23. Istehsal və iqtisadi artım

Production and growth

Dünya ölkələri üzrə səyahət edərkən siz yəqin ki, müxtəlif ölkələrin əhalilərinin həyat səviyyələrindəki böyük fərqi müşahidə etmisiniz. ABŞ, Yaponiya, yaxud Almaniya kimi dövlətlərin vətəndaşlarının adambaşına düşən orta gəliri Hindistan, Indoneziya, yaxud Nigeriyanın analoji göstəricilərindən on dəfədən çox üstələyir. Əhalinin pul gəlirlərindəki fərqlər maddi rifahdakı fərqləri müəyyən edir. Varlı ölkələrdə əhali daha çox telefon və televizorlara, daha keyfiyyətli qida məhsullarına, daha yaxşı mənzil şəraitinə, inkişaf etmiş səhiyyə sisteminə və deməli, daha uzun ömrə malikdir.
Lakin zaman keçdikcə hər bir ölkədə maddi rifah halının səviy­yəsində nəzərə çarpacaq dəyişikliklər ola bilər. Son yüz il ərzində ABŞ-da əhalinin adambaşına düşən real ÜDM kimi hesablanan orta gəliri il ərzində təxminən 2% artmışdır. Bu rəqəmin o qədər də əhəmiyyətsiz görünməsinə baxmayaraq amerikalıların adambaşına düşən orta gəliri hər 35 ildən bir 2 qat artırdı, məhz bunun nəticəsində o, son yüz ildə 8 dəfə artmışdır.
Müxtəlif ölkələrdə adambaşına düşən orta gəlirin artım templəri bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənirlər. Şərqi Asiyanın bəzi ölkələrində məsələn, Honq-Konq, Sinqapur, Cənubi Koreya və Tayvanda son 10 ildə onun illlik artımı təxminən 7%-ə bərabər olmuşdur, deməli, hər 10 ildən bir adambaşına düşən gəlir 2 qat artmışdır. Bir nəslin ömrü zamanında «Asiya pələngləri» ən kasıb ölkələrdən, ən varlı və çiçəklənən ölkələrdən birinə çevrilmişdirlər. Lakin Çad, Efiopiya, yaxud Nigeriya kimi bəzi Afrika ölkələrində əhalinin adambaşına düşən gəlirlərinin səviyyəsi uzun illər boyu sabitdir.
Bu böyük fərqlərin səbəbi nədir? Vətəndaşlarının yüksək həyat səviyyəsini qoruyub saxlamaq üçün varlı ölkələr hansı tədbirləri gör­mə­lidirlər? Iqtisadi artımı sürətləndirmək və müasir dünyada layiqli yer tut­maq üçün kasıb ölkələr nə etməlidirlər? Makroiqtisadiyyat məhz belə sual­lara cavab tapmaqla məşğul olur. Məşhur iqtisadçı Robert Lukas bir za­manlar qeyd etmişdi ki, «bəşəriyyətin rifahı üçün bu problemlərin əhə­miy­yəti o dərəcədə böyükdür ki, bir dəfə onlar haqda düşünməyə başladıqdan sonra bundan başqa daha heç bir şey haqda düşünmək mümkün olmur».
Əvvəlki fəsillərdə bəzi kəmiyyət  makroiqtisadi göstəriciləri ilə tanış olmuşduq. Bu fəsildə isə belə dəyişənlərin göstəricilərində əmələ gələn fərqləri müəyyən edən qüvvələrin öyrənilməsinə başlayırıq. Məlum olduğu kimi ümumi daxili məhsul (ÜDM) 2 üsulla ölçülür: istehlakçıların əmtəə və xidmətlərin əldə olunmasına yönədilmiş xərclərinin ümumi məbləğinin bu əmtəə və xidmətlərin istehsalçılarının gəlirlərinin ümumi məbləğinə  bəra­bər edilməsi kimi. Real ÜDM –un səviyyəsi cəmiyyətin iqtisadi rifa­hının etibarlı göstəricisidir, onun dəyişmə sürəti isə iqtisadi artımın göstəricisi kimi çıxış edir. Bu fəsil uzunmuddətli dövrdə bu dəyişənlərin davranışının təhlilinə həsr edilmişdir. Sonrakı fəsillərdə inkişaf səviyyəsinin uzun­müd­dətli meyllərini müəyyən edən real ÜDM-un qısamüddətli tərəd­düdlərini nəzərdən keçirəcəyik.
Təhlilimiz 3 mərhələdən ibarətdir. Birincidə müxtəlif ölkələrdə adambaşına düşən orta gəlirlərin göstəricilərini nəzərdən keçirəcək və onların əhalilərinin həyat səviyyələrindəki fərqlərlə tanış olacağıq. Ikincidə əmək məhsuldarlığı anlayışını – vahid iş vaxtı ərzində istehsal olunan əmtəə və xidmətlərin həcminin göstəricisini təhlil edəcəyik. Ayrıca olaraq, əmək məhsuldarlığının həyat  səviyyəsinə necə təsir etdiyini öyrənəcək və bunu müəyyən edən amillərlə tanış olacağıq. Üçüncü mərhələdə əmək məh­suldarlığı və dövlətin iqtisadi siyasəti arasındakı qarşılıqlı əlaqəni nəzərdən keçirəcəyik.

0 şərh