8. Case-Study: Geri qayıtmayan itkilər haqqında diskussiya

Təklif, tələb, elastiklik, geri qayıtmayan itkilər – bütün bu iqtisadi anlayışlar insanın başında xeyli qarışıqlıq yarada bilər. Lakin bütün bunlar bir mühüm siyasi suala cavab vermək üçün vacibdir: dövlətin fəaliyyəti nə dərəcədə əhatəli olmalıdır? Bu mühüm konsepsiyaları əhatə edən müba­hisələrin mahiyyəti ondadır ki, vergi nəticəsində geri qayıtmayan itkilər nə qədər çox olarsa, hər bir dövlət proqramı ilə bağlı məsrəflər də bir qədər yüksək olar. Əgər vergilərin tutulması xeyli geri qayıtmayan itkilərə səbəb olursa, onların həcmi az funksiya yerinə yetirən və az vergi toplayan «zəif» dövlət haqqında ideyaya üstünlük verilməsi üçün güclü dəlildir. Əksinə, əgər vergilər çox az həcmdə geri qayıtmayan itkilərlə nəticələnirsə, bu halda dövlət proqramları daha az məsrəfli olurlar.
Beləliklə, vergilərin tətbiqi nəticəsində geri qayıtmayan itkilərin həcmi nə dərəcədə yüksək olur? Bu suala cavab verən iqtisadçılar arasında tam fikir eyniliyi yoxdur. Bununla bağlı fikir ayrılığının təbiətini daha yaxşı başa düş­mək üçün ABŞ iqtisadiyyatı üçün daha mühüm olan vergiləri: əmək vergilərini nəzərdən keçirək ki, bunlara da sosial sığorta və tibbi xidmət proqramlarına müvafiq olaraq tutulan və əhəmiyyətli dərəcədə gəlirlərə görə federal vergilər aiddir. Bu cür vergilərdən bir çox ştatların bələdiyyələri də istifadə edirlər. Əmək vergiləri firmaların ödədiyi əmək haqqı ilə fəhlələrin əldə etdiyi əmək haqqının qovşağında özünə yer tapır. Əgər biz əmək vergisinin bütün formalarını cəmləsək, görərik ki, əmək gəliri üzrə verginin son dərəcəsi və əldə edilən gəlirin son məbləğindən tutulan vergi bir çox zəhmətkeşlər üçün təqribən 50% təşkil edir.
Əmək vergisinin xeyli sadə şəkildə hesablanmasına baxmayaraq, onun ya­ratdığı geri qayıtmayan itkilərin həcmini müəyyənləşdirmək xeyli çətindir. Itki­lərin həcmi barədə iqtisadçılar arasında olan fikir ayrılığı əmək resursla­rı­nın təklifi ilə bağlı elastikliyin qiymətləndirilməsindəki müxtəlifliklərlə əlaqə­dardır.
Əmək vergisinin bazarın fəaliyyətini çox az səviyyədə dəyişdiyini iddia edən iqtisadçılar hesab edirlər ki, əmək təklifi demək olar ki, qeyri-elastikdir. Onlar belə hesab edirlər ki, insanların çoxu əmək haqqının səviyyəsindən asılı olmayaraq tam iş gününü işləmək istərdilər. Bu halda, təklif əyrisi demək olar ki, şaqulidir, əmək gəlirinin tətbiqi nəticəsində yaranan geri qayıtmayan itkilər isə çox da böyük deyildir. Əmək vergisinin bazarın fəaliyyətini ciddi təhrif etdiyini iddia edən iqtisadçıların fikrincə isə əmək təklifi xeyli dərəcədə elastikdir. Onlar etiraf edirlər ki, bəzi qrup işçilərin əmək təklifi qeyri-elastikdir, lakin digər peşə qruplarının nümayəndələri isə stimullara daha çox məruz qalırlar. Buna aid  aşağıdakı misalları göstərmək olar.

  1. Bir çox işçilər iş vaxtından əlavə çalışaraq, iş saatlarının həcmini artıra bilərlər. Əmək haqqı nə qədər çox olarsa, onlar bir o qədər çox işləyəcəklər.
  2. Bəzi ailələrdə evə əlavə pul gətirənlər, məsələn, evdə haqqı ödənilməklə çalışmaq və ya haqqı ödənilən işləri yerinə yetirmək arasında seçmə imkanına malik olan uşaqlı, ərli qadınlar vardır. Əməyin xarakteri haqqında qərar qəbul edərkən, evə bu qaydada əlavə pul gətirənlər evdə qalmağın üstünlüyünü (o cümlədən, uşaqlara özləri baxmaqla əlaqədar olaraq müvafiq xərcləri azaltmağı daxil  etməklə) əldə edə biləcəkləri əmək haqqı ilə müqayisə edirlər.
  3. Pensiya almaq hüququ olan bir çox yaşlı insanlar işləməkdə davam edirlər və onların qərarları əsasən əldə etdikləri əmək haqqının səviyyəsindən asılı olur. Bu insanlar təqaüdə çıxan kimi əmək haqqının səviyyəsi onların natamam iş günü müddətində çalışmağa olan stimulunu müəyyən edir.
  4. Bəzi insanlar narkotik ticarətini və ya vergi ödəməkdən yayınmaqla fiksal orqanlardan gizlənərək, qeyri-qanuni fəaliyyətlə məşğul olmaq imkanlarını nəzərdən keçirirlər. Iqtisadçılar bu sahəni kölgə iqtisa­diyyatı adlandırırlar. Kölgə iqtisadiyyatında məşğul olmaq haqqında qərar qəbul edərkən, qanunların potensial pozucuları leqal və qeyri-qanuni gəlirlərin həcmini müqayisə edirlər.

Göstərilən misalların hər birində əmək haqqının (əməyin qiy­mətinin) də­yişməsi əməyin təklifinə təsir edir. Beləliklə, əmək haqqı vergiləri işçilər tərə­fin­dən qəbul edilmiş qərarları təhrif edir. Əmək vergisi işləyən insanları iş günü­nü qısaltmağa sövq edir, evin əlavə pul gətirənləri evdə qalırlar, yaşlı insanlar tə­qaü­də daha tez çıxırlar, prinsipsiz insanlar isə kölgə iqtisadiyyatına üz qoyurlar.
Bu iki nöqteyi-nəzər ən geniş yayılanlardır. Buna görə də siz hər vaxt dövlətin əhaliyə köməyini artırmağın və ya vergi yükünü azaltmağın olmasının zəruriliyi haqqında mübahisə edən iki siyasətçini görəndə yadda saxlayın ki, onların fikir ayrılığı iş qüvvəsinin təklifinin elastikliyi və əmək vergisi ilə meydana gəlmiş geri qayıtmayan itkilərin həcmi haqqında müxtəlif fikirdə olmaları ilə əlaqədardır.

 

Yaddaş guşəsi
Henri Corc və torpaq vergisi
Hər hansı bir ideal verginin tətbiq edilməsi mümkündürmü? Henri Corc -XIX əsr Amerika iqtisadçısı və sosial filosofu bu suala müsbət cavab vermişdir. Özünün «Tərəqqi və yoxsulluq» kitabında (1879-cu il) bu alim hökuməti torpaqla bağlı vahid vergini tətbiq etməyə çağırmışdır.
O, bu vergi növünü iqtisadi səmə­rəliliyin yüksəldilməsinin və cəmiyyət üzvləri arasında bərabərliyə nail olmağın vasitəsi kimi qiymətləndirmişdir. H.Corcun ideyalarının çoxlu tərəfdarları var idi, lakin o, 1886-cı ildə Nyu-York şəhərinin meri (başçısı) vəzifəsini tutmuq üçün keçirilən seçkilərdə uduzmuşdur (baxmayaraq ki, ABŞ-ın gələcək prezidenti, res­publikaçılar partiyasının namizədi Teodor Ruzvelti xeyli qabaq­lamışdır).
Torpaq sahəsinin mülkiyyətçilərinə vahid verginin tətbiqi haqqında H.Corcun təklifi iqtisadi sərvətlərin daha ədalətli bölgüsü ilə bağlı qayğıdan irəli gəlirdi. Bu alim «dəhşətli var-dövlət və alçaldıcı ehtiyac arasındakı ciddi fərqi» qınayır və belə hesab edirdi ki, torpaq mülkiyyətçiləri iqtisadi artımdan layiq olmadıqlarından daha çox fayda əldə edirlər. Əgər biz müasir iqtisadi nəzəriyyədə tətbiq edilən vasitələrdən istifadə etsək, H.Corcun torpaq vergi­sinin müdafiəsi ilə bağlı dəlillərini başa düşmək olar. Əvvəlcə torpağın icarəsi bazarında tələb və təklifi nəzərdən keçirək. Immiqrasiyanın əhalinin artımına, texnoloji tərəqqinin isə gəlirlərin yüksəlməsinə səbəb olduğunu nəzərə alsaq, torpağa olan tələb zaman keçdikcə çoxalır. Torpağın kəmiyyəti dəyişməz olduğu üçün torpaqlarını icarəyə verənlərin təklifi tamamilə qeyri-elastikdir. Tələbin sürətlə artması və təklifin qeyri-elastikliyi torpaqla bağlı tarazlıq rentasının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnir, deməli, iqtisadi artım torpaq mülkiyyətçilərini daha varlı edir.
Torpaq vergisinin tətbiqi ilə bağlı vəziyyəti nəzərdən keçirək. Vergi yükünün ağırlığının daha çox hissəsi bazarda daha az elastikliyə malik olan tərəfin üzərinə düşür (6 fəsil). Torpaq vergisi bu prinsipi son həddə çatdırır. Torpağı bazara çıxaranlar - torpaq mülkiyyətçiləri öz gəlirlərini artırmağa çalışaraq, bazarda bütün torpağı təklif etməyə heç bir alternativ görmürlər.
Beləliklə, təklifin elastikliyi sıfra bərabərdir, vergi yükü isə bü­töv­lükdə tor­­­paq mülkiyyətçilərinin üzərinə düşür. Bəs səmərəliliklə bağlı vəziyyət necə­dir? Verginin tətbiqi ilə bağlı geri qayıtmayan itkilər tələb və təklifin elastik­liyindən asılıdır. Torpaq vergisi ekstremal (fövqəladə, xüsusi) vəziyyətdir. Tək­lifin elastikliyi sıfra bərabər olduğu üçün torpaq vergisi bazardakı vəziyyəti (allokasiyanı) dəyişmir. Beləliklə, geri qayıtmaz itkilər haqqında danışmağa lü­zum yoxdur, dövlətin vergi gəlirləri isə tam dəqiqliyi ilə torpaq sahiblərinin itkilərinə bərabərdir.
Nəzəriyyədə  torpaq vergisi cəlbedici görünə bilər, lakin onun prak­tiki üstün­lükləri heç də gözəgörünən deyildir. Torpaq vergisi nəticəsində iqtisadi stimulları təhrif etməmək üçün o, «insan əməyi görməmiş» torpaqlara şamil edilməlidir, belə ki, çox vaxt torpağın dəyəri onun ağaclardan təmizlənməsi, kanalizasiyanın çəkilməsi və ya yolların tikilməsi ilə bağlı işlərin görülməsi ilə şərtlənir. Işlənilməmiş, insan əməyi dəyməmiş torpaqlardan fərqli olaraq, yaxşı­­laşdırılmış torpaqla bağlı elastikliyin əhəmiyyəti 1-dən (vahiddən) yüksək olur. Əgər vergi yaxşılaşdırılmış torpaqdan tutularsa, stimullar təhrif olunar. Bu halda, verginin tətbiq edilməsi ilə bağlı torpaq sahiblərinin hərəkəti özünü torpağın yax­şı­laşdırıması ilə əlaqədar resursların azalmasında göstərəcəkdir.
H.Corcun torpaq vergisinin tətbiqi üzrə təklifi müasir iqtisadçıların yal­nız bir qismi tərəfindən təqdirlə qarşılanır. Burada problem təkcə yaxşı­laşdırıl­mış torpaqla bağlı vergilərin tətbiq edilməsində deyil. Belə vergi höku­məti öz mə­­mur ordusunu saxlamaq üçün lazım olan vəsaitlə təmin etmək iqtidarında de­yil. Bununla belə, alimin bir çox dəlilləri öz aktuallığını qoruyub saxlayır. Müa­­sir dövrün görkəmli iqtisadçısı Milton Fridmen onları aşağıdakı kimi qiy­mət­ləndirir; «Mənim fikrimcə, işlənməmiş torpaqlardan tutulan vergi mülkiy­yətdən tutulan ən pis vergidir ki, bu barədə çox-çox illər əvvəl Henri Corc demişdir».

 

0 şərh