Qarpız

Bizim ərzaq kimi istifadə etdiyimiz qarpızın yabanı sortlarına Afrikanın Kalaxari səhrasında və Sudan ərazisində də rast gəlmək olar. Qarpızın vətəni həmin ərazilərlə yanaşı, Aralıq dənizi sahilləri hesab olunur.
Mədəniləşdirilmiş qarpızın yaşı 3500 ildən artıqdır. Uzaq keçmişdə ərəblər və yəhudilər mədəni qarpız yetişdirirdilər.
Orta Asiyada qarpız orta əsrlərdən bəri sevilən bitkidir. Görkəmli alim İbn-Sina da (X-XI əsrlər) öz əsərlərində onun adını dəfələrlə çəkmişdir.
Ərəb səyyahı əl-İdrisi (1000-1066) xəbər verir ki, Nilin sahilində — Nubiyada Alva şəhər var. Onun sakinləri başqa bitkilərlə yanaşı xiyar və qarpız da yetişdirirlər.
Qarpız becərən xalqlardan biri italyanlardır. Qədim romalılar qarpızı həm təzə halda, həm də duzlanmış şəkildə yeyir, qabığından mürəbbə bişirir, şirəsindən isə bal hazırlayırdılar.
İslam intibahı dövründə ərəblər qarpızı ərzaq kimi çox xoşlayır, onu saxlamaq üçün hətta xüsusi yerlər — «qarpız evləri» tikirdilər.
XI əsrdə İranın Mərv əyalətində yetişdirilən qarpızlar böyük şöhrət qazanmışdır. X əsrdə qarpızı Çində də becərməyə başlayırlar. XI-XII əsrlərdə səlib müharibələrinin cəngavərləri onun toxumlarını Qərbi Avropaya gətirirlər. 1629-cu ildə qarpız İngiltərəyə gedib çıxır. Lakin buranın iqlim şəraiti əlverişli olmadığından onu yalnız istixanalarda yetişdirirlər.
Rusiyada qarpızı çarın 1660-cı ildə verilmiş fərmanına əsasən becərməyə başlayırlar. Qarpızın yetişdirilməsi ilə başlıca olaraq Volqa boyu ərazilərdə məşğul olurdular

.qarpız (melon)
Misirdə bu bitkiyə böyük məhəbbətlə yanaşılırdı. Ona görə də əsrlər boyu onun seçmə sortlarının yetişdirilməsi ilə məşğul olmuşlar. XIX əsrdə ölkənin Fayum ərazisində içi san olan dadlı, ətirli qarpız yetişdirirdilər.
Azərbaycanda da qədimdən bu bostan bitkisinə sevgi olub. XIX əsrdə Naxçıvan dadlı qovun və qarpızları ilə məşhur idi. Çox da böyük olmayan, ətri, dadı ilə şöhrəti dillərə düşən Naxçıvan qarpızı haqqında belə bir xalq məsəli yaranır: «Naxçıvanın duzu, qızı, bir də qarpızı».

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

UPD. Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız xərçəng xəstəliyinin müalicəsində və onun qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
Türkiyəli alim Nebahat Sarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, qarpızın tərkibi xərçəng xəstəliyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin adlı 2 kimyəvi maddə ilə zəngindir.
Alimin sözlərinə görə, qarpız həmçinin sərinləşdirici təsir göstərməklə yanaşı, iştahaaçandır, göz, mədə ağrısı və ağız qoxusunun qarşısının alınmasında da faydalıdır. Həkimin fikrincə, bu cür müsbət xüsusiyyətlərini nəzərə alaraq, qarpızdan daha rahat istifadəni təmin etmək üçün onun şirəsinin istehsalına başlanılmalıdır.
Qarpızı acqarına, çəyirdəkləri ilə birgə yeyin
Türkiyəli həkim Dursun Bostancı isə qarpızın faydasından tam yararlanmaq üçün onu acqarına və çəyirdəyi ilə birgə yeməyi tövsiyə edir. Həkimin açıqlamasına görə, qarpızın çəyirdəyinin tərkibində olan “cucurbocitrin“ adlı maddə qan təzyiqinin, böyrəklərin funksiyalarının tənzimlənməsində mühüm rol oynayır.
“Qarpızın tərkibinin bir hissəsi sudur. Bu tərəvəzin çox yeyilməsi orqanizmin yaz aylarında su itirməsinin qarşısını alır“, -  deyən D. Bostancı qarpızın arıqlamağa da yardım etdiyini bildirib.

Qarpız damarları aterosklerozdan qoruyur

Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. Məlum olub ki, çoxlarının sevdiyi bu giləmeyvə təkcə xoş dada malik deyil, həm də faydalıdır. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, aterosklerozun (ürək-damar sistemi xəstəliyi) inkişaf riskini azaldır. Bu, arteriyaların divarlarının bərkiməsi və onların elastikliyinin itməsinin xarakterik olduğu və sonradan orqanların qanla təchiz olunmasının pozulduğu xroniki xəstəlikdir. Məlumatı «The Times of India» qəzeti yazır.
Kentukki Universitetinin alimləri siçanlar üzərində tədqiqat aparıblar. Onlar yüksək tərkibli xolesterinli xüsusi pəhrizə məruz qalıblar. Bununla yanaşı, siçanların bir qrupuna içmək üçün qarpız şirəsi, digərlərinə isə adi su verilib. Səkkiz həftədən sonra alimlər siçanların çəkisini ölçərək alınan nəticələri müqayisə ediblər.
Məlum olub ki, qarpız şirəsi içən siçanlar su içənlərdən daha az çəkiyə malik olublar. Qarpız suyu piy kütləsinin azalmasına səbəb olub. Bununla yanaşı, onlarda əzələ kütləsi azalmayıb, qanın plazmasında xolesterinin konsentrasiyası xeyli az olub. Gəmiricilərin damarlarının müayinəsi göstərib ki, onlarda aterosklerotik zədələnmə digər qrupdakılardan xeyli azdır.

Qarpız xərçəng xəstəliyindən qoruyur

Qarpız yüksək temperatur hesabına orqanizmin itirdiyi su ehtiyacını ödəməklə yanaşı, həm də onu xərçəng xəstəliyindən  qoruyur.
Mütəxəssislər belə hesab edirlər ki, qarpız çəyirdəyi ilə birlikdə yeyildikdə orqanizm üçün daha faydalı olur.
Qarpız lif baxımından çox zəngin, həm də xolesterol səviyyəsi aşağı olduğundan bağırsağın fəaliyyətində müsbət rol oynayır. Böyrəkləri təmizləyir, tərkibində B və C vitamini olduğu üçün bədənə gümrahlıq gətirir, enerji verir.

0 şərh