Macarıstanı seçməyimin səbəbi keyfiyyətli təhsil, yaşayışın isə ucuz olmasıdır

Macarıstanın Corvinus universitetində təhsil alan həmyerlimiz Elvir Məmmədov bizim bugünkü müsahibimizdir. O, beynəlxalq münasibətlər (international relations) ixtisası üzrə magistratura pilləsində təhsil alır. Elvir bəy Macarıstanda yaşadığı tələbə həyatı, Bakıdakı ixtisasını necə dəyişib Macarıstana getməyi və digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş, Budapeşt şəhəri barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Həmin müsahibəni Sizə təqdim edirik.

 -Təhsil aldığınız Corvinus univeristeti və ixtisasınız barədə oxuculara məlumat verə bilərsinizmi?

-Hazırda oxuduğum  Budapeşt Corvinus Universiteti Macarıstanda tələbə sayı və təhsil keyfiyyətinə görə qabaqcıl Universitetlərdən biri sayılır. Corvinus yalnız tədris deyil, eləcə də tədqiqat üzrə də ixtisaslaşmışdır. Mən burda beynəlxalq münasibətlər üzrə magistratura təhsili alıram. Eyni zamanda qeyd etmək istəyərdim ki, iqtisadiyyat və  maliyyə Corvinus Universitetinin əsas istiqamətləri olsa da, bu proqramlarla yanaşı Corvinus universiteti həmçinin idarəetmə və  kənd təsərrüfatı kimi proqramlar üzrə də keyfiyyətli təhsil verir.

-Hazırda orada təhsil alan tələbə kimi deyə bilərsinizmi Corvinus universitetinin digər universitetlərdən əsas fərqi  nədədir?

– Deyə bilərəm ki, Corvinus öz böyüklüyünə və bigər ölkələrdə tanınmağına görə də Macarıstanın digər Universitetlərindən irəlidə sayıla bilər. Hal-hazırda burda təxminən 14 min tələbə təhsil alır. Fikrimcə digər Universitetlərə müqayisədə Corvinus xeyli böyük  təhsil müəssisəsi hesab edilə bilər.

corvinus universiteti

Corvinus Universitetinin çox maraqlı tarixi də vardır. Lakin təhsilin keyfiyyəti və təcrübəli müəllimlərlə yanaşı Covinus Universitetinin digər üstünlüyü də onun yerləşdiyi yerdir. Corvinus Budapeştin mərkəzində, Dunay çayının kənarında olması bu universitetin tələbələrinə hər zaman şəhərin gözəlliyindən zövq almağa əlverişli şərait yaradır.

  — Elvir bəy, Siz Bakıda balalavr pilləsində Azərbaycan Dövlət Pedaqoji Universitetdə Psixologiya üzrə təhsil almışdınız. Corvinus Universitetində isə Beynəlxalq Münasibətlər üzrə magistratura təhsili alırsınız. Necə oldu ki, ixtisasınızı dəyişdiniz?

Beynəlxalq münasibətlər üzrə təhsil almağı çoxdan planlaşdırırdım. İxtisas seçimim Universitet seçimimdən öncə müəyyənləşdirilmişdi. İxtisas dəyişikliyi indiki zamanda tez-tez rast gəlinən bir haldır. Təbii ki, ixtisası dəyişməyimin digər səbəb də Azərbaycanda olan təhsil sistemi ilə Avropa təhsil sistemi arasında olan ciddi fərqlərdən qaynaqlanır.

  — Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

– Macarıstan təhsili Avropa təhsil sisteminə aid olduğundan, təhsil müəssisələrində yaradılan texniki şəraitlə və ümümi sistematik elementlərlə yanaşı hər kəsin müşahidə edə biləcəyi digər müsbət cəhət isə tələbə-müəllim münasibətidir. Avropa təhsil sistemində dərslər daha geniş müzakirə üzərində qurulur. Tələbələr sərbəst şəkildə öz fikrini bildirə bilər və ya təkliflər edə bilər. Başqa cəhət isə fərdi tədqiqat işləri və təqdimatlardır ki, tələbələrin analiz və tədqiqat bacarıqlarını inkişaf etdirir.

-Macarıstanda əcnəbi tələbələrin həyatı necə keçir? Məsələn, Macarıstanda tələbələr öz asüdə vaxtlarını necə keçirirlər?

– Xaricdə təhsil alan gənclər yalnız tələbə olmaqla kifayətlənmir, xarici tələbələr həm də yaşadıqları ölkəni, şəhəri və oranın insanlarını öyrənməklə, orda yaşamaqdan həzz almağa çalışırlar. Budapeşt tələbələrin öz asüdə vaxtı maraqlı keçirtmək üçün nəinki post-sovet, eləcə də digər avropa ölkələri üçün əlverişli şəhərdir. Budapeştin Avropanın ikinci ən ucuz şəhəri olmasının tələbələr üçün öz üstünlükləri var.(gülür)

elvir memmedov - 2

-Macarıstana sizi nə cəlb etdi? Magistr təhsili üçün niyə məhz bu ölkəni seçdiniz?

Doğrusu daha əvvəllər Macarıstan haqqında dolğun məlumatım yox idi. Əslində bu da Macarıstanı seçməyim üçün səbəblər biri oldu. İndi isə Macarıstan universitetləri barədə məlumat boşluğu aradan qalxır. Belə ki, Macarıstan universitetləri barədə www.study-hungary.com saytından Azərbaycan dilində asanlıqla məlumat almaq olar.  Macarıstanı seçməyimiz digər səbəbi isə keyfiyyətli təhsil, yaşayışın ucuz olması və əlverişli coğrafi mövqeyidir. Macarıstandan digər Avropa ölkələrinə gedib və səyahət etmək daha asandır.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

-Şəhərin böyüklüyü və insanların dinamik yaşayışı çox xoş təəssürat baxışladı. Eləcə də imperiya şəhəri olan Budapeşt öz tarixi gözəlliyini hələ də saxlayır və daim ziyarətçiləri heyran edir.

 -Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Mən də sizə təşəkkür edirəm.

 

0 şərh