Bakı zəfəranı

Orta əsrlərdə Bakıətrafı və Abşeron kəndlərində becərilən ən qiymətli bitki və mühüm ixrac mallarından biri də əla keyfiyyətli zəfəran idi. Abşeronda zəfəranın iki növü bitirdi: mədəni və yabanı. Altıillik bitki olan birinci növ daha yüksək qiymətləndirilirdi, onun alqırmızı rəngli çiçəklərindən istifadə olunurdu. Bu qiymətli bitkini səhər sübhdən böyük sahələrdən yığırdılar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz qiymətləndirilirdi. Mənbələrin məlumatına görə, zəfəranı azacıq miqdarda mumla qarışdırır, xırda-xırda doğrayır və bu cür satırdılar.
Bakı zəfəranı
XVIII əsrin əvvəllərində Bakının həndəvərində yüzlərlə zəfəran sahəsi var idi. Mənbələrin yazdığına görə, XVIII əsrin 30-cu illərində «Bakının torpağı demək olar ki, bütünlüklə daşlıq olduğundan şəhərin özündə zəfəran bağları az idi… Torpağı daha münbit olan Abşeron yarımadasında isə belə bağlar qat-qat çox idi...” Şüvəlan, Bilgəh kəndlərində zəfəran əkin sahələri daha çox idi. Zəfəran çox qiymətli məhsul olub, təsərrüfatda geniş istifadə edilir. Zəfəran ədviyyə kimi yeməkdə işlədilir. Bu ipək və yun parçaları və xalçaları boyamaq üçün çox əla boyaq (narıncı rəng) maddəsi idi.
Alim və səyyah Krusinski Bakı haqqında danışarkən qeyd edirdi: „Bu şəhər İranı zəfəranla təmin edir. İranlılar onu düyüyə vurmaqdan əlavə, başlıca olaraq ipək boyamaqda istifadə edirdilər...” Zəfəran İbn Sinanın “Qanun” kitabında qeyd etdiyi bir sıra xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsi kimi Şərqdə hələ X əsrdən məlum idi. Göstərilən kənd təsərrüfatı məhsulu təkcə şəhər əhalisi tərəfindən istifadə olunmur, həm də ixrac edilirdi.
1747-ci ildə şəhərin ətrafında böyük zəfəran tarlaları var idi. Akademik Lerx göstərirdi ki, »...son orta əsrlərdə zəfəran bağları əvvəlkindən qat-qat çox idi. Bu bağlar şəhərin yaxınlığında salınmışdı”. 1770-ci illərədək Bakıda zəfəran becərilməsi xeyli artsa da, bu bitki Dərbənddə daha geniş miqyasda əkilməyə başlamışdı. XVIII əsrin sonlarında Abşeronda zəfəran becərildiyini bir sıra səyyahlar da qeyd etmişlər. XIX əsrin əvvəllərində Bakıda və Abşeronda ildə 500 puda yaxın zəfəran yığılırdı. Onun bir pudunun qiyməti 8 manatdan 15 manatadək idi. Bu zəfəran Avropada (Fransada, İtaliyada) becərilən zəfərandan daha yüksək keyfiyyətli sayılırdı. 
 
 
 
Mənbə: news.milli.az

0 şərh