Fəsil 9

Beynəlxalq ticarət

Siz əyninizə geydiyiniz paltarın etiketinə baxmısınızmı? Yəqin ki, o, ən müxtəlif ölkələrdə istehsal edilmişdir. Yüz il bundan əvvəl tekstil və toxuculuq sənayesi əksər ölkələrin milli iqtisadiyyatının mühüm hissəsini təşkil edirdi, indi isə belə deyildir. Keyfiyyətli məhsulları daha az istehsal xərcləri ilə istehsal edən xarici rəqiblərlə toqquşaraq, inkişaf etmiş ölkələrin bir çox şirkətləri aşkar etdilər ki, tekstil və paltarı mənfəətlə istehsal etmək və satmaq imkanına malik deyillər. Işçilər işdən azad edildilər, fabriklərin çox hissəsi isə bağlandı. Nəticədə, amerikalılar və Qərbi Avropa əhalisi tərəfindən istehlak edilən tekstilin və paltarın əhəmiyyətli bir hissəsi xaricdən ixrac edilməyə başladı.
Tekstil sənayesinin tarixi iqtisadi siyasətin bir çox mühüm suallarını ortaya çıxarır: beynəlxalq ticarət ölkənin iqtisadi rifahına necə təsir edir? Azad beynəlxalq ticarətdə kimlər udur, kimlər uduzur? Sərvətlər və itkilər necə qarşılıqlı müqayisə edilir? 3-cü fəsildə biz müqayisəli üstünlük prinsipindən istifadə edərək, beynəlxalq ticarətin faydasını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, o, hər bir ölkəyə imkan verir ki, öz şirkətləri tərəfindən daha yaxşı istehsal edilən mallar üzrə ixtisaslaşsın. Lakin bizim təhlilimiz tam deyildi. O, beynəlxalq bazarda faydanın necə əldə edildiyini, onların müxtəlif iqtisadi agentlər arasında necə bölüşdürüldüyünü izah etmirdi.
Biz yenidən beynəlxalq ticarətin öyrənilməsinə qayıdaraq, bu məsələləri nəzərdən keçirəcəyik. Əvvəlki fəsildə biz bazarın fəaliyyəti ilə bağlı bir çox  iqtisadi alətləri - (instrumentləri) tələb, təklif, tarazlıq, istehlakçı qazancı (artıqlığı), satıcının qazancı (artıqlığı) və s.-ni öyrəndik. Yeni iqtisadi alətlərin (instrumentlərin) istifadəsi iqtisadi rifaha beynəlxalq ticarətin təsiri haqqında biliklərimizi genişləndirməyə imkan verir.

Beynəlxalq ticarətin nəticələrini müəyyən edən amillər.
Polad bazarı timsalında beynəlxalq ticarətin nəticəsi olan qazancı və itkiləri nəzərdən keçirək. Polad dünyanın bir çox ölkələrində istehsal edilir, onun fəal ticarəti həyata keçirilir. Bundan əlavə, polad bazarı tez-tez siyasətçilərin ciddi marağına səbəb olur; hökumət çox vaxt öz milli istehsalçılarını xarici istehsalçıların rəqabətindən qorumaq üçün ticarət məhdudiyyətlərindən istifadə edir. Biz polad bazarını xəyali Izolandiya ölkəsində nəzərdən keçirək.

0 şərh