31. Sıxışdırma effekti

THE CROWDING-OUT EFFECT
Multiplikator effekti onu nəzərdə tutur ki, maliyyə-büdcə siyasətinin nəticəsi dövlət xərclərinin həcminin dəyişməsi ilə müqayisədə məcmu tələbin daha çox artması ola bilər. Lakin dövlətin iqtisadi siyasəti əks istiqamətdə fəaliyyət göstərən effektlə də müşayiət oluna bilər. Dövlət xərclərinin artması əmtəə və xidmətlərə tələbi stimullaşdırır. Lakin o, eləcə də faiz dərəcəsinin yüksəlməsinə gətirib çıxarır. Bunun nəticəsi isə əmtəə və xidmətlərə tələbin azalması olur. Büdcə ekspansiyası nəticəsində faiz dərəcəsinin artması ilə meydana çıxan tələbin azalması sıxışdırma effekti adlanır.
Sıxışdırma effektinin mahiyyətini anlamaq üçün hökumət tərə­findən Boinq kompaniyasından 20 mlrd. dollarlıq qırıcı təyyarələrin alınması barədə qərar qəbul edildikdə nə baş verdiyini bir daha nəzərdən keçirək. Dövlət tərəfindən tələbin artırılmasının fəhlələrin və firma sahib­lərinin gəlirlərinin artmasına (multiplikator effekti nəticəsində isə digər firmaların) gətirib çıxarmasını artıq müzakirə etmişdik. Ev təssər­rü­fatları gəlirlərin artması nəticəsində çoxlu əmtəə və xidmətlərin alınmasını planlaşdırırlar və nəticədə öz sərvətlərini likvid formada artırmaq qərarını alırlar. Yəni büdcə ekspansiyası ilə meydana çıxan gəlirlərin artımı pula tələbin yüksəlməsinə gətirib çıxarır.
Pula tələbin artmasının nəticələri  şəkil 31.5 qrafik (a)-da göstərilmişdir. FES pul kütləsi həcmini təshih etmədiyi üçün pul təklifinin şaquli əyrisinin vəziyyəti dəyişmir. Gəlirlərin səviyyəsinin artması  pula tələb əyrisini MD1-dən MD2-yə sağa doğru yerdəyişməsinə səbəb olduqda tələb və təklifin tarazlığını saxlamaq üçün faiz dərəcəsi r1-dən r2-yə yüksəlməlidir.

Faiz dərəcəsinin yüksəlməsi isə öz növbəsində əmtəə və xidmətlərə tələbin həcminin azalmasına gətirib çıxarır. Xüsusilə,borc almanın haqqı yüksəldiyi üçün istehsala kapital qoyuluşları və mənzil tikintisinə investisiyalara tələb aşağı düşür. Beləliklə, dövlət xərclərinin artması əmtəə və xidmətlərə tələbin yüksəlməsinə gətirib çıxarır, lakin bu prosesin nəticəsi investisiyaların sıxışdırılması ola bilər. Bu isə dövlət xərclərinin məcmu tələbə təsirini qismən kompensasiya edir (şəkil 31.5 qrafik (b)).Dövlət xərclərinin artması ilk növbədə məcmu tələb əyrisinin AD1-dən AD2-yə yerdəyişməsinə gətirib çıxarır, lakin sıxışdırma effekti nəticəsində o, AD3-ə qayıdır.
Yekunlaşdıraq. Hökumət 20 mlrd. dollarlıq yeni dövlət xərcləri barədə qə­rar qəbul etdikdə əmtəə və xidmətlərə məcmu tələb yüksəlir, lakin artımın kə­miy­yəti multiplikator və sıxışdırma effektlərinin qiymətlər nisbəti ilə müəyyən olunur.

0 şərh