Bayılma və kollaps

Bayılma - beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər bayılma törədə bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorların və bəzi digər farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona, vestibülyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması, həddən artıq fiziki gərginlik, ürəyin blokadası, ekstrasistoliyadan sonrakı kompensator pauza və s.
Bayılma adətən bir neçə dəqiqə çəkir: xəstənin ümumi vəziyyəti pisləşir, narahat olur, əzələ tonusu zəifləyir, damar tonusu kəskin surətdə pozulur və o, huşunu itirir. Bu dəyişikliklər üç mərhələdə gedir:
1. İlkin əlamətlər mərhələsi - xəstə narahatlıq hiss edir, ümumi zəiflik, başağrısı, ürək nahiyəsində xoşagəlməz hissiyyat, öyümə qeyd edilir.
2. Huşun itirilməsi - xəstənin görmə qabiliyyəti pozulur, qulaqlarında küy hiss edir; vegetativ damar pozulmaları qeyd edilir; dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq və əzələ tonusu azalır. Bu dəyişikliklər bir neçə saniyə ərzində xeyli şiddətlənir, xəstə huşunu itirib yıxılır.
3. Bərpa mərhələsi - prosesin ağırlığından asılı olaraq, bir neçə saniyədən bir neçə dəqiqəyədək müddət ərzində xəstənin huşu bərpa olur.
Bayılmadan sonra xəstələr bir neçə müddət zəiflikdən, süstlükdən, yuxusuzluqdan, başağrısından şikayət edirlər. Bayılma o qədər də təhlükəli hal deyildir. Yardım üçün naşatır spirti iylədir, xəstəni uzandırırlar, üzünə soyuq su səpirlər, ətrafları qızdırmağa çalışırlar.
Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə yerləşdirilir. Ayaqlara isitqac qoyulur. Arterial təzyiqi artırmaq üçün, damardaraldan dərmanlardan adrenalin, dəri altına kofein, kordiamin, korazol vurulur. Xəstə üçün rahatlıq yaradılmalıdır; bədənin qızması üçün isti kofe içirtmək olar.

Kollaps
(latınca kollapsus - süst - zəifləmiş) - damar tonusunun zəifləməsi və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar çatışmazlığıdır.
Klinik mənzərəsinə görə kollaps şoku xatırlatsa da, etiopatogenez baxımından bunlar arasında prinsipial fərq vardır: kollapsın etiologiyası ilk növbədə ürək-damar sisteminin fəaliyyətinin pozulması ilə əlaqədardır; şok zamanı isə əvvəlcə sinir sisteminin fəaliyyəti pozulur və ilk növbədə sinir komponentinin aradan qaldırılması vacibdir.
Kollaps zamanı qanın ürəyə qayıtması çətinləşir, arterial təzyiqlə yanaşı, venoz təzyiq də enir. Toxumaların qidalanması və maddələr mübadiləsi pozulur, beyində hipoksiya törənir, orqanizmin funksiyaları kəskin surətdə zəifləyir. Kollapsın klinik əlamətlərinə xəstənin rənginin qəflətən avazıması, nəbzin sürətli və dolğunluğunun zəif, tənəffüsün səthi və seyrək olması, ətrafların soyuması, bədən temperaturunun azalması, sianoz, soyuq tər, ali sinir fəaliyyətinin ləngiməsi (bəzən huş yüngül dərəcədə pozulur) aiddir.
Etiologiyasına görə kollapsın aşağıdakı növləri vardır:
1. Hemorragik kollaps - şiddətli qanitirmə nəticəsində törənir. Bu zaman kəskin posthemorragik anemiya da inkişaf edir.
2. Toksiko-infeksion kollaps - törədicilərinin endotoksini olan infeksion xəstəliklər (krupoz pnevmoniya, qida toksikoinfeksiyaları və s.) zamanı müşahidə edilir.
Mikroorqanizmlər məhv olarkən, çoxlu miqdarda azad olan endotoksinlər damar divarına iflicedici təsir göstərərək, kollaps törədir.
3. Pankreatik kollaps - mədəaltı vəzi toxumasının dağılmasına səbəb olan qarın travması və kəskin pankreatit zamanı mədəaltı vəzi şirəsinin proteolitik fermentlərinin damar yatağına keçməsi nəticəsində törənir. Bu fermentlər damarın divarının zədələnməsinə və tonusunun azalmasına səbəb olur.
4. Ortostatik kollaps - yataq rejimindən sonra qəflətən üfüqi vəziyyətdən şaquli vəziyyətə keçərkən müşahidə edilir. Həmin müddət ərzində damar tonusu o qədər azalmış olur ki, şaquli vəziyyət alarkən, atoniya nəticəsində qan bədənin aşağı hissəsinə keçir və beyində qanazlığı törənir. Qan təzyiqi aşağı olan şəxslər hətta səhər yataqdan sürətlə qalxdıqda da həmin vəziyyətə düşə bilərlər.
5. Anoksik (hipoksik) kollaps - nəfəslə alınan havada oksigenin parsial təzyiqi sürətlə azaldıqda, oksigen aclığı nəticəsində damar divarının saya əzələlərinin tonusu azalır ki, bu da kollapsa səbəb olur.
Hər hansı etiologiyalı kollapsın müalicəsi zamanı ilk növbədə arterial təzyiqi yüksəltmək, dövr edən qanın miqdarını artırmaq və hipoksiyanı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Bu məqsədlə qan və ya qanı əvəz edən məhlullar köçürülür, kortikoid hormonlar, katexolaminlər və ya angiotenzin yeridilir, tərkibində çoxlu oksigen və karbon qazı olan qaz qarışıqları ilə inhalyasiya tətbiq edilir. Narkoz və yerli ağrısızlaşdırma istisna olmaqla qalan müalicə tədbirləri şokdakı kimidir.

 

0 şərh