator şair kimi parladı, Cəfər Cabbarlı dramaturgiyada məktəb yaratdı, Əli Kərim bütöv bir mərhələyə çevrildi. Yazdıqları öz çəkisindən ağır gələn və qosqoca bir ömür yaşayan yazıçıların bir çoxu bu gün heç xatırlanmır. Amma Mikayıl Müşfiqi kim unutdu, Cəfər Cabbarlını unutmaq mümkündümü, Əli Kərimi hansısa misrası ilə az qala, hər gün xatırlamırıqmı? Orhan Vəlinin, Yesenin şeirləri hər zaman ruhumuza sığal çəkmirmi, bizimlə həmdərd olmurmu?
Biz bu şeirlərlə təsəlli tapırıq, ovunuruq, onların xəyalları bizim də xəyallarımızı qidalandırır.
Onlar keçmiş zamanda yaşadılar, amma bu gün biz onları gələcəyə ötürürük. Onlar bizim xəyallarımızın körpüsündən keçib gələcəyə gedirlər. Onların zamandan qorxusu yoxdu. Onların zamanı heç zaman bitməyəcək.
P.S. Mən bu sətirləri yazanda Azər Abdulla sağ idi. Pandemiya erası gələcəyin uzaqlığında idi. İdi… Keçmiş zaman olub bitənlərdir, gələcək zaman məchulluq içindədir. Növbəti qapıda dayanıb Ustadın ruhunu anaq...
 



Müəllif: Kənan Hacı
Mənbə: edebiyyat.az

0 şərh