Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Uşaq öldürən adam | Stiq Daqerman

Stiq DaqermanGünəşli bir gün idi və gün işığı düzənliyə yayılırdı. Birazdan zənglər çalınacaq, çünki bu gün bazar günüdür. Çovdar tarlalarının arasında iki uşaq əvvəllər görmədikləri bir cığırı kəşf edir. Düzənliyin kənarındakı üç kəndin pəncərələri par-par parıldayır. Kişilər mətbəx masasının üzərinə qoyduqları portativ aynaların qarşısında üzünü qırxır, qadınlar zümzümə edərək səhər yeməyi üçün çörək dilimləyir, uşaqlar isə mətbəxin döşəməsində oturub jiletlərinin yaxasını düymələyir.

Bu xoşbəxt səhər əslində pis bir günün başlanğıcıdır, çünki uşaqlardan biri üçüncü kənddə xoşbəxt bir insan tərəfindən öldürüləcək. Buna baxmayaraq, uşaq mətbəxin döşəməsində oturub yaxasını düymələyir, kişi üzünü qırxarkən bu gün dərədə qayıqla gəzəcəklərindən bəhs edir, qadın zümzümə edərək kəsdiyi dilimləri mavi bir boşqaba yığır.
Davamı →

Aravuran qadın | Borxes

Bu hekayəni 1880-ci ildə böyük qardaşı Kristiyanın öldüyü gecə Moron məhələsindəki evlərində Nilsenlərin ən kiçiyi olan Edvard danışıb deyirlər. Əslində bu mənə o qədər də inandırıcı gəlmir, amma fakt budur ki həmin o bitmək bilməyən, uzun gecədə səhərə qədər çay fincanları dolub-boşalarkən kimsə kiməsə bu hekayəni danışıb və o eşidən adam da sonra bunu Santiyaqoya nağıl edib. Mən özüm bu hekayəni Santiyaqodan eşitmişdim yəni.

İllər sonra hadisə baş verən həmin yerdə, yəni, Turderdə bu hekayəni yenidən eşitdim. Bu ikinci variant əvvəlkindən bir qədər uzun olsa da Santiyaqonun danışdığı ilə çox bənzər idi. İndi mən sizə bu hekayəni olduğu kimi nəql etmək istəyirəm amma təbii ki, yaradıcı təxəyyülümün tələbi ilə bəzi nöqtələri bir qədər qabartmağa, bir-iki detal əlavə etməyə çalışacam.
Davamı →

Üç zaman | Yuhan Borgen

Bir dəfə şir ilə quzu yan-yana talada gəzişirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı: “Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?”

“Soruşursan hansı zamanda?”, – şir quzunun sualını təkrar etdi.
– “Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik”, – şir sözünü yekunlaşdırdı.

Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı və nəhayət dilləndi:

“Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman əlbəttə ki, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki, üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst olaraq yan-yana gəzişdikləri gələcək zaman.
Davamı →

Yaxşı insan | Yuhan Borgen

Beş sığırçın albalı ağacında əyləşib nahar edirdi. “Ay səni, şeytan! Odur ey insan gəlir!”, – onlardan ən kiçiyi dilləndi. “Neçə dəfə sənə deyərlər ki, şeytanı çağırma?”- sığırçınların ən böyüyü, bəlkə də ataları, ona təpindi. “Axı, mən xəbərdar elədim, dedim ki, insan gəlir,”- kiçik sığırçın özünə haqq qazandırmağa çalışdı. Böyük sığırçın cavab verdi: “Fərq eləməz. Onsuz da uçmaq vaxtımızdır!”

Sığırçınların beşi də uçub buradan uzaqlaşdı. Ağaca yaxınlaşan insan yuxarı boylandı: “Sizi lənətə gələsiniz, sığırçınlar! Bu il yenə albalı olmayacaq!” Sonra o, evə qayıtdı və pal-paltardan müqəvva düzəldərək ağacdan asdı.
Davamı →

Bir məktublaşma: Pol Oster və Con Kutzeye

14-15 İyul, 2008
Əziz Pol,
Dostluğu, dostluğun necə qurulduğunu, bəzi dostluqların belə uzun, bəzilərinin isə (yanlış təyinatla) açıb ağardılmasa da, qəribə şəkildə şərh olunan hissi bağlardan da çox yaşamasının səbəblərini düşünürdüm. Sənə bu mövzuda bir məktub yazıb dostluğun sosial həyatda necə önəmli olması, bizim üçün, xüsusilə də uşaqlıqda necə böyük əhəmiyyət kəsb etməsindən, ancaq bu barədə nə qədər az şey yazılmasından danışacaqdım. Sonra özümdən soruşdum ki, bu həqiqətənmi belədir?

Bu barədə məktub yazmamışdan əvvəl ötəri bir araşdırma üçün kitabxanaya getdim. Və heyrətə düşdüm, bu qədər yanıla bilməzdim. Kitabxana kataloqundakı siyahıda bu mövzuda yazılmış, çoxu da yeni tarixli bir xeyli kitab gördüm. Amma işi belə qoymadım, bir addım da atıb o kitablara göz gəzdirdim, bax onda, özümü olan hörmətimi az da olsa təzədən qazandım. Haqlıydım, ən azı əlli-əlliyə haqlı çıxmışdım; o kitablardakı dostluq, yoldaşlıq haqqında yazılmış yazıların çoxu maraqsız idi.
Davamı →

Yaşadığım yer | İlze Ayxinqer

Dünəndən bir mərtəbə aşağıda yaşayıram. Bunu ucadan demək istəmirəm, ancaq aşağıda yaşayıram. Ona görə ucadan demək istəmirəm ki, buraya özüm köçməmişəm. Dünən axşam konsertdən qayıdanda — adətən, şənbə axşamları konsertə gedirəm — giriş qapısını bağlayıb işığın düyməsini basandan sonra pilləkənlərlə yuxarı qalxdım, çünki liftimiz müharibədən sonra işləmir. Heç nədən xəbərsiz dördüncü mərtəbəyə çatanda, ürəyimdən keçirdim: “Kaş çatmış olaydım!” və bircə anlığa liftin böyründəki divara söykəndim. Adətən, dördüncü mərtəbədə yorulduğumu hiss edir və çox vaxt da elə bilirdim ki, beş mərtəbə qalxmışam. Ancaq bu dəfə elə olmadı. Bilirdim ki, hələ bir mərtəbə də qalıb. Ona görə də gözlərimi açıb son pillələri çıxmaq istədim və elə həmin anda da liftdən soldakı qapıda adım yazılmış lövhəni gördüm. Bu nədir, yoxsa çaşmışdım?

Yoxsa, beş mərtəbə qalxmışdım? Mərtəbələri göstərən lövhəyə baxmaq istədim, ancaq elə həmin anda da işıq söndü.
Davamı →

Yolda şam yeməyi | Aleksandr Kuprin

Yadımdadır, beş il bundan əvvəl, yazıçılar Bunin və Fyodorovla birlikdə bir günlük İmatraya[1] getməli oldum. Qayıtmağımız gecəyə düşdü. Saat 11 olardı, qatar Antrea stansiyasında dayandı. Biz də bir şey yemək üçün qatardan endik.

Stansiyada, üstündə isti yeməklər və soyuq qəlyanaltılar olan uzun stol qoymuşdular ‒ təzə qızılbalıqdan yemək, qızardılmış alabalıq, soyuq rostbif, hansısa ov quşu, balaca, amma çox dadlı kotletlər və sair yeməkləri ora düzmüşdülər. Hər şey inanılmaz dərəcədə təmiz, ləzzətli və səliqəli görünürdü. Oradaca, stolun bir kənarında balaca boşqablar üst-üstə, çəngəl-bıçaqlar isə topa yığılmış, balaca zənbillərdə çörək qoyulmuşdu.

Davamı →

"Qara adam” Sergey Yesenin

Sergey Yeseninin dünyasını dəyişməsi müasirlərini çox kədərləndirmişdi. «Kəndli» adlandırdıqları şairə görə şəhərlərdə, proletar paytaxtlarda, əsasən də daimi yaşadığı Moskvada göz yaşı tökürdülər.

...Bütün Tver məhəlləsində
Küçələrdəki hər bir köpək
Mənim yüngül yerişimi tanıyır...

Onunla vida Nikitski bulvarında baş tutdu, Nəşrlər evinin (hazırda jurnalistlər evi) girişində «Böyük rus xalq şairi Sergey Yesenin burada dəfn olunub» yazılmış plakat asılmışdı
Onun nəşini buradan yüzlərlə dəfə gəzdiyi Tver bulvarı ilə,  o dövrdə Moskva yazıçılarının klubu olan «Gertsen evi»nin yanından keçərək apardılar. Uzaqlara doğru yol alan yürüş həmin vaxt Tver bulvarının zirvəsində qərar tutanPuşkinin abidəsinə tərəf üz tutdu və tabut abidənin ətrafında üç dəfə dolandı. Burdan Vaqankovoya doğru hərəkət etdilər.
Davamı →

Gecə yarısında | Katherine Mansfield

(Vircinia ocağın yanında oturmuşdu. Üst geyimləri stulun üstünə səpələnmişdi; çəkmələri buxarının məhəccərində astaca buğlanırdı)

Vircinia (məktubu yerə qoyub): Heç ürəyimcə olmadı bu məktub, heç… Mən başa düşə bilmədim ki, o bununla mənə eyham vurmaq istəyib, ya onun tərzi belədir. (oxuyur)

“Corablar üçün sizə təşəkkür edirəm. Sonradan göndərilən beş cütü də aldım. Əminəm ki, bu yaxınlarda göndərdiyiniz corabları şirkətdə bir dostuma bağışladığımı eşidəndə sevinəcəksiniz”. Yox, mən bunu heç də uydurmuram. O, bu sözləri ilə mənə öldürücü bir eyham vurmaq istəyib…

Ah, kaş ki, mən ona o məktubu yazıb özündən muğayat olmasını istəməzdim. İndi o məktubu geri qaytarmaq üçün hər şeydən keçərdim. Xatırlayıram, mən məktubu bazar günü axşam yazmışdım. Bu gün mənim üçün heç uğurlu deyil. Mən həmişə özümü məcbur eləyirəm ki, bazar axşamları məktub yazmayım. Heç cür başa düşə bilmirəm ki, niyə bazar axşamlarının həyatımda bu cür gülünc izləri var. Sanki dərdləşməyə, sevməyə bir adam axtarıram. Bəli, bax bunlar məni kədərli və sevgi dolu edir. Gülməlidir, elə deyilmi!
Davamı →

Hesse dünyası

XX əsr alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) məşhur missioner və leksikoqraf, əksər hind dillərində sərbəst danışan, sanskrit dilində yaradılmış mədəniyyət abidələrinin birincilərindən sayılan Herman Hundertin nəvəsidir. Hesse hind mədəniyyəti ilə uşaq yaşlarından tanış olmuş, ona dərin məhəbbət və hörmət ruhunda tərbiyə almışdır. Sonralar bu rəğbət ciddi marağa çevrilmiş, ümumən Şərq fəlsəfi fikrinin, xüsusilə qədim Çin filosoflarının irsini dərin və yaradıcı şəkildə, Qərb mədəniyyətinin nailiyyətləri ilə üzvi əlaqədə öyrənməyə yönəlmişdir.

Yeniyetmə yaşlarından heç bir mənəvi buxovla barışmayan, ailəsində hökm sürən, insanın daxili aləmini çərçivəyə salan sərt etnik qanunlara qarşı üsyan qaldıran döyüşkən təbiətli Hesse öz asilik ovqatını sonralar I və II Dünya müharibələrinə, faşizmə, millitarizmə, nüvə qırğını təhlükəsinə qarşı çevrilmişdir. Haqsızlığa, mənəvi əsarətə qarşı barışmazlığın nəticəsidir ki, Herman Hesse Almaniyada faşizmin hakimiyyətə gəlməsi təhlükəsi ortaya çıxan kimi etiraz əlaməti olaraq doğma vətənini birdəfəlik tərk edərək İsveçrə torpağına pənah gətirmişdir.
Davamı →