27.Pulun tədavül sürəti və pulun kəmiyyət nəzəriyyəsinin tənliyi

VELOCITY AND THE QUANTITY EQUATION
Pulun kəmiyyət nəzəriyyəsinin daha bir istifadə yolu mövcuddur. Onun köməyi ilə biz hər banknotun yeni istehsal edilmiş əmtəə və xidmətlərin ödənilməsi üçün orta hesabla ildə neçə dəfə istifadə olunduğunu öyrənməyə təşəbbüs göstərə bilərik. Bu sualın cavabını pulun tədavül sürəti adlanan iqtisadi dəyişən verir. Fizikada sürət anlayışı obyektin hərəkətinin tezliyini qiymətləndirməyə imkan verir. Iqtisadiyyatda pulun tədavül sürəti bank­not­ların bir adamın pul kisəsindən başqasının portmonesinə keçməsinin tezliyini əks etdirir.
Pul tədavülünün sürətini hesablamaq üçün biz istehsal edilmiş məhsulun nominal dəyərini (nominal ÜDM) pulun miqdarına bölürük. P – qiymətin səviyyəsi (ÜDM deflyatoru), Y – istehsal edilmiş məhsulun miqdarı (real ÜDM) və M – pul miqdarıdırsa, onda pulun tədavül sürəti belə ifadə edilə bilər:
V = (P´Y) / M.
Yalnız pitsa istehsal edən sadə iqtisadiyyatı təsəvvür edin. Tutaq ki, onun istehsal həcmi ildə 100 ədəd pitsadır, bir pitsanın qiyməti 10 dollar, iqtisadiyyatda pulun miqdarı isə 50 dollar təşkil edir. Onda pulun tədavül sürəti:
V = ($10 ´100) / $50 = 20.
Bu iqtisadiyyatda əhali pitsaya ildə 1000 dollar xərcləyir. Xərclərin 1000 dollar məbləğində və pulun ümumi miqdarının 50 dollar olduğu halda hər banknot ildə 20 dəfə əldən-ələ keçməlidir.
Çətin olmayan riyazi əməliyyatdan sonra ilkin tənlik belə təqdim oluna bilər:
M ´V = P´Y
Tənlikdən görünür ki, pulun miqdarının (M) pulun tədavül sürətinə (V) hasili istehsal olunan əmtəənin qiymətinin (P) əmtəənin miqdarına (V) hasilinə bərabərdir. Bu ifadə pulun kəmiyyət nəzəriyyəsinin tənliyi adlanır, ona görə ki, o, pulun miqdarı (M) anlayışını istehsal olunmuş məhsulun nominal qiyməti (P´Y) ilə əlaqələndirir. O göstərir ki, pulun miqdarı çoxalanda, iqtisadiyyatda qiymətin səviyyəsi və ya istehsal olunan məhsulun miqdarı artmalıdır, yaxud da pulun tədavül sürəti azalmalıdır.
Əksər hallarda pulun tədavül sürəti nisbi stabilliyini saxlayır. Misal üçün 27.3-cü şəkildə 1960-cı ildən başlayaraq Amerika iqtisadiyyatının aşağıdakı göstəricilərinin dəyişməsi təsvir olunmuşdur: nominal ÜDM, pulun miqdarı (M2 pul kütləsinin göstəricisi ilə hesablanmış) və pulun tədavül sürəti. Demək olmaz ki, pulun tədavül sürəti sabit qalırdı, lakin onun dəyişmələri tam cüzi idi. Əksinə olaraq, müşahidə olunan dövr ərzində pulun təklifi və nominal ÜDM iyirmi dəfədən çox artmışdır. Ona görə də bəzi hallarda pulun tədavül sürəti kifayət qədər əsasla dəyişməz hesab edilə bilər.
Indi biz qiymətlərin bərabər səviyyəsinin və inflyasiyanın tempinin izahı üçün lazım olan faktları əldə etdik:

  • Pulun tədavül sürəti zaman ərzində nisbi sabitliyi saxlayır.
  • Pulun tədavül sürəti sabit olduğuna görə MB tərəfindən pulun miqdarının dəyişdirilməsi istehsal olunan əmtəənin (P´Y) nominal dəyərinin proporsional dəyişməsinə səbəb olur.
  • Əmtəə və xidmətlərin istehsalat həcmi (Y), əsasən istehsal resurs­larının təklifindən və texnologiyaların səviyyəsindən asılıdır. Pulun neyt­rallıq xüsusiyyətinə görə onların kəmiyyəti məhsul buraxılışının həc­minə təsir göstərmir.
  • MB tərəfindən pul təklifinin (M) dəyişdirilməsi zamanı istehsal həcmlərinin (P´Y) nominal dəyərinin dəyişməsi baş verir. Yalnız istehsal resurslarının təklifi və texnologiyaların səviyyəsi ilə müəyyən edilən istehsal həcmində (Y) FES-in hərəkətləri qiymətin səviyyəsinin (P) dəyişməsinə gətirib çıxaracaq.
  • Ona görə də MB pul təklifini artırdıqda qiymətin artım tempi yüksəlir.

Bu beş mühakimə pulun kəmiyyət nəzəriyyəsinin mahiyyətini təşkil edir.


Praktikum

Hiperinflyasiya dövründə pul və qiymətlər
Zəlzələlər ciddi dağıntılara gətirib çıxara bilər, lakin faydalı xarici effektlə müşahidə olunurlar: onlar seysmoloqlar üçün əhəmiyyətli mə­lumatlar verirlər. Əldə edilən məlumat gələcək fəlakətlər barəsində qa­baq­cadan xəbər vermək üçün alimlərə yeni nəzəriyyələr hazırlamağa kömək edir. Eyni qaydada hiperinflyasiya da pul tədavülü məsələlərini öyrənən iqti­sad­çılara iqtisadiyyatda bilavasitə pulun rolunu tədqiq etmək üçün məlu­matlar verir.
Iqtisadiyyatın belə vəziyyəti xüsusilə də ona görə maraqlıdır ki, o qiymətin səviyyəsinin və pul təklifinin əhəmiyyətli dəyişmələri ilə müşahidə olunur. Hiperinflyasiya, adətən, ayda 50%-dən yuxarı olan inflyasiyaya deyilir, yəni bir il ərzində qiymətlərin səviyyəsi yüz dəfədən artıq yük­səl­məlidir.
Hiperinflyasiyanı müşahidə zamanı əldə edilən məlumatlar pulun kəmiyyəti və qiymətin səviyyəsi arasındakı möhkəm əlaqəni göstərir. 27.4-cü şəkildə 1920-ci illərdə hiperinflyasiyanın klassik nümunələrini göstərən dörd ölkədə – Avstriya, Macarıstan, Almaniya və Polşada qiymət səviyyəsinin və pul təklifinin qrafikləri verilib. Pul təklifi əyrisinin mailliliyi onun yüksəlişinin sürətini, qiymət səviyyəsi əyrisinin mailliliyi isə  inflyasiya templərini müəyyən edir, həm də nəzərə almaq lazımdır ki, əy­rilərin mailliliyi nə qədər sərtdirsə, onların müəyyən etdikləri xarak­te­ristikaların artım tempi də bir o qədər yüksəkdir.


Nəzərə alın ki, iki dəyişənin qrafiklərinin davranış hərəkəti ta­mamilə eynidir. Ilkin etapda pul kəmiyyətinin artımı mülayim xarakterə malikdir, inflyasiya da özünü belə aparır. Lakin müəyyən vaxt ərzində iqtisadiyyatda pulun miqdarı daha tez-tez artmağa başlayır. Təxminən eyni zamanda inflyasiya tempinin hiss ediləcək artımı başlayır. Sonra pulun miqdarı stabilləşəndə, qiymət səviyyəsinin dəyişməsi də yavaşıyır. Verilən qrafiklər Ekonomiksin on prinsipindən birinin çox yaxşı şəklini verir: əgər dövlət həddindən artıq çox pul çap etməyə başlayırsa, inflyasiyanı gözlə.

Inflyasiya vergisi-THE INFLATION TAX
Əgər inflyasiyanın səbəbləri bu dərəcədə sadədirsə, onda nə üçün bəzi ölkələrdə hiperinflyasiya baş verir? Başqa sözlə, bu dövlətlərin MB-ları nə üçün o qədər çox pul çap edirlər ki, onların dəyəri də belə son dərəcə tez aşağı düşür?
Göstərilən suallara cavab ondan ibarətdir ki, bu ölkələrin höku­mətləri öz xərclərinin ödənilməsinə görə pulun çap edilməsinə əl atırlar. Yolların tikintisi, polis işçilərinin məvaciblərinin verilməsi, qoca və aztəminatlılara yardım üçün xüsusi fondlar yaratmaq vacibdir. Adətən, onlar vergilərin tutulması hesabına, məsələn, gəlir vergisi və satışa görə vergi, həmçinin dövlət istiqrazlarının buraxılışını həyata keçirməklə əhalidən borc almaq yolu ilə formalaşır. Lakin hərdən hökumətlər öz xərc­lərini, sadəcə olaraq, zəruri miqdarda pulun buraxılışı hesabına ödəyirlər.
Dövlət öz gəlirlərini çap dəzgahının köməyi ilə artıran zaman, deyirlər ki, o, inflyasiya vergisini yığır. Inflyasiya vergisi başqa vergilərə bənzəmir, ona görə ki, o, bilavasitə heç kimin gəliri ilə hesablanmır və onun təsiri gizli formada üzə çıxır. Hökumət artıq miqdarda pul çap etməyə başlayan zaman qiymətlərin səviyyəsi artır, əhalinin pulları isə öz dəyərini itirir. Beləliklə, pulu olan hər bir kəsə inflyasiya vergisi qoyulur.
Müxtəlif ölkələrdə inflyasiya vergisinin kəmiyyəti  vaxtilə nəzərəçarpacaq dərəcədə dəyişirdi. Son illərdə ABŞ-ın iqtisadiyyatında onun kəmiyyəti olduqca cüzi – bütün dövlət gəlirlərinin 3%-indən az idi. Lakin XVIII əsrin 70-ci illərində təzəcə müstəqillik alan ABŞ konqresi hərbi xərcləri, əsasən, inflyasiya vergisinin köməyi ilə yığılan vəsaitlər hesabına ödəyirdi. Yenicə yaranmış dövlətin hökuməti adi vergilərin yığılması və kreditlərin alınması yolu ilə xəzinənin doldurulması üçün məhdud imkanlara malik olduğundan Amerika əsgərlərinin məvaciblərinin ödənilməsi məsələsinin həllində yeni dollarların çap edilməsi ən sadə üsula çevrildi. Pulun kəmiyyət nəzəriyyəsinin nəticələrinə uyğun olaraq belə siyasətin yekunu inflyasiyanın yüksək tempi oldu: il ərzində qiymətlər 100 dəfədən çox artdı.
Təxminən bütün hadisələrdə hiperinflyasiyanın inkişafı Amerika inqilabı zamanı müşahidə olunmuş ssenariyə uyğun baş vermişdir. Adətən, belə vəziyyətlərdə dövlət yüksək xərclərə, vergilərin aşağı səviyyədə daxil olmasına və vəsaitlərin alınmasında məhdud imkanlara malik olur. Nəticədə hökumət iqtisadi problemlərini çap dəzgahının köməyi ilə həll etməyə cəhd göstərir. Pulun miqdarının xeyli dərəcədə çoxaldılması qiy­mətlərin kəskin surətdə artmasına gətirib çıxarır. Dövlət maliyyə isla­hatlarını həyata keçirməyə başladığı zaman inflyasiyanın aşağı düşməsi baş verir, məsələn, öz xərclərini azaldır və nəticədə inflyasiya vergisinə ehtiyac qalmır.

 

0 şərh