Budapeştə International Business School-a gəldikdə seçimimdə nə qədər düzgün olduğumun şahidi oldum

    IMG_3705  

Bugünkü müsahibimiz Macarıstanda yerləşən International Business School-un məzunu və Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərlidir. O, bizimlə Budapeştdəki tələbə həyatı və ictimai iş təcrübəsi barədə fikirlərini bölüşür.

  — Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi? 

İlk olaraq müsahibə üçün sizə öz təşəkkürümü bildirirəm. Bakalavrda təhsil alarkən belə, Avropada magistr təhsili haqqında düşünürdüm. Bir neçə variantı nəzərdən keçirdikdən sonra mənim üçün ən optimal variantın Macarıstan olduğunu qərara aldım. Əsas amillərdən biri seçdiyim universitetin məni Britaniyanın nüfuzlu diplomu ilə təmin etməsi, Budapeştin Avropanın ən gözəl şəhərlərindən biri olması ilə yanaşı, həm də əsl tələbə şəhəri olması idi. Bir məqamı da vurğulamaq istərdim ki, ümumi yaşayış qiyməti də tələbə üçün əsas faktorlardan biri hesab edilir. Bu nöqteyi nəzərdəndə Budapeştdəki qiymətlər digər Avropa şəhərlərindən xeyli ucuzdur.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

İlk dəfə Macarıstana gələndə Budapeştin nə qədər gözəl və qaynar həyatının olduğunun şahidi oldum. Şəhər gündüzlər nə qədər gözəl olursa, gecələri isə daha möhtəşəm olur. Ən çox diqqətimi çəkən məsələlərdən biri isə universitet həyatının tamamilə fərqli olması idi. Təhsil aldığım International Business School-da (IBS) müəllim və tələbə arasındakı səmimi və dostluq münasibəti, universitet heyətinin tələbələrin istənilən sual və problemlərini gülərüzlə həll etməyə çalışması da məni sözün yaxşı mənasında təəccübləndirmişdi. Bundan əlavə onu da qeyd etmək istərdim ki, təhsil aldığım IBS universitetinin kampusu Dunay çayının düz sahilində yerləşən, Macarıstanda fəalliyyət göstərən ən nəhəng beynəlxalq şirkətlərin yerləşdiyi Graphisoft Park-da yerləşir. Bu isə istənilən tələbələrin gündəlik həyatına ayrı bir həyacan qatır.

  — Marketinq Menecmenti üzrə magistr təhsili üçün International Business School-u seçməyinizin əsas səbəbləri nə idi?

Bakalavr təhsilimi Manecment ixtisası üzrə bitirdikdən sonra magistr dərəcəmi marketinq üzrə almağa qərar vermişdim. Uzun müddət etdiyim araşdırmalardan sonra təhsilimi IBS-də almağa qərar verdim. Burada məni əsas cəlb edən məqamın IBS-in Britaniyanın nüfüzlü Buckingham Universiteti ilə əməkdaşlıq etməsi və məzun olduqda öz tələbələrini Britaniya diplomu ilə təmin etməsi oldu. Bundan başqa universitetin nüfuzlu professor və müəllim heyətinin olması da məndə ayrı bir maraq yaratmışdı. Artıq universitetə gəldikdə seçimimdə nə qədər düzgün olduğumun şahidi oldum.

  — Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

İlk olaraq onu qeyd edim ki, Avropa təhsili ilə Azərbaycandakı ümumi təhsil sistemi arasında yerlə göy qədər fərq var. Bu kimi fərqli münasibəti artıq universitet mühitinə daxil olarkən açıq aşkar hiss edirsən. Misal olaraq, təhsil aldığım universitetin müəllim və professor heyəti mənim dərslərdə qarşılaşdığım istənilən problemi mənimlə bir dost kimi müzakirə edib həlli yollarını birgə tapmağa yardımçı olurdu. Bundan başqa, universitetdə təhsil alan tələbərin dünyanın əksər ölkələrindən olması beynəlxalq mühitin formalaşmasına və tələbələrin daha da rahat həyat sürməsinə kömək edirdi.

  — Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarət olub? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?

Budapeştdəki tələbəlik illərimdə asudə vaxtımı demək olar ki, elə universitet yoldaşlarımla birlikdə keçirməyə üstünlük verirdim. Müxtəlif əyləncə məkanlarına, kafe və restoranlara baş çəkirdik. Bundan əlavə Macarıstanın digər vilayətlərinə də qrup şəklində birlikdə səyahətlər edirdik. Təbii olaraq, Macarıstandakı həmvətənlərimizlə də birlikdə həm Macarıstan daxilində, həm də Avropanın digər ölkələrinə səyahətlər edirdik. Budapeşt əcnəbi tələbələr üçün çox əlverişli bir şəhərdir. Demək olar ki, il boyu, xüsusən də həftəsonları Budapeştdə müxtəlif festivallar keçirilir və əcnəbi tələbələr belə demək olarsa, öz zamanlarını əlverişli keçirməyə məcbur olurlar J

  — Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Mən xaricdə təhsil almaq barədə düşünəndə bir neçə kriteriyalar üzrə axtarış edirdim. İlk olaraq universitetin təhsil səviyyəsi mənim üçün önəmli idi. Bundan əlavə təhsil alacağın universitetin tələbə heyətinin müxtəlifliyi, həmçinin müəllim və professor heyətinin çox təcrübəli olması da seçimimdə vacib rol oynamışdı. Seçim edərkən vacib amillərdən biri də təhsil almaq üçün müəyyən etdiyin şəhərdə tələbə həyatının necə olmasıdır. Əldə etdiyim bilgilərdən Budapeştin əsl tələbə şəhəri olduğunu müəyyənləşdirdim. Bu şəhərdə əcnəbi tələbələrin çoxluğu, tələbələr üçün həm nəqliyyatda, həm də digər məkanlarda bir sıra endirimlərin olması məni cəlb edən əsas məqamlardan idi. Xaricdə təhsil almağa hazırlaşanlara bu göstəricilər əsasında araşdırma etmələrini məsləhət görərdim.

  — Təhsilinizi bitirəndən sonra Brüsseldə Avropa Parlamentində bir neçə ay işləmisiniz. Bu dəyərli təcrübənizi bizimlə paylaşa bilərsinizmi?

Macarıstanda təhsilimi bitirdikdən sonra Avropa Parlamentində 3 ay muddətində təşkil olunmuş təcrübə proqramına seçildim. Bu müddət ərzində əldə etdiyim ictimai və siyasi bilikləri daha da möhkəmləndirdim. Avropa Parlamentinin Brüsseldəki binasında gündəlik olaraq siyasi partiya və qruplar tərəfindən təşkil edilmiş tədbirlərə, o cümlədən Brüsseldə yerləşən NATO və BMT kimi təşkilatlar tərəfindən təşkil edilmiş bir sıra konfranslara qatılır və müəyyən hesabatlar hazırlayıb çalışdığım parlamentarilərə təqdim edirdim. Həmçinin, təcrübə müddətində bir sıra dövlət rəhbərləri ilə də yaxından tanış olub fikir mübadiləsi aparmaq imkanı da əldə etmişdim.

  — Macarıstanda təhsil aldığınız zamanı əldə etdiyiniz hansı biliklər və bacarıqlar Sizin belə nüfuzlu qurumdan iş təklifi almağınızda və Avropa Parlamentində çalışmağınızda əsas rol oynadı?

Ora seçilmək üçün bir sıra göstəricilər əsas rol oynayırdı. Bunlardan ən önəmlisi təhsil aldığın universitetin səviyyəsi və müəyyən ictimai fəallığın olması idi. Onu qeyd etmək istərdim ki, Macarıstanda  təhsil alarkən paralel olaraq ictimai işlərlə də məşğul olmağı sevirdim. İlk olaraq təhsil aldığım müddətdə paralel olaraq  Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində təcrübə keçmək imkanı da əldə etmişdim. Bundan əlavə düşünürəm ki, Macarıstan-Azərbaycan Gənclər Birliyi olaraq bir sıra mədəni və işgüzar tədbirlərin təşkili də mənə Avropa Parlamentində çalışmaq şansını əldə etməmdə yardımçı olmuşdur.

  — Siz həmçinin Macarıstan-Azərbaycan Gənclər Birliyinin təsis yığıncağında ilk sədr seçilmisiniz. Bir qədər bu təşkilat haqqında məlumat verə bilərsinizmi?

Daha öncə səfirlikdə təcrübə keçdiyim müddətdə və Macarıstanda təhsil alan və çalışan həmvətənlərimizlə birlikdə etdiyimiz müzakirələr zamanı hamımızın vahid bir təşkilat altında daha güclü və sivil fəaliyyət göstərə biləcəyi haqqında düşünürdük. Sonda müəyyən hazırlıqlardan sonra həmvətənlərimiz və Macarıstan Parlamentində təmsil olunan bütün siyasi partiyaların aktiv gəncləri ilə birlikdə 2012-ci ilin dekabr ayında Budapeştdə Macarıstan- Azərbaycan Gənclər Birliyini (MAGB) təsis etdik və iştirakçıların dəstəyi nəticəsində mən sədr seçildim. Bundan sonra təşkilatımızın idarə heyətində olan macarlarla birlikdə bir sıra tədbir, konsert və ikitərəfli səfərlər təşkil etdik. Misal olaraq, Azərbaycan və macar muqiçilərinin iştirakı ilə klassik konserti, iki ölkənin hakim partiyasının görüşü çərçivəsində Macarıstanın hakim partiyası olan Fidesz-in Gənclər Təşkilatının sədri və digər nümayəndə heyətinin Bakıya səfərini qeyd edə bilərəm. Bu səfər çərçivəsində Milli Məclisdə, Yeni Azərbaycan Partiyasının qərargahında, Xarici İşlər Nazirliyi və digər bir sıra dövlət strukturlarında görüşlər keçirilmişdir.

  — Artıq oxucularımızın xəbəri var ki, keçən ilin noyabr ayında Sizin təşkilat “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir keçirib. Tədbir necə keçdi və hansı məqamlarla yadda qaldı?

Bəli. Qeyd etdiyiniz kimi MAGB olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı beynəlxalq konfrans təşkil etdik. Tədbirə ümumi maraq çox yüksək səviyyədə idi və konfransa qatılmaq üçün Avropanın bir sıra ölkələrindən xeyli müraciətlər olmuşdu. Qeyd edim ki, konfransa Azərbaycandan gələn rəsmi qonaqlar və Macarıstanın ictimai fəalları ilə birlikdə Polşa, Avstriya, Litva, Ukrayna, Çexiya, Slovakiyadan da qonaqlar iştirak edirdilər. Konfransın ilk günü Macarıstan Parlamentinin inzibati binasında keçirildi və rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Macarıstandakı səfiri cənab Vilayət Quliyevlə birlikdə Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun Sədri cənab Marton Döndöşi də iştirak edirdilər. Bundan sonra mütəxəssislər tərəfindən Azərbaycanın turizm potensialı və qarşıdan gələn Bakı-2015 Avropa Oyunları haqqında bir sıra təqdimat və müzakirələr keçirilmişdir. Tədbirin ikinci günü isə Azərbaycanın Macarıstandaki Səfirliyinin binasında turizm haqqında olan təqdimat və müzakirələrlə davam etmişdir. Ümumilikdə tədbirə qatılanların rəyinə əsaslanaraq konfransın yüksək səviyyədə keçdiyini söyləyə bilərəm.

  — Təşkilatınızın gələcək fəaliyyəti ilə bağlı hansı planları var?

Təşkilatımızın gələcək fəaliyyəti də iki ölkə arasındakı əlaqələrin inkişafına, əsasəndə gənclər istiqamətində inkişafına dəstək vermək olacaqdır. Bu il üçün də artıq müəyyən layihələrimiz, planlarımız var.  Çalışıb onların reallaşdırılması üçün səy göstərəcəyik.

  — Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Maraqlı  suallar və müsahibə üçün mən də öz təşəkkürümü bildirirəm. Gələcək fəaliyyətinizdə uğurlar.IMG_4297photo 1photo 2IMG_3645IMG_3093

1 şərh

kurdamir
ekoibrahim Bu tip nəşrlərinizi «Xarıcdə Təhsil» bloquna Əlavə edə bilərsiniz.