Türkiyədəki təhsilimi yarımçıq qoyub Macarıstanda oxumağa gəldim

ziya tarverdizade - 1 (1)

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Corvinus Universitetində marketinq üzrə magistraturada təhsil alan həmyerlimiz Ziya Tarverdizadədir. O, bakalavr təhsilini Budapeştdə aldıqdan sonra, magistratura üçün də yenidən Budapeştdə oxumağa qərar vermişdir. Biz onunla oxuduğu universitet, Budapeştdə tələbə həyatı və sair mövzularda söhbətləşdik. Həmin müsahibəni Sizə təqdim edirik.

  — Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Mən bakalavr təhsilinə Türkiyədəki Fatih universitetində biznes və idarəetmə (Business administration and management) ixtisası üzrə başlamışdım, amma sonradan Türkiyədəki təhsilin keyfiyyəti və tələbə həyatı məni qane etmədiyindən daha keyfiyyətli təhsil verən universitet və da maraqlı bir ölkə axtarmağa başladım. Mənim dostumun burada – Corvinus Universitetində oxuması, bu universitetin yuxarı reytinqi mənə çox cəlbedici gəldi və təhsilim üçün buranı seçdim. Beləliklə də, mən Türkiyədəki təhsilimi yarımçıq qoyub Macarıstanda oxumağa gəldim və bakalavr təhsilimi Corvinus universitetinin eyni adlı ixtisasında davam etdirdim.

-Xaricdə təhsil alan bir çox tələbələr bakalavr və magistr təhsilini ayrı-ayrı ölkələrdə və universitetlərdə almağı üstün tutsalar da, siz Macarıstanın Corvinus univeristetində bakalavr pilləsini bitirəndən sonra yenidən həmin universitetdə magistraturada oxumağı seçdiniz. Magistr təhsili üçün yenidən bu universiteti seçməyinizin əsas səbəbi nədir?

Əvvəl mən də başqa bir ölkədə təhsilimi davam etdirmək niyyətində idim. Amma Bakalavr təhsili aldığım müddətdə bu universitetə və Budapeştə çox bağlandım. Yaşayışın ucuz, təhsilin isə çox keyfiyyətli olduğu üçün Macarıstanı digər ölkəyə dəyişmək istəmədim. Bütün dostlarım burdadır və yeni bir ölkəyə gedib yenidən ora öyrəşmək kimi bir problemim də yoxdur. Ona görə də bakalavr pilləsindən sonra magistratura üçün də yenidən Corvinus Universitetini seçdim.

— Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Sözün düzü Azərbaycanda ali təhsil almadığım üçün bu suala verdiyim cavablar o qədər də geniş və ya obyektiv olmaya bilər. Məsələn, başlayaq dərslərdən. Bura da dərslər “Boloniya sistemi” ilə tədris olunur və əsasən tələbələrin dərsdə aktiv iştirakı ön planda olur, yəni müəllim gəlib 90 dəqiqə mühazirə oxuyub getmir. Bunun nəticəsi olaraq müəllimlərlə tələbələrin arasında gözəl ünsiyyət və dost münasibəti yaranır, eləcə də tələbələrin öz aralarında səmimi ünsiyyət qururlar.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Macarıstana gəldiyim gündən bu ölkəni sevməyə başladım. Tamamilə fərqli bir məkandır. İnsanları, danışdığı dil, pul vahidləri, ad və soyadlar hamısı çox fərqlidir. Avropanın mərkəzində çox ekzotik bir mühitdə olduğumu hiss etdim. Avropanın başqa ölkələrində təhsil alan dostlarım Macarıstana gələndə də buranı çox bəyənirlər, yəni Budapeşt hamının xoşuna gələcək bir yerdir.

-Budapeştə gələn əcnəbi tələbələr öz asüdə boş vaxtlarını necə keçirirlər?

Xarici tələbələr burada boş vaxtlarını çox səmərəli keçirirlər. Vaxt olan kimi Macarıstanın başqa şəhərlərinə səfərlər edirlər. Eləcə də qonşu ölkələrə daha çox səfərlər olur. Məsələn, Praqa və Vyanaya… Bu şəhərlər Budapeştə yaxın yerləşdiyindən demək olar ki, Budapeştə gələn hər bir tələbənin sevimli gəzdiyi yerləridir. Bundan əlavə isə əylənmək istəyənlər üçün, restoranlar, muzeylər, teatrlar və Budapeştin gözü sayılan termal hamamlar hər zaman ziyarətçilərin üzünə açıqdır.

-Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Öz şəxsi təcrübəmdən onu qeyd etmək istərdim ki, hər zaman təhsilin keyfiyyətinə və universitetin reytinqinə diqqət yetirmək lazımdır. Digər məsləhətim odur ki, təhsil üçün Macarıstandan universitet seçmək istəsələr Macar universitetlərinin Bakıdakı rəsmi nümayəndəliyinin saytı olan www.study-hungary.com saytına müraciət etsinlər. Çünki, bu saytda Azərbaycan dilində Macarıstan universitetləri, o cümlədən Corvinus universiteti barədə ətraflı məlumat verilib. Bu sayt həm də Corvinus universitetinin Azərbaycandakı nümayəndəliyinin saytı kimi ziyarət edilə bilər. Həm Bakıda, həm də Budapeştdə fəaliyyət göstərən Çingiz və Rəşad Mehbaliyev qardaşları Macarıstanda təhsil almaq istəyən tələbələrə və valideynlərə keyfiyyətli xidmət göstərirlər.

Bundan əlavə gedəcəyiniz şəhərin gözəlliyindən və tələbə həyatının sizə uyğunluğundan xəbər alın. Darıxdırıcı bir şəhərdə oxumaq adamı tez yorur və tələbə həyatından zövq almağa imkan vermir. Məncə insan həyatında ən gözəl vaxtlar elə tələbəlik illəridir ona görə də çalışın bu illərinizdən maksimum dərəcədə zövq alıb və keyfiyyətli təhsilə sahib olacaqsınız.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Siz də sağ olun

ziya tarverdizade -2corvinus uni - 2corvinus uni - 1

0 şərh