Arpa

Arpa böyük təsərrüfat əhəmiyyətli dənli bitkidir. Onun tərkibində 12 faiz zülal, 60 faizdən çox karbohidrat və 2 faizə yaxın yağ vardır. 30-a yaxın növü mövcuddur. Arpa da buğda və düyü kimi qədim tarixə malikdir. Qazıntı zamanı keçən əsrin 80-cı illərinin ortalarında Misirdə (Asuandan bir qədər şimalda) arpa dənələri tapılmışdır. Alimlərin fikrincə bu dənələr mədəniləşdirilmiş arpaya aiddir və onun 17 000 illik tarixi vardır. Suriyada tapılmış mədəni arpaya isə azı 9 000 illik yaş verilmişdir.
Qədim misirlilər arpanı allahlar tərəfindən göndərilmiş bir nemət sayırdılar. Onlar arpadan pivə istehsal edirdilər. Pivə süfrələrində, əsas yer tuturdu. Mesopotamiyada arpa əsas dənli bitkilərdən hesab olunurdu. Burada qullara hər gün 0,7-0,8 litr arpa suyu verirdilər. Strabonun məlumatına görə, Babilistan arpanın ən bol yeri imiş. Guya burada əkilən arpadan digər növlərə nisbətən 300 dəfə çox məhsul götürülürmüş. Bu bizim indiki ölçü ilə o deməkdir ki, 1 kiloqram arpa səpib, 300 kiloqram yığırlar.
Tibetdə arpadan gündəlik çörək bişirirmişlər.
Qədim İtaliyada arpa kütləvi istehsal olmuşdur. Təsadüfi deyildir ki, bizim eradan 600 il əvvəl kəsilən İtaliya pullarında arpa sünbülünün şəkli həkk olunmuşdur.
Arpa İtaliyadan digər Avropa ölkələrinə - İsveçrə, Fransa, Belçika, Almaniya və İngiltərəyə yayılıb, əsas etibarilə də pivə istehsalı üçün istifadə olunub.

Bizans dövlətində başqa dənli bitkilərə nisbətən daha çox arpa əkirdilər. Çünki arpa az qulluq tələb edir və sabit məhsul verirdi. Arpa çörəyi, su qatılmış şərab və tərəvəz kəndlilərin əsas yeməyi idi.
Arpanı Cənubi Amerikaya XIV əsrdə avropalılar aparıb. Daha sonra 1602-ci ildə Amerika Birləşmiş Ştatlarına, 1788-ci ildə Avstraliyaya onu ingilis mühacirləri gətirib.
Azərbaycanda arpanı 5-6 min il bundan əvvəl becərməyə başlamışlar. Rusiyanın əhalisi arpa ilə X əsrin axırında tanış olub. Avropada dəndən alman «arpa yarması» («perlova» yarması) məşhurdur. Bu ərzağı xüsusi dəyirmanda arpanın qabağını çıxarmaqla istehsal edirlər. Onun tarixi iki əsrdən çoxdur. Onu Almaniyada XVII əsrdən istehsal edirlər.

Həmçinin bax: Buğda

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

0 şərh