Müasir qablaşdırma

Müasir dövrdə ixtiraçılar, mühəndislər və kimyaçılar zərərsiz, «həll olan» konserv qabları hazırlamaq üzərində çalışırlar.    Hazırda    polimerlərdən    istifadə    etməklə, butulkanın çəkisini iki dəfə azaltmaq mümkün olmuşdur. Son iyirmi il ərzində qablaşdırmanın orijinal növləri və üsulları yaranmışdır. Bəzi qablaşdırılmış ərzağı «qabı» ilə birlikdə yemək olur. Məsələn, 1962-ci ildə İngiltərədə xüsusi tərkibli   maddə   (maye)   hazırlanır.   Ətin,   meyvənin, təmizlənmiş kartofun üstünü bu maye ilə örtürlər, örtük tezliklə quruyur və ərzağı yaxşı mühafizə edir. Ərzağı belə örtüklə, daha doğrusu, süni qabıqla birlikdə zərərsiz olaraq yemək olur. Yapon firmalarından biri qablaşdırma qaysağını noxuddan   və   müxtəlif   yeməli   əlavələrdən   hazırlayır. Qaysağın qalınlığı 0,1 millimetrə qədər çatır, davamlıdır və şəffafdır, suda və yağlarda həll olmur. Ondan zərərsiz konserv bankası və ya butulka hazırlanır. Ən maraqlısı odur ki, belə qablar, içindəki qida istifadə ediləndən sonra yeməli olur. Südün qablaşdırılmasında hazırda tetraedr və paralelepiped formalar, kağız və sintetik materiallar istifadə olunur. Əvvəllər süd çəkisi 400 qramdan çox olan yarımlitirlik «klassik» butulkalarda satılırdı. Ona görə müasir dövrdə yeni materiallardan düzəldilən yüngül və kimyəvi cəhətdən zərərsiz butulkalardan istifadə olunması zərurəti yarandı. Bu sahədə xeyli nailiyyətlər əldə edildi. Məsələn, İsveçrədə 0,5 (çəkisi 77 qram), İngiltərədə 0,5 (çəkisi 14 qram) və 1,0 litrlik (çəkisi 23 qram) polietilen butulkalardan istifadə edirlər.
Kərə yağı hava ilə reaksiyaya girib oksidləşdiyi üçün dadı dəyişir. Odur ki, İngiltərədə yağ alüminium tübiklərdə satılır və havanın   temperaturundan   asılı   olmayaraq keyfiyyətini itirmir.
İnsanın tonqal üzərində qida hazırlamaq təcrübəsi artdıqca, sığınacağı rahatlaşdıqca və ərzaq müxtəlifliyi çoxaldıqca, onun mətbəxdə və süfrədə işlətdiyi alətlərin və qabların növləri də artır, səmərələşdirilir, yaxşılaşdırılır.
Müasir məişət qablarının bir çoxunun forması uzaq keçmişdə yaranmışdır. O dövrün elə formalarına rast gəlmək olur ki, bunlar uzaq keçmişdən qalmış olsa da, müasir dövrün çaydanını, vedrəsini, güvəcini, qazanını və sairə bu kimi qabların formasını xatırladır.
Mətbəx və məişət ləvazimatı, alət və qablarının yaranıb təkmilləşdirilməsinə qədim mədəni ölkələrdə çox fikir verirlər. Mətbəx və süfrə ləvazimatı hazırlanması təkmilləşdikcə bu ləvazimatlar daha möhkəm materiallardan, səmərəli və qəşəng formalarda düzəldilir.
Yunanların gildən düzəltdiyi müxtəlif mətbəx və süfrə qabları ilə yanaşı məşhur pifos, amfora, krater, kiaf, fiala və sairə qabları da məişətdə geniş istifadə edilirdi.
Pompey şəhərinin qazıntıları zamanı əhalinin həmişə istifadə etdiyi su saxlamaq üçün bürünc vedrə — situla və ya sitella adlanan qab tapılmışdır. Belə vedrələrdən əhali həmişə istifadə etmişdir.
Azərbaycanlıların da «satıl» adlanan mis vedrəsi olmuşdur. Xəzər köçəriləri taxta və buynuzdan hazırlanmış çömçələrdən istifadə etmişlər.
Orta əsrlərdə Qərbi Avropada yoxsulların evlərində ocaq olan otaq həm xörək bişirmək üçün mətbəx, həm də yeməkxana olmuşdur. Ocağa qulluq etmək və xörək bişirmək üçün çoxlu alət və avadanlıq mövcud idi. Mətbəxdə əsasən atəşkeş, maşa, sacayağı, kəfgir, ələk, ikidişli böyük çəngəl, ət qızdırmaq üçün tor, kabab şişləri, əl dəyirmanı, gil qablar və sair alətlərdən istifadə edilirdi.
Xörək hazırlamaq üçün xüsusi sobalar XV əsrdə meydana gəlmişdi. Bu dövrə qədər isə yeməkləri ocağın odunda, külündə və tüstüsündə bişirər, qurudar və hisə verərdilər.
Azərbaycan məişətində ərzaq məhsullarının hazırlanmasında və saxlanmasında müxtəlif mis qabların olduqca böyük rolu olmuşdur. Misdən dolça, bardaq, parç (tayqulp, birəlli), abgərdən, aftafa, ləyən, satıl, güyüm, səhəng, piyalə və sair kimi su qabları hazırlanmışdır.
Ərazisi materiallarla zəngin olan xalq ondan maksimum istifadə etməyə çalışır. Şri-Lankada qamışdan ələk, xəlbir, kisə və qutu, Vyetnamda isə bambukdan səbət, zənbil və nimçə kimi məişət əşyaları toxunur.
Yəhudi səhrasında olan mağaraların birində qazıntı zamanı ələk tapılmışdır. Bitki liflərindən və zoğlarından ustalıqla toxunmuş bu alət qaba oxşayır. Alimlər güman edirlər ki, qab un ələmək üçün istifadə edilirmiş.
Qədim Fransanın sakinləri olan qallar at tükündən ələk ixtira etmişlər. Fransaya qonşu olan İspaniyada isə yerli əhali ələyi kətandan hazırlamışdır.
Süfrə qablarından nimçənin yaranma tarixi çox maraqlıdır. Qədim Yunanıstanda yemək zamanı nimçə kimi istifadə edilən mayasız yastı dairəvi çörəklər bişirərdilər. Yemək yeyilib qurtarandan sonra süfrədə əyləşənlər həmin nimçələri də yeyərlərmiş. Çörək və meyvə toxunma yastı qablarda süfrəyə qoyularmış.
Bir sıra xalqlar taxta qablardan istifadə edir. Qədim Misirdə süfrədə işlətmək üçün taxta qab və qaşıqlar hazırlayırdılar.
Qərbi Avropa kəndliləri arasında orta əsrlərdə əsasən taxtadan yonulmuş yemək əşyaları geniş istifadə edilirmiş.
Şimal nenləri qida üçün ağacdan yonulmuş qablardan istifadə edirlərmiş. Bu qabları onlar özləri ağacdan yonurlarmış.
Afrikada zuluslar oyulmuş taxtadan hazırlanmış qabda xörək yeyərmişlər.
Süfrə qablarından stəkan maraqlı təkamül yolu keçmişdir. Görünür, lap əvvəllər stəkan əvəzinə qozalardan istifadə olunurmuş. Sonralar isə bambuk parçaları və sair bitki mənşəli formalar stəkanı əvəz edib.
Skandinaviyada orta əsrlərdə pivəni taxta qədəhlərdə və bəzək vurulmuş buynuzlarda içərdilər.
Heyvan mənşəli stəkanların ilk nümunələri quş yumurtaları və heyvan buynuzları olmuşdur.
Yunanlar və romalılar şərabı böyük ustalıqla gildən və ya metaldan düzəltdikləri «buynuz»da içməyi xoşlardılar.
İri yarpaqlı Misir palmasının üzərində oyuğa oxşar yer olduğu üçün ondan içki qabı kimi istifadə etmişlər. Qədim romalılar şərabı «kuboklara» tökmək üçün uzun qulplu abgərdənə oxşayan, həcmi 45 millilitrə yaxın olan «kiaf»lardan istifadə edirdilər. Şərab içmək üçün 1-dən 12 kiafa qədər tutumu olan kuboklar mövcud idi. Ən çox 4 kiaflıq kuboklar işlədilərdi.
Qazıntılar zamanı Peru sərdabələrindən su içmək üçün insan başı şəklində düzəldilmiş qəşəng dolçalar tapılmışdı.


Bıçaq, qaşıq və çəngəl əsasən bizim erada meydana gəlmişdir. Misdən hazırlanmış bıçaq qədim Misirdə çoxdan məlum idi.
Babilistanda süfrə başına yığılmış ailə üzvləri xörək yemək üçün əllərini güvəcə «salırdılar», qaşıq və çəngəl isə çox təsadüfi hallarda istifadə edilirdi.
Qədim Romada süfrədə iki cür qaşıq işlədirdilər: duru xörək üçün dəmirdən hazırlanmış kiçik qaşıqlar və gümüşdən hazırlanmış böyük qaşıqlar.
Bunlardan başqa ucu yumru, tutacağı iti olan işlək qaşıqlardan da istifadə edilirdi. O zaman süfrədə hələ nə bıçaq, nə də çəngəl işlədilirdi.
Orta əsrlərdə skandinaviyalılar süfrədə çəngəl işlətmirdilər. Amma bıçaq onlara məlum idi. Skandinaviyalılar əti parçalamaqdan ötəri bıçağı beldə gəzdirirdilər. Yemək yeyən zaman taxta və ya sümük qaşıq işlədərdilər.
Neapolda 1750-ci ildə makaron məmulatı yayılmağa başlarkən italyanlar onu hələ çəngəlsiz və bıçaqsız yeyirdilər. Qədim Afrikada qaşığı, adətən çörəyin qabığı əvəz edirdi.
Bizim əsrin əvvəlində türklərdə varlı ailələrin süfrələrində bıçaq və çəngəldən istifadə edilirdi. Yoxsul ailələrdə yemək əl ilə yeyilirdi. Yoxsullar çörəyi əl ilə doğrar, əti də əllə parçalayıb yeyərdilər. Plovu isə sol əlin baş, şəhadət və orta barmağı ilə yeyərdilər.
Yaponlar çox zaman duru xörəyi qaşıqla deyil, sadəcə olaraq qabdan içərdilər. Bərk xörəkləri isə yeyəndə qaşıq əvəzinə «xasi» adlanan çöp işlədərdilər.
Koreyalılar və vyetnamlılar duru xörəyi yastı qaşıqlarla yeyirlər. Onlar da bərk xörəkləri xasilərlə yeyirlər.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

Oxşar məqalələr

 

0 şərh