Armud və heyva

Ehtimal olunur ki, armudun vətəni Qafqazdır. Mədəniləşdirilməsi də burada baş vermişdir. Onun 60-a yaxın növü vardır. Armud dünyada geniş yayılmış meyvədir. Armud qədimdən Avropa xalqlarına da məlum olub. Onun yem növlərini yaratmaqda Fransa və Belçika seleksionerlərinin xidməti danılmazdır. 1750-1970-cu illərdə müxtəlif ölkələrin seleksionerləri 60-dan çox məşhur armud növü yaratmışlar. Bunun da 50-dən çoxu Fransa və Belçika seleksionerlərinin payına düşür.
Azərbaycanda xalq seçmələri əsasında yaradılan «Abasbəyi», «Əhməd Qazı», «Xan armudu» (və ya «Nararmudu»), «Gülabi» armud növləri geniş yayılmışdır. İndi Azərbaycanda armudun iki yay, altı payız və yeddi qış növü yetişdirilir.
Avropada yetişdirilən armud növlərindən «Qri» (XV əsr), «Royal» (XVI əsr), «Yaşıl Maqdalina» (XVI əsrin sonu) və sairə yenə də məşhurdur.

Heyvanın vətəni Qafqaz, Xəzər dənizinin cənub sahilləri və Kiçik Asiyadır. Mədəni halda yaşı 4 min ilə yaxındır. Yabanı surətdə bitən heyvaya Azərbaycanın Talış meşələrində, Dağıstanın cənub hissəsində və Türkmənistanın Qərbi Kopet-Dağ hissəsində rast gəlmək olar.
Yunanıstan, eləcə də Kipr adası mədəni heyvanın qədim məskənləri sayılır. Heyva üç min il əvvəl Krit adasına gətirilib. Burada bağlarda bol məhsul yığılırdı. Heyva fəsiləsinin adı bu adadakı Sidon şəhəri ilə bağlıdır.
Yunan ədəbiyyatında heyvanın adı təqribən bizim eradan əvvəl 650-ci ildə çəkilir.
Heyva bütün Qafqazda özünə geniş yer tapmışdır. Azərbaycanda heyvanın ondan çox növü, o cümlədən «Şirvan», «Şabranı», «Atabaşı», «Cərdalı», «Fəhmi», «Ağvani» növləri becərilir. Keçmiş Sovet məkanında bu meyvənin 120-yə yaxın növü məlum idi.
Qədimlərdə təbiblər heyvanı ishala, başqa bağırsaq xəstəliklərinə, ürək bulanmasına qarşı istifadə etməyi məsləhət görürdülər. Qafqazın xalq təbabətində heyvanın toxumlarından öskürəyi kəsmək üçün indi də istifadə edirlər.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

0 şərh