Baba Pünhan-Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkiəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

3 şərh

lili95
ogul atadan agillidir ki
Aysel218
indiki zamanda  choxdu bele veziyyet  Lili
DiplomatkA
Rüşvət almaq ağılsızlıqdan deyil, tamahkarlıqdan və yaxşı yaşamaq ehtiyacından yaranır məncə