27 Səhvlər və anlaşılmazlıqlar

CONFUSION AND INCONVENIENCE
Təsəvvür edin ki, biz ictimai rəyin araşdırılmasını aparmışıq və bu zaman belə bir sual vermişik: «Əgər bu il 1 metrin uzunluğu 100 sm-ə bərabərdisə, onda, sizin fikrinizcə, gələn il o nə qədər ola bilər?». Görünür, bu sualı ciddi qəbul edənlər cavab verərlər ki, 1 metrin uzunluğu əvvəlki kimi 100 sm təşkil edəcək. Ona görə ki, onun dəyişilməsi həyatın mənasız çətinləşdirilməsinə gətirəcək.
Inflyasiya problemi ilə belə bir nəticənin nə kimi əlaqəsi var? Yada salaq ki, qiymətlərin müəyyən edilməsi və öhdəliklərin qeydə alınması üçün pullar dəyər ölçüsü kimi istifadə olunur. Başqa sözlə, pul elə bir ölçüdür ki, onun əsasında iqtisadi sövdələr həyata keçirilir. MB-nin fəaliyyəti Stan­dartlar Bürosunun fəaliyyətini xatırladır. Ona görə ki, bu iki təşkilat istifadə etdiyimiz ölçü vahidlərinin etibarlılığını təmin etməlidir. Pul təklifini artırdıqda və beləliklə, inflyasiyaya səbəb olduqda MB dəyər ölçüsünün real qiymətini dəyişir.
Inflyasiyaya görə əmələ gələn səhvlər və narahatlıqların dəyərini qiymətləndirmək çox çətindir. Biz müzakirə etmişdik ki, inflyasiya zamanı vergi kodeksi əhalinin real gəlirlərini düzgün müəyyən etmir. Belə bir qaydada daima dəyişən qiymətlər şəraitində mühasiblər də firmaların gəlirlərini düzgün qiymətləndirmirlər. Madam ki, dollar ayrı-ayrı vaxtlarda müxtəlif dəyərlərə malikdir, şirkətin gəlirlərinin hesablanması – onun gəlir və xərcləri arasındakı fərqlər – inflyasiyalı iqtisadiyyatda çox mürəkkəb bir məsələdir. Ona görə də müəyyən mənada inflyasiya investorlara imkan vermir ki, zəif rəqiblər fonunda daha gəlirli şirkətləri görsünlər. Bu da öz növbəsində əmanətlərin müxtəlif növ investisiyalara yönəldilməsi  ilə bağlı maliyyə bazarlarının fəaliyyətini çətinləşdirir.

Gözlənilməz inflyasiya xərclərinin xüsusi növü: sərvətlərin sərbəst yenidən bölgüsü

A SPECIAL COST OF UNEXPECTED INFLATION: ARBITRARY REDISTRIBUTIONS OF WEALTH

Biz sabit və gözlənilən xarakterli inflyasiyanın xərclərini müzakirə etmişdik. Lakin xərclərin daha bir növü mövcuddur ki, onun əmələ gəlməsi sürpriz ola bilər. Inflyasiyanın gözlənilməz hərəkəti ayrı-ayrı adamlar arasında vəsaitlərin elə bir yenidən bölgüsünə gətirib çıxara bilər ki, onların real xərclərlə heç bir əlaqəsi olmasın. Çünki iqtisadiyyatda alınmaların çox növü pul şəklində müəyyən olunur.
Bir misalı nəzərdən keçirək. Fərz edək ki, Sem Styudent kollecdəki təhsil haqqını ödəmək üçün bankdan 10 il müddətinə illik 7% olmaqla 20000 dollar borc götürür. 10 ildən sonra Sem banka 40000 dollar qaytarmalıdır. Onun borcunun real dəyəri qarşıdakı 10 illiyin inflyasiya səviyyəsindən asılıdır. Əgər iqtisadiyyatda hiperinflyasiya baş verərsə, hesab etmək olar ki, Semin bəxti gətirdi. Belə halda məvacib və qiymətlər o qədər artacaq ki, onun 40000 dollar borcunun dəyəri bizim günlərdəki bir ovuc xırda pulların dəyərinə bərabər olacaqdır. Əksinə, əgər iqtisadiyyatda deflyasiya baş verərsə, məvacib və qiymətlər enəcək və Sem üçün 40000 dollar borcunun ödənilməsi onun əvvəllər zənn etdiyindən daha  çətin məsələ olacaq.
Bu misallar göstərir ki, qiymətlərin gözlənilməz sıçrayışları borc alan və borc verənin maddi vəziyyətini necə dəyişə bilər. Hiperinflyasiya nəticəsində Sem bankın hesabına daha da varlanacaq, çünki borcunu dəyəri dəfələrlə azalan dollarla qaytaracaq. Deflyasiya Semin hesabına banka zənginləşməyə imkan verəcək. Ona görə ki, o, borcunu artmış dəyərin pul vahidləri ilə qaytarmağa məcbur olacaq. Inflyasiya gözlənilən olduqda borc üzrə nominal faiz dərəcəsinin təyin edilməsində həm bankın, həm də Semin onun miqdarını nəzərə almağa imkanı olacaq (Fişer səmərəsini yada salın). Əgər qiymətlərin dəyişməsini qabaqcadan görmək mümkün olmursa, onda hər iki tərəf risk edir.
Inflyasiyanın gözlənilməz hərəkətindən yaranan belə xərcləri başqa bir fakt ilə birgə təhlil etmək vacibdir. Onun mahiyyəti ondan ibarətdir ki, inflyasiya xüsusilə dəyişkən və elə hallarda qeyri-sabit olur ki, onun tempi çox yüksəkdir. Müxtəlif ölkələrdəki şəraitin təhlili əsasında belə bir vəziyyətin düzgün olmasına əmin olmaq olar. Harada ki inflyasiya templəri aşağıdır (məsələn, Almaniyada XX əsrin axırlarında) onların dəyişiklikləri cüzi xarakter daşıyır. Əksinə, bəzi Latın Amerikası ölkələrində harada ki inflyasiya yüksəkdir, qiymətlərin hərəkət tərzi son dərəcədə qeyri-sabitliyi ilə fərqlənir. Tarixdə yüksək və həm də ki, sabit inflyasiyası olan iqtisa­diyyat nümunəsi mövcud deyildir. Inflyasiyanın səviyyəsi və onun sabit­liyi arasındakı qarşılıqlı əlaqə xərclərin daha bir növünün mövcudluğunu göstərir. Onların mənası ondan ibarətdir ki, pul-kredit siyasəti qiymətlərin artımının yüksək templərinə yönələn ölkələrdə, adi inflyasiya xərclərindən başqa qiymətlərin gözlənilməzliyi ilə bağlı olan pul vəsaitlərinin təsadüfi yenidən bölgüsü müşahidə olunur.

Nəticə
Beləliklə, biz inflyasiyanın yaranma səbəblərini və onun xərclərini gözdən keçirdik. Inflyasiyanın əsas səbəbi pul miqdarının artımından ibarətdir. MB dövriyyəyə böyük miqdarda pul buraxanda onların dəyəri azalmağa başlayır. Qiymətlərin sabit saxlanması üçün dövlətin MB-ı pul təklifini ciddi nəzarət altında saxlamalıdır.
Inflyasiya məsrəflərini – «əyilmiş başmaqlar» məsrəflərini, «menyu» məsrəflərini, nisbi qiymətlərin yüksək dəyişkənliyini, vergi öhdəliklərinin əsassız dəyişikliklərini, anlaşılmazlıqların və səhvlərin əmələ gəlməsini, maliyyə resurslarının yenidən sərbəst bölgüsünü – həmişə birbaşa düzgün ölçmək mümkün deyil. Bu məsrəflər əhəmiyyətlidirmi? Bütün iqtisadçıların fikrincə, hiperinflyasiya şəraitində bu sualın cavabı müsbət olacaq. O ki qaldı inflyasiyanın mülayim templəri zamanı xərclərin kəmiyyətinə, məsələn, qiymətlərin bir ay müddətində 10%-dən çox artmadığı bir vaxtda mütəxəssislərin fikirləri fərqlənir.
Biz inflyasiya ilə bağlı əsas məsələlərə toxunsaq da, bu mövzunun müzakirəsini bitmiş saymaq olmaz. FES pulun kəmiyyət nəzəriyyəsinə tam uyğun olaraq pul miqdarının artım tempini məhdudlaşdırdıqda qiy­mətlərin artım tempi yavaşıyır. Lakin iqtisadiyyatda inflyasiyanın templəri aşağı düşdükdə monetar dəyişikliklər məşğulluğun və istehsalın vəziyyətinə mənfi təsir göstərməyə başlayır. Ona görə də uzunmüddətli dövrdə pul-kredit siyasəti neytral olsa da, qısamüddətli dövrdə o real iqtisadi kəmiyyətlərin vəziyyətinə əhəmiyyətli təsir göstərir. Inflyasiyanın səbəbləri və məsrəfləri haqqında anlayışımızı inkişaf etdirmək üçün biz bu hadisənin tədqiqatı ilə növbəti fəsillərdə məşğul olacağıq.

 

0 şərh