Macarıstanın Mərkəzi Avropa Universitetini seçməyimin əsas səbəblərindən biri buranın dünyanın ən nüfüzlü universitetlərindən biri olması idi.


ph2

Bugünkü müsahibimiz Macarıstanda Siyasi Elmlər (Political Science) ixtisası üzrə təhsil alan həmyerlimiz Ülvi Əlizadədir. O, hazırda Mərkəzi Avropa Universitetində magistr pilləsində təhsil alır. Biz onunla oxuduğu universitet və Macarıstan barədə təəssüratlarını soruşduq, o isə öz təcrübəsini və təəssüratlarını bizimlə bölüşdü. Ülvi bəy bizim suallarımıza ətraflı və maraqlı cavablar vermişdir. Buyurub müsahibə ilə tanış ola bilərsiniz.

— Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İlk öncə müsahibəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Bakı Dövlət Universitetində oxuyarkən artıq qərara gəlmişdim ki, magistr təhsilimi Avropada davam etdirim. Bakalavr təhsilimi bitirdikdən sonra müxtəlif universitetlərə baş vurdum və bir neçəsindən qəbul cavabı aldım. Qəbul aldığım universitetlərin arasında çox yaxşı universitetlər var idi. Amma əsas prioritetim Mərkəzi Avropa Universitetinə (CEU-ya) daxil olmaq idi. Sözün düzü konkret olaraq Macarıstanda təhsil almaq qərarına gəlməmişdim, yəni əgər bu universitet Banqladeşdə yerləşsəydi, ora da gedərdim (gülür).

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə Sizdə hansı təəssüratları oyatmışdı?

İlk dəfə Macarıstana gələndə təəssüratlarım inanılmaz dərəcədə çox müsbət oldu. Budapeşt şəhəri həqiqətən qədim tarixə və əsrarəngiz təbii gözəlliklərə malikdir. Gəzib görəndən sonra bir daha əmin oldum ki, Budapeşt dünyada memarlıq abidələri ilə zəngin olan şəhərlərdən biridir. Budapeştin əsas simvollarından biri Parlament binası isə şəhərə əsrarəngiz bir gözəllik bəxş edir. Bundan əlavə, macarlar çox istiqanlı, mehriban və qonaqpərvər millətdir.

  — Siyasi elmlər üzrə magistr təhsili üçün Mərkəzi Avropa Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

Mərkəzi Avropa Universiteti humanitar və sosial elmlər sahəsində beynəlxalq sahədə tanınmış amerika magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. Mərkəzi Avropa Universitetini seçməyimin əsas səbəblərindən biri buranın dünyanın ən nüfüzlü universitetlərindən biri olması idi. 2012-ci ildə qısa müddətlik proqramla ABŞ-da təhsil almışdım, və CEU-nun amerika universiteti olduğuna görə buradakı sistem tam olaraq mənim istəklərimə, maraqlarıma və ideyalarıma tam cavab verirdi. Bundan əlavə, oxuduğum Siyasi Elmlər (Political Science) departamenti isə alman qazeti “Die Zeit”in tətqiqatlarına görə Avropada ən yüksək 5 eyniadlı proqramdan biridir.

— Bu ali məktəbin təqaüdünü qazanmaq nə dərəcədə çətin oldu?

Mərkəzi Avropa Universitetində oxumaq üçün təqaüd almaq heç də asan olmadı. Universitetdə təhsil haqları kifayət qədər yüksəkdir. Amma CEU-nu digər universitetlərdən fərqləndirən cəhət odur ki, qəbul zamanı müraciət edən tələbərin nəticələrinə əsasən müxtəlif növ təqaüd və maliyyə yardımları edilir. 2013-cü ildə ilk müraciətimdə gözləmə siyahısına düşdüm və təbii olaraq təhsil üçün bu universitetə gələ bilmədim. Təqaüdü isə ikinci dəfə müraciət etdikdən sonra qazandım. Əslində, bir il boyu öz üzərimdə ciddi şəkildə çalışırdım. Zəif nöqtələri aşkar edib, üzərində ciddi işləməyə başladım və yenidən müraciət edərək CSLA (Civil Society Leadership Award) təqaüdünü qazandım. CSLA 16 müxtəlif ölkə gəncləri üçün (Azərbaycan tələbələri daxil olmaqla) Asiya, Yaxın Şərq, Avropa və Şimali Amerikanın nüfuzlu universitetlərində magistr təhsili üçün tam təqaüd proqramıdır. Əslində bəzən qələbə qazanmaq çox çətin olsa da, düşünürəm ki, həyatda mümkünsüz bir şey yoxdur.

— Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Qərb təhsilində ən başlıca məqsədlərdən biri məntiqi və analitik düşünmə tərzini inkişaf etdirməkdir. Əlavə olaraq, deyə bilərəm ki, Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında ən böyük fərqlərdən biri müəlim-tələbə münasibətlərində akademik səmimiliyin olmasıdır. Müəllimlərin tələbələrə olan münasibəti çox yaxşıdır. Professorlar və müəllimlər tələbələrin milliyyətindən, dinindən, irqindən asılı olmayaraq çox gözəl davranırlar. Burada müəlimlər çalışır ki, tələbələr özlərini maksimum sərbəst və rahat his etsinlər. Azərbaycanda da təhsilə yeni inkişaf mərhələsində dövlət səviyyəsində göstərilən diqqət və qayğı göz önündədir. Ümid  edirəm ki, hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə daha da müsbət nəticələrə gətirib çıxaracaqdır.

— Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarət olur? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz boş vaxtlarını necə keçirirlər?

Bu mövzu mənim üçün biraz həssas mövzudur. Çünki CEU-da tələbələrin asudə vaxtım çox az olur. O biri universitetlərə baxanda CEU-daki 1 illik magistr proqramı çox intensivdir. CEU təhsil sistemi ilə tanış olanlar çox yaxşı bilir ki, buranın tələbələri boş vaxtlarının çox hissəsini kitabxanada keçirir. Məsələn, bəzən elə olur kitabxanada oturmağa yer olmur. Bir az təvazökarlıqdan uzaq oldu, amma vəziyyət həqiqətən də, belədir (gülür).

Amma qeyd etdiyim kimi, təbii ki, bəzən boş vaxtlarımız da olur. Mən adətən öz asudə vaxtlarımda idmanla məşğul oluram və səhərlər qaçıram. Səhərlər qaçmaq və idman etmək beynin qanla təchiz olunması artırır, bu isə öz növbəsində mənimsəməni, yadda saxlamaq qabiliyyətini inkişaf etdirir. Bundan əlavə Budapeştdə əylənmək və dincəlmək üçün hər cür şərait vardır və bəzən boş vaxtlarımızda qrup yoldaşlarımla və azərbaycanlı dostlarla görüşüb müxtəlif mövzülarda fikir mübadiləsi edirik.

— Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Xaricdə təhsil almaq üçün ən vacib şərtlərdən biri, təbii ki, dil biliyini göstərən sənədlərin olmasıdır. Zənnimcə, əsas məsələlərdən biri yaxşı niyyət məktubunun (statement of purpose) olmasıdır. Tələbələrə ən əsası fərqli olduqlarını göstərmələrini məsləhət görərdim, çünki niyyət məktubunu oxuyacaq olan kəslərin onları tanımadıqlarını hamımız çox gözəl bilirik.

Xaricdə təhsil gənclər üçün çox gözəl imkanlar təklif edir və Azərbaycanda çoxlu sayda ünsiyyətdə olduğum gənclər var ki, təhsillərini məhz xaricdə davam etdirmək istəyir. Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə məsləhətim odur ki, öz üzərlərində daha çox, ciddi işləsinlər və nə olursa-olsun, heç vaxt ruhdan düşməsinlər. Öz sevdikləri sahənin ardınca getsinlər, çünki insan öz sevdiyi sahədə çalışaraq uğur qazana bilər.

Mənim dostlarıma hər zaman verdiyim məsləhətlərdən biri odur ki, onlar özlərindən ən yaxşısını gözləsinlər. Çünki hər bir insanın potensialı hüdudsuzdur və qol qoyduğu istənilən işin öhdəsindən gələ bilər. Əsas məsələ həyatda aydın məqsədlərin olmasıdır. Düşünürəm ki, bu məqsədlər bizim dəyərlərimizi əks etdirir və arzularımıza aparan yoldan yayınmağa imkan verməyən şəxsi mayakımızdır.

— Artıq oxucularımızın xəbəri var ki, noyabr ayında “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir keçirilib. Bu tədbirdə Siz “Bakı-2015” İlk Avropa Oyunları barədə təqdimat etdiniz. Bu barədə məlumat verə bilərsinizmi?

Macarıstanda magistr təhsilimə başlamadan öncə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) çalışırdım. Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim ki, orada çox gözəl mövcüd bir kollektiv var və deyə bilərəm ki, orada qazandıqlarımın dəyəri heç nəyə sığmaz. Komitədə həm beynəlxalq, həm də yerli savadlı, təcrübəli və işini bilən mütəxəssislər çalışır.

Artıq bildiyiniz kimi, Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən noyabr ayında “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir təşkil olundu və təşkilatçılar tərəfindən Bakı 2015 Avropa Oyunları haqda təqdimat keçirmək təklifi aldım. Komitədə işləyərkən müxtəlif yerlərdə bu mövzü haqda təqdimatım olmuşdu deyə, təklifi düşünmədən qəbul etdim. Əsas məqsəd bu idman yarışının ölkəmiz üçün əhəmiyyətindən, eləcə də, onun bütün Avropa idman həyatına verəcəyi töhfələri iştirakçılarla paylaşmaq idi. Təqdimatdan sonra bir neçə xarici iştirakçı mənə yaxınlaşaraq oyunlar vaxtı könüllü olmaq üçün öz istəklərini bildirib və necə müraciət etmələri barədə müxtəlif suallar verdilər. Ümumən düşünürəm ki, tədbir çox uğurlu keçdi, şəxsən özüm çoxlu sayda yeni şeylər öyrəndim.

— Təhsilinizi bitirdikdən sonra hansı planlarınız var?

Əslində təhsili bitirdikdən sonra bir neçə planlarım var. Amma hal-hazırda ilk onluqda yerləşən universitetlərin birinə ikinci magistr təhsili üçün sənədlərimi hazırlayıram.

— Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Çox sağ olun. Vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirəm.

 

istinad: telebe.az

 

0 şərh