Ruslan Mollayev "Ərini gözləyən qadın" hekayə

Sevib ailə qurmuşdular, saatlarla sevişib, bir — birindən ayrı qala bilməyən cütlüklərdən idilər. Sonra necəsə oldu, o, getdi və qadın  pəncərə önündə dayanıb ərini gözləməyə başladı. 
Bayırda möhkəm payız yağışı yağırdı. Mətbəxdə boş masanın üzərində, gözünü bir nöqtəyə zilləyib şəhadət barmağı ilə rəsm çəkirmiş kimi, ehmalca gəzdirdi.
Buruq tünd qəhvəyi uzun saçları xalatının yarıaçıq qalmış yaxasından döşlərinin üstünə tökülmüşdü.  Yumru hamar üzü, şabalıdı iri gözləri, yetişmiş xurmanı xatırladan dodaqları vardı. Bədən quruluşunun iriliyindən amazon qadınlarını xatırladırdı. Gözünü qırpanda kipriklərinin bir birinə toxunması isə zərifliyindən, həssaslığından xəbər verirdi.
  
Pıçıltı ilə eşidilən  yağışın səsi, soba üzərində asta — asta qaynayan çaydanın səsinə qarışmırdı. Sanki eyni vaxtda iki ayrı mahnı oxunurdu.  
Uşaqlar yataq otağında analarının iç dünyasından xəbərsiz, adəti üzrə növbə ilə oxuduqları  nağıl aləminə qərq olub şirin yuxuya getmişdilər.
 
Qadın masanın üzərində özündən başqa bir kimsənin görə bilməyəcəyi  rəsmi çəkirdi. Saymamışdı, bununla neçənci kişi idi ki, qapını açıb evə daxil olurdu. Onların hər biri, bir birindən fərqli adamlar olsalar da, bir nəfər kimi  keçib masanın başında oturub elə hey danışırdılar. İşlətdikləri sözlərin əksəriyyətində sualdan əsər əlamət olmayan əmr cümlələri  idi. 
 
Qadının gözləri hələ də yol çəkirdi, yenicə böyük ümidlə gəlmiş cağırılmamış qonaq  ayağa durub qadının saçlarını oxşadı, ətrini ciyərinə çəkib  dodaqlarından öpməyə çalışdı. Qarşılıqlıq  görməyən kişi ağzı köpüklənə — köpüklənə danışıb pərt olmağını, qızarıb, pörtmüş sifətini gizlətməyə çalışdı. Qadın isə yağan yağışın və çaydanın səsindən başqa heç nə eşitmirdi, əli ilə təxəyyülündəki rəsmi çəkməyə davam edirdi. Bu rəsm artıq neçə illərdi  gözlədiyi həyat yoldaşının rəsmi idi. 
Yorulduğunu, havası çatmadığını hiss etdi, pəncərəni açıb başını bayıra çıxartdı, yağış damcıları qadının üzündən sinəsinə qədər axdı, bir neçə yağış damcısı da çəkdiyi rəsmin üzərinə düşdü. 
Ərindən ona yalnız iki övladı qalmışdı, bir qız, bir oğlan. Bu  evi də onlara xeyli kirayədə yaşadıqlarından  sonra qadının atası  hədiyyə etmişdi. O adnan ki, təki qızına yaxşı olsun, nəvələri yad qapılarda böyüməsin.
Bezmişdi özünü günahlandırmaqdan, səhv axtarmaqdan.
— Bəlkə sadəcə çox sevmişdim, bu idi səbəb... 
 
Ardı — arası kəsilməyən sual cavabdan başa düşürdü ki, ərini uşaqlardan çox sevir. Kiməsə deməyə, bölüşməyə utansa da açıq şəkildə bunu özü öz boynuna alırdı. Uşaqlarının  onu xatırladacaq hər hansı hərəkətini,  xasiyyətinə uyğun davranışını görəndə qadın bir anlıq zamanı durdurmaq istəyirdi. Uşaqlar analarının birdən birə nə səbəbdən onları qucaqlayıb qəhərlənməsini başa düşmürdülər, susub mat — mat bir birilərinə baxırdılar.  Atalarını soruşmağa gəldikdə isə: 
— Sizin üçün çoxlu oyuncaq ala bilməsi üçün uzaqlara, məzuniyyətə gedib. — deyə bildirmişdi. 
  
Gözdən salmaq, onların 5-6 yaşlı düşüncəsini zədələmək istəmirdi. Uşaqlar  əvvəl bu xəbərə sevinsələr də çox keçmədən analarına yaxınlaşıb: 
— Atamıza denən gəlsin, daha oyuncaq istəmirik. — demişdilər. 
 
O gedəndən qadın hamıya acıqlı olmuşdu, ən çox da anasının 40 — ı çıxmamış evlənən atasına tökürdü hirsini. Ögey anası dəfələrlə təklif eləsə də: 
— Uşaqları gətir qoy bizə, sən get gəz, dolaş — xeyri olmamışdı. «Cavansan, həyatın hələ qarşıdadır!» — deyəndə, daha da coşub özündən çıxırdı.  
 
Qadın çevrilib çəkdiyi  rəsmə baxdı,  yaş ovucunu  masanın üstünü silirmiş kimi gəzdirib yenidən əlini yağışın altına tutdu. Gözlərini yumub ovucuna toxunan yağış damcılarını hiss etməyə çalışdı. Qarışmış rənglər barmaqlarından suzulub tamamilə yuyulana qədər gözlərini açmadı. Sonra islanmış saçlarını arxaya yığıb, yenidən, masanın üstünə baxdı; ərinin rəsmi pozulmuşdu.
 
Danışdıqlarına fikir verilmədiyini başa düşən qonaq, çıxıb getdi. Qapının çırpıldığını eşitdikdə, qadın, dərindən köks çəkib başını buladı, geyri ixtiyarı onu gülmək tutdu, keçib bayır qapını kilidləyəndə dəhlizdəki güzgüdə özünü görüb diqqətlə gözlərinin içinə baxdı, hönkürüb ağlamaq istədiyini hiss eləsə də bir anlıq daxilində özü ilə mübarizə apardı;  ağlı bədənini bu şəkildə görmək istəmirdi. Əlini dişlərinə sıxdı ki, səsi möhkəm çıxmasın... 
 
Xəzərin xırda dalğaları üzərində  Bakının sahilini bəzəyən gəmi dayandı. Pəncərədə yanan  yeganə işıqdan elə təəssürat yaranırdı ki, binada, bu qadından başqa kimsə yaşamır. Ağlayıb sakitləşəndən sonra pəncərəni bağlayıb soyuqdan biz-biz olmuş canını sobanın istisində qızındırmaq istədi, dizlərini qucaqlayıb otursa da canı qızmadı.
— Saat 4 oldu,  bu gün də gəlmədi.
  
Göz yaşını silib ayağa durdu, heç nə olmayıbmış kimi yataq otağına keçdi, uşaqlarını qucaqlayıb gözünü yuman kimi dərin yuxuya getdi. 
 
Küçədən arabir maşınlar keçib ümumi səsin ahəngini dəyişirdi, sobanın kənarına qoyulmuş çaydan da qaynayıb mətbəxin aynalarını buxarlandırırdı. Güzgüyə çevrilən aynada damcılar ilk dəfə idi ki, öz əkslərini  görürdülər. Beləcə, bu qadına bənzər küçə və evin sirli səsi, dan yeri sökülənə qədər şəhərin küyünə qarışıb  qeyb oldu. 

müəllif: Ruslan Mollayev

0 şərh