DİVAR


 
    İki hissədən ibarət olan üzün bir tərəfi digərindən fərqlənir və bu fərq nə qədər çox olursa həmin sima bir o qədər maraqlı görünür.

 
            Macəra sevən Kaff yaxınlarına bir söz demədən günlərlə qeyb olur, insan ayağı dəyməyən yerlərə gedib, müxtəlif qeydlər aparırdı. Hazırda birgə yaşadığı həyat yoldaşı ilə də məhz belə səfərlərin birində tanış olmuşdur. Kaff rəssam idi, çəkəcəyi rəsmin ideyasını ilkin mərhəldə hadisə kimi yazır, daha sonra şüurunda yaranan ümumi görüntünü kətana köçürürdü.

Günəşin şüası hovuzdakı suyun üzərinə düşüb bərq vururdu. Evin pəncərələri açıq idi, mavi tül pərdələr bir qədər aralıda dalğalanan dəniz səsinin ahənginə uyğun yellənirdi. Kaff əlini yarıya kimi hovuza salmışdı, suyun altında barmaqlarına baxırdı, həyat yoldaşı isə portağal şirəsi içə-içə ərinin yeni qeydlərini oxuyurdu.  

 

2+4
 
            Onlar görünüşcə çox sadə, dördbucaqlı bir məkanda yaşayırdılar. Çoxları kimi sevib sevilir, səhər işə gedib, axşam qayıdırdılar. Evləri tam görmək olmurdu, sanki hər yer düz xətdən ibarət idi. Bir gün həmin məkanın mərkəzində hündür divardan ibarət sərhəd yaranır və əhalinin böyük qismi qohum — tanışdan ayrı düşür. Divarı aşmaq qəti qadağan idi. Sərhəddi kim keçmək istəyirdisə Edqard adlı şəxs tərəfindən güllələnirdi. Edqard heç vaxt yatmırdı, evini də düz sərhəddə tikmişdi. Onun hardan və kim tərəfindən göndərildiyi heç kəsə məlum deyildi. Evi sağ tərəfdə tikildiyindən sağlardan sayılırdı, pəncərəsi isə sol tərəfdə yaşayanlara səmt açılırdı.
 
            Divarın yaranmasından iyirmi səkkiz il keçmişdi, bu illər ərzində sol tərəfin sakinləri tam başqalaşmışdılar, çılpaq gəzirdilər. Sağlar pəncərədən sola baxmaq üçün növbəyə yazılırdı, Edqard evinə gələnlərə şərt qoymuşdu, kim baxmaq istəyirdisə əyinindəki geyimindən birin soyunub ona verməliydi. Bir gün sağ tərəf sakinlərinin bir neçəsi əyinlərindəki paltarları çıxardıb çılpaq gəzməyə başladılar. Çılpaqlar qınaq atəşinə tutulsalar da daha sonra lütlər o qədər çoxaldı ki, kimsə onları qınayanda tutub gətirirdilər Edqardın evinə, pəncərədən sol tərəfi göstərib, “Diqqətlə bax!”, —  deyirdilər. Həmin şəxs də utandığından tez paltarını soyunub çılpaq olurdu. Hətta elə bir məqam gəlib yetişdi ki, əyinində paltar olana birtəhər baxırdılar. İki ay, iyirmi altı gün sonra bu hal tamam adiləşdi, havalar soyudu və sağda yaşayan sakinlərin çoxu xəstələndi. İmuniteti güclü olanlar öz yerlərində qalır, zəif olanlarsa kürə şəkilində olan məkana göndərilirdi.


***


Kaffın yoldaşı dəftəri örtüb dilləndi:

-       Bu yazılar rəsm əsərinin qeydlərindən daha çox  bədii əsərdir. Sol və sağ Şərq-Qərbdir, yoxsa?..

Kaff əlini sudan çıxardıb şəhadət barmağını dodağına dayadı, pıçıltı ilə:

-        davam et. — dedi.

 

Qoşa xətt

            Sərhəddi keçmək istəyərək Edqard tərəfindən öldürülən 136 nəfərin portret rəsmi sol ərazisinin sakinləri tərəfindən divarda elə çəkilmişdi ki, elə bil onlar divarın altında qalmışdılar.
Dünyaya yeni uşaq gətirmiş qadın dayaz çayın içində, beş daş üzərində uzadılmışdır. Ən böyük daş: başının altına, ovucu boyda: biləklərinin, kərpicə bənzər iki çay daşı isə ayaqlarının altına qoyulmuşdu. Yerli əhali çayın ətrafına yığışıb huşunu itirən qadının ayılmasını gözləyirdi. Sol sakinləri ovuclarına yığdıqları lalə ləçəklərini aramsız çaya səpib, suyun axmasını seyr edirdilər. Ləçəklər daşların arasından süzülüb qadının dalğalanan saçlarına, çılpaq bədəninə sığal çəkərək axıb gedirdi. Ləçəklərin bir neçəsi isə qadının saçlarına ilişib qalmışdır. Günəş batmaq üzrə idi, Ayın üzü işıqlandıqca qadının bədəni altına düzülmüş daşlar közərirdi. Edqard pəncərə önündə dayanıb, baş verənləri izləyirdi. Qarı yenicə doğulmuş körpəni ayaqlarından tutub başı aşağı, buzu tam əriməmiş suyun içinə salır, altı saniyə sonra çıxardıb yancağına şillə vurur, uşaq ağlamağa başlayanda isə onu qarşısındakı digər qabda olan isti suya uzadır. Bu hal bir neçə dəfə təkrar olur. Özündən getmiş qadın birdən ağrı çəkərək ayılır, hamı eyni qaydada əl çalıb yerində addımlamağa başlayır. Qadının bətnindən qara ilan və beş Apollon kəpənək çıxır. Fikirlər uçuşan kəpənəklərdə qaldığı üçün ilanın sürünüb hara yoxa çıxmasını görən olmur. Qarı körpəni gətirib qadının sinəsi üstünə qoyur və hamı asta-asta dağılışıb gedir. Qadın yuxuya getmiş körpənin əlindən öpüb özü də gözlərini yumur. Bu qadının adı Lilit idi, dünyaya göbəksiz və hədsiz gözəl gəlmişdi. Əhali dəqiq bilməsə də ehtimal olunurdu ki, uşaq Edqardındı, çünki sol tərəfdən heç kim onun gözəlliyinə görə cəsarət edib yaxınlaşmamışdı. Edqard pəncərəni bağlayıb günəşin alqırmızı şəfəqləri görünənə kimi silahını təmizlədi. Səhəri gün bir nəfər gənc çiyinində quzu, pəncərənin qarşısına gəlib Edqardan qurbanı kəsmək üçün kömək istəyir:

-       Bizim tərəfdə qurban kəsə bilən yalnız babam idi, o da dünyasını dəyişib. Nənəm də nə eləsin, öyrəşib qadın, bir şey olan kimi qurban deyir. Bu dəfə də Lilitin oyanmasına qurban deyibmiş, o, da oyandı. İndi də qurban hökmən kəsilməlidir. Bilirsən ki, kəsilməzsə fəlakət baş verə bilər, lənətlənə bilərik. Belə qərarlaşdıq ki, bəlkə, kömək edərsən, sağ tərəfdə kəsməyi bacaran çoxdu, özünə də pay götürərsən.

Edqard gözünü bir nöqtəyə zilləyib, düşündü, sonra evə girib kəndir gətirdi. Gənc, kəndiri quzunun ayaqlarına dolayıb, düyün vurdu.Edqard xeyli müddətdən sonra qayıdıb doğranmış ətlə dolu zənbili pəncərədən aşağı salladı,

-       Götür apar, bu da sənin qurbanın!

Bu dəfə həmin gənc qoltuğunda bəyaz tüklü qaz ilə dayanmışdı. Edqard səsinin tonunu dəyişərək dedi:

-       Bu nədir, bu hardan peyda oldu?

Gənc təbəssümlə:

-       Bu da sağ tərəfin qəssabına bizdən hədiyyə.  

Edqard cəld kəndiri özünə çəkir, zənbili göydən üzü aşağı tutub, ətləri yerə boşaldaraq qəzəblənir:

-       Buna bax bir, hədiyyə gətiribmiş, sən fərqindəsən nə danışırsan?

Gənc pərt halda qazı əlindən yerə qoyub, dağılmış ətləri zənbilə yığır. Edqard qazı nişan alıb atəş açır. Qazın başı tikə-parça olur, bədəni çabalayaraq bir neçə dəfə divara dəyir və hər toxunuşda boyunundan axan qan, divarda çəkilən açar rəsminin üstünə ləkə salır.

 

 Altı

            Bu neçə illər ərzində divarın sağ tərəfi tər-təmiz qalmışdı, heç kim ora nə rəsm çəkir, nə də bir söz yazırdı. Yalnız Edqardın evinin kandarında tablo asılmışdı. Ora xırda hərflərlə: “İstəyirəm ki, güvənəsiniz, inanasınız, baxışlarınızı anlamaq, ürək döyüntünüzü və səsinizi eşitmək istəyirəm. İstəyirəm ki, məni yaxşı görə, anlayasınız, çünki bu yalnız sizin xeyrinizə olacaq”. Edqardın hirsi soyuyandan sonra qazın leşeni qırmaqla yuxarı çəkib sağ tərəfə atdı, ətrafı leş qoxusu bürümüşdü, daha sonra xəbər yayıldı ki, qazı didib-parçalayan itlər qudurub və sağ sakinlərdən birini dişləyib. Əhali arasında böyük qorxu, təlaş yaranmışdı, itlər döyülərək vəhşicəsinə öldürülsə də quduzlaşdığı güman edilən sakinə əl vura bilmirdilər, çünki o, sağ tərəfdən nüfuzlu bir şəxsin dostu idi. Çoxları öz aqibətinə görə qorxaraq, kömək üçün Edqardın evinin qarşısına gəlir. Əhalinin arasından bir qadın qabağı çıxıb təmkinlə deyir:

-       O itlər tərəfindən parçalanan sakin vaxt keçdikcə daha da quduzlaşır. Onu xilas etməliyik, divarın o biri üzündə axan çaya, beş daş üzərinə getməlidir. Yoxsa bu xəstəlik bizim hamımızı məhv edə bilər.

Edqard soyuqqanlıqla, evinin qarşısındakı tablonu köynəyinin qolu ilə silib deyir:

-         Öldürün onu! – Səsinin tonunu biraz da aşağı salıb, – Öldürməyə əliniz gəlmirsə, sizə kömək edə bilərəm.

Qadın həyacanlanaraq:

-     Biz istəyirik ki, yaşayaq, sevdiklərimizə, özümüzə qovuşaq. İstəmirik ki, daha adlarımız divarın o biri üzündə yazılsın.

Edqard ürəkdən qəh-qəhə çəkərək:

-        Nəhayət ki, uzun illərdən sonra məhz bu fikrə gəldiniz. Siz heç bilirsiniz ki, nə qədər gözləmişəm sizi?! Bu iyirmi səkkiz il ərzində bir nəfər görmədim, yaxınlaşıb məndən soruşsun ki, bu divar nə üçündür burda? Bir gecənin içində kim ucaltdı bunu? Ümumiyyətlə, bu divar kimə lazdımdır? Soruşan olmadı ki, sən kimsən və nə ixtiyarla bizim üstümüzə silah çəkirsən?! On-on beş nəfər çiyinini divara söykəyib onu aşırmağa cəhd belə göstərmədi. Ancaq kimisi məşuqəsini görməyə, kimisi şan-şöhrətə görə bu çəpəri keçmək istədi. Divarın o biri üzündə sizin yaxınlarınız, doğmalarınız var, bəlkə də elə o tərəfdə siz özünüzsünüz. Bu divar sanki bir güzgü idi, sizsə baxmaqla kifayətlənirdiniz.

 

Sakinlərdən bir nəfər dillənərək nəsə demək istəyir, Edqard silahı onun üstünə tuşlayıb gözlərinin içinə baxır, daha sonra silahın lüləsindən tutub yerə çəkir. Silah iki hissəyə ayrılaraq qırılır.Sakinlər sevincli, həm də qorxa-qorxa divara yaxınlaşırlar. Sol tərəfin də əhalisi qopan səs-küyə görə divarın o biri üzünə yığılmışdı.

Edqard:

 – İndi nəyi gözləyirsiniz?! Aşırın divarı! – deyir.

 Bir neçə nəfər ürək edib əllərinə keçəni divara vurur. Divardan bircə daş da düşmür, sonra hamı bir xətt üzrə dayanıb çiyinlərini divara söykəyirlər. Bir nəfər saymağa başlayır:

 – Bir… — səsini biraz tənzimləyib, ucaldır. -  Bir, iki, — divar az qədər yerindən oynayır, sol tərəfin sakinləri geri çəkilib nə baş verəcəyini gözləyirlər, — üç, dört, —  divar kökündən çartlamış ağac kimi yellənir,  — beş, altı.  —  divar uğultulu səslə aşaraq, yerə çırpılır. Ətrafa ani sükut çökür. Sol və sağ sakinləri üz-üzə dayanmışdı, toz-torpaqdan bir-birilərini yaxşı görmürdülər. Toz yavaş-yavaş çökür, sol sakinləri paltarda sağlar isə çılpaq dayanmışdılar. Sağ tərəfdən qadınların biri rəfiqəsini dürtmələyib pıçıldayır:

-       Bu ki bizim geyimlərdi, Edqard bizdən alıb, onlara verirmiş.

Sükut pozulur, hamı sevinə-sevinə qucaqlaşıb görüşür.Edqard aşmış divarın üstündə oturub, hönkürtü ilə ağlayırdı.

Lilit qucağında körpə Edqarda yaxınlaşıb:

-       Niyə ağlayırsan? Sevinmirsən ki, daha heç kimi öldürmək məcburiyyətində qalmayacaqsan?!

Edqard:

-       Sevinirəm, niyə sevinmirəm. Sadəcə bu divar həm də mənim evimin divarı idi.

Lilit Edqardın qoluna girib deyir:

-       Dur, dur gedək.

Edqard ayağının altına düşmüş tablosunu götürür və onlar əhalidən getdikcə uzaqlaşırlar.  Lilitin güclə eşidiləcək səsi gəlir, o, Edqarda Sion dağlarından danışır:

-       Oraları çox bəyənəcəksən, yenidən divar ucaltmağına ehtiyac olmayacaq. Üstünü isə özüm örtəcəm...

Hamının başı bir-birinə qarışmışdı, qudurmuş sakin isə kütlənin içinə girərək, gözdən itir.

 

***

Kaff fərdi rəsm sərgisində adamların arasından keçib həyat yoldaşına tərəf yaxınlaşır. Onlar qədəhlərini toqquşdurub divardan asılan rəsm əsərinə baxaraq gülümsəyirlər.
 

                                                          

                       Ruslan Mollayev 2014 


 

1 şərh