Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Branislav Nuşiç | Serb və balkanların Qoqolu

Branislav Nuşiçin şəxsiyyətini açmaq üçün bir neçə tərif işlətməli olarıq: yazıçı, dramaturq, satirik, jurnalist, oçerk müəllifi, Serbiyada müasir ritorikanın banisi, dövlət məmuru, aktivist və sairə. Ancaq ədəbi fəaliyyətini bir sözlə ifadə etməli olsaq: serb və balkanların Qoqolu – onu tez-tez bu adla anırlar.

Həyat və fəaliyyəti
Branislav Nuşiç 20 oktyabr 1864-cü ildə (köhnə təqvimlə 8 oktyabrda) Belqradda Alkiviad Nuşa adı ilə dünyaya gəlib. Onun atası Georq Nusias makedoniyalı tacir, anası Lyubiça isə Brçkodan olan evdar qadın idi. Nuşanın atası serbləşmiş arumın, anası isə serb idi. İbtidai təhsilini Dunay sahilində kiçik Smederevo şəhərində, orta təhsilini isə Belqradda alır.

1882-ci ildə 18 yaşı olarkən Alkiviad Nuşa qanuni şəkildə adını Branislav Nuşiç olaraq dəyişir. O, Belqrad Ali Məktəbinə (sonralar Belqrad Universiteti adlanacaq) daxil olur və 1885-ci ildə hüquq fakültəsini bitirib. Həmin il – 21 yaşında olarkən – o, Serbiya Kral Ordusunda hərbi xidmətə yollanır. Nuşiç xidmət dövründə Serb-Bolqar müharibəsində (14–28 noyabr 1885) Qərbi Bolqarıstanda serb kapralı kimi iştirak edərək döyüşlərin birbaşa şahidi olur.
Davamı →

İvan Krılov - 250 yaşlı təmsil ustası

Yaradıcılığı ilə rus ədəbiyyatında dərin iz qoymuş şairlərdən biri də məşhur təmsil ustası, jurnalist İvan Andreyeviç Krılovdur. Bu il ədibin anadan olmasının 250 illiyi qeyd edilir.

Krılov 1769-cu il fevralın 13-də Moskvada anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və ədəbiyyat aləmində ona böyük şöhrət qazandıran təmsillər qələmə almışdır. Krılova qədər təmsil yalnız uşaq şeiri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O isə təmsili çox ciddi bədii bir janr səviyyəsinə qaldırdı, bu janrda yazdığı orijinal bədii nümunələrlə ədəbiyyat aləmində öz imzasını qoydu.

Görkəmli rus şairi A.Puşkin, məşhur ədəbi tənqidçi V.Belinski, yazıçı N.Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər. Hətta Qoqol onun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırmışdır.
Davamı →

Məcid Qafuri - Başqırd xalqının ünlü şairi

Məcid QafuriBaşqırdların məşhur el qəhrəmanı və şairi Salavat Yulayevdən başlayaraq çarizmin müstəmləkə siyasəti ilə barışmayan başqırd xalqının söz ustadları kəndbəkənd, şəhərbəşəhər gəzərək qəhrəmanlıq dastanları söyləyib, millətin dərd-kədərini dilə gətiriblər, soydaşlarını milli oyanışa səsləyiblər. Onların könüllərə səpdiyi toxumlar çox keçmir cücərir. Başqırdlar içərisindən mübariz qələm sahibləri yetişir. Onlardan biri ünlü şair Məcid Qafuri olub.

Məcid Nurqəni oğlu Qafuri 1880-ci il avqust ayının 1-də Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailədə dünyaya göz açır. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir. Ərəb-fars dillərini öyrənir. Həmçinin xalq yaradıcılığı ilə tanış olur. Sonra Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. Ancaq tale gənc Məcidin üzünə gülmür. Əvvəl atası, az sonra isə anası dünyasını dəyişir. Bu itkilərdən sarsılsa da, təhsilindən ayrılmır. 1898-ci ildə Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsində təhsilini davam etdirməyə başlayır.
Davamı →

Cadugərin çörəyi | O.Henri

Marta Meçamın küçənin tinində kiçik bir un məmulatları dükanı var idi. Qarşısında üç pillə olan və qapıdan içəri girəndə zəng çalınan yeri deyirəm.

Qırx yaşlı Martanın bank hesabında iki min dolları, ağzında iki süni dişi və yumşaq ürəyi var idi. İmkanları Martanınkından dəfələrlə az olanların çoxu çoxdan ərə getmişdi.

Dükana həftədə iki-üç dəfə gələn bir müştəri onda maraq oyatmışdı. Orta yaşlı, eynəkli, sarımtıl saqqalı səliqəylə vurulmuş bir kişi idi. Kişi ingilis dilində alman ləhcəsi ilə danışırdı. Paltarı qırış-qırış, yamaqlı və nimdaş idi, üst-başı tökülürdü. Ancaq yenə də səliqəli görünürdü. Həm də ədəb-ərkan bilən biriydi.

Həmişə iki boyat çörək alırdı. Təzə çörəyin biri beş sentə satılırdı. Bu qiymətə iki boyat çörək almaq olurdu. Kişi boyat çörəkdən başqa heç nə almırdı.
Davamı →

Anna Axmatova - Rus poeziyasının sevilən xanımı

Böyük təsirə malik əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı: “Sənət əsəri, doğrudan da, o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”.

Rus mədəniyyətinin ən zəngin inkişaf mərhələsi, heç şübhəsiz ki, XIX əsr hesab olunur. Həmin əsrin ənənələrinə istinad edərək yüksələn XX əsr rus ədəbiyyatı da özünün şeir-sənət korifeyləri ilə möhtəşəmdir. Yaradıcılıqları ilə təkcə rus ədəbiyyatında deyil, həm də dünya poeziyasında mühüm yer tutan A.Blok, N.Qumilyov, V.Mayakovski, S.Yesenin, B.Pasternak kimi ədəbi şəxsiyyətləri xatırlatmaq kifayətdir.
Davamı →

Vladimir Nabokov Dostoyevski haqqında

Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır.

Lakin Rusiya insanın insanı satdığı qorxunc bir ölkəyə bənzəyir; amerikan plantatorları kimi, zəncilərin insan olmadığını iddia edərək hiyləgər bəhanələr arxasına da sığına bilməz. Bu ölkə insanların bir-birini adlarla yox, ləqəblərlə çağırdığı (Vanka, Vaska, Steşka, Palaşka), nəinki şəxsiyyət, ləyaqət və mülkiyyət üçün, hətta polis nizamı üçün belə heç bir zəmanətin olmadığı, yalnız müxtəlif xidməti quldurların və oğruların yaratdığı nəhəng korporasiyaların mövcud olduğu dəhşətli bir yeri təmsil edir.
Davamı →

Teodor Amadey Hofman

Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir. 

Hofman 24 yanvar 1776 –cı ildə Köniqsberq şəhərində kral advokatının ailəsində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.

Onun musiqi və rəssamlığa həvəsi erkən yaşlarında, ədəbiyyata olan meyli isə yetkinlik yaşlarında aşkar olunmuşdur.
Davamı →

Hər şey kasıb olduğumuza görədir | Xuan Rulfo

Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı.

Üstəlik, dünən bacım Taçanın on iki yaşı tamam oldu, atam ona inək bağışladı, sonra bizə dedilər ki, atamın bacıma bağışladığı inəyi sel aparıb.

Çayın suyu üç gün bundan qabaq, alatoranlıqdan artmağa başlamışdı. Mən evdə yatmışdım, birdən uğultuya oyandım, əvvəl-əvvəl elə bildim dam üstümə uçur, adyalımı da qucaqlayıb bayıra qaçdım. Sonra başa düşdüm ki, bu, çayın səsiymiş, təzədən uzanıb yatdım.
Davamı →

Ömrünü türkçülüyə həsr edən ziyalı - Yusuf Akçuralı

XIX yüzilliyin sonlarından etibarən sütunları zəifləyən Osmanlı dövlətində türkçülüyün yaşadılması üçün ziyalı və mütəfəkkirlər geniş mübarizə aparırdılar. Bu prosesdə fəal iştirak edənlərdən biri də tatar türkü, görkəmli publisist və naşir Yusuf Akçuralı idi.

Yusuf Həsən bəy oğlu Akçuralı 1876-cı ildə Rusiyanın Simbirsk şəhərində dünyaya göz açır. İki yaşında atası vəfat edir. Bu itkindən sonra anası Bibi Qəmər Banu da ağır xəstələnir. Onun müalicəsi üçün ailə 1883-cü ildə İstanbula köçür. Bir müddət sonra Bibi Qəmər Banu dağıstanlı Osman bəylə ailə qurur. Osman bəy Yusufa doğma övladı kimi baxır, təlim-tərbiyəsi ilə yaxından məşğul olur.

Yusuf 1892-ci ildə orta təhsilini başa vurur, 1896-cı ilədək İstanbul Hərbiyyə Məktəbində oxuyur. Burada təhsil aldığı müddətdə yeni-yeni formalaşan türkçülük hərəkatları ilə maraqlanır, dövrün ideoloqlarının əsərlərini oxuyur. Onun ən çox təsirləndiyi isə tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrənin həyat yoldaşı, Türk dünyasının məşhur şəxsiyyətlərindən İsmayıl bəy Qaspralı olur.
Davamı →

Əbül-Üla Gəncəvinin Xaqanidən şikayəti

Əbül-Üla Gəncəvinin 55 yaşı olanda o saray himayəsindən məhrum qalmışdı və öz bəxtindən şikayət edərək yazırdı:

Mənim qəlbim su və alov kimi incə və güclü ikən
Nə üçün mən hər yaramazın qarşısında torpaq və yel kimi alçalıram.

...Bu bitməz ömrümdə müasirlərimdən
Bir nəfər tapmadım ki, onda həqiqət və vəfa olsun.

Bu şikayətlər tamamilə əsaslı idi, çünki şairə qorxunc zərbə endirənlərdən biri də onun ən yaxın şagirdi, saray qəsidəsinin böyük ustadı Əfzələddin Xaqani idi. Əbül-Ülanın təcrübəli gözləri Xaqanini çox tez seçmişdi. Onun nəzarəti altında bitirdiyi məktəb, Xaqanini tez bir zamanda sarayın mədh və tərif ustalarının ilk sırasına çəkmişdi. Ədəbi dilin bütün zənginliyini mənimsəməsi və yeni, lakin çox vaxt son dərəcə cürətli, bəzənsə yersiz, təşbeh və obrazlar yaratmaq cəsarəti Xaqanini saray şairləri üçün qorxunc bir rəqib etmişdi. Əbül-Üla texnika sahəsində onun üstünlüyünü bilə-bilə yenə də öz şagirdini saraya gətirmişdi. Xaqani dərhal gözə çarpmış, həm Məniçöhrün, həm də onun oğlu Axistanın yüksək iltifatına nail olmuşdu.
Davamı →