31.Məcmu tələb əyrisinin qrafikinin aşağı enməsi

Tarazlıq faiz dərəcəsinin müəyyənləşdirilməsi prosesinin əmtəə və xidmətlərə olan məcmu tələbə təsirini nəzərdən keçirək.  Əvvəlcə bu modeli məcmu tələb əyrisinin qrafikinin aşağı enməsinin izahı üçün istifadə edək. Fərz edək ki, iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsi yüksəlir. Pul təklifi və ona olan tələbi tarazlaşdıran faiz dərəcəsi necə dəyişəcək və bu dəyişikliklər tələbin yönəldiyi əmtəə və xidmətlərin kəmiyyətinə necə təsir göstərəcək?
Pula tələbin determinantlarından biri qiymətlərin səviyyəsidir. Qiymətlər yüksəldikdə əmtəə və xidmətlərin hər bir alqı-satqı aktında  daha çox pul tələb olunur, nəticədə ayrı-ayrı şəxslər sərəncamlarında xeyli pul vəsaitləri məbləğinin olmasının zəruriliyi haqda qərar qəbul edirlər. Yəni qiymətlərin səviyyəsinin hər yüksəlməsi uyğun faiz dərəcəsində pula olan tələbin artmasına gətirib çıxarır. Beləliklə, qrafikdən (a) şəkil 31.2 göründüyü kimi, qiymətlərin səviyyəsinin P1 –dən  P1 –yə artması pula tələb qrafikinin sağa, MD1-dən MD2-yə yerdəyişməsidir.

Pula tələbin yerdəyişməsinin pul bazarında tarazlığa təsirinə diqqət yetirək. Təsbit edilmiş pul təklifi zamanı pula tələb və təklifi taraz­laş­dırmaq üçün faiz dərəcəsi yüksəlməlidir. Qiymətlərin yüksək səviyyəsi iq­tisadi subyektlərin daha çox pul məbləğlərinə malik olmaq istəyini göstərir, bu da tələb qrafikinin sağa yerdəyişməsinə gətirib çıxarır. Lakin pul təklifinin həcmi dəyişmir, beləliklə, əlavə tələbə cavab kimi faiz dərəcəsi r1-dən r2-yə yüksəlməlidir. Faiz dərəcəsinin yüksəlməsi təkcə pul bazarının ölçülərində deyil, həm də əmtəə və xidmətlərə tələbin həcmində özünü əks etdirir. (qrafik (b) Şəkil 31.2) Daha yüksək faiz dərəcəsində borcların qiyməti və əmanətlərdən gəlirlər artır. Ev təsərrüfatlarının bir hissəsi kre­ditlə təzə evləri almaq planlarından imtina edirlər, artıq borc alanlar isə sahəsi daha az olan evlər alırlar. Beləliklə, mənzil tikintisinə yönəldilmiş inves­tisiyalara tələb azalır. Yeni istehsal tikintisinə və avadanlıqların alın­masına görə kredit alan firmaların sayı da azalır, bu da istehsala yö­nəl­dilmiş investisiyaların həcminin azalmasına gətirib çıxarır. Ev təsər­rüfatları gələcək üçün yığımlarını artırırlar, yəni istehlak mallarına xərclər də azalır. Bu  səbəblərə görə qiymətlərin səviyyəsinin P1-dən P2-yə, pula tələbin MD1-dən MD2-yə və faiz dərəcəsinin r1-dən r2-yə yüksəlməsi tələbin yö­nəldiyi əmtəə və xidmətlərin kəmiyyəti Y1-dən Y2-yə qədər azalır.
Faiz dərəcəsi amilinin iqtisadiyyata təsirinin təhlili aşağıdakı nəticələri əldə etməyə imkan verir:
  1. Qiymətlərin səviyyəsinin yüksəlməsi pula tələbin artmasına gətirib çıxarır.
  2. Pula tələbin artması faiz dərəcəsinin yüksəlməsinə səbəb olur.
  3. Faiz dərəcəsinin yüksəlməsi əmtəə və xidmətlərə tələbin həcminin azalmasına səbəb olur.
Təhlilin son nəticəsi qiymətlərin səviyyəsinin və tələbin yönəldiyi əmtəə və xidmətlərin kəmiyyəti arasında əks asılılığın mövcudluğu barədə müddəadır. Bu asılılıq məcmu tələb əyrisinin aşağıya meylində özünü əks etdirir.

 
Yaddaş guşəsi
Qısamüddətli və uzunmüddətli dövrlərdə faiz dərəcəsi
Indi isə iki yol arasında seçim imkanının çətinliklərini nəzərdən keçirək. Beləliklə, biz faiz dərəcəsinin müəyyən olunması haqda iki nəzəriyyə ilə üzləşmişik. 24-cü fəsildən bildiyimiz kimi faiz dərəcəsi borc fondlarının (yəni, milli əmanətlər və planlaşdırılmış investisiyalar) təklifi və tələbi tarazlaşdırmaq üçün dəyişir. Bu fəsildə biz belə nəticəyə gəldik ki, faiz dərəcəsi pula tələbi və pul təklifini tarazlaşdırır. Bu nəzəriyyələrdən hansı həqiqətə uyğundur? Paradoksal olsa da məlum olur ki, hər ikisi.
Bunu qısamüddətli və uzunmüddətli dövrlərdə iqtisadiyyatın vəziyyətini fərqləndirərək nəzərdən keçirək. Burada əsas üç makroiqtisadi kəmiyyət mühüm
rol oynayır: iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərin həcmi, faiz dərəcəsi və qiymətlərin səviyyəsi. Klassik makroiqtisadi nəzəriyyəyə əsasən (Fəsil 23,24 və 27) onlar aşağıdakı kimi müəyyən olunurlar:
  1. Məhsul buraxılışı kapitalın və işçi qüvvəsinə əsasən, eləcə də kapital və işçi qüvvəsini əmtəə və xidmətlərə çevirən istifadəsi mümkün olan istehsal texnologiyası ilə  müəyyənləşir.
  2. Istehsalın hər bir səviyyəsi üçün uyğun olaraq faiz dərəcəsi elə dəyişir ki, borc fondlarının təklifi və tələbi tarazlaşsın.
  3. Qiymətlərin səviyyəsi pula tələbi və pul təklifini tarazlaşdırır. Pul təklifinin dəyişməsi qiymətlərin səviyyəsinin proporsional dəyiş­məsinə gətirib çıxarır.
Iqtisadçıların əksəriyyətinin fikrincə, klassik iqtisadi nəzəriyyənin əsas müddəaları uzunmüddətli dövrdə iqtisadiyyatın fəaliyyətinin təsvir edilməsində çox gözəl işləyir.
Lakin əvvəlki fəsildə müzakirə etdiyimiz kimi bir çox əmtəələrin qiymətləri pul təklifində olan dəyişikliklərə çox gec reaksiya verir və qısamüddətli dövrdə qiymətlərin ümumi səviyyəsi özü-özünə pula tələbi və pul təklifini tarazlaşdıra bilməz. Pul bazarının tarazlıq vəziyyətinə gəlməsi üçün faiz dərəcəsi dəyişir (əmtəə və xidmətlərə olan məcmu tələbə təsir göstərərək). Məcmu tələbin dəyişiklikləri iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərin həcmi texnologiya və istehsal amillərinin təklifi ilə müəyyən olunan səviyyədən fərqlənməsinə gətirib çıxarır.
Göstərilənləri əks istiqamətdə nəzərdən keçirək:
  1. Qiymətlərin səviyyəsi müəyyən yüksəlmə dərəcəsində təsbit edilmişdir və qısamüddətli dövrdə iqtisadi şəraitdə baş verən dəyişikliklərə o qədər də həssas deyil.
  2. Pula tələbi və pul təklifini tarazlaşdırmaq məqsədilə faiz dərə­cəsi hər bir verilən qiymətlərin səviyyəsinə uyğun dəyişir.
  3. Məhsul buraxılışının səviyyəsi əmtəə və xidmətlərə olan məcmu tələbdəki dəyişikliklərə cavab verir. Bu tələb isə müəyyən dərəcədə pul bazarını tarazlaşdıran faiz dərəcəsi ilə müəyyən olunur.
Beləliklə, faiz dərəcəsinin hər iki nəzəriyyəsi digərindən fərqli tətbiq sahəsinə malikdir. Uzunmüddətli dövrdə faiz dərəcəsini müəy­yən­ləş­dirən amillər haqqında fikirləşdikdə, borc fondları nəzəriyyəsini nə­zərdə tutmaq lazımdır. Bu nəzəriyyə yığıma meyliliyi və investisiya im­kanlarının əhəmiyyətini ön plana çəkir.
Əksinə, uzunmüddətli dövrdə faiz dərəcəsini müəyyənləşdirən amilləri təhlil etdikdə likvidliyə üstünlük vermə nəzəriyyəsini  mütləq nəzərə alın. Bu nəzəriyyədə əsas diqqət pul- kredit siyasətinə yönəldilir.
 
 

0 şərh