“Plastik” asılılıqdan necə qurtulaq?

Yer kürəmizin çirklənməsində plastik məmulatların payı kifayət qədər çoxdur. İnsanın ətraf mühitə atdığı bütün tullantıların 10%-ini plastik kütlədən hazırlanan əşyalar təşkil edir. Onun parçalanıb yox olması üçün 500 hətta 1000 il gərəkdir. Plastik kütlədən hazırlanan məmulatlara oyuncaqlar, butulkalar, bağlamalar, bazarlıq çantaları, birdəfəlik boşqablar, stəkanlar, şirə borucuqları, birdəfəlik çəngəl-qaşıqlar və daha nələr aiddir. Bütün bu plastik əşyalar ailə daxilində külli miqdarda istifadə edilməkdədir.

Plastikin səbəbilə insan və heyvanat aləminin sağlamlığı təhlükədədir. Bu məmulatlar insanlarda müxtəlif xəstəliklərə əsas səbəb olub, hər il milyonlarla su quşları, 100 minlərlə dəniz məməlilərini məhv edir.

Bütün yaratdığı problemlərə görə ABŞ, Birləşmiş Krallıq, Meksika, Birma, Banqladeş, Rvanda, Avstraliyanın bir neçə şəhərlərində plastik bazarlıq çantalarının istifadəsi qəti qadağandır. Plastik fəlakətin qarşısını almaq üçün müxtəlif sahənin mütəxəssisləri müxtəlif yollar düşünməkdədirlər.

Misirin Nile University mütəxəssislərinin araşdırması əsnasında ətraf mühitə heç bir zərər verməyən, biodeqredasiyaya uğrayan plastik növü icad edilmişdir. Bunun üçün adətən tullantı kimi zibilliyə atılan qurudulmuş krevet qabıqlarından istifadə edilir. Bu cür yeni eko-plastik növü bazarlıq torbalarının və ərzaq bağlamalarının istehsalında istifadə edilə biləcəkdir.





İslandiyalı Ari Jónsson adlı gənc mütəxəssis yosunlardan plastik butulkalar düzəltməyə müvəffəq olmuşdur. Bu cür yosun əsaslı plastik butulkaların üstünlüyü onların qısa zamanda tamamilə parçalanmasıdır. Bu cür parçalanmaya bioloji parçalanma da deyirlər. Təbii əsaslı olan bu növ plastikin insan sağlamlığına da mənfi təsiri müşahidə olunmamışdır.





Hindistanlı mütəxəssis Narayana Peesapaty plastikə yeməli həll tapmışdır. O, yeməli çəngəl və qaşıqlar istehsal edən “Bakeys Foods Private Limited” şirkətinin əsasını qoymuşdur. Bunlar plastiklərə nisbətdə nə insan sağlamlığına, nə də təbiətimizə və orda yaşayanlara ziyan yetirir, istifadə edildikdən sonra sadəcə istifadəçi tərəfindən yeyilir. Çünki, qaşıqlar buğda, düyü, darı unlarının qarışığından və bir sıra ərzaqların- soğan, pomidor, sarımsaq, zəncəfil əlavəsi ilə acı, şirin və ədviyyatlı olmaqla hazırlanır. Tərkibində heç bir kimyəvi qatqının olmamasına rəğmən yeməli çəngəl-qaşıqların 3 il ömrü var. Onlar o qədər möhkəmdirlər ki, ilk baxışdan taxtadan hazırlandıqları təəssüratı yaranır.





Plastikin qarşısını almaq üçün ailə daxilində nə etmək olar?
— Evdə su filteri quraşdırıb, evdən çıxarkən özünüzlə filterdən süzülmüz suyu xüsusi çoxistifadəli qablara dolduraraq götürmək.
— Plastik stəkan, qaşıq, şirə borucuqlarından və çəngəllərdən mümkün qədər az istifadə və ya tamamilə imtina etmək. Ən azəndan birdəfəlik plastik qab və stəkanları kağızdan hazırlananları ilə əvəz etmək.
— Taxtadan hazırlanan oyuncaqlara üstünlük vermək.
— Çox istifadəli bazarlıq çantası əldə etmək.
— Ərzaq alarkən plastik bağlamada olana deyil, şüşə və karton bağlamadakılara üstünlük vermək.

Hazırladı: Səltənət Zülfüqarova

0 şərh