International Business School-un rektoru Laslo Lanq ilə müsahibə

10622812_552916761507071_6772187844038718552_n

Bir çox əcnəbilər yüksək keyfiyyətli təhsilə görə Macarıstanda yaşamağa və təhsil almağa gəlir, Biz Budapeştdəki Beynəlxalq Biznes Məktəbinin (International Business School və ya IBS) rektoru Dr. Laslo Lanqdan onların təhsil metodu haqqında, eləcə də biznes üzrə beynəlxalq və tanınmış diplom almaq arzusunda olan xarici tələbələr tərəfindən bu ali məktəbin daha çox seçilməsi tendensiyasının səbəbləri haqqında müsahibə aldıq.


DailyNewsHungary: Beynəlxalq Biznes Məktəbinin (IBS) rektoru kimi ən son professional nailiyyətləriniz haqqında danışa bilərsinizmi?


Dr. Laslo Lanq: Hər şeydən əvvəl, mən hesab edirəm ki, hələ də fəaliyyətimizi qoruyub saxlaya bilməyimiz ən böyük uğurdur. Bir özəl universitet olaraq, hələ də tələbələrimiz üçün əla təhsil təmin edə bilirik. Bütün özəl universitetlər kimi biz də bu “bazar”da bizim ali məktəbi qoruyub saxlamalıyıq. Biz heç bir dövlət dəstəyi və yardımı almırıq, yalnız ilbəil tələbələrimizdən təhsil haqqı alırıq. Xoşbəxtlikdən, biz kampus və universitetimizi də inkişaf etdirə bilirik. Elə bunun özü bütövlükdə böyük bir uğurdur. Üstəlik, mən yalnız təhsil haqlarının köməyi ilə ayaqda qala və inkişaf edə bilən hər hansı bir digər Avropa ali məktəbi tanımıram.


DailyNewsHungary: Vyanada yeni kampusunuz açıldıqdan sonra təhsil sahənizi coğrafi olaraq genişləndirmək haqqında düşünürsünüzmü?


Dr. Laslo Lanq: Əlbəttə, biz yaxşı biznes imkanları olan digər Avropa ölkə və şəhərlərində fəaliyyətimizi genişləndirmək istəyirik. Bununla yanaşı, bildiyiniz kimi, yerli sakinlər tərəfindən qəbul olunmaq vaxt tələb edir və biz yeni bir ölkədə inamsızlıq divarını qırıb keçməliyik. Amma biz bunun üzərində işləyirik.


DailyNewsHungary: Sirr deyilsə, planlarınızı bölüşə bilərsiniz?


Dr. Laslo Lanq: Biz Slovakiya, Cənubi Polşa və Serbiyada kampuslar açmağı planlaşdırırıq. Bizim üçün əsas məqam yeni kampusların universitetimizin yaxınlığında olmasıdır.


DailyNewsHungary: IBS-də macar və xarici tələbələrin nisbəti nəcədir? Sizin tələbələr əsasən haradan gəlirlər?


Dr. Laslo Lanq: İndi burada təhsil alan tələbələrimizin 50%-i macar, digər yarısı isə əcnəbilərdir. Bu başqa bir böyük uğur və Macarıstanda əldə etdiyimiz yaxşı nəticədir! Bizim universitetin tələbələri Latin Amerikasından Yaponiya qədər, bütün dünyanın hər yerindən gəlirlər. Son bir neçə ildə İran, Ukrayna və Qərbi Afrika tələbələrinin sayı artıb.


DailyNewsHungary: Bunun səbəbi nədir? Niyə xaricilər Macarıstan və Budapeşti, əsasən də IBS-i seçirlər?


Dr. Laslo Lanq: Səbəb sadədir. Biz yüksək peşəkar müəllim və professor heytəmizlə yalnız ingilis dilində təhsil veririk. Aralarında ana dili ingiliscə olanlar da var. Bundan başqa, bizim institutun işçi dili ingilis dilidir: hər şey ingilis dilində yazılır, yeməkxana menyusundan qeydiyyat ofisinə qədər. Digər səbəb isə məzunlarımıza Britaniyanın məşhur Bukinqem Universitetinin (University of Buckingham) diplomunu verməyimizdir. Hal-hazırda, Britaniya diplomu biznes nöqteyi-nəzərindən daha qiymətli və əhəmiyyətli görünür. Britaniyada təhsil üçün böyük təhsil haqqını ödəmək imkanında olmayan tələbələr IBS-də Böyük Britaniya ilə müqayisədə 40% daha az təhsil haqqı verirlər və yaşayış xərcləri də nəzərə çarpacaq dərəcədə azdır.
Tələbələr arasında Budapeşt məşhur və tanınmış şəhərdir. Paytaxtımız əbədi partilər şəhəridir. Bundan əlavə, mən Peru və Kolumbiyada olanda eşitmişdim ki, bizim gələcək Latın Amerikası tələbələrimizin bəzilərinə artıq Budapeştin möhtəşəm əyləncələri və gecə həyatı baxımından maraqlı şəhər olduğu artıq məlumdur. Tələbələr üçün bu çox mühüm aspektdir.
Bizim tələbələr hansı növ biznes dərəcəsi və nəaliyyətlər əldə etmək istədikləri haqqında məlumatlıdırlar. Buna görə də, biz digər macar universitetləri ilə deyil, başqa ölkələrdə – xaricdə təhsil fenomeni ilə rəqabət aparmalıyıq.


DailyNewsHungary: Tələbələr təhsillərini başa vurduqdan sonra Macarıstanda şirkətlərdə işə başlamağa üstünlük verirlər yoxsa ölkə xaricində iş tapmağa?


Dr. Laslo Lanq: Gördüyümüz kimi, bizim macar tələbələrinin 15-20%-i xaricdə iş tapır, yerdə qalan 80%-i isə əldə etdikləri bacarıqlar və peşəyə uyğun olaraq Macarıstanında çalışmağa başlayır. Xoşbəxtlikdən, bizim tələbələrin Macarıstanda yaxşı iş tapmaqda heç bir problemi yoxdur.


DailyNewsHungary:Siz universitetinizdə hər hansı bir dərs keçmisinizmi?

Dr. Laslo Lanq: Baxmayaraq ki, mən IBS-də strategiya dərsi tədris etmişəm, professional universitet professoru deyiləm. Bundan başqa, mən ali məktəbimizi idarə etmək üçün kifayət qədər məşğul oluram.


DailyNewsHungary: Sizin universitetin tələbələri Macarıstan və Budapeştdə ən çox nəyi xoşlayır?


Dr. Laslo Lanq: Yuxarıda qeyd etdiyim kimi, onlar Macarıstanın həyat tərzini, partilərini bəyənirlər və mükəmməl ictimai təhlükəsizliyini yüksək qiymətləndirirlər.


DailyNewsHungary: Sonuncu amma bir o qədər də önəmli sualımı vermək istəyirəm. IBS-in gələcək proqramları və layihələri haqqında fikriniz nədir?


Dr. Laslo Lanq: Bəli, biz bir çox yeni magistr proqramlarına başlamağı planlaşdırırıq. Onlardan biri xüsusi olaraq “start-up”-ların inkişafına əsaslanır. Çoxlu yaxşı və mümkün ola biləcək ideyalar olduğu üçün tələbələrin Start-up və IT layihələrində iştirak edə biləcəyi xüsusi bir magistr proqramı həyata keçirmək istəyirik. Biz hətta biznesdə də dəbi izləməliyik!

Mənbə: dailynewshungary.com/exclusive-interview-with-laszlo-lang-the-rector-of-the-ibs-a-thriving-education-area-in-budapest/

1 şərh

azadmamedov90
Düməli bu universitet İkT sahəsi üzrə də təhsil verir. Oxuyan və oxumaq istəyən tələbələrə uğurlar olsun.