Sıyıqlar

Rus məsəlində deyilir ki, sıyıq çörəyin ulu nənəsidir. Sıyıq min illərlə insanların sevimli yeməyi olmuşdur.
Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir.
Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər. Səhərlər belə horradan iki çömçə içmək gün ərzində adamı tox saxlayır. Tatarlar axşam vaxtı isə ətli şorba yeyirlər».
Başqırdlarda əsrlər boyu «butka» adlı sıyıq gündəlik yemək olmuşdur. Onu bayramlarda və ənənəvi günlərdə də bişirmişlər.
Uyğurlar ətli, soğanlı düyü sıyığını xoşlayırlar. Orta əsrlərdə Skandinaviya ölkələrində arpa sıyığı çox yayılıbmış.
«Kaşa» rus xalqının «şi»dən sonra ən çox yayılmış qədim xörəklərindən biridir. Onu bayramlarda, şənliklərdə, toy və ad günlərində bişirirlər. «Kaşa» üçün müxtəlif yarmalardan istifadə edilir. XIV əsrdən etibarən Rusiyada düyü yayılmağa başlayandan sonra, sıyığı düyüdən də bişirməyə başlayıblar.
XVII əsrdə Rusiyada buğda, arpa, darı və qarabaşaqdan  bişirilmiş  sıyıqlar  çox  geniş  yayılmışdı.
«Kaşa»nı yağla, südlə, ya da ət suyu ilə yeyirdilər. Avropada Makedoniyalı İsgəndərin əsgərləri ilk düyü sıyığı yeyənlərdən olublar.
Yunanlar noxuddan, mərcidən hazırlanmış şorbaları, eləcə də arpa horrasını qədimdən istifadə edirlər.
Qədim İtaliyada pirincdən sıyıq bişirirdilər.
Qarğıdalı Avropaya yayılandan sonra italyanların «polenta», rumınların isə «mamalıqa» adlanan kütləvi sıyıqları meydana gəlib.
Sıyıq və horraları Afrikada da xoşlayırlar. Qədim vaxtlarda Əlcəzair və Tunisdə sarımsaq əlavə etməklə mərcini yağda qaynadır, kalorili horra hazırlayırdılar.
Cənubi Afrikada yaşayan zuluslar qarğıdalı yarmasını ət suyunda isladır və həll etdikdən sonra ondan bərk sıyıq hazırlayırlar.
Ayrı-ayrı ölkələrdə dəndən, yarmadan başqa undan horra, xəşil, umac və sairə bu kimi milli yeməklər bişirirlər. Azərbaycanlılar umacı belə hazırlayırlar: Unun üstünə su çiləyir, ovuşdurur, qaynar qazana tökürlər. Sonra da ona quyruq və ya yağ, eləcə də yumurta və yağda qızardılmış soğan əlavə edirlər.
Umacı qarğıdalı və ya buğda ununa, adətən süd əlavə etməklə uyğurlar da bişirirlər.
Undan qatı xörəklər də hazırlayırlar. Gürcüstanda yaşayan minqrellər haqqında XIX əsrin birinci yarısına aid məlumatda deyilir ki, «qomiya» onlar üçün çörəyi əvəz edir. Bu, undan bişirilən qatı kütlədir, elə qatıdır ki, onu əldə tutub yemək olur.
Çərkəzlərin qomiyanı xatırladan «poseta» adlı xörəyi vardır. Onlar bu xörəyi ətlə yeyirlər.
Ləzgilərdə «sav» deyilən xoşagələn xörək növü vardır. Onu hazırlamaq üçün dəni qovurur, dəyirmanda üyüdür, alınmış diri unu su, qatıq, ya da süddə isladır, sonra üstünə yağ töküb yeyirlər. Bu xörəyin mənşəyi uzaq keçmişə-eneolit dövrünə gedib çıxır.
Yunanlar də keçmişdə arpa unundan xəmir yoğurur, yarma şəklinə salır, qurudub saxlayır və ondan sıyıq bişirirdilər. Bu xörəyi daha çox yoxsullar hazırlayırmış.
Bəzən unu yağda qızardır, sonra su əlavə edir və bişirirdilər. Azərbaycanda yağda qovrulmuş undan, su və doşab əlavə etməklə yüksək kalorili «quymaq» adlı xörək bişirirlər. Bu çox qədim milli yeməkdir.
Osetinlər isə yağda qovurulmuş undan «xaru» adlı xörək hazırlayırlar.
XIX əsrdə kasıb kumık ailələrində qovurulmuş buğda unundan şorba (xolva xüdur) bişirirlərmiş.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:
loading...

0 şərh