Əncir

Çox qiymətli ağac olan əncirin mədəniləşdirilməsi tarixi əsrlərin dərinliyinə gedib çıxır. Onun vətəni Yəmən, Suriya və Kiçik Asiyadır. Sonralar qədim xalqların təması nəticəsində Finikiya, Misir və Ellada kimi dövlətlərin ərazisinə yayılıb. Qədim Yunanıstanda əncir xalqın ən sevimli meyvələrindən biri idi. M.Katon onu «doydurucu meyvə» adlandırmışdır. Yunanlar ənciri gündə qurudub, saxsı qablarda saxlayırlar. Qeyd edək ki, quru əncirdə 70 faizə qədər şəkər olur.
Teofrast məlumat verirdi ki, Pontda, Pantikapeya şəhəri yaxınlığında çoxlu hündür əncir ağacları bitir. Romaya ənciri yunanlar gətirmişlər. Rəvayətə görə, dişi canavar Remi və Romulu əncir ağacı altında bəsləmişdir.
Keçmiş Sovetlər məkanında əncir Zaqafqaziyada, Krımda və Orta Asiyada çox yayılmışdı.
Quşlar ənciri çox sevir. Yəqin ki, əncir toxumunun yayılmasında onların da rolu az deyil.
Abşeron ənciri ən dadlı və şirin əncir növlərindən biri sayılır.
Abşeronda becərilən barlı əncir ağaclarının müəyyən növləri Qədim Misir zadəganlarının bağlarında da becərilmişdir.
Qədim Misirin adətlərinə görə ölünü dəfn edərkən yanında müxtəlif əşyalarla bərabər xeyli yemək də qoyardılar. Bunların içərisində əncir də olarmış.
Əncirdə proteza deyilən maddə vardır ki, bişmiş südü «çürüdür». Onun bu xüsusiyyətindən hələ Homer zamanında pendir hazırlamaq və əti yumşaltmaq üçün istifadə edilmişdir.
Qədim İrəvan xanlığında əhali qurudulmuş əncir yarpağını qaynatmaqla ondan öskürəyin və ishalın müalicəsində istifadə edirmiş.
Məlumata görə 621-ci ildə əkilmiş ən yaşlı əncir ağacının 35 daş sütuna dirənən çətiri və onun gövdəsinin diametri 4,5 metr olmuşdur.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax: Əncir-Ficus Caricaz

 
 

0 şərh