Ruslan Mollayev " Sən bir səhra gözəlisən! "

Sən bir səhra gözəlisən!
Ayaqların bir qarış havada
yellənərək, boşluqlarda yeriyib yaşayırsan.
Kötüyündən çıxan tikan kollarının,
gözlərinin qarşısında sürüşməsi,
dodaqların kimi qurumuş torpağın
çatlamasına baxmaq,
ən sevimli məşğuliyətindir.

Düşündüyüm kimi yaşayırsan.
Azadlığın məndədir
səhra gözəli!

Səhranın tən ortasında,
ayağın ayağının üstündə,
oturub,
nə üçün elə diqqətlə baxırsan mənə?
Yoxsa fikrin dağlardadır?

Yox!
Mən bir səhra gözəliyəm!
Düzənliklər dağdır mənə,
kürələrin zirvəsiyəm...
Məndə gəzib azmağına,
həqiqəti axtarmağına
oturub tamaşa edirəm.

Sən bir səhra gözəlisən!
Kölgən saatı bildirir.
Düşünürdüm əsirimsən,
saatlardı əsirinəm.
Əlim qolum havadadır,
ayaqlar toz içindədir.
Başına fırlanmaqdan,
dəyirmana çevrilirəm.
Keçirdəcəm dəyirmandan
bütün səhra qumlarını,
Dağ düzəldib, yüksələcəm
Sənə göydən baxmaq üçün...
Sənə torpaq lazım deyil,
nə də üstünü örtən göy.
Sənə məndən divar lazım,
yorularkən dayanmağa,
Səhralara sular lazım,
öpüşümdən oyanmağa...

 

0 şərh