Kvas

Kvas zəif alkohollu içkilərdəndir. O südün və ya çörəyin qıcqırdılması yolu ilə əldə olunur. Kvası ilk dəfə slavyan xalqları hazırlayıb. O beynəlxalq standartlara görə pivə növlərinə daxil edilib. Bəzi ölkələrdə kvas gündəlik istifadə edilə bilən adi içkilərdən hesab olunur.

Kvas yetərincə qədim içkidir. Ondan bizim eradan əvvəl 3000 il əvəllər də istifadə edilmişdir. Onun hazırlanması və istifadəsi barədə Herodot və Hippokratın əlyazmalarında qeydlərə rast gəlinib. İndi kvasın 500-dən çox növü var. Bu içkidən xəstəxanalarda, lazaretlərdə əməliyyyatlardan sonra gücün bərpası üçün və həzmin normallaşması məqsədilə istifadə edilib.

Ev şəraitində çörəkdən, meyvələrdən, süddən və giləmeyvələrdən kvas hazırlamaq olur. Əksər hallarda isə onu undan və ya çörəkdən hazırlayırlar. Adi kvası çörəkdən hazırlayan zaman dadlandırmaq üçün ona armud, alma, albalı, limon və s. meyvə əlavə edilir. Ən klassik kvas reseptində quru çörək, şəkər tozu və mayadan istifadə olunur.

200 qram suxarinin üzərinə 0,5 litr qaynar su əlavə edilib 2-3 saat saxlanılır. Sonra qarışıma 50 qram şəkər tozu, 10 qram maya əlavə edilir və 5-6 saat isti yerdə saxlanılır. Hazır olduqdan sonra şüşələrə doldurulur və 2 gün müddətinə içilir. Kvası bu müddətdən artıq saxlamaq olmaz, çünki, o turşuyur.

Zavod şəraitində hazırlanan kvas isə sintetik kvas qarışımından əldə edilir. Bu zaman ona dadlandırıcı, rəngləndirici, şəkər, su və karbon qazı vurulur.

Faydalı xüsusiyyətləri
Tərkibində süd və sirkə turşusunun olduğuna görə kvas susuzluğu aradan qaldırır. O həzmi yaxşılaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Kvas orqanizmdə ağrı hissini aradan qaldıran fermentləri artırır, əzələlərin tonusunu yüksəldir, yorğunluğu aradan qaldırır, damarları və ürək əzələsini möhkəmləndirir.

Onun tərkibində olan vitaminlər, amin turşuları, mikroelementlər orqanizmdə avitaminozların, sinqa xəstəliyinin sağalmasına, dişlərin və diş emalının möhkəmlənməsinə səbəb olur. Kvasın tərkibində olan amin turşuları hipertoniya və disbakterioz zamanı çox faydalıdır.

Kvasın gözəlliyə olan faydaları
Kvasın tərkibi B qrup vitaminlərlə zəngindir. Kvasın tərkibində olan B qrup vitaminləri saçları məhkəmləndirir, tük diblərini sağlamlaşdırır, saçları parıldadır. Onun tərkibində olan E və PP vitaminləri üzün dərisini elastikləşdirir və xırda qırışların açılmasına səbəb olur. O bakteriasid təsirə malikdir. Yeməkdən əvvəl kvas içmək həzmin sürətlənməsinə və qidanın orqanizm tərəfindən asan sorulmasına səbəb olur. Kvas sərbəst şəkildə içilən içkilərdəndir.

Kvasın zərərli xüsusiyyətləri
Qara ciyər sirrozundan, qastritdən və yüksək təzyiqdən əziyyət çəkən xəstələrə kvas içmək məsləhət görülmür. Mədə-bağırsaq yarasından, mədə turşuluğunun çoxluğundan əziyyət çəkənlərə kvas içmək tövsiyə edilmir. Podaqra, böyrək və sidik ifrazı sisteminin xəstəlikləri zamanı kvas içməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə edilir. Tərkibində faydalı maddələrin olmasına baxmayaraq 3 yaşına qədər uşaqlara kvas içmək məsləhət görülmür.

0 şərh