27. İnflyasiyanın dəyəri

Alıcılıq qabiliyyətinin aşağı düşməsi? – Inflyasiyanı düz başa düşməmək nəticəsində yaranan yanlış fikir
A FALL IN PURCHASING POWER? THE INFLATION FALLACY
Inflyasiyanın nəyi pisdir, sualına insanların əksəriyyəti onlar tərəfindən qazanılan pulların «alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır» – cavabını verər. Doğrudan da, qiymətlərin sürətlə artdığı bir şəraitdə sizin hər dollara əldə edə biləcəyiniz malların miqdarı daim azalır. Inflyasiyanın, doğrudan da həyat səviyyəsinin aşağı düşməsinə səbəb olduğu təsəvvürü yarana bilər. Lakin problemin daha da dərindən öyrənilməsi belə fikrin yanlış olduğunu görməyə imkan verir. Həqiqətən, qiymətlərin artdığı bir halda alıcılar əldə etdikləri əmtəə və xidmətlərə görə böyük miqdarda pul ödəyirlər, satıcılar isə əmtəə və xidmətlərə görə böyük miqdarda pul əldə edirlər. Amma əksər insanların gəlirinin onlar tərəfindən müxtəlif xid­mətlərin satışı hesabına (məsələn, əmək kimi) əmələ gəldiyinə görə gəlir artımı qiymət artımı ilə eyni baş verir. Beləliklə, inflyasiya öz-özlüyündə əhalinin gəlirlərinin alıcılıq qabiliyyətini aşağı salmır.
Inflyasiyaya olan yanlış münasibət ona əsaslanır ki, insanlar pulun neytrallıq prinsipini dərk etmirlər. Bir il müddətində əməkhaqqı 10% artan fəhlə gəlir artımını onun işdə (əməkdə) göstərdiyi bacarıq və səyinə verilən mükafat hesab edir. 6%-lik illik inflyasiya onun əməkhaqqının artımını 4%-ə qədər azaltdıqda isə, fəhlə hesab edir ki, qanunla ona məxsus olan bir şeydən onu aldadaraq məhrum edirlər. Əslində isə əvvəlki fəsillərdən aydın olmuşdur ki, real gəlirlər fiziki kapital, insan kapitalı, təbii resurslar və istehsal texnologiyalarının səviyyəsi kimi real kəmiyyətlərlə müəyyən edilir. Onlardan fərqli olaraq, nominal gəlirlər qiymət səviyyəsi kimi eyni faktorlarla müəyyən edilir. Ona görə də FES inflyasiya tempini 6%-dən sıfra qədər endirsə, bizim fəhlənin əməkhaqqının il ərzində artımı 10%-dən 4%-ə qədər azalacaq. Artıq o, qanunla qazandığı pullardan onu məhrum edən inflyasiyadan şikayət edə bilməz, lakin buna baxmayaraq, onun gəlirlərinin artımı da ləngiyir.
Nominal gəlirlərin artımı qiymət artımı ilə bərabər «addımlayırsa», nəyə görə inflyasiya belə bir problemə çevrilir? Bu suala birmənalı cavab yoxdur. Bundan əlavə tədqiqatçılar müxtəlif inflyasiya məsrəflərinin mövcud olduğuna işarə edirlər. Bu inflyasiya xərclərinin hər biri isə pul təklifinin sabit artımının real iqtisadi kəmiyyətlərin vəziyyətinə necə təsir etdiyini göstərir.

«Əyilmiş başmaqlar» effekti-SHOELEATHER COSTS
Inflyasiya pul sahiblərinə qoyulan vergilərdən birini ifadə edir. Öz- özlüyündə vergi cəmiyyət üçün əlavə xərclərə gətirib çıxarmır, o, sadəcə olaraq, vəsaitləri ev təsərrüfatlarından dövlətə köçürür. Lakin vergilərin əksə­riyyəti onları ödəməkdən boyun qaçırmaq istəyən vətəndaşların davranışının dəyişməsinə stimul yaradır (8 fəsil). Davranış motivlərinin pozulması isə ümumilikdə ictimaiyyət üçün qaytarılmayan itkilərə səbəb olur. Başqa vergilər kimi, inflyasiya vergisi də qaytarılmayan itkilərlə müşahidə olunur. Ona görə ki, əhali onun ödənilməsindən boyun qaçır­mağa cəhd edərək öz məhdud resurslarını boş-boşuna xərcləyir.
Inflyasiya vergisindən boyun qaçırmaq mümkündürmü? Inflyasiya sizin pul kisənizin içindəkinin real dəyərini aşağı saldığına görə siz yanınızda az pul olmaqla itkiləri azaltmağa cəhd göstərə bilərsiniz. Bu məsələnin həlli üsulundan biri də çalışıb bank hesabından tez-tez pul çıxarmaqdan ibarətdir. Inflyasiyanın təsiri altında pulun dəyəri günü-gündən aşağı düşdüyündən onları pul kisəsində saxlamaqdansa, sizə müntəzəm olaraq banka baş çəkərək pulların böyük hissəsini gəlir gətirən bank hesabında saxlamağa imkan verəcək.
Sizin əlinizdə olan pulların miqdarının azalması ilə bağlı olan xərclər «əyilmiş başmaqlar» məsrəfləri adlanır, ona görə ki, banka müntəzəm başçəkmələr onun müştərilərinin ayaqqabılarının tez sıradan çıxması deməkdir. Əlbəttə, bunu hərfi mənada başa düşmək lazım deyil. Əslində, əlinizdə olan pulların miqdarının azalmasının həqiqi xərcləri buna görə əmələ gələn vaxtın itirilməsindən, əlavə narahatlıqlardan ibarətdir.
«Əyilmiş başmaqlar» məsrəfləri əhəmiyyətsiz görünə bilər. Buna baxmayaraq, onlar son illərdə inflyasiya tempi çox əhəmiyyətsiz olan Amerika iqtisadiyyatında da mövcuddur. Iqtisadiyyatı hiperinflyasiya vəziyyətində olan ölkələrdə isə «əyilmiş başmaqlar» məsrəfləri özünü daha qabarıq büruzə verir. Onların təsirini göstərmək üçün biz 1985-ci il 13 avqust tarixli «The Wall Street Cournal» qəzetindən bir Boliviya sakininin davranışının təsvirini veririk.
25 mln. peso məbləğində aylıq əmək haqqı alan müəllim Edqar Miranda bir dəqiqə də vaxtını itirmir. Ona görə ki, pesonun dəyəri hər saat azalır. Belə ki, onun həyat yoldaşı dükanları gəzərək lazım olan aylıq düyü və əriştə tədarükünü gördüyü vaxtda E.Miranda qara bazarda əmək haqqının qalıqlarını Amerika dollarına dəyişir.
Cənab Miranda iqtisadiyyatı nəzarət olunmayan inflyasiya vəziyyətində olan ölkədə sağ qalmağın birinci qanununu yaxşı mənimsəyib. Qiymətlərin dəyişməsi elədir ki, onları anlamaq, sadəcə olaraq, çətindir. Məsələn,  altı ay müddətində qiymətlər 38000% orta illik sürətlə artdı. Lakin rəsmi məlumatlara görə keçənilki qiymət artımı 2000% təşkil etdi, bu il isə 8000% səviyyəsində artım gözlənilir, halbuki çoxu bu göstəricilərin xeyli azaldığını hesab edir. Hər halda Boliviya yüksək inflyasiya templi başqa iki ölkəni – Israil (370%) və Argentinanı (1100%) çox geridə qoydu.
Cənab Miranda öz əməkhaqqını tez dollara çevirə bilməsə, onun əməkhaqqı ilə nə baş verəcək? O, məvacibini aldığı gün bir dolların qiyməti 500000 peso idi, deməli, 25 mln. pesonu 50 dollara dəyişmək olardı. Bir neçə gündən sonra dolların qiyməti artıq 900000 peso idi və müəllimin əmək haqqı isə yalnız 27 dollar təşkil edirdi.
Beləliklə, «əyilmiş başmaqlar» məsrəfləri çox ciddi ola bilər. Inflyasiya templərinin yüksək olduğu bir vaxtda cənab Miranda pulları milli valyutada saxlamaq kimi israfçılığı özünə rəva bilməzdi. Əksinə, o, onları tez bir zamanda malların alınmasına xərcləməli və ya daha etibarlı əmanət vasitəsi olan Amerika dollarına çevirməlidir. Cənab Mirandanın əlində olan pulların miqdarını azaltmağa sərf etdiyi vaxt və səylər onun fərdi resurslarının boş yerə xərcləndiyini göstərir. Əgər MB-nin pul-kredit siyasəti aşağı inflyasiyanı təmin etsəydi, cənab Miranda əməkhaqqını peso ilə saxlayaraq, öz gücünü və vaxtını daha böyük səmərə ilə özünə və ailəsinə sərf edərdi. Axırda qeyd etmək lazımdır ki, bu məqalədən sonra dövlətin sərt maliyyə siyasəti sayəsində Boliviyada inflyasiya xeyli aşağı düşdü.

«Menyu» məsrəfləri-MENU COSTS
Firmaların əksəriyyəti öz məhsullarının qiymətlərini heç də hər gün dəyiş­­mir. Əksinə, çox vaxt onlar qabaqcadan malların qiymətləri haqqında elan verir və həftələr, aylar və hətta illər ərzində onları dəyişilməz vəziyyətdə saxla­­yırlar. Tədqiqatlar göstərir ki, orta Amerika firması qiymətləri ildə bir dəfə dəyişir.
Belə siyasət onunla bağlıdır ki, firma mallarının qiymətlərinin dəyiş­məsi əlavə xərclər tələb edir. Bu cürə xərclər «menyu» məsrəfləri adlan­dırılır. Bu termin iqtisadiyyata restoran təcrübəsindən gəlmişdir. Çünki yeni menyunun çapı əlavə xərclərə gətirib çıxarır. Yeni preyskurant və kataloqların hazırlanma dəyəri, onların diler və alıcılara göndərilməsi, qiy­mətlərin artması haqqında qərarın qəbulu ilə bağlı xərclər və qıcıq­lan­dırıl­mış alıcılara izah edilməsinə sərf olunan vaxt və güc «menyu» məsrəflərinə daxildir.
Inflyasiya firmaların məcburi məruz qaldıqları «menyu» məsrəf­lərini artırır. Inflyasiyanın aşağı templəri ilə səciyyələnən, müasir Amerika iqtisadiyyatında hər il qiymətlərin artması sualı – kompaniyaların çoxu­sunun işgüzar strategiyasının adi elementidir. Lakin yüksək inflyasiya şəraitində belə yanaşma qəbuledilməzdir. Məsələn, hiperinflyasiya zamanı firmalar öz qiymətlərini ildə bir və ya bir neçə dəfə dəyişməlidirlər.

 

0 şərh