24.Əmanət və investisiyalar milli hesablar sistemində

SAVING AND INVESTMENT IN THE NATIONAL INCOME ACCOUNTS

Maliyyə sistemində təzahür edən hadisələrin başa düşülməsi bütövlükdə iqtisadiyyatın inkişafının dərk edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi onun əsas strukturları - səhm və istiqrazlar bazarları, banklar və borc fondları əmanət və investisiyaların pul axınlarının tənzimləyicisi rolunu oynayır. Əvvəlki fəsildə müəyyən etdik ki, əmanət və investisiyalar dayanıqlı iqtisadi artımın və əhalinin həyat səviyyəsinin əsas amilləridir. Buna görə də makroiqtisadi baxımdan maliyyə bazarlarının fəaliyyət mexanizminin və onların müxtəlif hadisələrə və siyasi qərarlara təsirinin başa düşülməsi xüsusi əhəmiyyət kəsb edir.
Kitabın  bu hissəsində maliyyə bazarlarının təhlili üçün çıxış nöqtəsi kimi biz onların aktivliyini müəyyən edən əsas makroiqtisadi dəyişənlərlə tanışlığı seçəcəyik. Biz diqqətimizi maliyyə bazarlarının fəaliyyətinə deyil, onların ölçülərinin kəmiyyət qiymətləndirilməsinə, yəni milli hesablar sisteminə yönəldəcəyik. Hesabdarlıq həm ayrıca insanın gəlir və xərclərinin düzgün hesablanması üçün, həm də bütövlükdə dövlətin gəlir və xərclərinin müəyyən olunması üçün zəruridir. Məsələn, milli hesablar sistemi ÜDM və bir çox digər iqtisadi göstəricilərin hesablanmasını nəzərdə tutur.
Milli hesablamanın qaydaları bir neçə mühüm bərabərliklərin, yəni onlara daxil olan dəyişənlərin istənilən qiymətində düzgün olan düsturların istifadəsinə əsaslanır. Onları yadda saxlamaq faydalıdır, ona görə ki, onlar müxtəlif iqtisadi parametrlərin qarşılıqlı əlaqəsini başa düşməyə imkan verir. Biz maliyyə bazarlarının makroiqtisadi rolunu izah edən bəzi bərabərlikləri nəzərdən keçirəcəyik.
Bəzi mühüm bərabərliklər

SOME IMPORTANT IDENTITIES
Yada salaq ki, ümumi daxili məhsul (ÜDM) ya istehsal olunmuş bütün əmtəə və xidmətlərin dəyərinə, ya da onların ödənilməsinə yönəldilən bütün xərclərin cəminə bərabərdir. ÜDM-un ölçüsü (Y)  4 əsas  komponentlə  ilə müəyyən olunur: istehlak (C), investisiyalar (I), dövlət satınalmaları (G) və xalis ixracla (NX). Riyazi üsulla bunu aşağıdakı kimi ifadə etmək olar:
Y=C+I+G+NX.
Bu düstur bərabərlikdir, ona görə ki, onun sol tərəfində ÜDM-un xərclərinin hər bir dolları onun sağ tərəfində 4 komponentdən birində öz əksini tapacaq.
Bu fəsildə biz tədqiq etdiyimiz iqtisadiyyatın qapalı olduğunu, yəni digər iqtisadiyyatlarla qarşılıqlı əlaqəsi olmadığını fərz edərək təhlili asanlaşdıracağıq. O cümlədən onun digər ölkələrlə əmtəə və xidmətlərin ticarətinə qoşulmaması və borc alma və kreditləşmənin beynəlxalq əməliy­yatlarına əl atmadığını fərz edəcəyik. Sözsüz ki, istənilən real iqtisadiyyat açıqdır, yəni o, mütləq digər dövlətlərin iqtisadiyyatları ilə qarşılıqlı əlaqədədir. (açıq iqtisadiyyatın makroiqtisadi təhlilini biz kitabın sonrakı fəsillərində aparacağıq.) Yenə də qapalılıq təklifi çox dəyərlidir, ona görə ki, iqtisadiyyatın istənilən tipində tətbiq oluna bilən bir neçə mühüm nəticəyə gəlməyə imkan verir. Bundan əlavə bu ehtimal bütövlükdə dünya iqtisadiyyatına münasibətdə də  qanuna uyğun haldır (ona görə ki, əmtəə və xidmətlərin planetlər arası ticarəti hələ ki, geniş yayılmamışdır).
Qapalı iqtisadiyyat beynəlxalq ticarətdə iştirak etmədiyi üçün onun ixrac və idxalının göstəriciləri 0-a bərabərdir.  Beləliklə, bizim son düsturumuzdakı xalis eksport komponenti də 0-a bərabər olacaqdır, düstur isə aşağıdakı kimi ifadə olunacaq:
Y=C+I+G
Beləliklə, qapalı iqtisadiyyatda ÜDM istehlak, investisiyalar və dövlət satınalmalarının cəminə bərabərdir. 
Bu düsturun maliyyə bazarlarının yeri və rolu barədə bizə nə deyə biləcəyini əyani təsəvvür etmək üçün onun sağ və sol tərəfindən C G-ni çıxaq. Biz bu ifadəni alacağıq:
Y-C-G=I
Düsturun sol tərəfi (Y-C-G) istehlak və dövlət satınalmalarının həcmi çıxıldıqdan sonra iqtisadiyyatın gəlirlərini özündə əks etdirir. Bu göstərici milli əmanətlər yaxud da sadəcə əmanətlər adlanır və S kimi işarə olunur. Y-C-G -i S-lə işarə etsək aşağıdakı ifadəni alacağıq:
S=I,
Bu isə o deməkdir ki, yığımlar investisiyalara bərabərdir.
Milli əmanətlərin müəyyən olunmasının mahiyyətinin daha yaxşı başa düşülməsi üçün sadə riyazi dəyişikliklər aparaq. Fərz edək ki, T dövlətin ev təsərrüfatlarından vergi formasında aldığı və onun ev təsərrüfatlarına transfert ödəmələr (təqaüdlər və digər sosial müavinətlər) formasında ödədiyi məbləğlərin fərqini ifadə edir. Onda milli yığımları riyazi olaraq ya
S = Y-C-G,
ya da
S=(Y-T-S) + (T-G)
kimi ifadə etmək olar.
Bu iki ifadə bir-birlərinə bərabər olsalar da (ona görə ki, ikinci ifadədə T fərqli işarələrlə iştirak edir), onlar milli əmanətlərin müəyyən olunmasına müxtəlif yanaşmaları nəzərdə tuturlar. Xüsusilə, ikinci bərabərlik milli yığımları iki tərkib hissəsinə bölür:
Şəxsi (Y-T-S) və dövlət (ictimai, kütləvi) yığımları (T-G).
Hər tərkib hissəsini ətraflı nəzərdən keçirək. Şəxsi əmanətlər vergilər və istehlak xərcləri çıxıldıqdan sonra ev təsərrüfatlarının gəlirlərini özündə ifadə edir. Ictimai yığımlar dövlətin yığılan vergilər formasında aldığı gəlirləri  və onun xərclərinin fərqinə bərabərdir. Əgər T G-ni üstə­ləyirsə deməli büdcə artıqlığı mövcuddur, yəni, hökumətin gəlirləri onun xərclərini üstələyir. T-nin G-ni üstələməsi ictimai əmanətlərin səviyyəsini əks etdirir. Əgər dövlət vergi formasında yığdıqlarından müyəssər oldu­ğundan çox vəsait xərcləyirsə (son illər ABŞ-da baş verdiyi kimi) büdcə kəsri barədə danışmaq qanunauyğundur. Bu halda kütləvi yığımların ölçüsü «mənfi» işarəlidir.
Alınan düstur maliyyə bazarlarındakı vəziyyətlə necə bağlıdır? S=I ifadəsi mühüm faktı əks etdirir: bütövlükdə iqtisadiyyat üçün əmanətlər investisiyalara bərabər olmalıdır. Lakin eyni zamanda o, ciddi suallar da doğurur. Bu tarazlığın saxlanılması mexanizmi necədir? Biz insanların investisiyalarında digərlərinin əmanətlərində maraqlı olmasını nə tənzimləyir? Bu sualların cavabları maliyyə sisteminin fəaliyyət prin­siplərinə daxildir. Iş ondadır ki, səhm və istiqrazlar bazarı, banklar, borc fondları və onun digər strukturları S=I ifadəsinin sağ və sol hissələrinin qiymətini müəyyən edir, başqa sözlə o, milli əmanətləri formalaşdırır və onları milli investisiyalara yönəldir.

«Əmanətlər» və «investisiyalar» anlayışlarının mahiyyəti
THE MEANING OF SAVING AND INVESTMENT
Bir çox insanlar «əmanətlər» və «investisiyalar» anlayışlarını səhv salırlar, yaxud onları eyni əhəmiyyətli hesab edirlər. Lakin milli hesablama problemləri ilə məşğul olan makroiqtisadiyyat üzrə mütəxəssislər onların fərqli cəhətlərini aydın başa düşürlər və onların istifadəsinə son dərəcə ehtiyatla yanaşırlar.
Sadə bir misalı nəzərdən keçirək. Fərz edək ki, Larri xərclədiyindən çox qazanır, istifadə olunmayan vəsaitləri isə bank hesabında yerləşdirir, yaxud onlara kompaniyaların səhm ya da istiqrazlarını alır. Larrinin gəliri onun istehlakından yüksək olduğu üçün bu milli əmanətlərin artımına səbəb olur. Larrinin hərəkətlərini investisiya adlandırmaq olar, lakin makroiqtisadiyyatda bu əmanət adlanır.
Makroiqtisadi dildə investisiya dedikdə bina və sənaye avadanlığı kimi yeni istehsal vasitələrinin alışı nəzərdə tutulur. Yeni evin tikintisi üçün Mou bankdan ssuda götürdükdə bununla o, milli investisiyaları artırır. Analoji olaraq Curly Corporation bazarda öz səhmlərini yerləşdirib əldə olunan vəsaitlərə yeni zavod tikdirirsə bu zaman yenə də milli inves­tisiyaların həcmi artır.
S=I bərabərliyi bütövlükdə iqtisadiyyatda investisiyaların cəminin əmanətlərin cəminə bərabər olduğunu göstərsə də bu heç də o demək deyil ki, bu şərt həmişə hər bir ev təsərrüfatı yaxud firma üçün doğrudur. Larrinin əmanətləri onun investiyalarından çox ola bilər, bu da ona artıq qalan pulları depozitdə yerləşdirmək imkanını verir. Mounun əmanətləri onun investisiyalarından az ola bilər və o, çatmayan məbləği bankdan borc almağa məcbur olacaq. Beləliklə, banklar və digər maliyyə idarələri bir qrup adamların yığımlarını iqtisadiyiatın digər subyektlərinin inves­tisiyalarına çevirməklə bu vəziyyətdən istifadə edirlər.

0 şərh