Ruslan Mollayev “ Turist ”

          Bu hadisə dünyanın ən qonaqpərvər ölkələrinin birində baş vermişdir.
 Sərhəddi yeni keçmişdim ki, qarşıma xalı sərib, tar-kamanı işə saldılar.
Xüsusi işçilər var idi, sərhəddi kim keçirdisə onların qarşısında baş əyirdilər. Üç çantam vardı. Köməkçilər çantalarımı necə arabaya yükləyib apardılar xəbərim olmadı. Dönə dönə də tapşırdılar:
  — Heç narahat olmayın çantalarınız lap aylarla yadınızdan çıxıb  burada qalsa kimsə onlara dəyməz. İndi sizi restorana aparacaqlar orda nuş eləyənəcən biz də veşlərinizi avtobusa yerləşdirəcəyik.
Beləcə, restoranın qapısını açıb içəri dəvət etdilər, masanın qarşısına gətirib, stulu çəkib rahatca əyləşdirdilər. Saatımı açıb xüsusi qutuya qoydular. Dərin qab gətirib  rus sayağı əllərimi  yuyub, qurutdular.  Afisiyant belimə nalça qoyub, iki dəqiqəyə hər şeyin hazır olacağını bildirdi.  Operativ işləsinlər deyə bütün restoran işçilərinin ayaqlarında rolik vardı.  Məndən kənarda oturanlara diqqət yetirəndə gördüm ki, afisiyantın biri müştərinin əllərini, biri ciynini, digəri də başını sinəsinə sıxaraq ağzını açıb, dördüncü afisiyant da  qaşıqnan kişinin ağzına yemək verir. Arxamda isə bir nəfər sakit sup içir, başının üstündə də bir nəfər əmr gözləyirmiş kimi dayanıb. Restoranda  mənimlə birlikdə üç müştəri idik. Abu — hava xoşuma gəlmədiyi üçün masadan durub getmək istədim. Çiynimdən astaca, sanki sığallayaraq:
— Əyləşin yeməyiniz hazırdı, bu dəqiqə gəlir.  – dedilər.
Yemək sifariş etmədiyimi bildirdim. Ümumiyyətlə məni bura niyə gətirmisiniz? — soruşdum. Mənim veşlərim, avtobus....
Baş afisiyant qarşıma gəlib baş əydi:
— Narahat olmayın, çantalarınız avtobusa yerləşdirilib. Siz bizim torpaqlara gəldiyiniz üçün biz çox məmnunuq. Bildiyiniz kimi biz dünyada qonaq pərvərliyimizlə seçilirik. Odur ki siz burada bizim gözəl təamlarmızdan dadmalısınız.
Ağzına məcburi yemək dürtülən adam artıq  qaytarırdı. Buna baxmayaraq yenə yeməklər gətirilib qaşıq — qaşıq ona yedizdirirdilər. Sakitcə dal — dala gedib,  masamda oturdum. Fikirləşdim yəgin dadmağa razı olmadığı üçün başına bu oyunu açırlar.
Qarşıma ağ sərib, çörək, salat, su, meyvə şirəsi qoydular. Yarım pors toyuq supu içdim, daha sonra dolma gətirib isti — isti qarşıma qoyub yenə baş əydilər.
— Bu bizim dünyada çoxları tərəfdən mənimsənilmək istənilən milli yeməyimizdir. — dedilər.
Kənd toylarında basdırmadan belə gözəl qoxu, təam gələrdi. Ağzına yemək dürtülənə fikir vermədən yeyib, hesabı soruşdum.  Biz bayaqdan bir birimizlə ingilis dilində danışırdıq, onlar ingiliscə danışdıqları üçün mən də ingiliscə fikrimi bildirirdim. 
– Siz nə danışırsınız?! Nə hesab? Bunlar hamısı sizə bizim hesabımızdandır. Bu torpaqlara gəldiyiniz üçün…
 Təəccüb içində, təşəkkür edib restorandan çıxdım. İşçilər baş əyib məni yola saldılar.
 Çıxışda çevrilib göz ucu yenə yemək yeyənlərə  baxdım, Məndən arxada oturan adam  aram — aram tələsmədən yeyirdi. Bizdən kənardan oturan üçüncü adamın ağzına isə yeməkləri hələ də dürtürdülər. Çolə çıxıb təmiz havanı ciyərlərimə çəkdim. Ayaq səsləri eşidib dayandım. Baş  afisiyant qarşıma gəlib baş əyərək:
— buyurun, bağışlayın saatınız. – deyib saatı uzatdı.  Saatı götürüb, o adamı soruşdum,
— bu nə haldı? Niyə o adamı bu qədər yedizdirirlər? O artıq yemək istəmir axı.
— Elədir,  deyib -  bir dəfə də baş əyib çıxıb getdi. Kefim kök, uzaqdan  suyu süzülə -  süzülə  gələn kəndlimizi görüb, daha da sevindim.
-  Əlövsət sən burda neynirsən?! – soruşdum.
Yaxınlaşıb,  gözlərini qıyaraq altdan yuxarı məni süzüb: ala buy,  elli sənsən ?!  Varrı olassan, tanımadım, lap turistlərə oxşayırsan. Ala bu nə saç – saqqaldı?! Eləbil Londondan gəlmisən. Şortikə, koftayazada bax.
Söhbət etdiyimizi görüb restoranın qapısı açıldı, rolikdə dörd nəfər bizi əhatəyə alıb, baş afisiyant  üzünü mənə tutub dilləndi: Siz bizim doğma dildə danışa bilirsiniz?
Təbəssümlə cavab verdim:
Əlbəttə, mən elə sizlərdənəm də, bayaqdan ingilis dilində danışırsız, məndə sizin danışdığınız dildə cavab verirəm. Yeməklərə görə çox sağ olun, xeyli vaxt idi milli mətbəximiz üçün darıxmışdım.  Pul da götürmədiniz, heç yaxşı çıxmadı.
Afisiyantların üz cizgiləri, baxışları dəyişmişdi. Qolumdan tutub bizimlə yenidən yeməkxanaya getməlisiz. – dedilər.
Axı niyə? – soruşdum.
Baş afisiyant:
-       Sizin yeməli olduğunuz yemək qalıbmış. – bildirdi.
Iki nəfər qollarımdan tutub yenidən restorana apardılar, dönüb yerlim Əlövsətə baxdım, suyu süzülüb qurtarmış adam kimi dayanıb məni aparmalarına baxırdı.
Son
6 sentyabr 2019  — cı il.

0 şərh