Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

İblis | Cübran Xəlil

Xəlil CibranCamaat huri (Livanlılarda müqəddəs ata) Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.

Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis  hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.

Fəllahlar (Livan kəndliləri) huri Samaana hörmət edir, onun moizə və dua­la­rının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.

Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kən­də doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq bax­anda yolun kənarında, otun üzərində uza­nılı halda çılpaq bir kişi gör­dü. O, ağır yaralanmışdı, yara­sın­dan hələ də qanın sızdığını görmək olur­du. “Mənə yazığın gəl­sin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölü­rəm!”

Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özü­­nə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq is­tə­yib, əvəzində özü zərər çəkib… Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.


Ardı →

Şeir nədir?

Şeir nədir?- Bu suala elmdə saysız – hesabsız cavablar verilmişdir. Şeir sözünün lüğəti mənası- bilik, bilmə, başa düşmə, dərketmə, anlama, duyma duyğu, hiss, hiss etmə deməkdir. Terminoloji mənası– vəznli və qafiyəli, söz poeziya, vəznli və qafiyəli, mənaca incə xəyallar və təsəvvürlər daşıyan söz.

Şərq ədəbiyyatında şeir sözü uzun müddət nəzm sözü ilə sinonim kimi qəbul edilib işlənmişdir. Sonralar bu iki tetminin ayrı-ayrılıqda mənaları dəqiqləşmiş, vəznli və qafiyəli, lakin bədii cəhətdən zəif əsərlərə nəzm, sənətkarlıqla yazılmış vəznli və qafiyəli əsərlərə isə şeir deyilmişdir. Hətta son dövrlərdə gözəl, ahəngdar nəsri də mənsur şeir adlandırmışlar.

Ümumi mənada şeir sözü təbiət və cəmiyyətdə olan şeylərin ən gözəllərini və onların gözəlliklərini bildirən bir söz kimi işlənir. Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. Şeirdə həm musiqinin ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi həm heykəltaraşlağın füsunkar hüsnü vardır.

R.Taqor deyir ki, “Şeirin saflığı qəlbin odu ilə yoxlanılır”. Ərəb filoloqları isə çox zaman şeirdə hər şeydən əvvəl vəzn və qafiyə axtarırlar. Belə dar və formal tələb təsiredici əsərlərin şeir adlandırılımasını aradan qaldırır, digər tərəfdən şeir ilə adi nəzmi birləşdirir, yəni şerin şeiriyyətini, ruhunu, məzmun və ideya cəhətini hesaba almır.


Ardı →

Gücün tətbiqi | Uilyam Karlos Uilyams

Onlar yeni xəstələrim idilər. Yanıma gələn adam haqda bildiyim yeganə şey onun adı idi: Olson

«Xahiş edirəm ki, bacara bildiyiniz qədər tez gələsiniz, qızım çox xəstədir”.

Çatanda məni üzündən qorxduğu sezilən ana qarşıladı, çox aydın şəkildə və üzrxahlıqla: » Həkimsiz? ”,- deyə soruşdu və məni içəri buraxdı. Arxadan dilləndi,- bağışlayın, həkim, mətbəx isti olduğu üçün onu orada saxlayırıq. Bəzən burda hava çox nəm olur”.

Altdan-üstdən nəyi var geyindirilmiş uşaq mətbəx stolunun yanında atasının qucağında oturmuşdu. Atası ayağa qalxmağa çalışdı, lakin mən o narahat olmasın deyə ona doğru getdim, paltomu çıxartdım və vəziyyəti gözdən keçirməyə başladım. Hamının çox əsəbi olduğunu görə bilirdim, onlar məni başdan ayağa inamsızlıqla süzürdülər. Adətən belə hallarda artıq bir söz deyilmirdi, söyləniləcək fikirlər məndən asılı idi; elə buna görə də, onlar mənə üç dollar ödəyirdilər.

Uşağın soyuq, davamlı baxışları açıq aşkar üzərimdə idi, nə baş versə də üzünün ifadəsi dəyişmirdi. O tərpənmirdi. Daxilən sakit, zahirən düyə kimi güclü görünən, qeyri-adi cazibədarlığı olan kiçik qız idi. Lakin üzü yanırdı, nəfəs alış-verişi sürətli idi, yüksək qızdırmasının olduğunu anladım. Gur, valehedici sarı saçları var idi. Belə görünüşü olan uşaqlara adətən reklam vərəqələrində və " Bazar günü ”  qəzetlərinin şəkil bölmələrində rast gəlinirdi.
Ardı →

Atama məktub | Oğuz Atay

Əziz ata,
Bəllkə xatırlamırsan, amma bugün sənin ölümündən iki il ötür. Təəssüf ki, bu müddət ərzində mən daha yaxşı, daha ağıllı biri ola bilmədim; bu fürsətdən də istifadə edə bilmədim. Halbuki, illər öncə sən olmasaydın daha çox şey edə biləcəyimi düşünürdüm. İndi artıq bu günahın da özümdə olduğunu görməyə məcburam.

Sənə bəzi şeyləri danışmamışam. İki il artıq yaşasaydın, ya da dünyaya geri dönsəydin (qısa müddət üçün), sanki hər şey başqa cür olardı. Çarəsizlik ucbatından bir çox şey öz anlamını itirir. Sən olmayandan sonra sənə yazılan məktub nə işə yarar ki?! Amma mən artıq bir iş sahibiyəm, atacan. Ətrafımda səninlə bağlı bir xatirəni danışdığım zaman, “Nə gözəl” deyirlər, “Bunu bir yerdə niyə istifadə etmirsən?!” Ona görə də çox üzr istəyirəm, ata, amma səni bir yerdə, məsələn, elə bu məktubda istifadə etmək məcburiyyətindəyəm.

Keçmiş bir zaman ancaq belə dəyərləndirilə bilərmiş; insanın keçmiş yaşantısı ancaq bu şəkildə anlam qazanarmış. Mən səninlə bağlı bir hadisəni danışarkən əslində sənin necə biri olduğunu bəlli etməməyə çalışıram, guya əsl atamı özümdə saxlayıram. Sonra də səni anlamadıqları zaman onlara əsəbləşirəm. Mənə hirslənəndə (bu çox tez-tez baş verirdi), “Sənin güzgüdən gördüyünü mən “divardan” görürəm,” deyərdin. Biz də anamla sənin bu “divar” sözünə lağ edib gülərdik. Mən də indi kiçiklərə (artıq məndən kiçik olanlar da var, atacan) bu cümləni deyirəm, gülürlər.

Bu sözü deyəndə əsl məqsədimin nə olduğunu sezmirlər, təbii ki. Səni gülünc vəziyyətə salmaq istədiyimi düşünürlər. Hərhalda, nə demək istədiyimi tam bəlli etmirəm. Gülümsəmənin içindəki sevgini, demək ki, anlada bilmirəm. İndiki gənclər başqa cürdürlər, atacan; hər sözdən bir məna çıxardırlar. Mən də həmin an həqiqətən hövsələdən çıxıram: əsl məqsədimi unudub səni onlara bəyəndirməyə çalışıram.


Ardı →

Türk dastanları

       Türk xalqlarının dastan yaradıcılığı çox qədim və zəngin ənənlərə malikdir. Bu dastanlar onların milli qəhrəmanlıq, iman və düşüncə tarixinin, tarixdən əvvəlki və sonrakı çağlarının bədii ifadəsidir. Dastanlarda ilkin tanrı və tanrılaşdırılmış insanlar, gün işığı, su köpüyü və ağacdan doğulmuş uşaqlar, türklərin çarpışma və savaşları xüsusi yer tutur. Daha doğrusu, türk dastanları türklərin dastanlaşmış tarixidir, öz əfsanəvi keçmişinə münasibətinin təcəssümüdür.

         Türklərin yenilməz bahadırlıq uğurları, savaşları, yeni-yeni yurdlar salması, böyük dövlətlər qurması və mənəvi gözəlliyi bu dastanların yaranması üçün özül olmuşdur. Gerçəkliyin əfsanəyə çevrildiyi bu çağlarda insanların ilkin duyğu və düşüncələri, acı, şirin xəyalları, təbiət və onun hadisələrinə qeyri-adi münasibətləridə dastan yaradıcılığında əsas zəmin olmuşdur.

         Eradan öncə XII yüzillikdən başlayıb eramızın IX yüzilliyinə qədər hakimiyyət sürən Saq, Hun, Göytürk və Uyğur imperiyaları dövründə dastan örnəkləri meydana gəlmişdir. Eradan əvvəl VII yüzillikdə yaşamış Turan hökmdarı Alp Ər Tonqa haqqında qoşulmuş dastan, Şu, Hun –Oğu, Göytürk, doqquz oğuz və on uyğur və s. dastanları parlaq nümunədir.

         “Yaradılış dastanı” – Türk dastanları içərisində “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan örnəyi kimi səciyyəidir. Dastanda belə deyilir ki, dünyada heç bir şey yox ikən tanrı Qara xan və ucsuz-bucaqsız su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ay, ulduzlar, göy və torpaq yaradılmışdır.


Ardı →

Türk dastanlarını ədəbi-tarixi əhəmiyyəti

Türkün inamı, əxlaqı, eşqi, ailə, yurd və dövlət haqqında anlayışları, mənəvi böyüklüyü dastanlarda öz əksini taparaq nəsillərdən-nəsillərə keçmişdir.

Dastanlarda türk uşaqları ilahi bir  işıqdan doğulur. Qara xanın yaratdığı aləm işıq aləmidir, dənizdən çıxan qadın xəyalı işıqdan yoğrulmuşdur. Oğuz doğulduğu zaman onun üzü mavi işığa çalırdı, arvadı göydən enən bir işıqdan doğulmuşdur.

Türkün işıq sevgisi, suya, ağaca, təbiətə pərəstişi onun ilkin inamlarının əks-sədasıdır. Tanrının ilk dəfə doqquz insanı doqquzbudaqlı bir ağacın altında yaratması inamı, Oğuzun Qağanın Göy, Dağ, Dəniz adlı oğlanlarının ağac koğuşunda dünyaya gəlməsi, başqa bir ağac koğuşunda doğulan uşağa Qıpçaq adı verilməsi və s. etiqadları türkün təbiətə məhəbbətinin rəmzidir, öz mənşəyini təbiətlə bağlamaq arzusu ilə bağlıdır.

Türk dastanlarında qızıl, gümüş, dəmir, qurğuşun, qalay, tunc, polad və s. materiallarla bağlı adlar çəkilir. Qədim türk öz səadətini arayıb axtararkən mədənçiliyə də ayrıca əhəmiyyət vermişdir. Uluğ türkün qızıl yay və üç gümüş ox və boz oxlara bölməsi də mənalıdır.

Türklərin dəmir dağı əritməsi, dəmirçilik peşəsini sevməsi, qızıl, gümüş, dəmir kimi metal adlarının dastanlarda çəkilməsi, müxtəlif filizlərdən silahlar qayırması, hətta şəxsi adların da bunlardan seçilməsi bu ənənələrdən irəli gəlir. Dastanlarda tunc üzlü, dəmir biləkli, altun qəlbli, gümüş bədənli və s. deyimlərin işlənməsi də təsadüfi deyil. Bütün bunlar təsdiq edir ki, türklər çox-çox qədimlərdən müxtəlif metalları kəşf etmiş və mədənçilik elminə yiyələnmişlər.

Dastanda Bozqurd totemi türkün həyat və savaş gücünün rəmzidir. Bu dastanlarda Bozqurd tanrıdır, ordular önündə gedib yol göstərir, türkün xilaskarıdır. Habelə öz mənşəyini Bozqurdla bağladığına görə türk qəhrəmanlarını Bozqurda bənzətmiş, onlarda Bozqurdluq arayıb axtarmışdır.


Ardı →

Ədəbi mətnin dil xüsusiyyətləri

Ədəbi mətnlərin dil özünəməxsusluğu çox zaman ədəbiyyat elmində işlənən bədii dil və bədii üslub terminləri ilə ifadə edilir. Orta əsrlərdə isə poetika termini də işlənirdi. Sonuncu ancaq şeirlə yazılan əsərlərin dilinin bədii xüsusiyyətlərini və leksik tərkibini araşdıran bir elm sahəsi sayılırdı və indi şeirşünaslıq mənasına gəlir. Ona görə də bu elm sahəsinin adı da poeziya sözündən götürülmə idi və şeir dili haqqında elm kimi qəbul olunurdu.


Davamı →

Qəhrəmanların dili ilə müəllif sözü. Dialoq və replika

İki və daha çox qəhrəmanı olan epik əsərdə müəllif sözü parçalanmış olur. Müəllif sözü anlayışı ilkin mənada müəllifin öz mətnindəki məxsusi səsini nəzərdə tutur. Müəllif səsinin sabitliyi və özünəməxsusluğu anlayışından hətta fərdi üslub termini də doğmuşdur. Lakin iri hekayə povest, roman, dram və s. müəllifin sözü və səsi ikiləşir, parçalanır. Bu parçalanma iki halda təzahür edir:

1. Müəllif səsinin təsviri təhkiyədə parçalanması.  
2. Müəllifin qəhrəmanın dili ilə verdiyi dialoqlarda iki və daha çox səsə çevrilməsi.

Müəllif səsinin təsviri təhkiyədə ikiləşməsi adətən obrazların yaradılması prosesində ortaya çıxır. Müəllifin obraza daxil olması çox dərinləşdikdə müəllifin səsi təhkiyədə qəhrəmanın səsinə qarışır. Müəllif obrazın dili və psixologiyası ilə danışmağa başlayır və bu onun mətnini də bəzən az, bəzən isə bir neçə səhifə yer tuta bilir.

Qəhrəmanların sevgi, məhəbbət hisslərinin təsvirində bu çox zaman belə olur. Müəllifin nisbi təhkiyəçi obyektivliyi itir, yerini obrazın hissiyyatlarını ifadə edən subyektivizmə verir. Belə hallar yazıçı Əlibala Hacızadənin romanlarında çoxdur. Obrazın və yazıçı səsinin qarışmasının mühüm səbəbi bir sıra hallarda obrazların təsvirində müəllifin öz avtobioqrafik ömür faktlarından da istifadə etməsi ola bilir.


Ardı →

Məntiqin fəlsəfəsi, yaxud özünüdərk | Cübran Xəlil

Xəlil CibranYağışlı Beyrut axşamlarının birində Səlim əfəndi Duay­bas köhnə kitablar və müxtəlif  vərəqlər yığını ilə qalaqlanmış ma­sanın arxasında oturmuşdu.

Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qa­lın dodaqları arasından  havaya qalın tənbəki tüstüsü buraxırdı. O, müəllimi Sokratdan ilhamlanmış Platonun özünüdərk haq­qın­da yazdığı traktatı nəzərdən keçirirdi.

Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən Sə­lim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bə­şər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa ça­lı­şırdı. Və nə Qərb mütəfəkkirlərinin ən ötəri bir qeydi onun diq­qətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən qaç­dı. Və nəhayət onun “mən”i özünüdərk haqqında düşüncə­lər­də əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və uca­dan söylədi:

“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz “mən”­imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edə­cəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incə­lik­lə­rini və zərrəciklərini dərk edəcəm.  Mən ruhumun üzərindəki sirr­lər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün giz­linləri işıqlandırmalıyam. Bundan başqa mən ruhani möv­cud­luğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi var­lığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”.

O bu sözləri vəcdlə söylədi və onun gözlərində “idrak yan­ğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək yer­dən tavana qədər bütün divarı tutmuş iri güzgünün qar­şı­sın­da heykəl kimi hərəkətsiz dayandı. O, öz əksini tədqiq edirdi: üzü­nü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün xa­rici görünüşünü.


Ardı →

Müəllif sözü

Hər xalqın ədəbiyyatı onun öz dilində yaranıb inkişaf edir. Maarifin və yazının tarixi, qədimliyi baxımından müxtəlif dillər fərqlidir. Lakin bu fərqlə yanaşı yazılı dillərin hamısında ədəbi əsərlərin yazılmasından, həmin dildəki ədəbi mətn mədəniyyətindən və ənənəsindən xüsusi üslub yaranır. Bu üsluba ədəbi üslub və ya bədii dil də deyilir. Bədii dil yazıçı və şairlərin, müəlliflərin dilidir.

Əsrlərlə bu dilin öz leksik zənginliyi, sintaktik gözəlliyi formalaşır və milli yazılı dillərin ən zəngin üslubi qolu olur və digər funksional üslubların yaranmasına böyük təsir göstərir, onlar üçün baza rolunu oynayır. Ədəbi üslubun mühüm xüsusiyyəti onun yazılı olması və müxtəlif fərdi yazıçı üslublarını özündə birləşdirməsidir. Ədəbi mətnlərin istənilən fraqmenti ilk növbədə, konkret müəllif sözü və mətni olur. Yəni hər bir ədəbi əsərin müəllifi var. Hər bir müəllif isə təkrarsız və belə demək olarsa, bir nüsxədə olan fərddir. Müəllif fərdiyyəti onun bütün mətnlərində onun öz iradəsindən asılı olmayaraq öz izini qoyur. Müəllifin yazdığı mətnlərdə onun təkrarsız fərdiyyətini əks edən xüsusiyyətlərin məcmusu fərdi üslub adlanır.

Müəllifin fərdi üslubu ədəbi əsərin lüğət tərkibində, sintaksisində, intonasiyasında, mövzuya və personajlara münasibətində və s. öz əksini tapır. Parlaq yaradıcılıq fərdiyyəti olan yazıçıları və şairləri onların fərdi üslubundan tanımaq olur. Fərdi üslub nəsrə nisbətən poeziyada daha qabarıq olur. Ədəbiyyatın zənginləşməsində, onun tematik və süjet tükənməzliyində fərdi üslubun fundamental əhəmiyyəti vardır. Məsələn, bütün şairlər min illər ərzində sevgidən yazırlar. Amma bu mövzu tükənmir və tükənmiş sayılmır. Bunun əsas səbəbi şairlərin fərdi üslubudur. Fərdi üslub ədəbiyyatı tematik tükənmə təhlükəsindən xilas edir. Biz artıq qeyd etdik ki, oxucunun müraciət etdiyi istənilən mətn, ilk növbədə, dərdi üslubu, fərdi müəllif qələmini təmsil edir. Məhz bu fərdilik ədəbi əsərin və onun qavrayışının orijinallığını şərtləndirir. Orijinallıq – ədəbi mətnin həm də fərdi üsluba aidliyidir, onun təkrarsızlığı və bir nüsxədə olmasıdır.


Ardı →