27. Inflyasiyanın klassik nəzəriyyəsi

Biz inflyasiya probleminin baxılmasına qiymətlərin səviyyəsini və onların artım tempini müəyyənləşdirən uzunmüddətli faktorların izahı zamanı əksər iqtisadçılar tərəfindən istifadə olunan pulun kəmiyyət nəzəriyyəsi ilə tanışlıqdan başlayacağıq.

Qiymətlərin səviyyəsi və pulun dəyəri
THE LEVEL OF PRICES AND THE VALUE OF MONEY
Təsəvvür edək ki, hər hansı vaxt çərçivəsində (müddətində) bir stəkan dondurmanın qiyməti 10 sentdən 1 dollara qədər artdı. Insanların eyni mala daha çox pul verməyə hazır olmasından necə nəticə çıxarmaq olar? Bəlkə, onlar dondurmadan əvvəlkinə nisbətən daha çox həzz alırlar (məsələn, ona görə ki, onda yeni aromatik maddələr istifadə edilib)? Çox güman ki, dondurmadan olan həzz təxminən eynidir, yalnız onun alışı üçün lazım olan pulun dəyəri azalıb. Beləliklə, ilk baxışdan inflyasiya əmtəələrin qiymətinin deyil, pulun dəyərinin dəyişməsi ilə əlaqəlidir.
Bu fərziyyə bizə inflyasiyanı izah etməyin yolunu göstərir. Istehlak qiymətləri indeksinin (IQI) və ya istehlak səbətinin dəyərinin başqa göstəricilərinin yüksəlişi baş verəndə çoxları hər şeydən əvvəl onun tər­ki­bi­nə daxil olan əmtəələrin qiymətinə nəzər yetirir və misal üçün belə nəticə çıxa­rırlar: «Keçən ay qəhvənin dəyərinin 20% və evləri isitmək üçün istifadə edilən yanacağın qiymətinin 30% qaldırılması nəticəsində IQI 3% art­mışdır». Doğrudan da, belə yanaşma iqtisadiyyatda baş verən dəyi­şik­liklər haqqında informasiyaya əsaslansa da, o, vacib olanı nəzərdən qaçırır: inflyasiya hər şeydən əvvəl iqtisadiyyatda istifadə olunan tədavül vasitələrinin dəyərinə aid olan hadisədir.
Qiymətlərin ümumiqtisadi səviyyəsi iki nöqteyi-nəzərdən təhlil edilə bilər. Ötən fəsillərdə biz onu istehlak səbətinə daxil olan əmtəələrin və xidmətlərin qiyməti kimi müəyyən etmişdik. Bu göstərir ki, qiymətlərin səviyyəsi artdıqda əhali aldığı əmtəə və xidmətlərə görə daha çox pul ödəməyə məcburdur. Lakin biz qiymətlərin səviyyəsini dəyər ölçüsü və ya pulun dəyəri kimi də nəzərdən keçirə bilərik. Yəni qiymətlərin səviyyəsinin artması pulun dəyərinin aşağı düşməsi deməkdir, ona görə ki, indi sizin pul kisənizdə olan hər bir dollar sizə az miqdarda əmtəə və xidmətlər əldə etməyə imkan verir.
Bu fikri riyazi üsulla ifadə etmək daha faydalıdır. Fərz edək ki, P – istehlak səbətindən əmtəə və xidmətlərin ödənilməsi üçün lazım olan dolların miqdarını müəyyən edən IQI və ya ÜDM deflyatorunun köməyi ilə ölçülən qiymətin səviyyəsidir. Bu halda 1 dollara alına bilən əmtəə və xidmətlərin miqdarı 1/P-yə bərabər olacaq. Başqa sözlə, əgər P – əmtəə və xidmətlərin dəyərinin pulla ifadəsidirsə, onda 1/P – əmtəə və xidmətlərin miqdarı ilə ölçülən pulun dəyəridir. Ona görə də qiymətlərin ümumi səviyyəsi qalxanda pulun dəyəri azalır.

Pulun təklifi, pula tələb və pul tarazlığı

MONEY SUPPLY, MONEY DEMAND AND MONETARY EQUILIBRIUM

Pulun dəyərini nə müəyyən edir? Sən demə, iqtisadiyyatda olan əksəriyyət kimi,  pulun dəyəri tələb və təkliflə müəyyən edilir. Eynilə bananın qiy­mə­tinin bananın tələb və təklifindən asılı olaraq müəyyən edildiyi kimi, pulun da tələb və təklifi onların dəyərini müəyyən edir. Ona görə də pulun kəmiyyət nəzəriyyəsi ilə tanışlığımızın növbəti mərhələsi pulun tələb və təklifini müəyyən edən faktorların araşdırılmasına həsr ediləcək.
Pulun təklifini araşdıraq. Ötən fəsildə biz bildik ki, o, bankların fəaliyyətlərindən və ABŞ Federal Ehtiyat Sistemindən (FES) asılıdır. Xatır­ladaq ki, açıq bazardakı əməliyyatlar vasitəsilə FES bank ehtiyat­ların­dakı pul vəsaitlərinin həcminə təsir göstərir, bunların həcmi isə öz növbəsində bank sistemi tərəfindən hasil olunan pulun miqdarına təsir edir. Bu fəsildə qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün biz bank sisteminin fəaliyyətinin bəzi aspektlərini nəzərə almaya bilərik və pul kəmiyyətini bilavasitə FES tərəfindən tənzimlənən dəyişən kimi gözdən keçirə bilərik.
O ki qaldı pula olan tələbə, o, başqa mallara olan tələbat kimi bir çox amillərlə müəyyən edilir. Misal üçün insanların pul kisələrində daşımağı üstün tutduqları pulun miqdarı onların kredit kartlarına olan eti­barın dərəcəsindən və küçələrdə bankomatların sayından asılıdır. Bundan əlavə, biz 32-ci fəsildə görəcəyik ki, pulun miqdarı həmçinin pulları özünüzlə daşımaqdan və ya bankda azgəlirli cari hesabda saxlamaqdansa, onlara istiqraz vərəqələri almaqla əldə edilən faiz gəlirlərindən də asılıdır. Pula olan tələb bir çox amillərdən asılı olsa da, onlardan birinin əhə­miy­yətini, yəni iqtisadiyyatda qiymətlərin orta səviyyəsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, pul tədavül vasitəsi funksiyasını yerinə yetirir. Başqa aktivlərdən, məsələn, səhmlər və istiqrazlardan fərqli olaraq, məhz onlar müxtəlif əmtəə və xidmətlərin ödənilməsi üçün istifadə olu­nurlar. Bu və ya digər alış-verişi edən insanın yanında olan pulun məbləği onun aldığı malların qiymətindən asılıdır. Qiymətlər yüksəldikcə, hər sövdəni yerinə yetirmək üçün daha çox pul tələb olunacaq və əhali pul kisəsində və cari hesablarında daha çox vəsait saxlayacaq. Beləliklə, qiymətlərin səviyyəsinin yüksəlməsi (pulun dəyərinin aşağı düşməsi) pula olan tələbin yüksəlməsinə gətirib çıxarır.
FES tərəfindən dövriyyəyə buraxılan pul vəsaitlərinin həcminin əhali tərəfindən onlara olan tələblə tarazlaşdırılmasının təminatı nədir? Növbəti fəsillərdə biz bu sualın qısamüddətli dövrdə iqtisadiyyat üçün cavabı ilə tanış olacağıq və görəcəyik ki, burada əsas rolu faiz dərəcəsi oynayır. Uzunmüddətli dövrdə iqtisadiyyat üçün cavab başqadır və yəqin ki, daha sadədir. Uzunmüddətli dövrdə qiymətlərin ümumi səviyyəsi pula olan tələbin təklifə bərabər olduğu hala uyğundur. Qiymətlərin səviyyəsi tarazlıq səviyyəsindən yüksəkdirsə FES-in buraxdığı ilə müqayisədə əhaliyə daha da çox miqdarda pul gərəkdir. Pula olan tələb və təklifin tarazlaşması üçün əmtəə və xidmətlərin qiymətlərinin səviyyəsi aşağı düşməlidir. Əgər qiymətlərin səviyyəsi tarazlıq səviyyəsindən aşağıdırsa, əhaliyə FES-in buraxdığı ilə müqayisədə az miqdarda pul gərəklidir. Ona görə də pula olan tələb və təklifin balansına nail olmaq üçün əmtəə və xidmətlərin qiymətinin səviyyəsi artmalıdır. Qiymətlərin tarazlıq səviyyəsində əhaliyə lazım olan pulun miqdarı dəqiqliklə FES tərəfindən təklif olunan pulun miqdarına uyğun gəlir.

Bu izahatlar 27.1-ci şəkildə göstərilmişdir. Üfüqi ox üzrə dövriyyədə olan pulun miqdarı toplanır. Sol şaquli ox pulun dəyərini (1/P), sağ şaquli ox isə qiymətlərin səviyyəsini göstərir. Fikir verin ki, pulun dəyəri və qiymətin səviyyəsi oxlarında bir-birinə əks nəticələr toplanır. Bizim qrafikdə pul təklifi xəttinin şaquli yerləşməsi mövcud pul miqdarının FES tərəfindən ciddi qeydə alındığını bildirir. Pula olan tələbi bildirən əyrinin get-gedə aşağı enməsi pulun dəyəri düşdükcə, onlara olan tələbatın artdığını göstərir. Qrafikdə A nöqtəsi ilə qeyd edilən tarazlıq vəziyyətində tələb olunan pulun miqdarı təklif edilən pulun miqdarına bərabərdir. Pulun tələb və təklifinin bu tarazlığı pulun dəyərini və qiymətlərin səviyyəsini müəyyən edir.
 

0 şərh