Çörəyin «bacıları»

Adi çörəkdən, yəni tərkibi un, duz, maya və sudan ibarət olan çörəkdən başqa, ayrı-ayrı xalqların öz xüsusi çörəkləri də vardır. Bu çörəklər bir-birindən adına və hazırlama üsuluna görə seçilir. Adətən belə çörəkləri hazırlayanda xəmirə yağ, süd, yumurta vururlar. Buna ən bariz nümunə «Şərq şirniyyatı»dır.
Çörək ətir saçsın deyə qədim İtaliyada xəmirə dəfnə yarpağı əlavə edirdilər.
Başqırdlar darını yağda qızardır, həvəngdə əzir, qoğal (ontan) hazırlayır və onu bala batırıb çayla içirdilər.
Təzə çörək nə qədər dadlı olursa, boyat, xüsusilə də keyfiyyətsiz və ya köhnə undan bişirilmiş çörək o qədər xoş gəlmir.
Təzə çörəyi təknəyə yığıb süfrəyə bükməklə bir neçə gün saxlamaq mümkündür. Bunu Zaqafqaziya xalqları çoxdan təcrübədən keçirmişlər. Çörəyi uzun müddət qurumaqdan və kiflənmədən qorumaq üçün başqa üsullar da var. Normal qaydada bişirilmiş çörəyi qurudub suxarı eləməklə də saxlamaq olur. Suxarı uzun müddət öz qidalılığını, dadını, ətrini itirmir. Səbəbi də odur ki, temperatur rejiminə məruz qalmış çörəkdə biokimyəvi proseslər dayansa belə onun qida xüsusiyyətləri itmir.
Bir zaman İngiltərədə mayasız xəmirdən biskvit hazırlayırdılar. Yaxşı dadı ilə yanaşı, həm də uzun müddət qalırdı. Buna görə də dənizçilər uzunmüddətli səyahətlərə, səfərlərə gedəndə biskvit ehtiyatı götürürdülər.Zaman keçdikcə, belə biskvitlərə qənd və müxtəlif ədviyyat əlavə edilir, onun xəmiri də xüsusi olaraq hazırlanırdı.Nəhayət, dadlı məhsul alındığından biskvit çox sevilən şirniyyat oldu.XIX əsrin əvvəllərində İngiltərədə iki şatırın — Quntley və Palmerin çörəkxanasında istehsal etdikləri biskvit çox tez bir zamanda özünə geniş şöhrət tapır.
Rusların undan bişirdikləri məşhur yeməklərindən biri «blin» adlanır. «Blin» sözü «mlin» sözündəndir ki, bunun da kökü «молоть» («üyütmək») sözü ilə bağlıdır, undan və ya üyüdülmüş dəndən hazırlanmış məmulat deməkdir. Ruslar «Blin»i xristianlıq dövründə, yəni IX əsrə qədər olan vaxtlarda bişirmişlər.
Tarixçi V.V.Poxlebkin yazır ki, Rusiyada ilk «pryanik» IX əsrdə yaranmışdır. Onun tərkibi çovdar unundan, bal və giləmeyvə şirəsindən ibarət olmuşdur, yəni o ballı çörək şəklində olmuşdur. «Pryanik» adı XI-XII əsrlərdə əmələ gəlmişdir. Sonralar ona ədviyyatlar (rusca «pryanosti») əlavə etməyə başlamışlar. Bu da onun ətrini artırmışdır. Elə ona görə də onun adı ədviyyatla bağlıdır.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

0 şərh