Kərə yağı

Yağ çalxalama yolu ilə qaymaqdan, süd üzündən, xamadan və qatıqdan alınır.
Kərə yağı qiymətli qida maddəsi olmaqla, əsas kalori mənbələrindən biridir. Onun tərkibində zülal laktoza (süd şəkəri), A, V, S, E vitaminləri vardır. Kərə yağı tarixən pendirin kəşfindən sonrakı yerlərdən birini tutur. Bu kəşf Şərqə məxsusdur. Şumer əsatirlərinin birində inək südündən yağ alınması barədə söz açır.
Yağın kəşfi köçəri heyvandarların müşahidəsinin məhsuludur. Azərbaycanda südü daşımaq üçün eymədən (bütöv qoyun, keçi dərisindən) istifadə etmişlər. Heyvanın belinə qoyulmuş südlə dolu dəri qab hərəkət zamanı çalxalanır və yağ əmələ gəlirdi. Bu, heyvandarların nəzərini cəlb etmiş və sonralar yağ hasil edilməsində başlanğıc rolunu oynamışdır.
kərə yağı

Nə qədim yunanlarda, nə də italyanlarda kərə yağı olmamışdır. Yunanlar yağın alınması sirrini skiflərdən, frakiyalılardan və frigiyalılardan öyrənmişlər.
Məşhur yunan coğrafiyaşünası Strabon yazır ki, həbəşlər kərə yağı və piy işlədirlər. Deməli, Strabonun dövründə Ərəbistanda kərə yağı artıq məlum imiş.
İberiyanın Luistaniya vilayətinin sakinləri haqqında Strabon qeyd edir ki, onlar zeytun yağı əvəzinə kərə yağından istifadə edirlər.
Qədim Misir yazılarından məlum olur ki, orada kərə yağı bizim eradan əvvəl 2160-1790-cı illərdə hazırlanırmış.
Bir sıra Şərq xalqları, o cümlədən azərbaycanlılar, türklər xörək bişirmək üçün ərinmiş yağ işlədirlər. Bu yağ kərə yağını əridib süzmək nəticəsində alınır, bu zaman yağ qarışıqlardan təmizlənir, dadını dəyişir. Belə yağı müəyyən müddət, hətta bir ilə qədər saxlamaq mümkündür.
Rubruk tatarlardan bəhs edən səyahətnaməsində bu barədə belə yazır: «Onlar inək südündən əvvəlcə yağı çıxarırlar və onu tam bişənə qədər qaynadır, sonra isə qoyun dərisində saxlayırlar. Yağa duz vurmurlar. Buna baxmayaraq yağ korlanmır. Bu da qaynatmağın nəticəsidir. Yağı onlar qışa ehtiyat görürlər».
Azərbaycanda yağı qatığı nehrədə çalxalamaqla alırdılar. Nehrələr ağacdan, saxsıdan və tuluqdan olurdu.XIX əsr mənbələrinin birində göstərilir ki, ən yaxşı yağı Dərələyəzdə hazırlayırlar. Bu mahal İrəvan xanlığının yarısını yağ və pendirlə təmin edir.
Qədim romalılar kərə yağla ilk tanış olanlardan biri olmuşdur. Romalı həkim və təbiətşünas Qalenin (129-201) dövründə İtaliyada təzə kərə yağı dərman kimi istifadə edilirdi.
Romalılar və Avropanın şimal ölkələrində yaşayan bir sıra tayfalar yağ hasil edilməsini indiki Almaniyanın qədim tayfalarından öyrəniblər.Maraqlı faktdır ki, alman dilində olan «butter» kəlməsi qədim skiflərin dilindən götürülmüşdür.
Texnikanın inkişafına qədər Almaniyanın kəndlərində yağ almaq üçün daş çəlləkdən istifadə edilmişdir. Çəlləyi o tərəf, bu tərəfə hərəkət etdirməklə, yağ əmələ gələnə qədər çalxalamışlar. Çox ehtimal ki, əsrlər boyu yağ bu üsulla alınmışdır.
Avropanın başqa ölkələrində kərə yağının hazırlanma tarixi ən azı on beş əsr bundan irəliyə gedib çıxır. Artıq V əsrdə İrlandiyada yağ hazırlayırlar. VIII əsrdə Norveç dənizçiləri uzaq ölkələrə üzdükləri zaman özləri ilə çəlləklərdə kərə yağı aparırdılar.
XVII əsrdə Hollandiyanın Leyden şəhərində istehsal olunan yağ bütün dünyada məşhur idi.
Rusiya kərə yağı ilə IX əsrdə tanış olur. XII əsrdə isə Rusiyada iki cür yağdan istifadə edirdilər: kərə yağı («maslo kravie») və ağac yağı («maslo drevano»). Rusiyanın ilk ixtisaslaşdırılmış kərə yağı zavodu 1871-ci ildə Voloqda şəhərində işə başlamışdır. Bu şəhərin yağ zavodlarında istehsal olunan kərə yağı o vaxtdan bəri geniş şöhrət qazanmışdır.
XIX əsrin dördüncü rübündə (1879-cu ildə) yağ istehsalı texnikası sahəsində əlamətdar bir hadisə baş verdi. Südü hissələrə ayırmaq üçün İsveçli mühəndis Laval (1845-1913) mərkəzdənqaçma süd separatoru ixtira etdi.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

0 şərh